Hansı müasirlərimizin fəaliyyəti mədəniyyətin və
texnologiyaların inkişafına təsir göstərir?
Axar.az-ın "Dövrümüzün ikonaları" rubrikasında biz
dünyanı elə indi dəyişən konstruktorlar, yazıçılar, musiqiçilər,
rəssamlar və digər yaradıcı peşəkarlar haqda söhbət
edəcəyik.
Bu həftəmizin qəhrəmanı maliyyə məsləhətçisi, filosof, insanlara
təsadüflərdən qorxmamağı aşılayan, ulduz falına inanmayan, böyük
risklərlə böyük qələbələr qazanan Nassim Nikolas Talebdir.
Nassim Taleb 2007-ci "Sunday Tayms" nəşri tərəfindən İkinci
Dünya müharibəsindən sonra yazılan ən təsirli əsər adına layiq
görülən, üç fərqli redaksiya tərəfindən rədd edilən, nəşrindən
sonra isə 37 dilə tərcümə olunan "Qara qu quşu" əsərinin
müəllifidir.
Nikolas Taleb 1960-cı ildə, Livanın Amiun şəhərində anadan olub.
Valideynləri Fransa vətəndaşlığı olan livanlılar idi. Onun ailəsi
pravoslavlığa etiqad edirdi. 1975-ci ildə başlayan vətəndaş
müharibəsi zamanı Nikolas Taleb və ailəsi vətənlərindən deportasiya
olunub.
Nikolasın atası həkim-onkoloq idi, antropoloji araşdırmalarla
məşğul olurdu. Onun əcdadları arasında Livanın pravoslav
ictimaiyyətinin maraqlarını təmsil edən siyasətiçilər çox idi.
Onun babası və ulu babası (ana tərəfdən) Livanın baş nazirinin
müavinləri vəzifəsində çalışıb.
Nikolasın digər babası ali hakim işləyib. 1861-ci ildə isə onun
ulu babasının babası Livan dağında yerləşən Osman yarımmuxtar
əyalətinin qubernatoru olub.
Nikolas orta məktəbi Beyrutda yerləşən Fransa – Livan Elitar
Liseyində oxuyub.
O, bakalavr və magistr təhsilini Paris Universitetində alıb.
Daha sonralar Pensilvaniya Universitetinin Varton Məktəbində Biznes
İdarəçiliyi üzrə təhsilini davam etdirir. Bundan sonra Nikolas
Paris-Dofin Universitetində İdarəçilik Elmi üzrə fəlsəfə elmləri
doktoru dərəcəsi alıb.
1983-cü ildə Uortorn Bizness Mərkəzində magistr təhsilini
tamamladıqdan sonra bir neçə faydalı nəticəyə gəlib:
- Tanınmış iqtisadçılar heç də hər zaman öz qərarlarının
nəticələrini izah edə bilərlər: uğurları öz bacarıq və
intuisiyaları ilə izah etsələr də, uğursuzluqları isə qismət
adlandırırlar.
- Müzakirəsi ictimai şəkildə aparılan dəyərli kağızlara etibar
etmək olmaz – onlar haqqında mövcud olan bütün məlumatlardan
maksimum istifadə edilib.
- Baş vermə ehtimalı sıfıra bərabər olan və fayda gətirən
hadisələr daha çox diqqət çəkməlidir.
Bu nəticələr Nassimi televiziyaya baxmamağa, müasir qəzetləri
oxumamağa məcbur etdi. O, Mişel de Monteni, Volteri mütaliə etməyə
başlayır.
"Mən birjanın çığırtı etirazları üçün yaranmamışam, məni daha
çox ekzotik fyuçerslər maraqlandırır", – müsahibələrindən birində
Nassir deyir.
Və o, 1985-ci ildə Plaza Akkordla fyuçers müqaviləsi bağlamağa
müvəffəq olur.
Nassimin şah əsəri "Qara qu quşu"dur. O, bu nəzəriyyədə hər
dəqiqə əsl fəlakət həddində olan cəmiyyət barədə danışır.
Nassim proqnozlaşdırılan və proqnozlaşdırıla bilməyən olmaqla
hadisələrin cərəyanını iki hissəyə ayırır. Öz növbəsində
proqnozlaşdırıla bilən hadisələr ağ qu quşu, proqnozlaşdırıla
bilməyən hadisələr isə qara qu quşu adlandırılır.
Qara qu quşu özü də iki cür olur: neqativ və pozitiv. Əldə
olunan nəticə mənfi, neqativdirsə, o zaman bu neqativ qara qu quşu
adlandırılır.
Əksinə olduqda isə pozitiv ağ qu quşu:
"Amerika bazarının taleyinə çox güclü təsir göstərən 2001-ci il,
11 sentyabr hadisəsi neqativ qara qu quşu idi".
"Biz dünyanın mənzərəsini kəskin dəyişən hadisələrə heç vaxt
hazır olmayacağıq. Lakin çox şey görərək və bilərək yeni təcrübələr
qazana və sağ qalmaq üçün daha yaxşı şanslar əldə edə bilərik.
Statistika ilə işləyən insanlar həmişə gözlənilməz addım
atanlara uduzacaqlar.
Bir-birinə danışmaq istədiyimiz ibrətamiz tarixi hadisələr
yalnız təfəkkürün qənaət yollarından biridir".
Nassim Taleb 2008-ci ildə öz nəzəriyyəsini praktikada tətbiq
edir və şirkəti maliyyə böhranı zamanı investorlar üçün yarım
milyard dollar qazanır.
2002-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən
Daniel Kaneman Talebi "yaşayan ən böyük düşüncə adamı"
adlandırır.
Həyat yoldaşı və iki uşağı ilə Nyu Yorkda yaşayan Nikolasın ən
böyük istəyi əcdadlarının və bütün ailə üzvlərinin basdırıldığı
Livanda dəfn olunmaqdır.