Sizinçün "zövq" nə
deməkdir? Geniş anlamda bu, yaxşı musiqi, film, geyim və s. ilə
müasir "incəsənətin" aşağı səviyyəli məhsulları arasında dəqiq
sərhədi müəyyənləşdirə bilmək bacarığıdır.
Daha dar mənada götürsək, buraya öz hərəkət və
davranışlarımıza görə daşıdığımız məsuliyyət hissini, özümüzü
aparmaq qabiliyyətini də əlavə edə bilərik. Övladınızın
gözəllik, həyat tərzi haqqında düzgün anlayışı olmasını, incə və
zərif ədalara yiylənməsini istəyirsinizmi? Qızıl kimi vaxtınızı
boşuna xərcləməyin. Axı yaxşı zövq erkən uşaqlıq dövründə
pöhrələnməyə başlayır. Bu, nəinki mümkündür, hətta lazımdır. Əks
halda uşaq yeniyetməlik dövründə və daha sonralar valideyni
xoşagəlməz sürprizlərlə üz-üzə qoya bilər.
Soruşa bilərsiniz: Bu, nəyə
lazımdır?
Psixoloqlar əmin edirlər ki, düzgün tərbiyə, yaxşı zövq,
xoşagələn ədalar övladınızı alkoqolizm və narkomaniya kimi həyatı
məhv edən asılılıqlardan qoruya bilir. Bu ehtimal çox
böyük əksəriyyətlə özünü doğruldur. Buna səbəb isə insanın daxili
aləmi ilə həyatı zəhərləyən vərdişlər arsında birbaşa əlaqələrin
olmasıdır. Odur ki, əgər övladınızın gələcəyi, onun sabah kim və
necə olacağı sizi düşündürürsə, bu gün ona nümunə olmağa çalışın.
Onun təkcə maddi tələbatını ödəməklə kifayətlənməyin, həm də
daxilən zəngin olmasına çalışın.
1. Nəyi dinləyirik?
Daha çox hansı musiqiyə üstünlük vermək lazımdır? Çalışın
ki, uşaqlarınız müxtəlif müsiqilərə qulaq assın: klassik musiqi,
uşaq nəğmələri, xalq mahnıları, rok və texno musiqiyə... Ancaq
bayağı və primitiv sözləri və melodiyası olan musiqini çalışın,
imkan daxilində, az dinləsin: onların köməyi ilə yaxşı zövq
formalaşdırmaq olmaz. Mahnı seçərkən mətnə çox həssaslıqla yanaşın:
sözlər mənalı, melodiya isə maraqlı və rəngarəng olmalıdır. Klassik
musiqi seçərkən uşaqlar üçün xüsusi işlənmiş disklərdən istifadə
edin. Musiqini fon kimi də səsləndirmək olar: bu zaman isə uşaqla
söhbət etmək, adi işlərlə məşğul olmaq, elə musiqini müzakirə etmək
də olar: sürətlidir, həzindir, şəndir, kədərlidir və s. Musiqiyə
qulaq asarkən uşağın reaksiyasını izləyin, xoşuna gəlirmi, ya yox.
Zaman keçdikcə nəyi bəyəndiyini özü bildirəcək.
2. Nə oxuyuruq?
Mütaliə edən ailədə körpə də kitaba meyilli olur. Əgər uşaq
kitaba qarşı laqeyddirsə, siz onunçün oxuyun (əvvəlki dərslərdə bu
barədə bəhs etmişdik). Qoy hər axşam nağıl oxumaq vacib bir
mərasimə çevrilsin. Bəlkə uşaq dinləməyi daha çox sevir. Eyb etməz,
müasir texnologiyalar dövründə bu da pis deyil.
3. Hara gedirik?
Uşaqla birlikdə sərgi və ya tamaşaya getməyin vaxtı
çatmayıbmı? İlk məsələyə - sərgi seçimi məsələsinə ağılla yanaşmaq
lazımdır. Hər şeydən əvvəl uşaq üçün maraqlı olmalıdır. İndi
interaktiv ekskursiyalar daha böyük maraq kəsb edir, burada
material oyun formasında təqdim edilir. Əgər söhbət qalereyadan
gedirsə, unutmayın, körpə çoxlu sayda tabloya fikir yetirə bilmir.
Ən yaxşısı uşağın səviyyəsinə uyğun – heyvanlar aləminə, hərbi
səhnələrə və təbiət təsvirlərinə həsr edilmiş 15 şəkil üzərində
dayanmaqdır. Ən maraqlı seçim isə kukla teatrıdır. Ancaq burada da
ifrata varmaq gərək deyil. Ayda bir-iki dəfə kifayətdir. Belə
"ziyarətlər" toy-bayram kimi qarşılanır, daha cəza tədbiri kimi
deyil.
4. Necə
davranırıq?
Nə deyirlər desinlər, etiket qaydaları bağça və məktəbdə
deyil, məhz evdə formalaşır. Valideyn uşağı ilk növbədə öz
nümunəsində tərbiyələndirməlidir. Daha sonra bu barədə kitab və
audio-video vasitələr köməyinizə gələ bilər. Hətta bu mövzudakı
cizgi filmlərindən də istifadə etmək olar. Uşaq qonaq gedərkən,
yemək stolu arxasında, nəqliyyatda, insanlarla münasibətdə özünü
necə aparmağın lazım gəldiyini oyun vasitəslə də mənimsəyə bilər.
Uşağın ictimai yerlərdə özünü necə aparmasını bütövlükdə müşahidə
etmək, hətta əks cinsə qarşı mədəni münasibət baxımından da
diqqətli olmaq lazımdır. Bəli, bəli, ən balaca oğlan uşaqlarına da
qızlara yer verməyi, onları özlərindən qabağa buraxmalarını
öyrətmək gərəkdir. Balaca xanımlarda da incə ədaların yaranmasına
diqqət yetirin!
5. Nə geyinirik?
Uşağın yaxşı zövqünün olması geyimindən də bilinir. Təbii
ki, paltarları valideynlər seçirlər, ancaq uşağın özünün də ən
azından sevimli rəngləri olur. Qızlarda geyim zövqünü
formalaşdırmaq daha asandır: gəlinçiklərə paltar seçin, birlikdə
tikin, eskizlər çəkin və s. Oğlanlarla isə qəhrəmanların
geyimlərini müzakirə edə bilərsiniz, onların fikrini soruşun,
mağazada onların da seçiminiə şərait yaradın. Lakin bütün bunlarla
yanaşı əgər özünüz dəbi izləmirsinizsə və səliqəsiz geyinirsinizsə,
sadaladıqlarıımızın heç bir faydası olmayacaq. Çünki valideynlər ən
xırda məsələlərdə belə körpələr üçün avtoritetdir.