Xalq artisti, korifey müğənnimiz Flora Kərimova
Axar.az-ın suallarını cavablandırır.
- Flora xanım necəsiz?
- Pərişanam.
- Cəbhədə baş verənləri izləyirsiz?
- Təbii... Həm də çox yaxından. Ümumiyyətlə, bütün - daxili,
xüsusən də xarici proseslərdən xəbərdaram.
- Bu haqda fikriniz?
- Xarici siyasət həm ümid, həm inam verir. Atılan addımlarda
pozitivə göz yumub, hər şeyi pisləmək vərdişindən can
qurtarmalıyıq. Müxalifətin və iqtidarın bir vətəni var. Heç
birimizin Azərbaycanımızı maraqlara bölməyə haqqımız, ixtiyarımız
yoxdur.
- Sənətçilərimiz cəbhədə düşmənlə üz-üzə dayanan
əsgərlərimizə necə yardım edə bilərlər - maddi və ya
mənəvi?
- Hər kəsin maddi yardıma imkanı olmasa da, mənəvi dəstək hər
bir vətəndaş kimi bizlərin də borcudur. Xocalı işğal olunan zaman
mən də cəbhəyə getmək üçün könüllü müraciət etmişdim. Ermənilər
orda bizimkilərin siyahısını tuturdular ki, ilk olaraq kimləri
öldürsünlər. Həmin siyahıda mənim də adım vardı. Bununla fəxr
edirdim.
- Bəs indi sizə nə mane olur?
- Heç nə. Nə son illər keçirdiyim dörd mikroinsult, nə də ahıl
yaşım.
- Sənətçilərin şəhidlərimizin dəfn mərasimlərinə
qatılmamasına necə baxırsınız?
- Hər addım təşəbbüsə bağlıdır. İstək azdır. Sizlər qabağa düşüb
bizi o yerlərə aparmalısız. Yol-riz bilməyən oralara necə getsin?
Elə mən... Bütün hallarda, yenə də əlimdən gələni etməyə borcluyam
və hazıram. Getməsəm, o zaman məni fərari sayarsınız.
- Flora xanım, şou biznesdəki müharibələr nə
yerdədir?
- (Gülür) Qızım bu yaxınlarda İngiltərədən zəng edib soruşur ki,
ana, necəsən? Darıxmırsanmı? Deyirəm, a qızım, sizinçün çox
darıxıram deyə, başımı qarışdırmağa məşğuliyyət axtarıram... Qızım:
''Yenə neyləmək istəyirsən?'' – soruşur. ''Ay vallah, sən deyən heç
nə... Məhkəməyə verməyə namizəd axtarıram'', - deyirəm.
(Gülüşürük)
- Sizin İlhamə Quliyeva və Faiq Ağayevlə
münasibətlərinizin korlanmasına səbəb nə olub ki, bitib-tükənmək
bilmir? Bu qədər məhkəmələr, söz davası sizə
lazımdırmı?
- Bəs mən ailəmi, namusumu, şərəfimi, hüquqlarımı necə
qorumalıyam?!
- Söhbət gəzir ki, İlhamə Quliyeva ilə
barışmısınız...
- Bu şayiələrə yeganə cavabım: ''Ömründə ola bilməz!'' Mən onun
bütün millət qarşısında barışmaq cəhdinə çoxdan yox demişəm...
İlhamə Quliyeva öncə səsimin, sonra da bir qadın, bir ana kimi
naxışımın davasını edir. Hələ indiyə qədər də ürəyi soyumur. Qaldı
ki Faiqə, onun gözü kölgəlidir, özü millət arasında rüsvaydır deyə,
kim barmağını silkələyirsə, neytrallaşdırmaq üçün qaçır onun
dalınca.
Bu yaxınlarda Faiq Ağayev televiziya proqramlarının birində
özünə haqq qazandıran yalanlar danışdı, guya mən onun barəsində
həqiqətə uyğun olmayan, əsassız sözlər demişəm, yəni ona böhtan
atmışam. Amma Faiqi ifşa edəcəm, onun kim olduğu haqqında əlimdə
məhkəmə qərarım var.
Xoşməramlı səfir adıyla öyünən İlhamə isə bilməmiş olmaz ki, mən
o adla ondan bir il qabaq, yəni 2005-ci ildə təltif olunmuşam və
həmin ödül mənə mötəbər insanların təbriki ilə verilib. Ancaq bu
adla acıq verib, cavanları şantaj etmək heç ağlıma da gəlməyib.
Ümumiyyətlə, mən alan ödüllərin dərəcəsi ilə o alan ödüllərinki
arasında mənəvi fərq böyükdür.
İllər öncə Rusiya telekanallarının birindən Dibrov soyadlı
intellektual aparıcı Azərbaycana gəlmişdi. Dəbdə olan sual-cavab
verilişinə sənət adamlarını dəvət etmişdi. O veriliş böyük bir
skandala səbəb oldu. İndiyə qədər o hadisə dillər əzbəridir.
- Səbəbi?
- Səbəbi aydın idi. Söz gəzirdi ki, Faiq Dibrovdan hansısa
yollarla sualları alıb, verilişə hazırlıqlı gəlib. Çoxları Faiqi
hazırcavab hesab edir. Ümumiyyətlə, mən sənət-sübutla danışmağın
tərəfdarıyam. Məndə olan internet müsahibələrinin birində o barədə
Faiqin özünün etirafını xatırlatmaq istəyirəm: ''Mənim özümə
veriləcək sualları əvvəlcədən bilməsəm, müsahibəyə razılıq
vermirəm''. Faiqin bir şakəri də var. Çox vaxt münasibət qurduğu
aparıcılara və müxbirlərə sualları özü tərtib edib verirdi.
- Flora xanım, keçək sizin sənət cəbhənizə - nə
yeniliklər var?
- Çox gözəl mahnılarım var, amma yenicə əməliyyat olunmuşam və
hələ ki həkimlər oxumağa icazə vermir.
- Bağışlamağı bacarırsınız?
- Yox, cavanlıqda çox ürəyiyumşaq idim, həyat mənə qəddar olmağı
öyrətdi. Artıq bağışlamağı bacarmıram.
- Özünüz bağışlamağı bacarmadığınız halda, o məşhur
mahnıda niyə bağışlanmağınızı istəyirsiz?
- Onu mən istəmirəm, şair və bəstəkar istəyir. Mən onların
istəklərini musiqi dili ilə insanlara çatdırıram.
- Flora övlad səfinizdə durum necədi?
- Bir oğlum, bir qızım, oğlumdan iki nər oğlan nəvəm var.
- Əldə etdiyiniz nailiyyətlərə görə kimə
borclusunuz?
- Yaradana və Onun verdiyi səsə.
- Flora xanım, çoxmu olur - söylədiyiniz bəzi fikirlərə
xoşagəlməz don geyindirirlər. Yəni təbiətinizə uyğun olmayan
yozumlara əl atırlar?
- Bircə dəfə oldu, o da alınmadı. Millətim inanmadı. Heç
müzakirələrə də yol vermədi. O cəhd elə uğursuz olaraq da qaldı.
Əks halda oğlum və nəvələrim vətəndən uzaq Almaniyada yaşamazdı,
zəhmətinə sarılıb, mənə maddi köməkdən azad olardı, övladlarım
yanımda qalardı, Avropa Məhkəməsində deputatlığımı sübut etməyə
məcbur olmazdım, mən də bəziləri kimi prezident təqaüdü
alardım...
- Flora xanım, sizin də başqa sənətçilər kimi xaricdə
var-dövlətdən bir şeyiniz varmı? Heç vaxt reklam etdiyinizi
görməmişik.
-Yoxdur. Olsaydı da, reklam etməyə ehtiyac duymazdım. Öz xalqıma
var-dövlətimlə gözdağımı verməliyəm? Mənim yaşayış tərzim adi
vətəndaşlarınkından fərqlənmir. Olsa-olsa fərq istedadımda ola
bilər.
- Xoşbəxtsinizmi?
- Bədbəxt də deyiləm!
Bu yerdə Flora xanımın qızına üzümüzü
tuturuq:
- Zümrüd xanım, Flora Kərimova sizin üçün
kimdir?
- Anadır. Sadəcə sevdiyim, səcdə etdiyim, bənzəmək istədiyim bir
varlıq.
- Belə ananın övladı olmaq sizə hansı hisslər
yaşadır?
- Psixologiyada belə bir kəşf var ki, insan xoşbəxtliyinin 20
faizi həyatda yaşanan olaylara, 30 faizi yaşadığı mühitə, 50 faiz
isə genlərə bağlıdır. Valideynlərimdən mənə miras qalmış
xoşbəxtliyi duya bilmək qabiliyyəti mənim çox xoşbəxt olmağıma əsas
verir.
Sonda Flora xanım şəhidlərimizin ailələrinə başsağlığı
verdiyini, onlara Allahdan səbir dilədiyini bildirdi:
"Mən onların cavanlığına borcluyam, onların matəmində
bəzənən qırmızı xonçalarına, məzarlarının üstünə örtülən üçrəngli
bayrağa borcluyam. Qoy Yaradan Şəhid balalarımızın qəhrəmanlığını
uca tutub, onların məkanlarını cənnət etsin.