"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan
insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Davamlı
olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq.
Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbukun"
"1" nömrəsi olduğunu isbatlayan müsahibimiz
mükafatlandırılacaq.
Layihəmizin bu dəfəki qonağı jurnalist və tanınmış
fotobloqqer Turxan Kərimovdur. Çoxları onu Turxan Qarışqa imzası
ilə tanıyır. Elə birinci sualımız da "Qarışqa"ilə
bağlıdır.
Qarışqa imzası hardan gəlir?
- Səhv etmirəmsə, Mikayıl Müşfiq də "Qarışqa" imzasıyla yazıb.
İndiki zamanda hamı oxucunu ASLAN, QARTAL, Begemot, Zürafə
imzasıyla qorxutmağa çalışır. Bu ad özü cəmiyyətə etirazdı. Həm də
çox işləməkdən gəlir. Qarışqa güc deməkdir. Onların qarşısını almaq
çox çətin olur.
Sosial şəbəkədə nə zamandan populyar olmağa
başladın?
- Nə bilim... 3-4 il olar. Mən 4-5 il əvvəl "feysbuk"da
qeydiyyatdan keçmişəm. "Feysbuk"u könüllü Azərbaycan dilinə tərcümə
edənlərdənəm. Daha sonra bir neçə gənc tərcüməçini də tərcümə
prosesinə qoşmuşam. Pis-yaxşı, "feysbuk" azərbaycanca hazırlanıb.
Düzdü, məndən başqa da xeyli adam bu prosesdə iştirak edib. Amma
mən çalışmışam, bunu komanda şəklində təşkil edim. Özü də 2008-ci
ildə. O zaman yerli və xarici mətbuat bu haqda informasiyalar dərc
etmişdi. Elə o vaxtdan bilirdim ki, "feysbuk" bütün TV-ləri geridə
qoyacaq. Ona görə bu işi böyük həvəslə görürdüm. Populyarlığa
gəldikdə isə bu, daimi olmur. Populyarlıq hansısa bir vəziyyətə
göstərdiyin münasibətdən asılıdır. Əgər pis bir hadisə baş veribsə,
sən bunu müsbət qiymətləndirirsənsə, eşşəyin öldü! İnsanlar realda
olduğu kimi "feysbuk"da da adamı daşa basır, üzünə tüpürür.
Orda ictimai qınaq real cəmiyyətdən çoxdu. Virtuallıqdansa
reallığa bircə addımdır.
"Feysbuk"un Azərbaycan şəbəkəsində özünə rəqib olaraq
kimi görürsən? Özündən daha tirajlı sosial media istifadəçisi
tanıyırsanmı? Əgər varsa, kimdir?
- "Feysbuk"da rəqibim Tağı Əhmədov və Hacıbala Abdutalıbovdu.
Onlar virtuallıqda daha güclü və məşhurdurlar. Ağsaqqallarımızın
yanında biz kimik ki?
"Feysbuk"da populyar olmaq sənə nə
qazandırıb?
- Çox şey. Çoxlu tanışlarım var. Mən tanımasam da, məni çox
tanıyırlar. Nazirliklərdə, banklarda, müxtəlif ofislərdə mənim
izləyicilərim var. Bir dəfə Milli Bankın yanından evə taksiylə
gedirdim. Taksi sürücüsü məni pulsuz apardı. Niyəsini soruşdum.
Dedi ki, mən sənin "feysbuk" izləyicinəm. Belə hadisələr çox
olub.
Özünü daha çox jurnalist hesab edirsən, ya bloqçu və ya
fotoreportyor?
- Bu sahənin sərhədləri get-gedə itir. Əsas nəsə yazmaqdı.
Trotski demiş, yaza bilmirsənsə də, yaz. Amma məncə, daha çox
fotobloggerəm. Özümü daha çox fotoya yaxın hiss edirəm. Mənim
çəkdiyim fotolar "CNN"də, "Röyter", "Assoşieyted Press"də çap
edilib. Türkiyənin "Hüriyyət" qəzeti, "Sabah" qəzeti də fotolarımı
dərc edib. Hə, mən fotobloggerəm.
Vaxtı ilə atan Elxan Kərimovun fotomüxbir olmağının
sənin seçiminə təsiri nə qədərdir?
- Başqalarından fərqli olaraq, tez-tez ay atam belə edib, ay
atam elə edib, demirəm. Yəni atamın kursunu-zadı yürütmürəm.
Sadəcə, maraqlıdır bu sahə, ona görə bu sahədə çalışıram. Ola
bilər, gələcəkdə musiqi sahəsində çalışım.
Bəs, ümumiyyətlə, jurnalistikaya gəlməyində atanın rolu
nə qədərdir?
- Uşaqlıq illərim ağır keçib, azad seçki görməmişəm. Amma bunu
bu sahəyə aid etmək olmaz. Uşaqlıqdan evdə şair, yazıçı, musiqiçi
görən adamam. Qəzetçi ailəsindən gəlmişəm. Uşaqlıqda evdə qəzet
buraxıb, elə evdəkilərə də satmışam. Sadəcə, özümə maraqlı gəldiyi
üçün bu işlə məşğulam.
Atan səndən razı idi?
- Atam övlad kimi məndən razı idi. Sonra da vətəndaş kimi.
Qardaşın da fotolar çəkir, sən də. Hansınız daha
peşəkardır?
- Mən hər zaman kölgədə qalmağı sevirəm. İstəmirəm gün məni
yandırsın. Əziz daha peşəkardı. Onun işləri daha çox xarici
KİV-lərdə dərc olunur. Onu xaricdə Azərbaycandakından çox
tanıyırlar.
Özünü müxalif sayırsanmı?
- Mən özümü azad hiss edirəm. Azad adam da hər zaman çalışır
azadlıq nitqləri söyləsin. Adını unutduğum bir müdrik deyir ki,
insanlara köləlik yox, azadlıq haqda danışın. Azad adam həm də
müxalif adamdı.
Öz medianı qursan, hansı jurnalistlərlə birgə işləmək
istəyərsən?
- Mən daha çox vətəndaş jurnalistləriylə işləmək istərdim.
Azərbaycan mətbuatı, oxucusu haqda düşünürəm. Saytların səviyyəsi
aşağı düşüb. Bu, məqsədli şəkildə edilir. Bütün saytlar daha çox
şou xəbərlərinə qaçırlar. Jurnalistlər oxucunu "Aygün Kazımova ilə
necə yatdım" kimi başlıqlı xəbərlərlə aldatmamalıdılar.
Onsuz da bu xalqı hamı aldadır. Heç olmasa, jurnalistlər bunu
etməməlidir.
Fəaliyyətinlə bağlı təhdidlər olubmu?
- İstər azad, istər müxalif, istərsə də hakimiyyət jurnalistinə
edilən təhdidi öz üzərimdə hiss edirəm. Bu sahəyə barmaq
silkələmək, təhdidlər etmək istəyənlər adamı iyrəndirir.
Jurnalistlər öz işlərini görürlər. Onlara mane olmaq yox,
işləmələri üçün imkan yaratmaq lazımdır.
Jurnalistikada ixtisaslaşma var. Məsələn, siyasətdən
yazan və ya çəkiliş hazırlayan incəsənətdən və idmandan material
hazırlamır. Səni isə hər yerdə görmək olur - həm mitinqdə, həm
futbol oyununda və s. Bu, nə ilə bağlıdır?
- Fotoqrafın gözü hər yerdə olmalıdır. Çünki hər yerdən xəbər
doğa bilər.
Jurnalistikada pul qazanmaq sənin üçün nə dərəcə
önəmlidir?
- Pul önəmlidir. Amma mən uzun zaman pulsuz çalışıb, çox şey
öyrənmişəm. İndi də pis qazanmıram.
Nə zamansa öz medianı qurmağı düşünürsən?
- Hər şey vəziyyətdən asılıdır. Planlar, ideyalar, düşüncələr
çoxdur. Sistemli və dağınıq formada olanları var. Siz burda, biz
burda yaşayıb görərik. Amma indinin özündə mənim "feysbuk" profilim
elə media orqanı kimi bir şeydir. Hətta bir dəfə statusumda pullu
reklam da etmişəm.
Sosial media ilə bağlı arzun nədir? Əlində olsa, nəyin
reallaşmasını istəyərdin?
- Ən böyük arzum... "Feysbuk"da tüpürmək, güllə atmaq
"düymə"sinin olmasıdı. Düşünün ki, daş atmaq funksiyası var.
Maraqlı olar, deyilmi?
Son əvəzi: Başlıq seçməkdə daha
çəkici adlardan istifadə etməyi qınayan Turxan Qarışqa müsahibəsi
"Evdə qəzet buraxıb, evdəkilərə satmışam" başlığı ilə sayta
qoyulandan sonra əlaqə saxlayıb, bir xahiş elədi: "Oxucuları elə
öyrətmişik ki, başqa yol yoxdur. Xahiş edirəm, yazının adını
dəyişin, "Mən necə Aygün Kazımova ilə yatdım..."
qoyun".
Onun istəyini nəzərə aldıq...