İkinci imperator, birinci tiran – Tiberi
"İnsanlar qul olmağa adət ediblər"
Tiberi. Roma imperatoru
"Yazıq Roma xalqı, elə ləng çənədə çeynəniləcək
ki…"
Oktavian Avqust. Birinci Roma imperatoru
Eramızın 37-ci ilində martın 16-da Roma xalqı imperator
Tiberinin ölüm xəbərini alıb küçələrə töküldü. Xalq "Tiberini
Tibrə" (Tibr çayına) bağıraraq bayram etməyə başladı.
İmperator Tiberi Romadan uzaqda, Kapridəki villasında ölmüşdü.
Uzun illədrdi ki, imperator sui-qəsdlərdən ehtiyat etdiyi üçün ya
Kapri adasında, ya da Kampaniyadakı villasında yaşayırdı. Həyatının
son altı ilində isə o, Romaya ayağını belə qoymamışdı. Xalqın isə
sevinməyə haqqı vardı. Çünki Roma hələ ki, bütün tarixi boyunca
belə bir tiran, manyak və əxlaqsız hökmran görməmişdi. Amma bu,
hələ başlanğacdı. Romanı irəlidə daha böyük tiranlar və daha böyük
əxlaqsızlıqlar gözləyirdi.
İmperatorun yeznəsi və oğulluğu
Eramızdan əvvəl 12-ci ildə imperator Avqustun yaxın dostu,
silahdaşı və varisi, qızı Yuliyanın əri Aqrippa ölür. Aqrippanın
ölümündən sonra Avqust qızına ər, özünə isə varis axtarmağa
başlayır. Həmişə təsiri altında olduğu Klavdiya ondan oğlu Tiberini
seçməsini istəyir və buna nail olur.
Çox sevdiyi arvadı Vipsani ilə xöşbəxt yaşayan Tiberi birdən
imperatordan arvadını boşaması və onun qızı ilə evlənməsi haqqında
əmr alır. İşin qəribə tərəfi o idi ki, Tiberinin birinci arvadı
Vipsani Yuliyanın ölən əri Aqrippanın birinci kəbindən olan qızı
idi. Tiberi arvadından göz yaşları içində ayrılır. İmperator ona
keçmiş arvadı ilə görüşməyi qadağan edir. Onların oğlu Druz isə
Avqustun evinə aparılır və orda tərbiyə olunur.
Yuliya Romada əxlaqsızlığı ilə ad çıxarmışdı və Aqrippadan 5
uşağı vardı. Daha əvvəllərdə o Tiberini yoldan çıxarmağa və
yatağına salmağa dəfələrlə cəhd etmişdi. Evləndikdən sonra
Tiberinin sevgisinə nail ola bilməyən Yuliya yenidən ehtirasını
kənarda söndürməyə davam edir. Arvadının əxlaqsızlığından təngə
gələn Tiberi könüllü olaraq Romanı tərk edir və bununla da Avqustun
qəzəbinə nail olur. Nəhayət Romada gəzən dedi-qodulardan bezən
Avqust qızını Romadan tənha bir adaya sürgün edir və onu Tiberidən
boşayır. Yuliyanının yaşadığı adaya kişilərin ayaq basması
yasaqlanır. Tiberi imperator olduqdan sonra isə keçmiş arvadını
faktiki olaraq acından öldürür.
Eramızın 4-cü ilində dalbadal iki nəvəsini itirən Avqust
məcburən Tiberini oğulluğa götürür və bununla da Tiberi Avqustun
hakimiyyətinin varisinə çevrilir. Bir müddət sonra Avqust fikrini
dəyişib nəvəsi Aqrippa Postumu varis elan etmək istəsə də,
Liviyanın işə qarışması nəticəsində Avqust fikrindən daşınmalı
olur. Aqrippa Postum isə sürgün olunur. Avqustun öldüyü gün Aqrippa
Postum da öldürülür.
Tiberi imperator olur
Eramızın 14-cü ilində Avqust Kampaniyada ölür. Oğlunu təcili
olaraq Kampaniyaya çağıran Liviya imperatorun ölümünü gizli
saxlayır. Eyni zamanda sürgündə olan Avqustun nəvəsi Aqrippa
Postumun öldürülməsi haqqında göstəriş verir. Tiberi Kampaniyaya
gəldikdən sonra hərbi tribun ona əmrin yerinə yetirildiyini və
Aqrippa Postumun öldürülüdyünü bildirir. Tiberi heç kimə belə bir
əmr vermədiyini söyləyir. Özünü təmizə çıxarmaq üçün Tiberi
Aqrppanın ölümünün Senat tərəfindən araşdırılmasını tələb edir.
Lakin gizli əmrlə senatorlara hakimiyyətin digər iddiaçısının
ölümünün araşdırmağı yasaqlayır. Aqrippanının ölümü tez bir zamanda
unudulur.
Avqustun dəfnindən sonra senata gələn Tiberi hakimiyyəti qəbul
etməkdən imtina edir. O bir zaman Avqustun etdiyi kimi artistlik
edir və hakimiyyət yükünü daşıya bilməyəcəyini bəyan edir. Lakin
gözləntisinin əksinə olaraq Senat ona hakimiyyəti qəbul etmək üçün
yalvarmır. Hətta senatorlardan biri yerindən, "Ya idarə elə, ya da
çıx get",- deyə qışqırır. İşarə o qədər açıq idi ki, Tiberi naz
etməkdən həmən vaz keçir və Senatın verdiyi hakimiyyəti qəbul
edir.
İmperator olaraq Senatla ilk təmasını Tiberi heç zaman unutmur.
O, Senata olan nifrətini gizlətmir. Sonradan o senatorların heç
birini öz ətrafına yaxın buraxmır. Hətta senatorlara onu salamlamaq
imkanı belə verilmir.
Ancaq Tiberinin problemi təkcə Senatla bağlı deyil. İlliriya və
Almaniya orduları yeni imperatoru qəbul etməkdən imtina edir.
Ordunu sakitləşdirmək üçün Tiberi özünün varisi və oğulluğu
Germaniki Almaniyaya yollayır. Almaniyadan qələbə ilə geri dönən
Germanik Şərq canişini olaraq Suriyaya yola düşür. Bir neçə ildən
sonra ordunun və Roma xalıqının sevimlisi gənc Germanik orda
zəhərlənərək ölür. Ölməmişdən əvvəl o atalığının dostu Suriya
valisi Pizonu onu zəhərləməkdə ittiham edir. Romada imperağorun öz
oğulluğunu zəhərləməsi haqqında şayilər dolaşır. Buna baxmayaraq
Tiberi Pizonu müdafiə edir.
Germanik xalqın və ordunun böyük sevgisini qazandığına görə
Tiberinin qorxusuna çevrilmişdi və demək olar ki, imperator öz
oğulluğuna olan həsədini gizlədə bilmirdi. Ona görə də Tiberinin
oğulluğunu öldürülməsi haqqında dolayısı ilə əmr verməsi
gözləniləndi. Bir qədər sonra Pizon intihar edir və bunula da
Germanikin öldürülməsi söz-söhbətinə son qoyulur.
Pornoqrafiya artistləri
Gənclik illərində özünün qatı əxlaqsızlığını gizlədə bilən
Tiberi çoxları tərəfindən sevilir. O, gözəl hakim, vəkil, istedadlı
sərkərdə kimi tanınır. Avqustun hakimiyyət illərində o bir çox
müharibələrə qatılır və Roma torpaqlarını genişləndirir. Lakin
hakimiyyətə gəldikdən sonra bir qarış da torpaq almır. Tiberi
ümumiyyətlə, dövlətin işləri ilə çox az maraqlanır. Hətta
əyalətlərə uzun illər boyu valilər təyin olunmur. Gənclik illərində
özünü nümunəvi vətəndaş və görkəmli sərkərdə kimi tanıdan imperator
yaşlandıqdan sonra vaxtını ancaq əyyaşlıq və pozğunluq içində
keçirir.
56 yaşında sonsuz hakimiyyət sahibi olan Tiberi hakimiyyətə
gəldikdən bir neçə il sonra içində gizli saxladığı bütün pislikləri
ortaya qoyur. Hələ dünya onun etdiyi vəhşiliklərin və
əxlaqsızlıqların şahidi olmaışdı. Ondan sonra pozğunluq və
əxlaqsızlıq imperatorlar üçün adi qaydaya çevrildi. İmperatorların
işi, sadəcə, əyyaşlıq və eyş-işrətlə vaxt keçirməkdən ibarət
oldu.
İlk illər o, hakimiyyətini itirməkdən qorxur və nümunəvi
vətəndaş olduğunu nümayiş etdirməyə çalışırdı. Lakin tam olaraq
hakimiyyəti ələ aldıqdan sonra ortaya heç kimin tanımadığı bir
Tiberi çıxdı. Artıq yaşlanan imperator bütün zamanını eyş-işrətə
həsr edirdi. Onun içində sözün həqiqi mənasında bir canavar
doğulmuşdu.
Eramızın 26-cı ilində Romanı tərk etdikdən sonra isə Tiberi
Kapri adasını tamamilə eyş-işrət və orqazm adasına çevirir. Adadakı
12 villanın hər yerində "Venera guşələri" yaradılır. Bu güşələrdə
gecə-gündüz yeniyetmə "pornoqrafiya artistləri" hazır dayanır.
Çünki hər an imperator "Venera guşələri"ndən birinə təşrif gətirə
bilərdi. Əgər imperator adadakı meşədə gəzintiyə çıxırdısa, onun
yolu boyunca hər addımda yeniyetmə oğlan və qızlar sevişirlər.
Tiberi gəzərək onları seyr edir, xüsusilə yeniyetmələrin
homoseksual oyunlarını böyük maraqla izləyirdi.
Axşamlar imperator şərab içir və müxtəlif otaqlarda sevişən
yeniyetmələri seyr edirdi. Hər yerdən dəstə-dəstə adaya gətirilən
yeniyetmə qız və oğlanlarla xüsusi müəllimlər məşğul olur, azyaşlı
uşaqlara seksual pozğunluğun bütün sirrləri öyrədilirdi. Gecələr
isə imperator adətən öz yatağına bir neçə azyaşlı oğlan alır,
onları əzizləyərək "mənim balıqlarım" deyə çağırırdı. Tiberinin öz
yatağına aldığı qızlar isə bir qayda olaraq azyaşlı və bakirə
olurdular. Bununla yaşlı imperator öz sönməkdə olan şəhvətini
doyuzdurmağa çalışırdı.
Tiberinin saysız yataq otaqlarını rəssamlar pornoqrafik
şəkillərlə bəzəmişdilər və bütün divarlarda çılğın orqiyalar təsvir
olunmuşdu. Bu otaqlara girən abırlı bir adam ikinci dəfə həmin
otaqlara girmək istəmirdi. Tiberinin ziyafətlərində yeniyetmə qul
qızlar lüt halda qonaqlara qulluq edirdi. Bu zaman imperatordan
izinsiz kiminsə lüt cariyələrə toxunması Tiberinin ciddi qəzəbinə
səbəb ola bilərdi. Ona görə hər kəs imperatorun eyş-işrətə
başlamasını gözləyərdi.
İmperatorun yatağına saldığı və "Venera guşələri"ndə seyr etdiyi
yeniyetmə oğlanların böyük hissəsi isə qulların uşaqları deyil,
Roma patrisilərinin uşaqları idi.
İmperator sadist
Tarix adətən Tiberinin zalımlığına və dəhşətli işgəncə növləri
tapmasına da mat qalır. Bir qayda olaraq Kapri adasında hər gün
onlarla, bəzən isə, yüzlərlə dustaq, ya da qul qətl olunurdu.
Adətən qətliamlar dənizə açılan qayanın üstündə həyata keçirilir və
cəsədləri dənizə tullayırdılar. Aşağıda isə qayıqla üzən qullar sağ
qalanları avarlarla öldürürdü. Bütün bunları Tiberi şəxsən izləyir
və dəhşətli edamlardan böyük həzz alırdı.
Tiberinin ən çox sevdiyi öldürmə üsulu isə adamı gerçəkdən
dəhşətə gətirir. Demək olar ki, hər gün imperator ziyafətlər verir
və bu ziyafətlərdə şərab su yerinə axırdı. İmperatorun qonaqları
isə Kapriyə qonaq dəvət olunan Romanın tanınmış şəxsləri olardı.
Kifayət qədə içki içildikdən sonra Tiberinin işarəsi ilə qullar
birdən kiminsə üzərinə atılırdı. Tiberinin xoşlanmadığı zavallını
qullar yerə yıxır və cinsiyyət orqanını nazik iplə möhkəmcə
bağlayır, sonra yenidən imperatorun "qurbanının" boğazına şərab
tökürdülər. Sonra isə Tiberi saatlarla qonaqları ilə oturub şərab
içir və dəhşətli iztirabdan qovrulan "qurbanının" yalvarışlarına
qulaq asırdı. Nəhayət zavallının sidik kisəsi partlayır və sidikdən
qanı zəhərlənən "qurban" dəhşətli əzablarla ölürdü.
Bütün bunları diqqətlə seyr edən və inanılmaz həzz alan Tiberi
səhərə yaxın ziyafəti sakitcə tərk edir və yataq otağına keçirdi.
Yataq otağında isə yaşlı imperator yatana qədər yeniyetmələr
pornoqrafik tamaşalar göstərirdilər. Buna görə də Tiberinin
ziyafətinə dəvət olunan hər kəs dəhşətli qorxu içində gecə boyu
başına nələr gələcəyinin həyəcanı ilə yaşayırdı.
İy verən qoca keçi
Tiberinin digər əyləncəsi isə Romanın tanınmış ailələrinin
qadınlarını zorla yatağına salması idi. Roma tarixçisi Qay Svetoniy
Trankvil yazır ki, Malloni adlı tanınmış romalı xanımı onunla
yatağa girməyə məcbur etsə də, başqa pozğun hərəkətlərə məcbur edə
bilmir. Ona görə də bədbəxt qadını şərləyib həbs etdirir. Məhkəmədə
qadından hələ də peşman olub-olmadığını soruşduqda isə, qadın onu
iy verən qoca keçi adlandıraraq xəncərlə özünü öldürür. Elə o
zamandan da Tiberini romalılar "iy verən qoca keçi" adlandırmağa
başlayırlar.
Bir dəfə qurban mərasimində Tiberinin məbəddə qulluq edən iki
qardaşa gözü düşür. Hər iki yeniyetmə ilə elə məbəddəcə mərasim
başa çatar-çatmaz cinsi əlaqədə olan Tiberi sonradan yeniyetmələrin
hər ikisinin dizlərinin sındırılmasını əmr edir.
Bir dəfə isə dəniz sahilində gəzərkən bir balıqçı onun
qarşısında diz çöküb böyük bir balığın ondan hədiyyə olaraq qəbul
edilməsini istəyir. Tiberi balıqçının hədiyyə etdiyi balıqla
sifətinə vuru-vura öldürülməsini tələb edir. Zavalı balıqçını elə o
şəkildə də öldürüb dənizə atırlar.
Donosçuluq
Tiberinin dönəmində "donosçuluq" ən hörmətli peşəyə çevrilmişdi.
Bu həm də toxunulmazlıq yaradırdı. İmperator "donosçulara"
toxunmurdu. Əksinə, onlara imtiyazlar verirdi. Hər hansı bir
"donosçunun" gətirdiyi xəbər isə yoxlamağı düşünmürdü. Sadəcə, edam
hökmü verirdi.
Xəbərçilərin vasitəsi ilə Tiberi böyük sərvət toplayırdı.
Şərlənərək öldürülən insanların bütün sərvəti ona qalırdı. Bunun
üçün də o, Romanın ən varlı adamlarını şərləyib öldürürdü.
Həddindən artıq xəsis olan Tiberi demək olar ki, heç kimə
hədiyyə verməzmiş. Onun hakimiyyəti dövründə adını əbədiləşdirəcək
heç bir böyük tikinti işləri də aparılmırdı. Pul tələb etdiyinə
görə Tiberi müharibə aparmaqdan da tamamilə imtina etmişdi. Onun
dönəmində İran Kiçik Asiyanı və Qafqazı yenidən geri qaytarmışdı.
Hətta İran şahı Artaban yazdığı məktubda onu təhqir etsə də, Tiberi
özünü İran şahına cavab vermək üçün əziyyətə salmaq istəməmişdi.
Artaban onu əxlaqsız və pozğun adlandıraraq öz qohumlarını
öldürməkdə ittiham etmişdi.
İmperator öz ailəsini məhv edir
Tiberinin vəhşiliyi və qəddarlığı heç bir sərhəd tanımırdı. O,
faktiki olaraq hakimiyyətinə şərik ola biləcək hər kəsi öldürürdü.
Buna görə də hakimiyyətinin sonuna yaxın qohumlarından ancaq bir
neçə adam sağ qala bilmişdi. Onlardan biri isə Germanikin kiçik
oğlu, gələcək imperator Kaliqula idi.
Qohumları arasında o ilk nifrətini qardaşı Druza qarşı
yönəltmişdi. O qorxurdu ki, anası və Avqust onu deyil, qardaşının
varis seçərlər. Ona görə də o qardaşını şərləyərək Avqusta sui-qəsd
hazırlamaqda ittiham edir. Avqust buna görə Druzu əvvəl sürgün
edir, sonra isə öldürülməsini əmr edir. Öz arvadı Yuliyanı isə o,
sürgündə ölümə məhkum edir.
Anası isə elə hakimiyyətinin ilk illərində onun ağır yükünə
çevrilir. Çünki anası onunla hakimiyyəti bölüşməyi tələb edir. Hər
halda Liviya ona hər an hakimiyyəti kimin verdiyini başına qaxanc
edir. Tiberinin Avqustun varisi və daha sonra imperator olması
sözsüz birbaşa anası Klavdiyanının zəhmətinin bəhrəsi idi. Liviya
tam 40 il oğlunun imperator olması üçün mübarizə aparmış, siyasi
intriqalara getmiş və sonucda oğlunu imperator taxtına otuzdura
bilmişdi. Ancaq bir neçə ildən sonra Tiberi lə anasının arasında
ciddi gərginlik və münaqişə meydana çıxır. Münaqişəninin tək səbəbi
isə Liviyanının oğlu ilə birlikdə hökmranlıq etmək istəməsi,
Tiberinin isə buna dözmək istəməmsi idi. İmperator Avqustun arvadı
və imperator Tiberinin anası elə bu üzdən həyatının son günlərini
tənhalıqda keçirir. O, öldükdən sonra isə Tiberi Senatda anası üçün
yas saxlamağı qadağan edir.
Oğlanlarına qarşı isə Tiberi heç bir zaman atalıq sevgisi
göstərmir. Öz doğma oğlu Druza olan ikrahını isə gizlətmir. Əvvəl
oğulluğu Germanikin, sonra isə doğma oğlu Druzun ölümü onda heç bir
depressiya yaratmır və imperator pozğun həyat tərzi sürməyə davam
edir.
Germanik öldükdən sonra isə Tiberinin onun arvadı və oğlanları
ilə haqq-hesab çəkməyə başlayır. Germanikin arvadı Aqrippinanın
döyə-döyə gözlərini çıxarırlar. Bundan sonra bədbəxt qadın özünü
acından öldürmək isətəsə də, Tiberinin əmri ilə onu zorla
yedirirlər. Çünki Tiberidən ölüm istəyənlərə heç bir zaman ölüm
vermir, zorla onları yaşamağa məcbur edir. Ölümdən qorxanları isə
öldürür. Bir dəfə Karnul adlı birisinin işgəncələrə dözməyərək
öldüyü xəbərini alan imperator qəzəblə yumruğunu sıxaraq demişdi:
"Karnul əlimdən qaçdı".
Germanikin oğlanları Neron və Druz isə İmperatorun əmri ilə
acından öldürüldülər. Neron Ponti adasında, Druz isə imperatorun
sarayının zirzəmisində acından öldü. Onları dəfn belə etmədilər.
Uzun müddət sonra yeniyetmələrin sümüklərini toplayıb atalarının
yanında torpağa tapşırdılar. Yalnız Germanikin oğlu Qay Kaliqula
sağ qalmağı bacardı və Tiberidən sonra imperatorluq çələngini
başına qoydu. Amma imperator bir il daha artıq yaşasaydı, Qay
Kaliqulanın və doğma nəvəsi Tiberinin ölümü qaçılmaz olacaqdı. O öz
nəvəsi Tiberini ümumiyyətlə qəbul etmir, onu bic hesab edirdi.
Tiranın ölümü
37-ci ilin əvvələrində Tiberinin səhhəti birdən bir-birə
pisləşməyə başlayır. Buna baxmayaraq o özünün orqiyalarını davam
etdirir. Martın 16-da imperator Mizendəki villasında huşunu itirir.
Onun yanında olan əyanı Makron və varisi Qay Kaliqula imperatorun
öldüyünü zənn edirlər. İmperatorun ölüm xəbəri yayılır və
ətrafdakılar Qay Kaliqulanı təbrik etməyə başlayırlar. Bir qədər
sonra Tiberi gözlərini açır. Ətrafdakılar dəhşətlə otaqdan qaçır.
Lakin Makron və Kaliqula özlərini itirmirlər. İkili imperatorun
üstünə cümür. Kaliqula Tiberinin paltarını ağzına soxaraq onu
boğur. Bəzilərinə görə isə Kaliqula daha əvvəldən imperatora gec
təsir edən zəhər veribmiş.
Romanı əxlaqsızlıq içində boğan imperator Tiberi ölərkən 78 yaşı
vardı. Onun cənazəsini Romaya aparıb yandırdılar. İmperatorun ölümü
ilə bağlı Senat matəm elan etmədi. Xalq isə bayram edirdi.