"Ünlülərin varisləri"
Bizim oxucu və tamaşaçı zövqümüzüm formalaşması çox vaxt
böyük yazıçı, illüstrator-rəssam, tərcüməçi və başqalarının
uşaqları, nəvə-nəticələrindən asılı olur. Məhz bu varislər nəyin
harada və nə qədər nəşr olunacağını təyin edirlər.
Məhz onların sayəsində yeni, əvvəllər heç yerdə çap olunmamış
əsərlər, gündəlik və məktublar ortaya çıxır. Məhz onların entuziazm
və zəhmətkeşliyi doğma yazıçıları, onların yubileylərini,
haqqındakı xatirələri unudulmağa qoymur.
Axar.az bu yeni layihəsində oxucularına məşhur yazıçı, şair,
tərcüməçi və naşirlərin doğma övladları və bu, ya digər yolla
onların varisləri olmuş insanların taleyindən danışacaq.
Aqata və Arçibald Kristinin yeganə qızları Rozalinda Marqaret
Klarissa Hiksdir. O, 5 avqust 1919-cu ildə Torkda, Devon
qraflığında (İngiltərə) anadan olub. Rozalinda etiraf edirdi ki,
anasının məşhurluğuna baxmayaraq, heç vaxt ailədə özünü rahat hiss
etməyib və bacardığı qədər şəxsi ambisiyalarını qoruyaraq öz
həyatını yaşamağa çalışıb. O, anasının müəmmalı şəkildə yoxa
çıxması dönəmlərini çox ağır yaşayıb. Xatırladaq ki, Aqata Kristi
ərinin xəyanətini və boşanmaq niyyətini öyrəndikdə qəflətən 11 gün
yoxa çıxır. Bu əhvalat 1926-cı ildə, qızın 7 yaşı olanda baş verir.
Yazıçı qayıtdıqda isə hər şeyi qısamüddətli amneziya ilə izah edir.
Xeyli sonralar psixoloqlar böyük detektiv ustasının həyatının bu
epizodunu araşdırarkən diaqnoz qoymaqda tərəddüd etmişdilər. Onlar
belə hesab edirdilər ki, Kristi ərini incitmək, bəlkə də sadəcə,
onu qətlə yetirilməsindən şübhələnməyə vadar etmək istəmişdi.
Üstündən illər keçdikdən sonra qızı bu əhvalatın hamıya məlum
olmasının ona necə ağır zərbə vurduğunu xatırlayırdı. Bəs necə!
Qorxu, gərəksizlik və atılmaq duyğusu, atasına qarşı şübhə və bütün
bu hadisələrin sonu olaraq anasının psixi nasazlığı... Rozalinda
Hiks etiraf edirdi ki, anası heç vaxt yoxa şıxmasının səbəbləri
haqqında onunla danışmaq istəmirdi, deyirdi ki, heç nə
xatırlamır.
Valideynləri ayrıldıqdan sonra da Hiks atası ilə daim əlaqə
saxlayır. Atalığı, anasının ikinci əri arxeoloq Maks Mallouenlə də
qarşılıqlı mehriban münasibətləri olur. Gələcəkdə arxeoloq alan
Rozalindanın peşə seçiminə də atalığının təsiri olub. 1941-ci ildə
o, Kralın Valliya oxçuları polkunun əsgəri Hubert Priçarda ərə
gedir, 1944-cü ildə əri döyüşdə həlak olduqdan sonra isə dul qalır.
1949-cu ildə Entoni Hiksə ərə gedənədək oğlu Metyunu tək
böyüdür.
Rozalinda Hiks 1968-ci ildə qocalmış anası və atalığının yanında
olmaq və onlara yardım edə bilmək üçün Devon qraflığına köçür. Bu
vaxtlar Aqata Kristi məhdud məsuliyyətli cəmiyyət təşkil etmişdi və
onun əsərlərinin bütün hüquqları bu cəmiyyətə məxsus idi. 60-cı
illərin ortalarında cəmiyyətin aksiyalarının nəzarət paketi artıq
satılmışdı, Kristinin özünə isə aksiyaların yalnız az bir qismi
düşürdü. Ancaq bu pay onun əsərlərinə qarşı istənilən
manipulyasiyaya veto qoymağa imkan verirdi. Aqata Kristinin
ölümündən sonra 1976-cı ildə Rozalinda Hiks bütün hüquqları ilə
bərabər cəmiyyətin bu aksiyalarının varisi oldu. O, anasının ədəbi
irsinin bütövlüyü və keyfiyyətinin müdafiəçisi rolunu öz üzərinə
götürdü və bu rolda özünü dürüst, bəzən isə sərt adam kimi büruzə
verdi.
Rozalindanın şəxsi həyatda necə bir insan olması haqqında
əlimizdə məlumat yoxdur, ancaq o, üzərinə götürdüyü Kristinin
varisi kimi ictimai bir vəzifəni qeyrət və səylə yerinə yetirdi.
Hiks çox diqqətlə izləyirdi ki, anasının yazdığı kitablar Aqata
Kristinin ədəbi yaradıcılığını nüfuzdan salan hər hansı bir
layihədə istifadə edilməsin.
1979-cu ildə "Aqata" filmi ekranlara çıxdı, Filmdə Aqatanı
məşhur aktrisa Venessa Redqreyv oynayırdı. Aydın məsələdir ki,
filmdə Kristinin yoxa çıxması əhvalatı önə çəkilmişdi. Bundan bir
il əvvəl yazıçının qızı filmin çəkilişlərinə mane olmaq üçün çox
çalışır, lakin əlindən heç nə gəlmir. Anasının tərcümeyi-halının
nəşrinə qarşı da xeyli mübarizə aparmalı olur. Bir neçə illik
təkidli rədd cavablarından sonra, nəhayət, 1980-ci illərin
əvvəllərində axır ki, Aqata Kristinin bioqrafiyasının nəşrinə icazə
verir. Beləliklə, 1984-cü ildə Canet Morqanın çoxsaylı müsbət
rəylər almış kitabı işıq üzü görür. Lakin Rozalinda kitabı kəskin
tənqid edir. Çünki burada müəllif yoxa çıxma faktını olduğu kimi
təsvir etsə də bu müəmmalı epizoda öz şərhlərini də vermişdi.
Rozalinda isə buna tab gətirə bilmirdi.
1995-ci ildə Hiks müasir "Sıfra yaxın" (Towards Zero) filminin
müasir şəraitdə süjet xəttinə kəskin mövzuların daxil edilməsilə
çəkilişlərini planlaşdıran kinoşirkətlərə qarşı "səlib yürüşünə"
başladı. Hiksin fəaliyyəti ona gətirib çıxartdı ki, Aqata Kristinin
və onun əsas qəhrəmanlarının adı ilə əlaqədar istənilən məqamdan
istifadə etmək şirkətlərə qadağan edildi. Film çıxdı və çox ciddi
mübahisələrə səbəb oldu. Şözsüz ki, "Aqata Kristi" kimi bir brendi
itirmək müvəffəqiyyətə olan şansı çox aşağı salacaqdı.
Hiks Aqata Kristi cəmiyyəti təkil edir və ömrünün sonunadək onun
prezidenti olur. Devid Suşe və Coan Hikson (görünür, xanım Hiks
bütün zamanların və xalqların bu ən yaxşı Erkül Puaro və miss
Marplını qəbul edirmiş) fondun vitse-prezidentləri idilər.
Cəmiyyətin nizamnaməsində Aqata Kristi irsinin "həddən artıq
bayağılaşmış kommersiya obyektinə çevrilməsinin qarşısını almaq"
vəzifəsinə xüsusi fikir verilirdi. Ancaq çox güman ki, Rozaldina
Hiks buna sözün yaxşı mənasında nail ola bilməyib. "Aqata Kristi"
çox gözəl, iqtisadi baxımdan uğurlu, yəni tamamilə kommersiyalaşmış
brenddir.
Yazıçının qızı 1968-ci ildən Dart çayı sahilindəki irsi
"Qrinvey" malikanəsində yaşayır. O da anası kimi 85 yaşında vəfat
edir. 2000-ci ildə Hiks ərazinin böyük hissəsini Milli fondun
mülkiyyətinə keçirmişdi. 2002-ci ildə milli fond onun bir vaxtlar
"Qrinvey"də saldığı bağın qapılarını geniş ictimaiyyətin üzünə
açır. Hazırda "Qrinvey Haus" evinin özü də ictimai muzeydir.
Hiks vəfat edərkən ailənin və yaxud da fondun (təəssüf ki, bunu
dəqiqləşdirmək mümkün deyil) varidatı 600 mln. funt sterlinq
idi.
Hazırda Kristi fonduna Rozaldina Hiksin oğlu Metyu Priçard
rəhbərlik edir. Maraqlıdır ki, nəvəsinin cəmi doqquz yaşı olanda
Aqata Kristi "Siçan tələsi" pyesinin hüquqlarını ona hədiyyə
etmişdi. Bu pyes indiyədək dünya ədəbiyytının ən məşhur
əsərlərindən biri hesab olunur. Nəvə əvvəlki kimi varislik işləri
ilə, nəşr, ekanlaşdırma, tamaşa və "detektiv kraliçasının" irsi ilə
bağlı bütün məsələlərlə məşğul olur.
Metyu Priçardın üç övladı var. Şübhə etməyə dəyməz ki, Aqata
Kristi Kristilərin dördüncü nəslini də maddi cəhətdən çox əla təmin
edib. "Bəs nə üçün varislərindən heç birisi yazıçı olmayıb?" –
sualına cənab Priçard belə cavab verir: "Axı nə üçün? Məgər biz
nənəmizdən daha yaxşı ola bilərikmi?"