Yuxarı

Emin Piri: “Əsəd Cahangir AYB sədri olmaq istəyir”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emin Piri: “Əsəd Cahangir AYB sədri olmaq istəyir”

"ÜZƏ VERİLMƏYƏN SUALLAR" layihəsində

"Üzə verilməyən suallar" layihəsinin qonağı AYB-nin üzvü olan tənqidçi Əsəd Cahangirdir. Marağlıdır, çoxlarını tənqid edən və tənqidləri ilə qalmaqal yaradan tənqidçi Əsəd Cahangir ona ünvanlanan tənqidi suallara necə cavab verəcək, reaksiyası necə olacaq, tənqidləri normal qəbul edə biləcəkmi?

Öncə "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə əlaqə saxladıq və tənqidçinin üzünə verə bilmədiyi sualı varmı deyə soruşduq.

Qulu Ağsəs:

- Əsəd Cahangir eksperti olmadığı nömrələri də sona qədər oxuyacaq, yoxsa yox?

Cavab:

- Qulu öz işini yaxşı bilir və bütün varlığı ilə sevir. Bu cür Məcnun Leylini, Fərhad Şirini, Kərəm Əslini sevə bilər. O, fizki cəhətdən onsuz da canlı-cüssəli adam deyil. Amma ulduz olandan bəri olan-qalan canını da az qala itirib. Qulunun son bir ayda almacıq sümükləri cıxan üzünə baxanda onu bağrına basmaq istəyirsən ki, day bəsdir də, özünü bu qədər üzmə. Onun baş redaktor kimi fəaliyyəti insanın öz işinə namuslu münasibətinin gördüyüm ən parlaq nümunəsidir. Düzdür, Qulunun novatorçu ideyaları ilə hələ keçən əsrdən - o, "Avrora" qəzetində işləyəndə tanış idim. Amma "Ulduz"dakı fəaliyyəti tamam başqa bir şeydir. Demək, təkcə istedad kifayət eləmir, həm də ona meydan verilməlidir. Qulu ilk öncə bunu göstərdi. Neçə illərdir ki, biz kağız korlamaqla, ədəbi genosidlə məşğul olurmuşuq və indi də oluruq. Qulu həm də bunu göstərdi. Məncə, başqa dərgilər və qəzetlər bundan özləri üçün lazımi nəticələri çıxaracaqlar. Odur ki, "Ulduz"un eksperti olmadığım saylarını da böyük maraqla gözləyirəm. Özü də təkcə mən yox, bütün söz adamları və oxucular. "Ulduz" jurnalının bütün kolektivinə Qulu Ağsəs başda olmaqla uğurlar arzu edirəm.

Yazar Cəlil Cavanşır:

- Nə üçün Əsəd Cahangir böyük istedad və intellekt sahibi ola-ola tənqidçi kimi mövqeyində sabitqədəm deyil? Tez-tez mövqeyində dəyişiklik etməyinin, bəzən təriflədiyi gəncləri sonra sərt tənqid etməsinin səbəbi nədir?

- Əsəd Cahangir nə vaxtsa AYB-dən olmayan yazarlara qarşı qərəzli görünən mövqeyindən geri çəkiləcəkmi? Nə üçün istedadsız bir AYB üzvünü həvəslə tərifləyən Əsəd Cahangir AYB-dən olmayan istedad sahiblərinə qeyri-obyektiv münasibət göstərir?

Cavab:

- Fikrini dəyişməyən ancaq ölülər və axmaqlardır. Fikirlərin dəyişməməsi doqmatizmə aparır. Bu isə elmi yox, dini düşüncə üçün səciyyəvidir. Elmi düşüncə dəyişkənliyi sevir. Elmin bütün inkişafı fasiləsiz inkarlar və bu inkarlardan doğan dəyişkənliklərdən ibarətdir. Mənim fikrimi dəyişməyim də özümü inkarımdır. Mən özümü doqmaya çevirə bilmərəm. Dünayda bircə dəyişməyən şey var ki, o da daimi dəyişkənlikidr. Dəyişin, yeniləşin, istər özünüzə, istərsə də başqalarına münasibətdə. Nə özünüzü, nə də başqalarını doqmaya çevirməyin. Nə özünüzün, nə də başqalarının fikirlərinə həddən artıq ciddi yanaşmayın. Ən böyük qeyri-ciddilik insanın öz fikirlərini çox ciddiyə almasıdır. Gedin, Murad Köhnəqala sizə bunları açıqlayar. O, ədəbi mühitdə tanıdığım adamlar içində ən dəlisi olduğu qədər də, ən müdrikidir. O bu sözləri mənə on beş il əvvəl demişdi, amma mən o qədər də əhəmiyyət verməmişdim. Çünki ağlım hələ ora yetmirdi. İndi deyəsən nələrisə bilirəm. Allah sizlərə də ağıl versin.

- Cəlil Cavanşir AYB üzvü olsaydı da, mən onu romançı kimi tərifləyə bilməzdim. Necə ki, AYB üzvü olan Kəramət Böyükçölü romançı kimi təqdir etməyi absurd sayıram. Amma AYB üzvləri olan Elxan Qaraqan, Cavid Zeynallı və Pərvinin də, AYB üzvü olmayan Şərif Ağayar, Mirmehdi Ağaoğlunun da nəsrini perspektivli sayıram. Mənim münasibət panoramım budur. Beləliklə, faktlar Cəlilin iradlarını inkar edir.

Gənc yazar Emin Piri:

- Sizin ətrafınızda olan gənclər, hətta bir müddət dəstək olduqlarınız müəyyən dövrdən sonra sizdən üz döndərdi. Hətta sizin əleyhinizə yazılar yazdı. Mənə maraqlıdır, düşünmürsünüz ki, sabah bu addımı Emin Piri də ata bilər? Və bu addımı niyə atmasın? Və niyə ata bilməz?

- Normal insanın illərlə işləyib can qoyduğu yerdə İDDİASININ olmaması uşaq aldatma ola bilər. Siz isə özünüzü elə göstərirsiniz ki, siz yalnız ayrı birinin rəhbərliyi altında çalışmaq istəyirsiniz. Mən buna inanmıram. Sizin içinizdə AYB sədri və ən azı AYB katibi olmaq kimi bir məqsəd, ya da plan yatır. Niyə iddialarınız açıqlamağa çəkinirsiniz? Bəlkə də açıqlansa həyata keçər, ətrafınızda insanlar sizə dəstək verə bilər.

- Niyə bəstəkarlıqla məşğul olmağa belə can atırsınız? Sadəcə, boş vaxtlarda və dincəlmək istəyəndə bunu etmək olmazmı? Hökmənmi hər kəs sizi həm tənqidçi, həm şair, yazıçı, funksioner, həm də bəstəkar kimi tanımalıdır? Hər sahədən bir az-bir az məşğul olmaq sizin tənqidçilik enerjinizi, yaradıcılığınızı tükədir. Çünki enerjinin itməməsi qanunu var. Tənqidə gedəcək enerji ayrı həvəs saldığınız yerlərə gedir. Bu barədə düşünmürsünüz?

Cavab:

- O gənclər məndən yox, AYB-dən üz döndəriblər, mən isə bu mövqeni bölüşməmişəm, ona görə məndən də narazı qalıblar. Əgər Emin də belə eləsə, böyük itki olmaz, Əyyubgilə şeir məclisinə onun yerinə başqasını çağırarıq, deyərik ki, o olmasın, bu olsun.

- Mən özümü heç vaxt göstərmirəm, necə varamsa, elə də görünürəm. Bütün AYB üzvləri kimi, təbiidir ki, mən də AYB sədri ola bilərəm, amma indi yox, təxminən 10-15 ildən sonra. İndidən bu iddianı ortaya qoymağın nə mənası var ki? Bu çay gəlməmiş çırmanmağa bənzəyər və bayağı görünər. Mən Emin Piri yaşında deyiləm ki, absurd bəyənatlarla ictimai diqqəti özümə yönəltməyə çalışam.

- Mən janrları seçmirəm, onlar məni seçir, o cümlədən də musiqi. Musiqi insanın enerjsini əlindən almır, əksinə ona ruh verir. İlk mahnım ağlıma belə gəlmədən, sırf mistik olay kimi zahir oldu. Hüseyn Cavidin sözünə bəstələnib. Yəni bu mənim hobbimdən daha çox alın yazımdır. İndi onu nə dərəcədə gerçəkləşdirəcəm, bu, başqa söhbətdir. Təəssüf edirəm ki, Cəlil məni doqmatikləşdirmək istədiyi kimi, Emin də matematikləşdirmək, müəyyən çərçivəyə salmaq, türklər demişkən, kateqorizə etmək istəyir. Mən azad insanam və yalnız öz daxili istəyimə tabeyəm. Əgər mənə mahnı gəlirsə, özümü boğub durmalıyam ki, yox, anam məni tənqidçi doğub və mən hökmən tənqidi məqalə yazmalıyam? Bu günlərdə Qulu Ağsəsə bir şeir yazdım. Sənin məntiqinlə mən o şeir yazmamalıydım ki, yox, tənqidə enerjim qalmayacaq? Daxili enerji özü-özünü tənzimləyir, hara lazımdırsa, ora da gedir. Sən bundan narahat olma. Özünü daxili səsə tabe et. Ağlına, məntiqinə çox da güvənmə. Onlar bayağı şeylərdir.

Tarix
2014.05.17 / 06:25
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla