Onunla 10 saylı CÇM-in
klubunda tanış oldum. Daha doğrusu, əfv fərmanının icra olunduğu
gün bir qrup jurnalistlə adı çəkilən cəza evində idik. Bu haqda
ötən yazımda ətraflı bəhs etmiş, budəfəki yazımın qəhrəmanı haqda
isə qısaca olsa da, məlumat vermişdim.
ÖZÜNÜ VƏ MİLLƏTİNİ ŞƏRƏFİNİ QORUYUB
Bəs İsmayılov Vüqar Dilqəm oğlu kimdir? Necə olub ki, cinayət
törədib? Cinayətinin adı nə? Nə qədər və nəyə görə cəza alıb? Bu,
əslində günahsız bir insanın yaşadığı faciədir, çəkdikləri heç
nədən verilən cəzadır. Özü demişkən, özünü və millətinin şərəfini
qoruduğuna görə həbs olunub.
AZƏRBAYCANLI OLDUĞUNA GÖRƏ 17 İL HƏBS
Rus şovinist hakim elə belə də deyib:
- Sənə qeyri-rus olduğuna və kimsəsizliyinə görə 17 il həbs
cəzası verdim və buna peşman da deyiləm...
"Maraqlıdır, dünyaya haqqın carçısı, sülhün təminatçısı olduğunu
sırımağa çalışan bir dövlətin - Rusiyanın paytaxtında özbaşınalıq,
antidemokratik bir durumdur. Əslində qınamaq da olmaz, imperiya
xisləti bu şovinist dövləti tərk etməyib, etməyəcək də..." – bu
sözləri həbsxanada olarkən dustaq Vüqar İsmayılovla söhbətimizə
şahidlik edən bir mayor deyəcək və xahiş edəcəkdi ki, bu yazığın
dərdini, başına gətiriləni yazam.
Hadisənin baş vermə səbəbini araşdırmağa əlahiddə bilik və fakt
gərəkmir. Rusiya kimi bir ölkənin paytaxtında, Moskvada bütün
küçələr və dalanlar kameraların nəzarətindədir. Video-görüntü də
imkan verir ki, Vüqar özünü müdafiə edib deyilsin...
ANAM ÖLƏ BİLMİRDİ
Vüqarın böyük qardaşı Mehman redaksiyamızda oldu. Qardaşının
faciəsindən sonra yaşananlardan, analarının bu dərdə dözməyərək
dünyasını dəyişmədindən bəhs edir:
- Anam can verirdi. Hamı başına yığışmışdı. Ölə bilmirdi. Neçə
gündür nə danışır, nə də eşidirdi. Bu zaman Vüqardan zəng gəldi. O
biri otağa keçdim, "eşidirəm" dedim. Anam hiss etdi elə bil, yazıq
arvad üç dəfə Vüqar deyib, ayağa durdu, sanki balasına tərəf
gedirmiş kimi addım atmaq istədi... Dünyasını dəyişdi.
Vüqar həqiqətən yiyəsizliyin güdazına gedib. Azərbaycanlı olması
Rusiyanın qanunlarının da onun əleyhinə işləməsinə gətirib
çıxarıb.
"Bəs hadisə necə baş verib", - sualıma Vüqarın qardaşı cavab
verir:
- Vüqar idmançı idi. Təhsilini başa vurub Moskvaya getdi. Ailəyə
köməyi çox olurdu. Atamız rəhmətə gedəndən sonra gəldi. Bir müddət
rayonda yaşadı. Sonra Moskvaya getdi ki, pul-para toplayıb ev-eşik
düzəltsin, ailə qursun.
QAFQAZLI MAŞIN OĞURLAYIR
Hadisə isə Moskvanın cənubu Biryulevo rayonunda baş verib. Bir
qızla münasibəti varmış. Qıza zəng edib, o da deyib burdayam. Gedib
ora, qalxıb yuxarı, zəngi basıb, qız həmin evdə olmayıb. Düşüb
aşağı, istəyib maşınına minsin. Amma maşının mühərriki işə düşmür.
Özü öz maşınına baxır. Bina sakinlərindən biri qışqırır ki,
maşından kənar dur. Elə biliblər ki, bu, maşından oğurluq edir. Bu,
məhəl qoymur. Kişi binadan düşüb gəlir və bir qədər aralıda
yeyib-içən skinhetlərə deyir ki, qafqazlı maşın oğurlayır. Vüqar
artıq maşında oturubmuş. Çatan kimi bunu vururlar. Başına,
bədəninin müxtəlif nahiyələrinə iti və küt dəmir alətləri ilə ara
vermədən döyürlər. Bir neçə yerdən bıçaq zərbəsi alır. Maşından
düşür, bir nəfər onu bıçaqla vurmaq istəyəndə bıçağı tutur. Bıçaq
ovcunu kəssə də, əlindən alır və başlayır özünü müdafiə etməyə. 17
nəfərlə tək döyüşür. 3 nəfər ağır zədə alır, biri isə dünyasını
dəyişir. Vüqarın bədənində isə ən azı 20 müxtəlif bıçaq yarası
olur. Küt alətlərlə, təpiklə və ağac zopaları ilə aldığı zədələrdən
savayı.
RUS QADIN: VÜQARIN GÜNAHI YOXDUR
İstintaq birtərəfli aparılır. Verilən ifadələrin heç biri düz
gəlmir. Davanın başlama səbəbini hər kəs müxtəlif formada ifadə
edir. Hadisə yerində olan bir rus qadın Vüqarı yaralı olduğuna görə
evinə aparır, ona ilk tibbi yardım göstərir. Yaralarını təmizləyir.
Azğınlaşmış millətçilərdən onu xilas edir. O, ifadəsində bildirir
ki, Vüqarın heç bir günahı yoxdur, ona qarşı haqsızlıq və hücum
olub. Hadisəni ilk andan izləyib. Lakin onun ifadəsinə də əhəmiyyət
verilmir. Davaya səbəb olmuş rus kişisi də hadisəni olduğu kimi
danışır, səhvən Vüqarın oğurluq etmək istədiyini başa düşdüyünü və
gəncləri davaya sövq etdiyini deyir. Lakin hakim qərarında
israrlıdır: o, qeyri-rusdur, cəzalanmalıdır!
VÜQARA QARŞI ÖZÜMÜZKÜLƏRİN SAYĞISIZLIĞI
Şəmkirdən Səhəddin adlı bir vəkil Vüqar həbs olunandan sonra
məsələni araşdırmaq qərarına gəlir. Öz təşəbbüsü ilə. Hakim Roşina
soyadlı qadın olub. Səhəddin ondan soruşanda ki, niyə belə qəddar
hökm çıxartmısan, deyir ki, bilərəkdən. O, azərbaycanlıdır. Hakim
cəzanı qəsdən elə verdiyini gizlətmir.
- Bəs niyə əvvəldən vəkil tutmadınız?
- Varşovskıda Zərgərov Vaqif adlı bazar sahibi vardı. O bizi
inandırdı ki, şəxsi vəkilə ehtiyac yoxdur. Məhkəmənin özünün təyin
etdiyi vəkil isə müdafiəni qurmadı. Vaqifə isə Gəncədə 6 sot
torpağım vardı, hədiyyə elədim. O torpağı edəcəyi köməyə görə
vermişdim. O isə heç nə etmədi...
Amma Qəbələdən Ağa Manafoviç adlı bir hüquqşünas da var. Ali
məktəbdə vəkillikdən dərs verir. 30 il müstəntiq işləyib. Hazırda
həm də vəkillik edir. Demək, o, vəkillik etmək istədi. 3000 dollar
lazım idi. Həm müqavilə, həm də zəhmət haqqı. Pulumuz olmadı.
Vüqarın maşınları vardı, sata bilmədik. Sevgilisi də çox kömək
etmək istəyirdi. Alınmadı. Zərgərov Vaqif bizi arxayın saldı.
RUS KƏŞFİYATÇI ZABİTİ
Amma Vüqara kömək edənlər tapılır. Bunlar azərbaycanlı olmur.
Elə rus millətindən olan bir FSB zabiti tapılır.
Vüqar fiziki cəhətdən güclü olduğuna görə rus zindanında baş
açmağı bacarır. Dəfələrlə ona qarşı təzyiqlər olur, karsa salınır,
işgəncələrlə üzləşir. Amma onu sındırmaq mümkün olmur. Zaman
keçdikcə türmə qanunlarına görə ona diqqət də olur. Və Vüqar
haqları tapdananların müdafiəsinə qalxır. Belələrindən birinin
yaxın qohumu Rusiya Təhlükəsizlik xidmətinin zabiti olur. O,
telefon vasitəsi ilə Vüqarla əlaqə saxladıqdan sonra ona kömək
edəcəyini bildirir. Vaxtı ilə Vüqarın məhkəmə zamanı vəsadət
qaldıraraq tələb etdiyi sənədləri, ekspertizanın rəylərini əldə
edir. Məlum olur ki, Vüqara olunan hücumlar zamanı verilən tibbi
ekspertizanın rəyini məhkəmə saxtalaşdırıb. Köhnə yaralar və
zədələr kimi təqdim edib. Video görüntünü gizlədib. Məhkəmə zamanı
izlənməsinə şərait yaratmayıb.
HAKİM YALVARIR
FSB zabitinin işə baş qoşmasından sonra vəziyyət dəyişməsə də,
Vüqar lazım olan sənədləri əldə edə bilir. Hətta hakim Roşina,
Vüqar və həmin zabit arasında telefon körpüsü yaradılır. Hakim
telefonda zabitə yalvarır ki, bu onun iradəsindən kənar çıxarılan
qərar imiş. Səhv etdiyini etiraf edir. Beləliklə, işin təkrar
məhkəməyə getməsi məsələsi gündəmə gəlir. Zabit bu istiqamətdə çox
işlər görsə də, başa çatdıra bilmir. Vüqara tövsiyəsi və köməyi o
olur ki, Rusiya Ali Məhkəməsinə və Azərbaycana müraciət elə ki, iki
dövlətin arasında olan müqaviləyə və Beynəlxalq konvensiyaya görə
cəzamın qalan hissəsini Azərbaycanda çəkmək istəyirəm. Vüqar elə də
edir.
Lakin 2008-ci ildə Ədliyyə Nazirliyinə edilən müraciətə 2013-cü
ilin avqust ayında müsbət cavab verilir. Ədliyyə Nazirliyinin
beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Zavər Qafarovun təşəbbüsü və
köməyi nəticəsində Vüqar Azərbaycana gətirilir.
AĞIRLAR MÜDAXİLƏ EDƏ BİLMİRİK DEYİR
Ağır cinayətlər üzrə Respublika Ali Məhkəməsinin hakimi Eldar
İsmayılov işə baxır. Məhkəməyə bütün əldə olunan faktlar təqdim
olunur. Dövlət ittihamçısı hökmün qüvvədə saxlanmasını tələb edir.
Lakin Rusiyadan çətinliklə əldə edilən sənədlər hakimə təqdim
edilir. Hakim dövlət ittihamçısına sənədlərlə tanış olmaq üçün vaxt
versə də, prokuror sənədlərə baxmır. Vüqarın qardaşı bu qənaətə ona
görə gəlib ki, dövlət ittihamçısı sənədlərdə nədən bəhs olunması
haqda heç nə danışa bilmir. O sənəddə isə Vüqarın hücuma məruz
qalmasından, döyülməsindən bəhs olunur. Aldığı zədələrin və
zərbələrin sayı və həyat üçün təhlükəliliyi öz əksini tapıbmış.
Hakim Azərbaycan CM-in bu cinayətə görə 15 il cəza göstərdiyini
deyir və onun cəzasını ən yüksək səviyyədə saxlayır. Gətirdiyi
səbəb də bu olur:
- Mən sənin işini azaltsam da, prokuror protest verəcək...
Hakim həm də qeyd edir ki, biz Rusiyanın verdiyi cəzanı azalda
bilmərik...
ANANIN SÜDÜ KİMİ HALAL OLSUN
Apelyasiya Məhkəməsinin hakimi isə, demək olar ki, eyni mövqeni
sərgiləyir:
- Bala, sənin günahın yoxdur. Əslində, sən azad olunmalı və
kompensasiya almalısan. Amma biz bunu edə bilmirik. Sənin işinin
üstündən 1 il götürürəm. Ananın südü kimi halal olsun, deyir.
Mehman onu da deyir ki, Rusiya tərəfi Vüqarı Azərbaycana vermək
üçün bizdən kompensasiya tələb etdi. "Zərər çəkmişlərə" 30.000
manat pul ödədim. Halbuki bu, tam əksinə ola bilərdi. Bizim
hakimlərimiz Ruslardan qorxmasaydı...