Şair Məmməd İlqarın "Xatirə
dəftəri"ni vərəqləmək istədik. Əfsuslar olsun ki, bu istədiyimiz
vaxta təsadüf etmədi. Şairin səhhətindəki problemlər bu xatirələrin
vərəqlənməsini bir qədər ləngitdi…
Bər başdan deyim ki, indi xatirələri ilə baş-başa qalacağınız
Məmməd İlqar mənim ən çox sevdiyim şairlərdəndir.
Şair söhbətimizdə bizə heç nə danışmadı
Axar.az"ın "Xatirə dəfətəri"ndə dəyərli oxucularımızı şairimizin
xatirələrinə nə dərəcədə "qonaq" edə biləcəyik, özləri deyər. Amma
mən o xatirələrin, o hisslərin hələ də "girovundayam". Əslində şair
söhbətimizdə bizə heç nə danışmadı. Əhval-ruhiyyəsi yüksək idi,
zarafat edirdi, bizimlə - başına toplaşan qələm dostları ilə
maraqlanırdı… Gülümsəyirdi. Gözünü qıyıb "uzaqlara baxırdı". Evinin
divarlarından o tayda nələri görürdüsə, dilinə gətirirdi…
"Dəftər"in bəzi vərəqləri isə oxunmaz dərəcədə
pozulub
Şairin səhhətinindəki problemlər onun yaddaşının alt qatında
olan xatirələrin silinməsinə səbəb olub. Söhbət edib yaddaşını –
xatirə dəftərini vərəqlədikcə mənə elə gəldi ki, şairin xatirə
dəftərinin bir çox vərəqləri illərin üstümüzdən əsən yellərinə
dözməyib. Sanki əsrlər yaşayıbmış kimi bu xatirələr arxiv
matrealları kimi saralıb. "Dəftər"in bəzi vərəqləri isə oxunmaz
dərəcədə pozulub.
Nə yaxşı ki, Məmməd İlqarın "Xatirə dəftəri"nin vərəqlərini bizə
"oxuyan" doğması, "arxiv işçisi" oğlu Babək varmış. O, şairi dünəni
unutmağa qoymur. Sanki silinmiş yaddaşını bərpa etməklə
məşğuldur…
Məmməd İlqar az yazıb. Amma yazdıqları çox-çox kitab bağlayan
şairlərin şeirlərindən daha çox oxunan, yaddaqalandır. Onun
şeirlərinin əksəriyyəti elə xatirə dəftəridir ki, var. Kimlər
yoxdur o şeirlərdə? Kimlərlə olan münasibətlər, səmimi rəftar,
dostluq və sairələr o şeirlərin misralarından üzü bəri boylanmır?
Məmməd İsmayıl, Məmməd Araz, Məmməd Aslan, Məmməd Dəmiçioğlu,
Ağamaalı Sadiq Əfəndi, Akif Səməd. Aşıq Avdı, Aşıq Nazim, Aşıq
Ədalət… daha kimlər, kimlər… Adları çəkilən tanınmışlara ünvanlanan
şeirlərdə xatirələr vərəqlənib, yaddaşlar təzələnib…
Dəmirçioğlu ilğımdı,
Dumandı, döşə getsin.
Zornan-zülümnən gələn
Olurmu xoşla getsin?..
Açılmayan "xatirə dəftəri"
Beləliklə, Şair Məmməd İlqarın "Xatirə dəftəri"ni vərəqləmək
zamanı çatdı... Sumqayıtda yaşayan Ehtiram İlhama zəng vurdum.
Məmməd İlqarla görüşmək istədiyimi dedim, onun telefonunu istədim.
"Şair indi telefona cavab verə bilmir", - dedi. Sonra da əlavə etdi
ki, "İrandan təzə gəlib, yaddaşı tamam silinmişdi. İndi bərpa
olunur". Dostum dedi ki, şairin oğlu ilə danışaram və nə vaxt özünü
yaxşı hiss etsə görüşərsiz. Razılaşdıq və gözlədim... Məmmədin çox
sevdiyim misralarını pıçıldadım:
Köhnə dostdur!
– təzə kədər
Ömür nədir? –
Qəza–qədər.
Bir də gələn yaza qədər
Dağlar, Məmməd amanatı…
Onunla görüşənə, xatirə dəftərini vərəqləyənə qədər bu və başqa
bildiyim şeirlərinin misraları dodaqlarımın bələdçiliyi ilə
ürəymdən süzülüb axdı və nədənsə qorxdum… Öz misralarıdır:
Buluda qoşulub gedər,
Dağlar, Məmməd amanat!..
Ehtiramın, oğlu Babəkin zəngini gözləyə-gözləyə "Dağlar, sizə
qurban olum, dağlar Məmməd amanatl", - dedim.
Şairin öz misralarıyla özünü ismarladım, özünü özünə, qoynunda
doğulduğu İncə dərəsini ovcunun içində gizlədən dağlara
tapşırdım…
Zəng…
Nəhayət Ehtiramdan gözlədiyim zəng gəldi:
- Məmmədlə görüşüb, yazı hazırlamaq istəyirdin,
fikrindən dönməmisən?
Vaxtı-vədəni razılaşdıq. Sumqayıta gedəsi oldum. Oğlu Babək bizi
evlərinin doqqazında qarşıladı. Həyətə, ordan da evə keçdik. Şairin
otağından saz havası səslənirdi. Səliqəli otaqda həmişəki Məmmd
müəllim idi, oturmuşdu. Bir qədər rəngi ağarmışdı sanki… Görünür,
həyət-bacaya az çıxır, düşündüm.
Növbə ilə bizi bağrına basdı:
- Necəsiz?- hal əhval tutdu. - Xoş gəlmisiz, - dedi.
Nəvəsi, balaca İlqar da yanında idi.
Babək:
- Bütün günü işi–gücü İlqarladı, onunla nəfəs alır. Elə bil
tay-tuşdular.
"Deyin görüm, necəsiz, nağayrırsız?"
Bu sözləri Məmməd İlqar "xoş-beşdən", salam–kəlamdan sonra əlini
oturduğu stola çırparaq dedi. Özü də bunu söhbətimizin sonuna qədər
bir neçə dəfə təkrar etdi…
- Siz necəsiz, Məmməd müəllim?
- Yaxşılıqdır. Qoymurlar ki, istədiyimi edəm…
- Nə istəyirsiz ki?
Əlini qəribə şəkildə oynadır. Bir doğmalıq var hərəkətlərində.
Gözlərində tər-təmiz bir işartı, insanlara, ətrafa olan sevgi var…
Çay süfrəsinin arxasındayıq. Babəkə tərəf dönür:
- Ayə, bəs araq-zad almamısan?
Babək dinmir. Söhbəti fırlayıb yaradıcılığının üstünə
gətirirəm:
- Məmməd müəllim, ən çox sevdiyin şeiriniz
hansıdır?
- Mən şeirmi yazmışam? Cəmi 7-8 şeirim ola-olmaya…
Bir az bundan qabaq Akifi gördüm
- Dostlardan kimi xatırlayırsız? Daha çox kimi
görürsüz yuxuda?
- Kimi? Heç kimi, hamısı burdadır da, elə bir az bundan qabaq
Akifi (rəhmətlik Akif Səməd. – red.) gördüm. Aya, o bura gəlmişdi,
ya televizorda çıxış edirdi? - oğlundan soruşur.
- Akif ölüb e, ay ata… – Babək deyir.
- Ha vaxt? Bəs mənə niyə deməmisiz?.. Akif? Yox əşşi, gedəcəm
onun yanına, bu nə zarafatdır?..
- On ildir ölüb Akif Səməd, yeddisini sən apardın
ki… Dünən sizin dostunuz Sabir Sarvanın 58 illiyi olub. Görüşmüsən
onunla?
- Yox...
- Şəhərin tünlüyündən sakit guşəyə -
dəniz qırağına çəkilmisiniz, nə məsələdir?
- Burdan da gedəcəyəm...
- Hara, kəndə?
- Yox, özün bilirsən hara.
Sevdiyim şeri demək çətindir
- Niyyətiniz hara, Allah mənzilinizi ora qismət
etsin... Olub ki, elə arzularınız ürəyinizdən keçib demisiniz ki,
mən eləməmişəm, oğlum Babək bu yaşında edib?
- O qədər şey var ki... Etdiklərindən xoşum gələni də var,
etmədikləri də var.
- Ən çox sevdiyiniz hansı şerdir?
- Ən çox sevdiyim şeri demək çətindir, heç düzgün də deyil.
- Bəs ən çox sizin şerlərinizi əzbərdən bilən
dostlarınız kimdir?
- Mənim ən çox yeddi, səkkiz şerim var, elə çox da şerim yoxdu.
O vaxt nə çap olunmuşdu, elə onlardı.
Gücüm çatsa yazardım
- Mən sizin şeirləri kitabınızı oxumamışdan eşidib
əzbərləmişdim. Bunu dostların ağzından eşitmişdim. Sizdə şair
xoşbəxtliyi var ki, kitabsız şerləriniz yayılıb.
- Hər şey çapa getməz ki. Birdən elə yerdə elə misra gedir ki,
sənin bütün şerini heç nə eləyir. Amma gücüm çatsa yazardım, yəqin
ki, çatmayıb buna.
- Axrıncı dəfə kənddə, İncə dərəsində nə vaxt
olmusunuz?
- Yayda getmişdim - avqustda, sentyabrda qayıtdım. Qayıdandan
sonra da xəstələndim. Özünüzdən danışın, necəsiniz, nağayrırsız?..
- əlini yavaşca stola çırpır.
- Qonaq gəlmişik sizə. Bizə tez-tez təkrar etdiyiniz
şerinizi deyin.
- Ömürdü-amanatdı,
Qarsanmadı, afatdı…
Demirəm zarafatdı,
Demirəm, boşla getsin, – bunu
Dəmirçioğluna yazmışam.
Nəvələrimin babasıdır
- Deyəsən dostlarınızdan Məmməd Dəmirçioğluna daha
çox şer yazmışınız?
- Sənətkardır da... Mənim üçün o, sənətkardır. Həm yaxşı
rəssamdır, həm də yaxşı şairdir. Həm də ki, nəvələrimin babasıdır,-
gülür. - Özü də yaxşı oğlandır.
- Birdən əliniz çatmadı Məmməd Dəmirçioğluna, hansı
dostu çağırardınız yeyib-içmək məclisinə?
- Əlbəttə Məmməd Dəmirçioğlunu çağırardım məndən çox xərci o
qoyur... -gülür.
O, həqiqətən bir əfəndi idi…
- Dəmirçioğlu ilə sizi sənət, şer, rəssamlıq daha
çox mehriban etdi, yoxsa qohumluq telləri?
- Yox, dost idik. Bizi onunla kim tanış etmişdi? Yadımda deyil.
Amma deyəsən rəhmətlik Ağamalı tanış etmişdi. Ağamalı bir başa bizi
tanış eləməmişdi, onun yanında bizə gəlmişdi… nəsə yadıma gəlmir…
Ağamalı Sadiq Əfəndi… o, həqiqətən bir əfəndi idi… - kövrəlir.
- Yuxunuza ən çox nə gəlir? Məsələn İncə
dərəsi...
- Ən çox heç kim gəlmir yuxuma... Yuxum gəlmir ki, yuxu da
gətirsin, mən yatmıram ki…
- Bir dəfə bir qımqıma dediniz. Bir məclis idi, söz
düşdü dediniz "göy" sözü cinas olaraq işlənirdi həmin
qımqımada…
- Bizdə kürəkənə "göy" deyirlər. (Xeyli fikrə gedir).
Deyə bilmirəm, yadıma düşmür. Neyniyirsən ee köhnələri. Təzə də
yoxdur.
Lap axrıncı şeirimi yazmamışam ki…
- Lap axrıncı şeriniz hansıdır?
- Lap axrıncı şeirimi yazmamışam ki…Yadımda qalmayıb. – Yenə
də fikrə gedir, yaddaşsızlığından əziyyət çəkir…
- Dostlarınıza bir neçə şeir yazmısınız...
- Akifi internetdə gördüm bayaq. Elə orda görəndə fikirləşdim
ki, bir vaxt tapıb onu görüm. Amma bilmirəm onu harada görüm,
harada tapım. Özü də gəlmir…
- Məmməd Dəmirçioğlu dostdur, qohumdur - özü gəlib
görəcək sizi. Bəlkə elə yuxularınıza tez-tez gələn Akif
Səməddir?
- Heç kim yuxuma gəlmir, əşşi. Nə belə gəlirlər, nə də elə.
Mənim iyirmi beş, otuz beş yaşım yoxdur ki, altmış dörd yaşım var
e…
- Maşallah çox yaxşı qalmısınız...
Gözlərimin içinə baxır, sonra fotoqraf Şakiri süzür. Oğlu
Babəkə tərəf dönür, əlini sol tərəfində oturan Ehtiramın əlinin
üstünə qoyur, Dəmirçioğluna yazdığı şeirin eyni bəndini yenə təkrar
edir:
- Ömürdür amanatdır,
Qarsanmadır, afatdır.
Demirəm zarafatdır,
Demirəm boşla getsin…
- Aşıqlar niyə sizi çox istəyir, sizin şerlərinizdən
oxuyur?
- Toyxanada da oxusunlar da, mən də eşidim bir dəfə. Harda
oxuyurlar e…
Məni qarışdırırlar
- O gün Şərif Ağayar mənə link atdı. İran aşıqları
səndən oxuyurdu. Rusiyada yaşayan azərbaycanlılar da sizin
sözlərinizdən oxuyurlar.
- Bəlkə məni qarışdırırlar başqa Məmməd İlqarla?
(gülür)
- İlqar Məmməd var, amma ikinci Məmməd İlqar yoxdur. Bəs nəvən
İlqarla aranız necədir? - Ehtiram soruşur.
- Hə, İlqara qurban olaram. İlqar varsa, məndə varam.
- Yola gedirsən onunla? Heç nağıl danışırsan
İlqara?
- Hə yola gedirik, – qırıq-qırıq gülür, ardınca: - O, nağıla
qulaq asandı? - deyir.
Nə sənət vurğunu ola bildik, nə də Səməd
Vurğun
- Şerə marağı necədir?
- Qoymayacağam onu boş-boş şeylərlə məşğul olmağa. Səməd Vurğunu
Allah rəhmət eləsin, qoymadı adam ömrü yaşaya. Deyən lazım idi ki,
get işinlə məşğul ol da, ağsaqqal kişisən, nə var axı, şeir
yazırsan? Baxdıq ona, biz də heyf olduq, yazıq olduq.
- Səməd Vurğun böyük bir nəsli yazıq elədi. Hamı Səməd Vurğun
olmaq istədi, – Ehtiram yenə də söhbətə
qatılır.
- Nə sənət vurğunu ola bildik, nə də Səməd Vurğun, – Məmməd
İlqar deyir.
Mən xəsis adamam
- Qazaxlı dostlarım çoxdur. İndiyə kimi heç bir
qazaxlının evində qonaq olmamışam. Birinci sizsiniz ki,
qonağınızam...
Oğlu Babək:
- Elə birinci müsahibəsini də sizə verir, hələ indiyə kimi heç
kəsə müsahibə verməyib.
Məmməd İlqar:
- Mən xəsis adamam, qonaqpərvər deyiləm, - gülə-gülə
deyir...
- Məmməd müəllim, nə də yadınızda qalmasa,
yoldaşınız Fatimə xanıma yazdığınız şer yadınızdan
çıxmaz?
Bığaltı qımışır, amma dinmir, boylanıb mətbəx tərəfə baxır,
xanımı ordadır, yenə də gülümsəyir.
Babək atasının köməyinə çatır:
Göyçək günlər gözləməkdən üzüldük,
Gələcəkmi göyçək günlər, ay
göyçək.
Cənnətliklər çəkəmmədi cəfanı
Caladılar sən çəkəsən, a göy,
çək...
"Göy" kürəkən gedir də orda, onu qayınanasının adından yazıb...
İkinci bəndini özün denən.
Şair aramla şerin tapşırmasını deyir:
Məmməd İlqar çoxda bağrın yaradır,
Ad çəkməsəm, bu söz nəyə yaradı.
Beşcə göyçək hərf olubdu yar adı,
Dörd göyçəyin axırında "a" göyçək.
Şeiri deyir və əlini yavaşca stola çıpır:
- Deyin görüm siz necəsiz, neynirsiniz?
Sabir Sarvandan söz düşür. Məmməd müəllim dostunun adını
eşitcək sevincək olur.
- Sabir necədir, o kimə sədrlik edir?
Oğlu dillənir:
- Dünən ad günü idi. Biz təbrik elədik.
- Elə şey ola bilməz. Mən niyə getməmişdim? Sabirin ad günü
olduğunu heç bilməmişəm.
- Ata sən də getmişdin, təbrik də etdin…
- Məmməd müəllim, nə qədər mələkləriniz olub?
Ünvanlı şeirləriniz çoxdur.
- Kiri-kiri, mənim bir dənə mələyim olub həyatda. Şeilərimin
hamısı ona ünvanlanıb.
- Heç darıxırsınızmı?
- Hə, bəs nə...
- Nədən ötrü, kimdən ötrü
darıxırsınız?
- Cürbəcür darıxmağım olur. Darıxanda özüm-özümlə oynayıram.
İlqar da yanımda durmur. Hamı üçün qocalmışam. Özümü görə bilmirəm,
özüm üçün də qocalmışam. Zarafat deyil, 64 yaşım var.
- Nə olub, nə yaşdır ki, o...
- Camaat bu yaşda ölür, ay Allah kömək olmuş.
Olmayan dostlar
- Darıxdığın dostlarından danışmadın
axı…
- Nə bilim, indi olmayan dostlarımdan ötrü darıxıram...
- Kimdir indi olmayan dostlar?
- Çoxdur... Çoxları yoxdur, çoxları da var, yox kimidir.
- Olmayanlar kimdir, bir-ikisini deyin
də...
- Ağamalı Sadiq Əfəndi yoxdu rəhmətə gedib, - əlini saçlarına
çəkir, gətirib ürəyinin üstünə qoyur, - Akif Səməddən ötrü
darıxıram, gəlmir, onu görəcəyəm.
- Necə dost idi Akif Səməd?
- Dostluğunu demirəm, özünü çox istəyirik. Nəyə görəsə
bilmirəm.
- Hansı xüsusiyyətləri var idi ki, istəməli.
Məsələn, davada əli yox idi, ağsaqqallıq da eləmirdi. Hara gedirdi,
yeyib-içirdi…
- Akif yaxşı dostdur, gərək onun çəminə düşəsən.
- Akifin çəmi nə idi, hansı çəminə düşmək lazım idi
ki, onun yaxşı tərəfini görək?
- Akif elə vuran-tutan olmayıb, arağı da hamımız kimi içirdi.
Bizdə olmayan müəyyən keyfiyyətlər onda var idi. Akif demişkən,
çoxdandır Akifi görmürəm. Üç-dörd il olar görmürəm onu.
Akifin yeddisi idi?
Babək:
- Akif əmi torpağın altındadır, görə bilməzsən onu.
- Nə danışır o? - təəcüblə hamımızı süzür, Babəkdən incik
görünür.
Babək:
- Vallah, ölüb, heykəlini də qoyublar, bayaq baxmadın
internetdə? 2004-cü ildə rəhmətə gedib. Üçüncü dəfə infarkt
keçirtdi AYB-nin qabağında, yadından çıxıb?
- Yeddisi məclisini də keçirtdik, sən hələ şeir də
dedin.
- Akifin yeddisi idi?
Babək:
- On il qabağı deyirik də, sənin yaddaşın pozuldu,
xəstələndin.
Söhbətin axarını dəyişmək istəyirəm:
- Birinci şeiriniz yadınızdadı, nə vaxt
yazmısınız?
- Yox yadımda qalmayıb... şeiri havaxt yazdım? Kənddən yazırdım
hələ… Məmməd İsmayılın dərnəyinə gedirdim. Orda şeir yazırdım.
Ehtiram:
- Amma İncə dərəsindən şer yazmağa başladınız, Sumqayıta, Bakıya
gəlməmişdən öncə. Məmməd İsmayıla da şeir yazmışınız. Yayda burda
idi, gəlmişdi Məmməd İsmayıl, yadınızdadır?
- Yadımdan çıxıb, nə bilim. Nə vaxtdır görmürəm Məmməd
İsmayılı.
Babək:
- Türkiyədədir. Məmməd əmi orda yaşayır...
- Elə şey olmaz... Sevdiyim şairdir, eləmi? – sual dolu
baxışlarla hər kəsi süzür. Cavanlar neynəyir? İbrahim İlyası
bilirəm necə yazır. Uşaqların kitabı yoxdur ki, oxuyum bilim. Tutaq
ki, bir kitabı çıxır, bir dəfə baxırsan, bir neçə il gedir. Belə
bilmək olmur. Gərək davamlı oxuyam…
- Ən çox sevdiyiniz şair kim idi?
- Ağamalı Sadiq Əfəndi.
- Aşıqlardan kimi çox
istəyirsiniz?
- Yenə Ağamalı...
- Bəs Nazim Əsədoğlu necə oğlu
idi?
- Hamısı yaxşıdırlar, sağ olsunlar. Bir söz demirəm, intəhası
Ağamalı olan yerdə... Nazim kimdir, hansıdır o? - Babəkə tərəf
dönür.
- Əsədoğlu. O da rəhmətə gedib də bir il bundan
əvvəl.
- Sən Allah, düz deyirsən? Heç xəbərim olmayıb.
- Getmişdik yasa. Kitabda yazın çıxdı Nazim Əsədoğlu haqda.
Kitabın məsləhətçisi siz idiniz, on dəfə yığışdıq, məsləhətləşdik,
– Ehtiram deyir.
- Nazim Əsədoğlu da öldü… – dərindən ah çəkir.
- Məmməd müəllim, özünüzü on il bundan qabaq rahat
hiss edirdiniz, yoxsa indi?
- Nə rahat hiss edirəm?.. Siqaret çəkmək istəyirəm, tapa
bilmirəm.
- Siqareti həkim qoymur çəkməyə, yoxsa
uşaqlar?
- Nə həkim, həkim qələt eləyir. Tapa bilmirəm. - Gülür.
- Yadınızda hansı şeriniz qalıb, birini deyin də heç
olmasa?
- Səməd əmi bir bəri dur, sən
Allah,
Sənə ərzim var Akifin əlindən.
Görürsənmi tanımadın, Məmmədəm,
Nə gündəyəm gör Akifin əlindən.
- Kepkası əyri kişiləri kimə
yazmışınız?
- Mehdi Şıxlınskinin əmisi Voyna əmiyə. Müharibədə doğulmuşdu
Voyna əmi.
- O, şerdən yadda qalan misraları
var?
- (Kəndçi kişilərə şəhər sovqatı)
Sovqatımı qəbul eləyin, sovqatlı-paylı
kişilər…
Aran, yaylaq ola əkində də, biçində
də,
Dərdin, qəmin içində də haylı-haraylı
kişilər.
Hər nisgili bölərsiniz, hər müşkülü
bilərsiniz.
Siz ayrı kişilərsiniz, var olun ayrı
kişilər.
Bar, bərəkət aylarında, ip atdırmaz
evlərində.
Oğul, uşaq toylarında kepkası əyri
kişilər.
Qocaldıbsan arvadı
- İndi o, dostların ta gəlmir. Gecə saat 2-3 də səhərə kimi dan
açırdınız. Fatimə xanım xəngəl bişirirdi sizə? - Babək zarafat
edir.
- Niyə gəlsinlər, döyülməyə gəlsinlər?.. (gülür)
- Kim döysün?
- Fatma xanım...
- Fatma xanımın o çağları qalmayıb. Qocaldıbsan
arvadı.
- Kim kimi qocaldıb, hələ bilmir...
- Deyirlər yaman zülmkar adam olubsunuz. Düz
deyirlər görəsən? Deyirlər, Fatiməyə yaman zülm
eləmisiniz?
- Zülmkar olsaydım, indi Fatimənin qəbrinin üstünə gedirdim, –
gülür, - deməli, yaşayır.
- Məmməd müəllim, ölən şairlərdən kimlər yadına
gəlir?
- İndi yadıma düşdü rəhmətlik Hüseyn qağa. Dostluq eləməmişəm,
yoldaşlıq eləməmişəm, məndən neçə yaş böyükdür.
- Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl... belə
şeiriniz var.
- Hə, məndə var idi elə şer...
Şərt deyin -
şərtimiz şərt olsun, neynək.
Lap belə bir az da
sərt olsun, neynək.
Üç Məmməd olmasin, dörd olsun,
neynək.
Ürəyi ovcunda yaşayanların,
Dünyanı çiynində daşıyanların
Nolar ki,
Nolar ki, çox olsa sayı -
Mənə cərgənizdə bir yer ayırın,
Məmməd Araz,
Məmməd Aslan,
Məmməd İsmayil! - Yadımdan çıxıb e…
- Sevdiyiniz şairlər olub onların üçü
də?
- Ürəyim istəyir görüm onları. Elə şey olmaz, yadından çıxmazdı.
Onda məni görməyiblər.
Babək:
- Görüblər...
- Vaxtıyla aşıqlara iradın olardı, deyərdin, sözlərimi
oxuyursansa, insafın olsun, düz oxu, indi də deyərsən?
- Minnətim olsun. Söz qanmayan aşıqlar idi onlar, söz qanan
aşıqlara demək olmaz bunu.