Yuxarı

Qarım bu avtomatı Heydər Əliyevin özündən almışdı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsinin həyətindəki tut ağacının altında Vaqif Cabbarovla yanaşı oturmağım, şirin-şirin söhbət etməyim ətrafdakı dustaq yoldaşların marağına səbəb olsa da, icazəsiz heç kəs yaxına gəlmirdi. Hər kəs öz işi ilə məşğuldur. Amma hiss edirəm ki, söhbətə "kurs" olmaq istəyənlər də var. Əlbəttə ki, Vaqif kişinin söhbətləri uzun qış gecələrinin nağılları kimi maraqlı olurdu...

Rədd eləyin onu, adamı bir qarın yeməyə satar

Vaqif dayı hündür boyunun verdiyi fürsətdən istifadə edərək ətrafa göz gəzdirdi. Xidmətimizdə hazır duran "şustryak" Rasimə baxdı. Bu kök, yastı-yapalaq adamdan Vaqif kişinin heç xoşu gəlmirdi. Bir dəfə söhbət zamanı mənə demişdi, "Faiq bacoğlu, rədd eləyin onu, bir kişinin ki gözü onun-bunun əlində, qazanında ola, ondan nə istəsən, gözləmək olar, yaxşılıqdan başqa".

Vaqif dayının yemək-içməyini oğlu hazırlayırdı və o özü də ərincək adam deyildi.

Rasim ağsaqqalın baxışından qırımını anladı, tamam kənara çəkildi.

- Adə, ay uşaq, gör Xosrov kişi yuxudan ayılıbsa, gəlsin bura. Yatıbsa, səs salma.

Rasim ardınca gələn səsə tərəf dönmədən başı ilə "yaxşı" dedi.

- Bacoğlu, niyə yeməyinizi özünüz hazırlamırsız? Beləsi söz gəzdirən olur, adamı bir qarın yeməyə satar... Özü də o "Bazarkom" səni qaralayıb, fikir verirəm, tox adam deyil.

"Vaqif dayının burdakı "tox" sözü "Bazarkom" ləqəbli Talehin bütöv adam olmamasına işarə idi. O, rejim rəisinin "söz aparanı" idi... Bunu mənə artıq Əməliyyat şöbəsini rəisi, mayor rütbəli həmyerlim demişdi: "Sənin bütün söyüşlərin, danışıqların onun tərəfindən şifahi olaraq çatdırılır, belə olmaz".

"Bazarkom" da pişik saxlayır...

- Vaqif dayı, bəs dedin ki, mənə çox şeylərdən danışacaqsan.

- Sənin heç qursağın yoxuymuş ki...

Sonra da stolun altından quyruğunu ayaqlarına sürtən pişik balalarına mehriban bir təbəssüm ünvanladı:

- Xosrov kişinin pişikləri qəribsəyib, – xırıltılı səslə güldü. - Xəbərin var da Bazarkom da pişik saxlayır...

- Hə...

- Dağıl, a dünya, Bazarkom kimilərini qapımda tula əvəzi saxlamaram. Pişik saxlayana bax e...

Doğrusu, indinin özünə qədər də bu pişik saxlamağın Vaqif dayı tərəfindən hara yozulduğunu araşdıra bilmirəm. Taleh isə doğrudan da iki pişik balasını "özəlləşdirmişdi".

Ermənini çıxdığı yerə qədər qovaram

Vaqif dayı bir qədər də fikrə getdi. Kənarda idmanla məşğul olan oğlu Cəlala, kinq-boksinq üzrə dünya çempionu olmuş, dava-dalaşa görə həbs olunmuş Vüqara, cəlilabadlı "Qara kəl" ləqəbli İlyasa və onun yerlisi, güləş üzrə vaxtı ilə qitə ikincisi olmuş, Bədən tərbiyəsi və İdman akademiyasının 3-cü kursunda oxuyarkəkən adam bıçaqladığına görə həbs olunan əhl başçısı və "zon"un əsas nüfuz və söz sahiblərindən olan Əzizə baxdı. Dərindən ah çəkdi:

- O uşaqları görürsən? O uşaqlarla ermənini çıxdığı deşiyə qədər qovaram. Mənim cəzam varsa, icazə versinlər, seçim belə uşaqları, gedim oturum Şuşada. Ya ölüm, ya da torpağı alım verim bunlara, deyim, halal xoşunuz olsun. Necə Horadizi, Arazboyu kəndləri aldıq ermənidən, bax elə... İnan, bacoğlu, iki aya Xankəndində fıştırıq çala-çala gəzərik. Gör nə qədər uşaq burda məhv olur. Burda elələri var ki, qalmağından ölməyi yaxşıdır. Basaram onları cəbhəyə, kişi kimi vuruşarlar. Ölən ölər, qalan da qələbədən sonra inanmıram pis yola düşə. Özləri özlərini islah edər, – bu, Vaqif kişinin məntiqi idi. - Çox uşağı burda narkomana çeviriblər. Onlardan qəhrəman düzəldərəm mən. Yazıqlar...

Adə, a köpək oğlu, sənin anan-bacın yoxdur?

Bu "yazıqlar" kəlməsi kimə ünvanlanmışdı, bilmədim. Burada idman edən sağlam, döyüşkən ruhlu gənclərə, yoxsa? Nə isə...

- Vaqif dayı, bura adamı heç nədən tutub salmazlar ki, hamının günahı var. O Qara kəl var ha, mənim kəndlimdir. Toyda içib dava salıb, bir ailənin 3-4 üzvünü döyüb, şil-küt edib. Əziz adam bıçaqlayıb, düzdür, bıçaqlamaya da bilərmiş, yanındakı qıza sataşıblar, bu da salıb onları təpiyin altına. Adam buna bıçaq çəkib, bu da alıb əlindən soxub yambızına.

- Sən Allah düz deyirsən? Heylə orasınamı soxub bıçağı? – dedi və xırıltılı səslə güldü...

- Hə, vallah.

- Yaxşı eləyib...

Ani fikrə gedib dilləndi:

- Amma gərək vurmayaydı, başa salaydı...

Gözləri yol çəkdi, kim bilir bir anın içində xəyalı haralara apardı onu və yenə də fikrində nələrisə götür-qoy eləyib:

- Amma yaxşı eləyib vurub. Deyən gərək, adə, a köpək oğlu, sənin anan, bacın yoxdur? Bəs bilmirsən biri çıxıb, dalını dağıdar? – Vaqif kişi qəzəblənmişdi.

Rasim gəlib dedi ki, Xosrov dayı yatıb. Sonra da təklif gözləmədən nimçədəki yemişdən iki dilim götürdü. Uzaqlaşmaq istəyəndə Vaqif dayı onu saxladı:

- A bala, götür hamısını, halal xoşun olsun, get mənim "xata"mdan termosumu gətir.

- Sağ ol, Vaqif dayı, jarqonlarla danışırsan, – dedim, kişi qımışdı.

Mənim də günahım az olmadı, bacoğlu

Bir neçə dəqiqədən sonra çay içirdik. Vaqif dayı maraqlı başagəldi söhbətlərilə yenə dağı arana, aranı dağa daşıyırdı. Mənimçünsə maraqlı olan o idi ki, müharibədə bu qədər xidmətləri olan, ailəsində neçə şəhid verən adamı niyə həbs etsinlər, nədir axı bu adamın günahı?

- Vaqif dayı, görürsən adam var, illərlə yaxşı əməlləri ilə tanınır, ölkəyə xeyri dəyir, müharibədə canını, malını, övladını qurban verir, amma əlindən bir xəta çıxan kimi tutub basırlar içəri. Heç xidmətlərini yüngülləşdirici hal kimi də nəzərə almırlar...

- Eh, a bacoğlu, sən hələ nələr görübsən... - çayından qurtum aldı.

- Elə biri sən...

- Mənim də günahım az olmadı, bacoğlu. Bilirsən, bunlar məndən niyə kəc oldu?

- Haradan bilim axı, danışmırsan ki...

Bir dəfə

- Demək, mənim fermam cəbhə xəttindən çox da uzaq deyil. Həmin sərhəd boyunu uşaqlarım da qoruyur. İnan kəsdiyimiz çörəyə, qarım hər gün əsgərlərə isti çörək bişirir, yemək hazırlayır, dovğa bişirirdi. Neynəsin yazıq. Oğlanları döyüşüb, nəvələri vuruşub, qardaşları elə, mən belə... Gecəmiz-gündüzümüz olmayıb. Balalarımdır, nəvələrimdir, - deyirdi, - o uşaqlar. Mən əsgərlərə tez-tez baş çəkərdim, komandirləri ilə görüşərdim. Arxayın olun biz də burdayıq, deyərdim.

Bir dəfə axşam üstü ermənilər tərəfdən bir vertolyot havaya qalxdı, başımızın üstündə dövrə vurub geri qayıtdı. Tələsik hərbi hissənin komandirinə dedim. Dedi görmüşük, bizə atəş əmri vermirlər. Neynək, dedim, belə məsləhətdir. Bu vertolyot bir də göründü. Təxminən 2-3 gün keçmişdi. Bu dəfə bir az da yuxarılara dedim ki, düşmən bəri tərəfə keçir. Mənə dedilər, qarışma, sənlik deyil. Mən də qarışamadım. Hələ bir az da hədə-qorxu gəlindi ki, sən ordunun işinə qarışırsan.

Dedim yox, bu erməni vertolyotudur

"Osabist"-zad tökülüşdü üstümə, rayondakı təhlükəsizlik xidməti, polis zad, hamısı dirəndi ki, yalandan hay-küy salıb əhalidə təşviş yaradıram. O vertolyot erməni vertolyotu deyildi. Özümüzünki idi. Həm də xəbərdarlıq etdilər ki, bir də bu haqda heç nə danışa. Dedim ki, kaş erməni olmasın, bizimkilərdisə, lap yaxşı. Bəs niyə vertolyot onlar tərəfdən qalxıb, dizim tərəfdə dövrə vurub qayıdır? Dedilər, belə şey yoxdur, panika qaldırma. Dedim, yox, bu, erməni vertolyotudu. Sizə sübut edəcəm. Nə isə, gəldim fermaya. Elə orda da balaca ev tikmişəm, yaşayırıq.

Vertolyotu atəşə tutdum

Erməni vertolyotu bir də göründü. Bu dəfə lap həyasızlaşmışdı. Düz gəldi mənim fermamın üstündən dövrə vurmağa. Evdə avtomat vardı. Milli qəhrəman, şəhid olmuş oğlum İlyasın döyüşdüyü silah idi. Qarıya dedim, get, gətir. Gətirdi. Nişan aldım, atdım. Vertolyotu atəşə tutdum. Vertolyot tez uzaqlaşdı ordan. O boyda vertolyota başını qaldırmayanlar, mənim atəşimə tökülüşdü üstümə. Axtarış-zad, axırda da qanunsuz silah saxlama, əhali arasında təşviş salma və ağıllarına gələn nə varsa onunla cinayət işi açdılar mənə.

- Vaqif dayı, bəs bilmədilər ki, bu erməni vertolyotu idi?

- Bilirdilər, bacoğlu. Mənə ilk dəfədən dedilər ki, şikayət etdiyimə görə lap yuxarıdan bunları sıxıblar. "Necə olur, düşmən bəri keçir, görmürsüz, vurmursuz?" Bunlar da deyib ki, Vaqif Cabbarov yalan deyir, elə şey yoxdur. İkinci, üçüncü dəfə gələndə də gizlin saxladılar ki, mənim dediklərim təsdiqini tapmasın.

Heydər Əliyev oğlumun silahını...

- Bəs səndə silah-sursat tapılıb axı, deyirlər.

- Bacoğlu, kişinin silahı olar da. Mənim ta Sovetin bərkgedən vaxtından silahım olub. Düşmənlə üz-üzə, ağız-ağızayıq, silahsız keçinmək olmaz. Qaldı ki, məndən qanunsuz silah saxlamaq adı ilə götürdükləri avtomata, bunu şəxsən qarım Heydər Əliyevdən xahiş etmişdi. Oğlum şəhid olduqdan sonra ona Milli Qəhrəman adını verdi o kişi. Mükafatı qarıma təqdim etdi. Qarı ona minnətdarlıq edəndə xahiş elədi ki, əgər icazə versəydiniz, oğlumun silahını yadigar kimi mənə verərdilər. Rəhmətlik də göstəriş vermişdi. Sənədnən idi o silah. Oğlumun böyüdülmüş şəklinin yanından asardıq... O silahla neçə erməni öldürmüşdü, axırda da elə həmin silahdan erməni vertolyotuna atəş açdım. Bax, budu, burdayam. Səninlə burada oturub günümüzü keçirirk...

Beləliklə, Vaqif dayı nəhayət ki, nəyə görə həbs olduğunu danışdı. Amma məndə yenə də əminlik vardı ki, o nələrinsə üstündən xətt çəkdi, danışmadı...

- Bacoğlu, bunlara etibar yoxdur. Sənin 32 dişin bir dilini ağzında tutub saxlaya bilmir? Az danış, az əsəbiləş... Adamlara inanmağın yaxşıdır, etibar etməyinsə pis, – ağsaqqal məsləhətini də əsrgəmədi məndən. Sonra səhhətindən gileyləndi:

- Bacoğlu, qıçlarım sözümə baxmır, yel tutub ayaqlarımı, mən dağ-daş bilməzdim heç.

Pişiyimiz ölüb

Xeyli sakit dayandıq. Bizi Xosrov dayının səsi xəyallardan ayırdı:

- Nə olub, gəminiz batıb?

- Yox, pişiyimiz ölüb, – Vaqif dayı zarafatla Xosrov dayının pişiklərə olan mehrini yada saldı...

Xosrov dayı, kətil çəkib oturdu. Özünə çay süzdü. O, adam oğurluğunda və qətlində günahkar bilinərək ömürlük həbs cəzası almış Hacı Məmmədovun bacısının yoldaşı idi...

(ardı olacaq)

Tarix
2014.03.29 / 18:03
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla