Sidni Şeldon – Amerika populyar romanının ikonalarından
biridir. Onun romanlarının əksəriyyəti bestsellerdir. İlk əsəri
olan "Maskanı çıxarmaq" 1970-ci ildə nəşr olunandan dərhal sonra
Edqar Po mükafatına layiq görüldü.
Bu gün Şeldonun kitablarının tirajı 275 milyon nüsxə təşkil
edir. Ədib ədəbiyyat və kinematoqrafiyaya göstərdiyi xidmətlərinə
görə bir çox mükafatlara layiq görülüb. Bundan başqa yazıçının adı
Ginnesin Rekordlar kitabına da düşüb: Şeldon dünyada ən çox tərcümə
edilən müəllifdir.
Şeldon gözəl ailə başçısı və qayğıkeş ata idi. Yazıçının 30 il
nikahda olduğu Horx Kartraytla evlilikdən dünyaya gələn iki qızdan
– Meri və Aleksandr – birində (Aleksandr) anadangəlmə beyin şişi
olduğundan uşaq lap körpə ikən vəfat edir. Bu, Şeldon cütlüyü üçün
ağır zərbə olur. Acı çəkən valideynlər böyük qızlarını da
itirəcəklərindən qorxaraq onun üstündə əsməyə başlayırlar. Meri də
bacısının itkisini ağır qarşılayır və valideynlərindən xahiş edr
ki, ona kiçik bacı bağışlasınlar. Şeldonlar körpələr evindən uşaq
götürmək qərarına gəlirlər. Günlərin bir günü Sidni evə balaca
Elizabet Eyprili gətirir. Anası sevdiyi oğlandan ayrıldığından
ondan imtina etmişdi. Sidni və Horxa Elizabeti doğma qızları kimi
sevdilər, Meri də tezliklə ona öyrəşdi, ancaq təəssüf, onların
xoşbəxtliyi uzun sürmədi. Yarım ildən sonra doğma anası Şeldonların
narazılığına baxmayaraq, qızını qaytarmaq qərarına gəldi.
Bundan sonra uğurlu romanların və ssenarilərin növbəsi gəlir.
Sidney çox zəhmətkeş idi, o, hər gün 50 makina səhifəsi yazı
verirdi. Yazıçı materialı Stenoqrafçıya diktə edir, sonra özü
hamısını yoxlayııb redaktə edirdi. Yaradıcılıq onu tamamailə özünə
cəlb etmişdi, sevimli işi ilə məşğul olmadan yaşaya bilmirdi.
1984-cü ildə ildə sevimli zövcəsini itirəndə də yazıçını yazmaq
xilas edir. Bu itkidən sonra Şeldon bir neçə ayın ərzində ahıl bir
qocaya çevrilir. Halbuki buna qədər heç kim ona 67 yaş vermirdi.
Ancaq Sidni yazmaqdan qalmır, yeddi ildən sonra isə yeni bir viraj
edir: 74 yaşlı Şeldon 46 yaşlı Aleksandr Kostoffla evlənir. Arvadı
artıq bu vaxta qədər iki qız dünyaya gətirmiş Meri ilə də
münasibətlərini yoluna qoya bilir və Sidneyin əvəzolunmaz
köməkçisinə çevrilir. Qadın 22 il onun bütün yazılarını oxuyur,
nəşriyyatlarla danışıqlar aparır, vergilərin vaxtlı-vaxtında
ödənilməsinə nəzarət edir, evin bütün təsərrüfat işlərini idarə
edir. Məşhur yazıçı 2007-ci ildə 89 yaşında Kaliforniyadakı
rançosunda vəfat edir.
Bu gün Sidni Şeldonun ədəbi irsini Aleksandra və Meri idarə
edir. Meri – filoloqdur. İlk hekayəsini səkkiz yaşında yazan Meri
atasının yolu ilə gedərək yazıçılıqla məşğul olur, bəzi filmlərə də
çəkilib.
Zəngin ailədə böyüməsinə və evlərində tez-tez Hollivud
ulduzlarının qonaq olmasına baxmayaraq, Meri bohem həyatdan imtina
edib. Xaş atası məşhur Amerika aktyoru Qrauço Marks olan Merinin
ilk ailə həyatı tez dağılsa da, ikinci həyat yoldaşı, aktyor Bob
Van Düsenlə bu gün də birlikdədirlər.
Merinin nəşriyyat biznesindəki ilk addımları kifayət qədər
mürəkkəb olsa da, naşirlər ona müstəqil yazıçı kimi deyil, Sidninin
qızı kimi baxırdılar. Ancaq Meri öz şöhrətini zəhməti ilə qazandı:
istedadla yanaşı zəhmətkeşlik və güclü xarakter də atasından ona
miras qalmışdı. Şeldon kimi Meri də hər gün işləyir. Yazıçı
dəfələrlə qeyd edib ki, pul xatirinə deyil, özünü sevimli işindən
ayrı təsəvvür edə bilmədiyi üçün yazır. Buna inanmaq çətin deyil.
O, kifayət qədər zəngindir. Atasının gəlirlərindən başqa yazıçı öz
kitablarının satışından da yaxşı qazanır və bir çox uğuqlu
layihələrin müəllifidir.