10 saylı CÇM-də Mamedin gəlişindən sonra yaxşılıqlara
doğru dəyişikliklər nəzərdən yayınmırdı. Ən azından dustaqların
arasında bir-birinə qarşı olan haqsızlıq, oğurluq, "işverənlik"
aradan qalxmışdı.
Güclü, zəifin başağrısına çevrilmirdi. Hər kəs ehtiyat edirdi.
Məndə belə bir təəssürat yaranmışdı ki, artıq dustaqların hamısı
gəlib, hər hansı bir narazılıqlarını deməyə adam tapmışdılar. Axı,
hər hansı bir şikayəti Müəssisənin işçilərinə demək, "zapodlo"
sayılırdı. Amma buna baxmayaraq, rejimə, ən çox da müəssisənin rəis
müavini polkovnik-leytenant Vəli Şirinova "işləyənlər" də az
deyildi. Demək olar ki, bütün zabitlərin və nəzarətçilərin
"sukaları" vardı. Bunsuz da onların işi getməzdi. Elə hər iki
tərəfin. Əksəriyyəti "mostavik"lər olan bu işbazlar ciddi oğlan
sayılmasalar da, xəbər daşımağı yaxşı bacarırdılar. Bəzən onlar
dustağın hansısa problemini həll etməkdə yardımçı olmaqla, özlərinə
qarşı doğmalıq yarada bilirdilər. Yaxşılarından iraq, necə ki, bu
ifadə "zonda" işlənirdi, belələri əvvəl-axır "lomlanırdı".
10–cu "zon" özünün həm də narahat dövrünü
yaşamaqdaydı
Haqqında qısaca olsa da ötənlərdə bəhs etdiyim Möhsünün
narahatçılığı isə uzaqdan bilinirdi. Onunla aramız yox idi. Bir
vaxtlar yeri düşdükcə söhbət etdiyim bu adamdan uzaq gəzməyi qərara
almışdım. Digər tərəfdən isə, mənim elə də boş vaxtım olmurdu.
Səhərin açılışı ilə idman, mütaliə, sonra şahmat, filmə baxmaq,
futbol oynamaq və axşamlar yazmaq. Bütün bunlar mənə gərək olmayan
adamlardan uzaq durmağıma əsas idi həm də. Möhsünlə bağlı isə
danışacağım bu əhvalat salam-kəlama son qoymuşdu.
İmkanlı adamın ucuz siqaret oğurlamağı
Əziz adlı dustaq gedəndən sonra Cəlilabad əhlinin ağsaqqalı mən
sayılırdım. Və bir gün bizim əhldən olan Araz mənə dedi ki, Möhsün
onun siqaretlərini oğurlayıb. İnanmadım. Möhsün "bedalaqa" (kasıb)
dustaq deyildi. Həm də ziyarətçiləri də kifayət qədər idi. Pis
dolanmırdı. Onun Arazın siqaretini götürməsini ağlıma sığışdıra
bilmirdim. Həm də bu siqaretlər bahalı deyildi. Möhsün kifayət
qədər bahalı siqaret çəkərdi. Məsələni böyütmək lazım deyildi.
Onların əhl başçıları ilə söhbət etdik. Möhsünü söhbətə çağırdıq.
Məsələylə bağlı "kurs" etdik. Əvvəlcə boynuna almadı. Araz hər şeyi
olduğu kimi danışdı:
"O, iki gündür məndən tez qalxır yerindən, üzümə baxır və
ehmalca şkafdan siqaretləri götürüb cibinə qoyur. Mən özümü
yuxululuğa vururdum".
Möhsün başını aşağı salıb: "Düzdür, götürmüşəm, cəmi 4 qutu
siqaret idi. Kasıb, yetim dustaqlar var əhlimizdə. Onlara verdim",-
dedi.
Nə isə o gündən o adamla üz-üzə gəlmək istəmirdim. Bayırda böyük
biznes imkanları vardı. Elə 2 ədəd yanacaqdoldurma məntəqəsinin
sahibi olmağı bəs edərdi ki, kasıb-kusuba diqqət ayırsın. Amma
kiməsə xoş gəlmək üçün cibinin pulu ilə deyil, oğurladığı
siqaretlərlə hörmət qazanmaq istəyirdi. Bu söhbət elə orada da
"ölmüşdü".
Kəşfiyyatçı kapitan
İndi Möhsünün çox rahatsız görünməsinə əhəmiyyət vermək
istəmirdim. Amma Göytəpə şəhərindən olan dustaq Nizar mənə demişdi
ki, Mamed Möhsünlə maraqlanıb, nəsə xoş olmayan söhbət olacaq onun
üçün.
Əgər, bunu Nizar deyirdisə, demək, informasiyada yanlışlıq ola
bilməzdi. O, hərbçi idi. Gədəbəydə kəşfiyyat batalyonunun komandiri
olmuşdu. Əsgərlərini çox istəyir və onları bacardıqca qoruyurmuş -
həm düşməndən, həm özümüzkülərdən. Elə əsgərlərini qoruduğuna görə
də həbs olunmuşdu. Onun hekayətindən bunu başa düşmümüşdüm ki,
hərbi hissənin xüsusi şöbəsinin rəisi əsgərləri "muçit" edərmiş,
onları bir-birindən xəbərçiliyə sövq etdirərmiş. O, kəşfiyyatçı
əsgərlərdən zabitlərin nə işlə məşğul olduqlarını xəlvətcə ona
çatdırmasını tələb edirmiş. Bu haqda komandirlərini məlumatlandıran
keçmiş əsgərlər bu gün də Nizarı ziyarət edir, ona sovqat gətirir,
xərcləmək üçün cibinə pul "basırdılar". Axı Nizar "osobist"ə
uşaqlarını narahat etməməyi tapşırdıqda mübahisələri duşmüş,
dava-dalaş başlamışdı. Nəticədə kəşfiyyatçı kapitan "konselyariya
siçovul"u olan "osobist" mayoru, öz təbirincə desək, dəli inək
balasını tapdalayan kimi tapdalamışdı. Nəticə isə hərbi tribunalın
çıxardığı 4 il azadlıqdan məhrum edilmə hökmü olmuşdu.
İşə Mamed qarışır
Nizarın mənə ötəri, söhbət əsnasında dediyi sözlərdən sonra
imkan tapıb Mamedin yanına getdim. O, "Promzondakı" "xatasında"
siqaret çəkə-çəkə televizora baxırdı. Bir az söhbət etdikdən sonra
sözü yenə gətirib "sxodka" məsələsinin üstünə çıxartdım. "Sənə
deyərlər",- dedi.
Növbə ilə zorladılar...
Mamed "Sançastın" həyətində oturmuşdu. Bratva, zonun aralıq
uşaqlarından bir neçə nəfər də ətrafında idi. Kimisi çöməlmişdi,
kimisi isə kətil üstündə yerini rahatlamışdı. Mənə qəribə gələn o
oldu ki, belə "sxodka"ların gecədən keçmiş, qapalı bir yerdə
keçirilməsi haqda eşitdiyimin əksi olurdu indi. Amma bu dəfə gündüz
və açıq havada söhbət ediləcəkdi.
Möhsün pərt halda boynunu büküb ayaq üstə durmuşdu. Ona divan
qurulmuşdu. Üzdəniraqların "barakından" bir cavan oğlan özünün
qəmli, faciəli hekayətini danışırdı:
"Mən sənə hər şeyi danışdım. İndi də danışım, qoy eşitsinlər,
özü də eşitsin,- Möhsünə tərəf baxdı və davam elədi.- Bunu mən
"detski"də olanda bizim kameraya saldılar. Briqadir idi, guya.
Kameranın "polejeniya"sına mən baxırdım. Bu adam gələndən sonra
başladı bizi incitməyə. 15 yaşım vardı. Məndən yaşda kiçiklər,
böyüklər də vardı. Kamerada təmizlik işlərini növbəli edirdik. Bu
isə yaşlı olduğundan razı olmadıq işləsin. Amma bu adam hər kəsi
mənim üstümə qaldırdı, kiminə siqaret, kiminə yemək verib, məni
"smotriyaşşi"likdən uzaqlaşdırtdı. Kamera yoldaşlarım bunun sözü
ilə oturub-dururdular.
Uşaqlara dedim ki, bu poqonlara işləyir, onlar mənə inanmadılar.
Bir gecə yatdığım yerdə uşaqlar üstümə hücum çəkib, mənim ağzımı,
qollarımı bağladılar. Baxıb gördüm ki, bu da siqaret çəkərək
qımışır. Uşaqlar əvvəl buna təklif etdilər, amma o özü olmadı, "mən
bunun anasını tapıb onunla olacam",- dedi. Uşaqlar məni növbə ilə
zorladılar. Sonra da xəbər verdilər ki, bu "aportaçenni"dir, məni
üzdəniraqların kamerasına saldılar. O vaxtdan mən "aportaçenni"
olaraq təmiz oğlanlarla danışa bilmirəm".
Mamed Möhsünə tərəf döndü.
Möhsün: "Düz demir, qədeş, belə olmayıb, o, uşaqları incidirdi,
mənə qarşı hörmətsizlik edirdi. Uşaqlar sözü bir yerə qoydular, mən
mane ola bilməzdim. Özüm onlardan qorxurdum, ehtiyatlanırdım",-
dedi və ardınca da yalvar–yaxar dolu baxışlar, özünə haqq
qazandırma üsullarına əl atma. Mamed başqa "zonlar"da olan həmin
kameradakı uşaqlardan gələn "molyevkala"rı oxutdurdu.
Demək, məsələni tam aydınlaşdırmamış, iştirakçıların fikrini
öyrənməmiş "sxodka"ya başlamamışdı. "Molyevka"larda hamı "11-ci
barakın" sakininin dediklərini təsdiq edirdi. Onlar Möhsün
tərəfindən yoldan çıxarıldıqlarını yazır, günahlarını etiraf
edirdilər.
Mamedin çıxardığı hökm
Hamı Mamedə baxırdı. Nə olacaq, görəsən, nə deyəcək? Hökmün
veriləcəyi anı kənardan sakitcə izləyənlərdən biri də mən idim.
Qanuni oğru isə arxasında əyləşdiyi stolun üstündən "Parlament"
siqaretini götürdü, qara dəri gödəkçəsinin cibindən kibrit qutusunu
çıxarıb siqaretini yandırdı. Dərin bir qullab vurdu. Kibrit
qutusunu tələsmədən cibinə qoydu. Stolun üstündə isə yenə də
alışqan vardı. Onun alışqanla siqaretini yenə də yandırmaması
diqqətimdən yayınmadı. "Vaxt tapıb soruşacam..." - yenə də yerində
olmayan axmaq fikir gəldi ağlıma.
Sən o oğraşlardansan ki, zamanə sizlərin üzündən
oğraşlaşıb...
Mamed Möhsünə cəmi bircə dəfə baxdı. İkrah, nifrət dolu
baxışlarla baxdı və siqareti elə sümürdü ki, az qala ovurdları
bir-birinə dəydi. O:
"Sən günaha o vaxt batmışdın ki, uşaqların "detski" kameraya
girməyinə razılıq vermişdin. Bu sənin qorxaq və satqın olmağından,
zəifliyindən xəbər verir. Səni ora ona görə atıblar ki, orda özünü
tanıyan, haqsızlıqla barışmayan uşaqlar olub. Onları sənin kimi
"prodajnı şkura"ların əlləriylə sındırıblar. Sən onun ayaqlarını,
qollarını sındırsaydın, fiziki şikəstliyinə səbəb olsaydın, bu gün
bu adam nə səndən söz açardı, nə biz bura toplaşıb sənin murdar
"morda"na baxardıq. Sən onun həyatını sındırıbsan, sən onu
öldürübsən, onun bütün həyatı qabaqdadır və sən onun həyatının
qabağına sədd çəkibsən. Sən necə yatırsan, nə görürsən yuxuda. O
uşaqlar ki, qətl törədiblər, oğurluq ediblər, dava-dalaş salıblar,
onlarda bir qorxusuzluq, mərdlik olub, "vnujden" olublar, kim istər
ki, burda qohumundan, qardaşından uzaq düşüb qalsın? Üzə vurmasalar
da, peşmançılıq keçiriblər, amma heç bir kəsə bildirmədən. Sən o
oğraşlardansan ki, zamanə sizlərin üzündən oğraşlaşıb".
Gözləniməyən hökm...
Mamed yenidən siqaret yandırdı, bu dəfə də kibritlə. Siqaretin
tüstüsü ciyərlərinə çatmamış ətrafdakı "strimlyaqa"lara baxdı.
Ayağa durdu, asta addımlarla "sançastın" həyətində gəzişməyə
başladı. Aralıq uşaqları Möhsünə bir-iki qapaz vurdular, "dur rədd
ol burdan",- dedilər, gedəndə arxasına da təpik ilişdirdilər.
Möhsün sevinirdi. Qədeş çoxlarının, elə Möhsünün də gözlədiyi hökmü
verməmişdi. Amma onun yaxşı oğlanların arasında söz demək hüququ
alınmışdı, ancaq öz həyatını yaşamalı idi. "Zon"un həyətindəki
pişiklər, siçanlar təki... insan kimi yox.
Möhsün "sançast"ın həyətindən və insanların arasından qovulandan
sonra Mamed yerində əyləşdi:
"Sözümü o qardaşlara deyirəm ki, özlərini tanıyır, yerlərini
bilir. Kim ki, bu yolu özünə seçib, gərək "posajir"ləri yola
versin. Onlara çətindir. Hər kəs burdan çıxmaq istəyir, bilirəm.
Hər kəsi ailəsinin yanına salamat qayıtmalıdır. Burda həkim var,
müəllim var, onlar qıraqda lazımdır insanlara, onları qoruyun,
demirəm, burda onları "minən" var, onları elə dustaqlardan,
"bespredel"lərdən qorumaq lazımdır. Pis şeylərə qurşanmasınlar. O
dustaqlar da yadda saxlasın ki, uşaqların damarını deşir, onların
məhv olmasına şərait yaradır, onlarla daha pis olacaq.
Dövlət əmlakını mənimsəyənlərə xüsusi
"diqqət"
Bu mənim Mamedin apardığı ilk və son "sxodkası" – toplantısı
idi. Mamedlə 21 günlük cəzaçəkmə müəssisəsindəki tanışlığın
xatiratını isə bir kitaba sığışdırmaq mümkün idi.
Mamedin vaxtıyla dövlət əmlakını mənimsəmiş, vəzifə tutub
sərvətlər əldə etmiş dustaqlara da xüsusi "diqqəti" vardı.
"Obnaliçka"nın imperatoru adlanan Kürdov Əhməd isə Mamedin
tapşırığı ilə görüş yerlərinin bütün otaqlarını təmir etdirdi və
qapıları yenilətdirdi.
Onun haqqında hətta nəzarətçilər və zabitlər də xoş sözlər
deyirdi. Onu yoluxmağa gələnlər də çox olurdu. İş adamları,
kriminal aləmdə tanınanlar, nə vaxtsa problemini həll etdiyi
adamlar... Rusiyadan isə bir dəfə bir rus qadın da gəlmişdi. Görüş
yerində bir neçə nəfərlə oturub çay içirdilər.
Ona "qrev" olaraq müxtəlif sayda və xeyli çəkidə ərzaq gələrdi.
O, bütün bunları kasıb dustaqların arasında bölüşdürtdürərdi.
Xeyirxah idi.
Öləümündən sonra kitab yazmaq
Bir dəfə ona haqqında kitab yazacağımı dedim. Razılaşmadı. Xeyli
söhbət etdik. Dedim ki, siz qanuni oğrular haqda ancaq öləndən
sonra kitab yazılır. Olmaz ki, biriniz haqda sağ olarkən yazılsın?.
Razılaşmadı. Özü haqda heç nə danışmadı. Danışmaq istəmirdi.
2007-ci il iyul ayının 11-də mən azadlığa çıxarkən onunla
xudahafizləşəndə kitab məsələsinin üstünə bir daha gəldim. Yenə də
razılıq vermədi. Amma "mənim haqda öyrənmək istəsən, Moskvada
Seymur var, onu taparsan",- dedi. Ona yazdığım şeiri özünə verdim.
Təşəkkür etdi. Həmin şeiri "Burda darıxmaq olmaz" kitabıma saldım.
Həmin kitabdakı şeirlərin hamısı dustaqlığın ilk günündən yazılan
şeirlər idi. Yazıldığı tarixdən ardıcıllıqla düzülən şeirlərin
sonuncusu Mamedə yazdığım şeir idi. Mənim azadlığa çıxacağım günün
axşamı yazılmışdı...