"İnsan taleyi" layihəsində:
Bir zamanlar
eyni redaksiyada işlədiyimiz xanım əməkdaşımızın xahişi ilə qocalar
evinə gedəsi oldum. Onun Ukraynada yaşayan və imkanlı iş adamı olan
qardaşının Novruz bayramı ərəfəsində göndərdiyi pulla qocalar
evinə, kimsəsiz uşaqlar yaşayan evə bayram sovqatı və pal-paltar
alıb apardıq. Əvvəlcə Nizami rayonundakı internat məktəblərindən
birində olduq. Sonra isə Bilgəhdəki qocalar evinə yolda düşdük.
Xeyli kişi və qadın paltarları almışdıq.
HEÇ ÖLMƏK İSTƏMƏZSƏN
Elə, "Səfillər"imin budəfəki qəhrəmanı Ədiləni də son dəfə onda
gördüm. Köhnə tanışların – bizim görüşümüz onun sevincinə səbəb
olsa da, məni duyğulandırdı, təəssüf hissi içimdə qıvrıldı. Elə
dilimə də gətirdiyim ilk kəlmə bu oldu:
- Ədilə, bu nədi? Burada nə gəzirsən?
- Of, Faiq, sən bilməzsən bura necə gözəldir. Heç ölmək də
istəməzsən burada yaşasan!
Sevinirdi və uşaq kimi əlini əlinə sürtür, ətrafındakı eyni
taleni paylaşdığı adamlara baxırdı. Gözünü redaksiyamızın xanım
əməkdaşından da çəkmirdi...
SİR-SİFƏTDƏN QƏŞƏNG
Hə, bu arada qəhrəmanımın kimliyi haqda məlumat versəm, yaxşı
olar. Ədilə tatar qızıdır. Özü deyir ki, çox gözəl olub. Amma mən
onda heç vaxt ağızdolusu danışdığı gözəlliyi görməmişəm. Düzdür,
tanışlığımızın ilk illərində bədən quruluşuna, yerişinə görə
hələ-hələ qadın onunla bəhsə girə bilməzdi. Lakin çöhrəsinin qəşəng
olması yadıma gəlmir. Hər halda, mən onu 20 yaşım olandan
tanıyırdım. O zaman onun yaşı 40-50 arası olardı.
ƏDİLƏ HİKMƏTİN QADINI İDİ
Ədilə çoxdan doğranaraq metal qırıntısı kimi ömrünü başa vurmuş
"Vodaley-4" gəmisində aşpaz işləyirdi. Mən isə gənc mütəxəssis kimi
"Moyajsk" su daşıyan gəmisinə göndərilmişdim. Hər iki gəmi Cilov
adasına və Neft daşlarına içməli su daşıyırdı. Gəmilər səfərdən
sonra 15-ci körpüdə yanaşı dayanardı. Ədilə ilə də elə burda tanış
olmuşduq. Doğrusu, mənim ondan ilk gündən zəhləm getmişdi. Çünki bu
qadının dilindən çıxan söyüşün biri bir qəpik olardı. Amma nədənsə
onun işlədiyi gəminin bütün heyəti bu qadının xətrini istəyər,
sahilə düşəndə ona sovqat alıb gətirərdilər.
Ədilə daim gəmidə olardı. Çox nadir halda 1-2 saatlıq şəhərə
çıxardı. Ona olunan diqqət və hörmətin bir səbəbi də Ədilənin
kapitan Hikmətlə (ad şərtidir) qeyri-qanuni ailə həyatı
yaşamasıydı. Ədilə, Hikmətin həm işçisi, həm də qadını idi...
QAYÇINI GİZLƏT
Onun sifəti çapıqlarla dolu idi. Çiynində, hər iki qolunun
üstündə isə döymələr vardı. Ədilə həbsdə yatmışdı. Bir şeyi də
müşahidə etmişdim ki, mənim işlədiyim gəminin kapitanı rəhmətlik
Murad dayı Hikmətlə zarafat edərkən həmişə:
- Çay içməyə gəlirəm, stolun üstündə qayçı varsa, gizlət.
Hər iki təcrübəli kapitan xeyli gülərdi. Elə zarafatın şahidi
olan digər dənizçilər də... Təkcə mən bu qayçı əhvalatını bilmirdim
və heç soruşmaq da ağlımdan keçmirdi. Yetərincə gənc idim və yaşlı
kapitanlarla bir süfrə arxasında oturmağım, Murad dayının təbirincə
desək, ümidverici və gələcəyin kifayət qədər savadlı kapitanı ola
biləcəyimə stimul verirdi. Hikmət isə Murad dayıya deyirdi: "Uşağı
tərifləyib bütün Xəzəri sükan arxasında işlədirsən. Özünsə
yatırsan".
Əslində isə belə deyildi, mən Murad dayıdan çox şey
öyrənirdim...
Ədilə ilə Qocalar evinin həyətindəki talvarda oturduq. Köhnə
tanışlığımızın imkanlarından istifadə edib, gətirdiyimiz
sovqatlardan özü üçün iki ədəd xələt götürdü, bir də kişi
şalvar-köynəyi seçdi.
ƏRİ ONU ÇOX İSTƏYİR
- Ədilə, kişi geyimlərini neynirsən?
- Bəs, mən burda ailə qurmuşam. Ərim üçün götürürəm. İndi
gələcək, tanış edərəm. Mən olmasam, o öləcək. Uşaq kimidir...
Çox keçmir əri də gəlir. Bir neçə qadın rəfiqəsi də başımıza
toplaşır. Ədilə mənim haqqımda danışır, dostlarına təqdim edir:
- Bu, cavan oğlan idi, yanında söz deyəndə qızarardı. Əli və
sifəti xalla dolu idi. Uzun saçı vardı.
Sonra da protez dişlərinin arasından çıxan dili ilə üst
dodaqlarını yalayıb, davam edir:
- Tı, skaji, Faiq, ya kak bıla? Oy da, yeriyəndə gəmini
titrədərdim, – ürəkdən şaqqanaq çəkir. - Hamı mənim yerişimə
baxardı. Amma bura yaxşıdır. Dincəlirəm. Ərim də məni çox
istəyir.
SƏNİN NƏYİNDƏN YAZSIN?
Sonradan yadına düşür ki, mən şeir də yazardım:
- A-a, qızlar, bu, şeir də yazırdı. Gülürdüm buna, - üzmə baxır.
- Yenə də yazırsan?
- Hə, - bu dəfə xanım əməkdaşımız dillənir, - yazır,
neçə kitabı çıxıb.
- Oy da-a, məndən də yaz da, - Ədilənin zarafatları özünü şirin,
doğma göstərmək istəyindən irəli gəlir və məncə, süni alınır.
Qadınlardan kimsə, "sənin nəyindən yazsın, qarışdırmısan burda
aranı, hamını düşmən eləyibsən", - deyir.
ƏRİMLƏ BİR YERDƏ TUTDUM
Ədilənin sifəti bir anda dəyişir. Əsəbiləşir. Hamını qovur.
Təkcə əri və mənim dostum qalır. Aydınlıq gətirir.
- O, filan-filan olmuş mənim paxıllığımı çəkir. Ərimlə tutmuşam
onu bir yerdə.
Ərinin narazı sifətinə baxır və davam edir:
- Axşamdan keçmiş gördüm domino oynayırlar. Uduzan udanı öpəcək,
şərtləri də bu. Bu külbaş da bicliyindən uduzurdu ki, durub onun
murdar üzündən öpsün, - deyib, ərini göstərir.
Əri gülür.
– Gülmə, avara. Von atsyuda.
Əri ayağa qalxıb gedir. Üçümüz qalırıq.
Ərinin ardınca baxır və onu xeyli tərifləyir:
- Pis adam deyil, yaxşı pensiyası var, ikimizinkini üst-üstə
qoyub dolanırıq.
Xanım əməkdaşımızın da maraqlandıra bilib bu qadın.
- Ədilə, danış, necə oldu bura gəlib düşdün, sənin evin
vardı axı.
- Hikmət kişi olmadı. Məni aldatdı. Görürdün də, məndən əl
çəkmirdi. Gəmidə qalırdıq. Evimi verdik kirayəyə. Mənim axı heç
kəsim yox idi. Tək idim. Qohumlar hamısı Kazanda idilər.
- Necə gəlib düşdün Bakıya? - əməkdaşımız
soruşur.
- Bu, çoxdan olub. Ərim praporşik işləyirdi. Azərbaycanlı idi.
Kazanda xidmət edirdi. Məni bəyəndi. Evləndik. Uşaqlarımız olmurdu.
Sonra Bakıya köçdük. Ev aldıq burda. Yaşayırdıq. Sonra ərim yan
gəzdi. Başqa qadınla görüşürdü. Evə sərxoş gəlirdi. Deyirdim,
Rəsul, niyə belə edirsən? "Yaxşı edirəm, - deyirdi, - sən kimsən
axı". İtə də meyil salırdı. Deyirdi, sən qısırsan, doğmursan.
Dedim, get evlən, təzə arvadın sənə uşaq doğsun. O isə evlənmirdi.
Amma pis qadınlarla gəzirdi. Bir dəfə də mənə xəstəlik düşdü.
Müalicə olundum. Ondan ayrı yatırdım. Arada istəyirdi yaxın olaq,
qoymurdum. O da evə qadın gətirəcəyi ilə hədələyirdi məni. Amma
döyürdü hər gün. Döyəndən sonra zorla yatırdı mənimlə. Bir gün onu
öldürdüm.
QAYÇI İLƏ...
- Necə? – artıq sualları əməkdaşımız verir.
- Dedi, gəl yataq, razılaşdım. Girdi yatağıma. Bir az
sığalladım, nəvaziş göstərdim, sonra qayçı ilə kişiliyini kəsdim.
Dedim, sən mənə bununla xəyanət edirsən. Qoy bu, heç kimin olsun.
Qışqırırdı, ağlayırdı. Əli ilə qasığını tutub otaqda ora-bura
qaçırdı. Çılpaq idi. Tamam. Qan aparırdı onu.
- Sən də eləcə baxırdın?
- Yox, təkcə baxmırdım. İtələyib yatağa yıxdım. Dedim, dayan,
həkim çağırım. Qapını çöldən bağlayıb getdim milisə. Oktyabr
(Yasamal) rayon milis idarəsində hər şeyi danışdım. Ora milislər,
həkimlər gedəndə Rəsul qanaxmadan ölmüşdü.
Ədilə çox soyuqqanlıdır. Peşman olub-olmadığını soruşuram.
- Bilmirəm, - deyir. - Heç indi fikirləşmirəm də - peşmanam, ya
yox. Amma o zamanlar fikirləşirdim ki, gərək etməyəydim. Mən onu
sevmişdim. Bütün ailəmi atıb onunla gəlmişdim. 8 il yarım həbsdə
yatdım. Qayıtdım evimə. Heç yerdə iş vermirdilər mənə.
Ədilənin yarasının qaysağı qopmuşdu. Burda kimsəsizlərin
məskunlaşdığı, Allahın və dövlətin ümidinə ömür çürütdüyü bir yerdə
içinin telləri sızıldayırdı. Dilə gəlirdi və özünün heç kəsə ibrət
görmədiyimiz həyatını danışırdı:
HƏR GÜN GÖZÜMÜN QABAĞINDA İDİ
- Həbsdə olanda bizi tikiş sexində işlədirdilər. Hər dəfə əlimə
qayçını götürəndə onu necə öldürməyim gözümün önünə gəlirdi. Qəşəng
idim mən, şəkillərimi göstərərəm, baxarsan. Zonda olanda bir qadın
vardı. Mənimlə sevişmək istədi. Yanına çağırdı. Gedək dedi. Razı
olmadım. Hamı ondan qorxurdu. "Fikirləş", - dedi. Sexdə işləyirdim,
gəldi yanıma. Qırmızı ləçək gətirmişdi. "Al, başına bağla,
bilsinlər ki, mənimkisən", - dedi. Birinci dəfə idi belə şey
görürdüm. Qayçını götürüb soxdum buduna. İkincini yumşaq yerindən
vurmaq istədim. Tutdular. Karsa saldılar. Gecələr məni qadın
nadzorlar döyürdü. İşimi artırmağa qoymadı vurduğum qadın.
Sağalandan sonra məni özünün hücrəsinə çağırdı. Yenə razılıq
vermədim. Onda yanındakı qızlara işarə verdi. Mənə "şram" atdırdı.
Gün vermirdilər mənə. Mən isə getdikcə həyasızlaşır,
azğınlaşırdım.
- Beləliklə, tər-təmiz çıxdın oradan? - zarafat
edirəm.
- Hə, adımı qorudum. Məndən qorxurdular. Söz demirdilər. Amma
incidirdilər.
İŞ VERMİRDİLƏR
- Azad oldun...
- Hə gəldim. İş vermirdilər. Dərzi işləmək istədim,
götürmədilər. İki dəfə qayçı ilə cinayət törətmişdim. Qorxdular
yəqin. Sonra Hikmətlə qarşılaşdım, məni flota aşpaz düzəltdi. 13 il
onunla bir gəmidə işlədim, onunla ailə kimi yaşadım.
- Yadıma gəlir. Yəqin Hikmət həyatının ən yaxşı kişisi
di.
- Ölüb... Amma yaxşı adam olmadı. Evimi satdırdı. Balalarına ev
aldı. "Neynirsən evi, varımızdır da", - deyirdi. Guya onun evində
yaşayacaqdıq. Sonra o, təqaüdə çıxdı. Mən isə iki il sonra çıxdım.
Məni yaxın qoymadı. Bir az kirayədə yaşadım. Dəniz mənim
gözəlliyimi əlimdən almışdı. Axırım da bax burdadır. Gəlibsən,
görürsən. Faiq, bilirsən bura necə yaxşıdır? Heç ölmək istəməzsən
burada qalsan...