"Varislər" layihəsində
Xristofor Tolkien: Uğurun
həmmüəllifi
Bizim oxucu və tamaşaçı zövqümüzün formalaşması çox vaxt
böyük yazıçı, illüstrator-rəssam, tərcüməçi və b.-larının uşaqları,
nəvə-nəticələrindən asılı olur. Məhz bu varislər nəyin harada və nə
qədər nəşr olunacağını təyin edirlər.
Məhz onların sayəsində yeni, əvvəllər heç yerdə çap olunmamış
əsərlər, gündəlik və məktublar ortaya çıxır. Məhz onların entuziazm
və zəhmətkeşliyi doğma yazıçıları, onların yubileylərini,
haqqındakı xatirələri unudulmağa qoymur.
Axar.az bu layihəsində oxucularına məşhur yazıçı, şair,
tərcüməçi və naşirlərin doğma övladları və bu, ya digər yolla
onların varisləri olmuş insanların taleyindən danışacaq.
Məhz C.R.Tolkienin varisi – oğlu Xristofor Tolkien sayəsində biz
"Üzüklərin hökmdarı" əsəri və Britaniya yazıçısının digər gözəl
bədii nümunələri ilə tanışıq.
"Ginnesin rekordlar kitabı"nda dünyada ən çox tirajla nəşr
olunan kitabların siyahısı verilib. Əgər məlum səbəblər üzündən bu
reytinqin ilk iki nümunəsini – Bibliya və Mao Tszeudunanın
sitatlarını nəzərə almasaq, bu şərəfli siyahıdakı ilk müəllif Con
Ronald Ruel Tolkien və onun bestselleri "Üzüklərin
hökmdarı"dır.
Yazıçı sadəcə əsər yazmır, bütöv bir dünya, öz xalqları və
dilləri olan bir planet yaradırdı. Tolkieni yüksək fentezinin
banisi adlandırırdılar.
Yazıçı, linqvist, filoloq, poliqlot, Oksford universitetinin
professoru C.R.Tolkien qəribə, qeyri-adi, istedadlı insan idi və
eyni zamanda da ailəsinə ürəkdən sadiq idi – məşhurların həyatında
nadir rast gəlinən hadisə!
O, Edit Meri Brettlə tanış olanda heç 16 yaşı tamam olmamışdı,
qızın isə 19 yaşı var idi. Conu hələ 12 yaşında yetim qalarkən
himayəsinə götürən katolik keşişi Frensis Morqan yetkinlik yaşına
çatanadək qızla görüşməyi gəncə qəti qadağan edir. Tolkiyen onun
sözündən çıxmağa cəsarət etmir (üstəlik Edit protestant icmasına
mənsub idi, Con isə katolik, həm də ömrünün sonunadək çox mömin bir
insan olaraq qalır). Con düz beş il Editə bir dənə də olsun məktub
yazmır, bir dəfə də olsa onunla görüşüb danışmır. Ancaq 21 yaşı
tamam olan günün axşamı qıza məktub göndərib sevgisini bəyan edir
və onunla evlənmək istədiyini bildirir.
Edit adaxlısı ilə nişanı pozur, Tolkiyenə ərə gedir. Onlar 56 il
birlikdə yaşayırlar. Yazıçı sevimli xanımının ölümündən dərhal
sonra vəfat edir. Ər-arvadı bir qəbrə dəfn edirlər.
Belə bir ailədə və belə bir sevgidən dörd uşaq dünyaya gəlir: üç
oğlan – Con, Maykl, Xristofor, bir qız – Pristsilla. O, əvvəlcə
məhz özünün körpələri üçün hekayə və nağıllar uydurub söyləyir,
sonra isə təhlükəli səyahətə yollanan məzəli insanın əhvalatını
yazır. Demək olar ki, tamamilə təsadüfən nəşr olunmuş "Hobbit" və
"Aralıq yer" haqqındakı trilogiyanın qazandığı uğur müəllifin özü
kimi, naşir dostu Stenli Antuinanın da hədsiz təəccübünə səbəb
olur. Şöhrət onu tapanda yazıçının yaşı artıq altmışı
haqlamışdı.
Con Ronaldın vəfatından sonra onun ədəbi qəyyumu 1924-cü il
təvəllüdlü kiçik oğlu Xristofor Con Ruel Tolkien (yeri gəlmişkən,
Ruel Tolkienlərin irsi adıdır) oldu.
İxtisasca filoloq və redaktor olan Xristofor atasının
əvəzedilməz köməkçisinə çevrilir. O, atasının yazdıqlarını oxuyur,
düzəldir, nəşrə hazırlayırdı. C.R.Tolkienin vəfatından sonra isə
Xristofor özünü bütövlükdə onun ədəbi irsi üzərində işə həsr edir.
Xristofor atasının xətti ilə yazılmış vərəqləri toplayır, onları
oxuyur, redaktə edir, mətnləri köçürür və illüstrasiyalar sifariş
verirdi. O, "Üzüklərin hökmdarı"nı on iki cildə bölüb. C.Tolkien
özünü böyük yazıçı hesab etmədiyindən hekayələri, roman və
şeirlərini sistemləşdirməyib, nəşrə hazırlamayıb. Bəzən o, nə isə
yazmağa balayar, sonra isə atardı. Yenidən yazmağa başlayanda isə
qəhrəmanların və hadisələrin baş verdiyi yerlərin adlarını
unudardı. Odur ki, oğlunun redaktə işi onun yaradıcılığı üçün
həqiqətən də qiymətsiz idi.
Xristofor ikinci arvadı kanadalı Beyli ilə Fransada yaşayır.
Atasının yaradıcılığının coxsaylı pərəstişkarları onlara rahatlıq
vermir. Onlar məşhur fantastın varislərini izləyir, avtoqraf, pul
vermələrini və ya sadəcə, ünsiyyətdə olmağı xahiş edirlər. Buna
görə də Xristofor Tolkien çağırılmamış qonaqları qorxutmaq üçün
malikanəsinin ərazisində vəhşi qabanlar saxlayır.
İnternetdə belə bir məlumat dolaşır ki, Xristofor guya
kitabların ekranlaşdırlmasının əleyhinə olub və ümumiyyətlə, o, çox
davakar və öcəşkəndir. Ancaq o, trilogiyanın kino variantını şərh
edərkən bildirmişdi ki, pis kinonun əleyhinədir, yaxşı filmi isə
həmişə dəstələyib. New Line Cinema şirkəti ilə məhkəmə işi
filmin keyfiyyəti ilə deyil, ona ödənilmiş (daha doğrusu,
Xristoforun fikrincə, ödənilməmiş) müəllif üçün ayrılmış 80 mln.
dollarla bağlı idi. Xatırladaq ki, "Üzüklərin hökmdarı" 3 mlrd.
dollar toplamışdı. Tərəflər məhkəmədən kənar danışıb
razılaşmışdılar, bu da sonu.
Valideynlərinin varislik hüququna əsasən onlara keçən
uğurlarından bəhrələnən bir çox övladlardan fərqli olaraq Xristofor
Tolkieni cəsarətlə atasının müvəffəqiyyətlərinin həmmüəllifi
adlandılrmaq olar. Belə ki, məhz onun redaktor-naşir kimi gördüyü
böyük işlər Con Tolkienin ədəbi irsini bütün dünyanın varidatına
çevirib.
Və digər övladları haqqında da qısaca
Con Frensis Ruel Tolkien həyatını Allaha və kilsəyə xidmətə həsr
edib. O, əvvəlcə kapellan (katoliklərdə keşiş köməkçisi – tərc.),
sonra isə İngiltərə və Fransada müxtəlif prixodların
(xristianlarda: aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin
yaşadığı yer, məhəllə - tərc.) baş keşişi olub. 2003-cü ildə 86
yaşında vəfat edib.
Maykl Hilari Ruel Tolkien 1920-ci ildə Oksfordda anadan olub.
İkinci Dünya müharibəsi illərində hərbi əməliyyatlarda fəal iştirak
edib. Müharibədən sonra müəllimliklə məşğul olub, şeirlər yazıb.
1984-cü ildə leykemiyadan vəfat edib.
Printsilla Enn Ruel Tolkien 1929-cu ildə anadan olub. Yazıçının
yeganə qızı təqaüdə çıxanadək sadə ictimai işçi idi.