Uzun fasilədən sonra
"Tanınmışların kitabxanası" layihəsinə start
veririk.
Bu dəfə kitabxanasını sizə təqdim edəcəyimiz həmsöhbətimiz
millət vəkili Qənirə Paşayevadır. Qonağımızla əvvəlcədən
razılaşdığımız kimi həftəsonu yaşadığı evdə görüşürük.Şəhərin
səs-küyündən uzaqda, sakitlik və yaşıllıq içərisində olan evin
yuxarı mərtəbəsi millət vəkilinin kitabxanasından ibarətdir.
Məktəbin "baş redaktoru" olan Qənirə
Paşayeva
Kitablardan qabaq deputatın anası Tehran xanımla tanış olduq.
Sualları həvəslə cavablandıranTehran ananın qızı ilə nə qədər fəxr
etməsi hər verdiyi cavabdan bəlli olurdu.İxtisasca kimya müəlliməsi
olan Tehran xanımın dediyinə görə, Qənirə Paşayevanın
jurnalistikaya olan həvəsi məktəb zamanlarından özünü göstərib.
Məktəbin divar qəzeti məhz deputat xanımın baş redaktorluğu ilə
çıxıb. Onu da öyrəndik ki, sovet dönəmində buraxılan divar
qəzetində kommunist ideyaları da tənqid edilib. Deputatın uşaqlıq
və gənclik illəri ilə bağlı maraqlı xatirələri başqa yazıda sizə
çatdıracam, indi isə qayıdaq kitablara…
Otaq başdan-başa kitablara əhatə olunub. Evin 3-cü mərtəbəsi
bütünlükdə deputat xanımın kitabları, ensiklopediyaları, 100-dən
çox ölkədən gətirdiyi hədiyyələr və antik əşyalar üçün nəzərdə
tutulub.
Tarixi xalçaların, mütəkkə və nalçaların fonunda milli tarixi
arnomentlərlə dizayn edilmiş otağa girəndə insan özünü
mədəni-tarixi muzeylərdən birində hiss edir. Evin mansard qatında
yerləşən bu otaq həm də antik təsir bağışlayır. Bütün bunların
fonunda otağın kitabxana olması isə sanki tamamlayıcı rol oynayır.
Sankim bu otağın divarları kitabdan hörülüb.
"Sağçı-solçu" çiyin-çiyinə…
XX əsrə aid musiqi alətləri, keçən əsrin qoxusunu özündə
saxlayan köhnə kitablar, evin mansard qatına gözəllik verir.
Minlərlə kitabın arasında hər düşüncədən və fikirdən kitablara rast
gələ bilərsiniz. Qatı sağ fikirlərin müdafiəçisi olan filosoflarla
solçuluğun əlifbası olan fəlsəfəçiləri kitabxanada "çiyin-çiyinə"
görmək də insana ayrı bir zövq verir.
Deputatdan sevdiyi və hazırda oxuduğu kitabları soruşduq. Deyir
ki, dünyəvi-fəlsəfi ədəbiyyatı özümə daha yaxın sayıram:
"Dünya filosoflarının hamısını oxumağa çalışıram. Marks, Nitşe,
Şopenhauer, Engels kimi filosofların kitablarını gənclik illərində
mütaliə etmişəm. Burda gördüyünüz kitabların demək olar ki,
əksəriyyətini oxumuşam. Sevdiklərim də çoxdur. Ad çəkmək biraz
çətin gəlir. Sevgidən, gözəllikdən yazan müəllifləri özümə daha
yaxın hesab edirəm".
Nazim Hikməti solçu olduğu halda sevirəm
"Düşüncələrini qəbul etdiyin insanı oxuyub sevmək çox asandır.
Əsas məsələ odur ki, düşüncəsini, ideyalarını qəbul etmədiyin
müəllifi sevəsən. Nazim Hikməti sevirəm. O, məhz belə bir insandır.
Soçuluq mənim düşüncələrimə hər nə qədər zidd olsa da, Nazim
Hikmətin sevgini təsviri, insan mənzərələrini ən saflığı və
təmizliyi ilə şeirlərində ifadə etməsi olduqca gözəldir. Oxuyub,
anlayıb da sevməmək mümkün deyil".
Kitab rəfində türkcə kitablar çoxluq təşkil etsə də, müxtəlif
dillərdə olan kitablara rast gəlmək olar.Jan Pol Sartr, Corc Oruel,
Herman Hesse, Knut Hamsun kimi tanınmış dünya müəlliflərindən
tanımadığımız əcnəbi və yerli müəlliflərə qədər minlərlə kitaba
rast gəldik. Kitabxanada ən çox yer alan isə 150 cildlik "Dünya
Ədəbiyyatı Kitabxanası" layihəsi ilə çıxan nəfis tərtibatlı
kitablar oldu. Bu seriya ilə nəşr olunan əsərlərin hər birindən
ağız dolusu danışmağı millət vəkilinin bu kitabların çoxunu
oxuduğunu göstərir.
Ramiz Quliyevin tarı, Arif Babayevin qavalı və 150 illik
aşqabı...
Kitablardan savayı diqqətimizi özünə çəkən musiqi alətləri oldu.
Öyrəndik ki, musiqi alətləri Azərbaycanın xalq artistləti
tərəfindən deputata hədiyyə edilib.Fotolarda gördüyünüz tar
Azərbaycanın ustad tarzəni Ramiz Quliyevə məxsusdur və deputata özü
hədiyyə edib. Tarixiliyi ilə seçilən qaval daşı isə Arif Babayev
tərəfindən Qənirə xanıma yadigar olaraq verilib. Milli Məclisin
Azərbaycan-Yaponiya dostluq qrupunda olan xanım millət vəkilinin
günəş ölkəsindən gətirdiyi hədiyyələr də var. Onların arasında ən
maraqlısı isə, Yaponiyanın xəritəsini əks etdirən və yapon
çizgiləri ilə işlənmiş mini xalça-xəritədir. Yapon xəritəsinin
asıldığı şkafın yuxarı gözünə qoyulmuş tarixi qazan isə XIX əsrə
aid aşqabıdır. Deputat deyir ki, o aşqabı ailə yadigarıdır:
"Əvvəllər aş tez soyumasın deyə, armudu stəkan formasında olan
bu qazandan istifadə edirmişlər. Ailə yadigarımızdır. Ona görə
burda saxlamışam. Həm də tariximizdir".
Layihəmizin adətinə uyğun olaraq deputat xanımdan kitablar da
hədiyyə aldıq. Ancaq bu dəfə adəti biz xatırlamadıq. Qənirə
Paşayeva özü istədiyimiz kitabları götürməkdə sərbəst olduğumuzu
dedi və özü də bir neçə kitab hədiyyə etdi.