"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə
populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam
etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz
olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və
"feysbukun" "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz
mükafatlandırılacaq.
Layihəmizin bu dəfəki qonağı özünün feysbuk səhifəsində 140 minə
yaxın insan yığmağı bacarmış gənc yazıçı Əhməd Şahidovdur. Əhməd 6
kitab müəllifidir. "Sən də yer ver aşka",(2011), Sevdiyim
qadın"(2012) , "Gecələr ağlayan qadın"(2012), "Samir"(2013), "Sıfır
nöqtəsi" (2013) kimi roman və şeirlər kitabları ilə yanaşı, rus
dilində dərc edilmiş bir elmi monoqrafiyanın da müəllifidir.
Sosial şəbəkədə məşhurluğunun səbəbi nə
olub?
- "Sevdiyim qadın" adlı romanımı yazanda ədəbiyyat çevrələrində
müəyyən qədər də olsa tanındım. Ancaq "Samir" romanından sonra
populyarlıq baxımından çox irəli gedə bildim. Elə adicə yol ilə
gedəndə də insanların münasibətlərindən tanıdıqlarını hiss edirəm.
Bir çoxları "Samir" romanına görə məni qınayır, hətta lağ edirlər.
Amma bu məni qətiyyən narahat etmir. Əsas olan odur ki, mən o
obrazı yarada bilmişəm. Romandakı obraza və real həyatdakı
Samiraldoya insanların münasibəti olduqca mənfidir. Hər halda
razılaşmasalar belə, onların tanıdığı Samir obrazı var və bunu
inkar edə bilməzlər.
"Mavi"nin həyatından kitab yazmaq zərurəti hardan
yarandı?
- Mən o əsərdə mavidən deyil, həyatda yaşayan və cəmiyyətin
qəbul etmək istəmədiyi bir insanın obrazını canlandırmışam, bu,
faktdır. Ancaq bu mənim o cür həyat tərzini təbliğ etməyim anlamına
gəlmir. Kitabda özümə istinad nöqtəsi kimi müqəddəs "Qurani-Kərim"i
götürmüşəm. Dərd ondadır ki, insanlarımız kitab oxumur, sadəcə,
görünüşə baxıb qiymət verirlər. Elə yazıçı ilə oxucuları arasında
uçurum da buradan başlayır. Demək istədiyim odur ki, "Samir"
romanının qəhrəmanı qatı cinayətkarlar qədər təhlükəli insan deyil.
O öz həyatını yaşayır və nə edirsə də, öz ziyanına edir. Lakin
cəmiyyətdə saysız-hesabsız cinayətkarlar var, küçədə hər an bizi
öldürə biləcək, bizdən oğurluq edəcək potensial qatillər və
oğrularla rastlaşırıq. Onlara o cür münasibət bəsləmirik, lakin
fiziki və əqli cəhətdən qüsurlu olan bir "mavi"ni az qalırıq
öldürək. Hələ o şəxsin mavi olub-olmamasını da dəqiq bilmirik,
sadəcə, güman edirik.
Necə olur ki, həm "Samir" romanını yazıb, həm də xarici
ölkə prezidenti ilə görüşmək və diplomatik tədbirlərdə iştirak
etmək imkanı əldə edirsən?
- İxtisasca filoloqam. Dilçilik və ədəbiyyat üzrə təhsil
almışam. Bakı Slavyan Universitetində, filologiya üzrə fəlsəfə
doktoru elmi dərəcəm var. Hazırda Rusiya Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının 6-cı kursunda hüquq təhsili alıram.
Burada heç bir təzad yoxdur. Mən özümü siyasətçi hesab etmirəm və
ədəbiyyat da mənim peşəkar fəaliyyətimdir.
Cinsi azlıqdan bəhs edən kitab yazmaq zərurəti hardan
yarandı?
- Mən yazıçıyam və cəmiyyətdə olan hər şeydən yazmaq mənim həm
haqqım, həm də vəzifəmdir. Kimsə nələrsə barədə danışmaqdan utanır
və ya qorxursa, bu onun öz problemidir. O ki qaldı "Samir"
romanına, əslində bu, ciddi bir əsərdir. Əsərdə stilist
Samiraldonun cinsi azlıq olması ilə bağlı səhnələrə elə də çox yer
verməmişəm. Çünki mən onun o cür olub-olmaması barədə məsuliyyəti
öz boynuma götürə bilmərəm. Mən, sadəcə, cəmiyyətdə o cür insanlara
münasibətdən yazmışam.
Əslində, həmin romanda əsasən sosial problemlərdən bəhs olunur.
Nədir sosial problem? Orada elə ailələr təsvir edilib ki, qız
uşaqlarının doğulmasını istəmirlər. Oğlan uşağı xəstə doğulanda onu
uşaq evinə vermək istəyirlər, hətta övladlarından imtina edirlər.
Əsərdə təsvir edilən bütün bu qeyri-insani davranışlar
cəmiyyətimizdən götürülüb. Cəmiyyət Samiraldo adında birisi ilə
mübarizə aparır. Əslində isə Samiraldoların heç kimə ziyanı yoxdur.
Bu həyat onundursa, onu necə yaşayacağını də özü müəyyən edir.
Ancaq hamı onu daşlayır. Sosial şəbəkələrdə hamı onun şəklini görən
kimi təhqirlər yağdırır. Burada diqqəti başqa bir məqama çəkmək
istəyirəm. Gəlin görək, bir ailəni qətlə yetirmiş, cəmiyyətə ziyan
vurmuş və bundan sonra da ziyan vurma ehtimalı yüksək olan bir
cinayətkara qarşı həmin cəmiyyət və insanlar Samiraldoya
davrandıqları kimi kobud münasibət bəsləyə bilərmi? Dərd
orasındadır ki, həbsdə yatıb çıxandan sonra da bütün ətrafı və
qohumları həmin caniyə "sən kişisən, halaldı sənə" deyir. Bunun da
real səbəbləri var. Fikirləşirlər ki, pisləyərəm, gəlib məni də
öldürər, döyər. Amma Samiraldodan heç kim qorxmur, hamı çox
asanlıqla onu daş-qalaq edəcək cürəti özündə tapa bilir. Çünki
bilirlər ki, Samiraldo kimilər özlərini müdafiə etməkdə
acizdirlər.
Sizə elə gəlmir ki, cəmiyyətdə aqresiyya var və bütün
bunlar onun təzahürüdür?
- Bəli, düz qeyd edirsiz. Mən də düşünürəm ki, cəmiyyətdə bir
aqressiya var. Buna özünü ifadə instinkti də demək olar. İnsanlar
içindəki aqresiyyanı çıxarmaq istəyirlər. Başqasına görə yığılmış
aqresiyanı özündən zəifin üzərində çıxarmaq halları cəmiyyətimizdə
çoxalıb. Bu, olduqca təhlükəlidir. Heç fikir vermisizmi, yolda
gedəndə hansısa bahalı maşın bizim hüquqlarımızı pozanda, yolumuza
çıxanda və ya işıqforun qaydalarına riayət etməyəndə, buna səsimizi
çıxarmırıq, çəkinirik. Vay o gündən ki, bu qaydaları pozan "Jiquli"
sürücüsü olsun. Az qalırlar basıb gözünü çıxarsınlar həmin adamın.
İnsanlar "Reync-Rover" və ya "Porşe" sürənə bunu edə bilməzlər.
Görürsüzmü nə qədər ikiüzlülük var cəmiyyətimizdə? Həmin
"Reync-Rover" və ya "Porşe" sürən adam maşının sürətini qaldıranda
deyirik ki, halaldır buna, qoçudur e, gör necə sürür. Avtoşluq edən
kasıb olanda deyirlər ki, bu, qudurğanlıqdır. Samiraldoya olan
münasibət də elə bu cürdür.
Bir müddət Parlamentdə millət vəkilinin köməkçisi kimi
çalışırdın. Qanunverici orqandakı fəaliyyətin davam etsəydi,
"Samir" romanı yenə də yazılacaqdımı?
- Siz nəsə bu "Samir" romanı haqqında daha çox danışmağa
üstünlük verirsiz. Sizi başa düşürəm, amma yenə olsun, cavab verim.
Əlbəttə ki, davam edəcəkdim yazmağa. Hər hansı orqanda çalışmağı
ədəbi fəaliyyətimə əngəl olaraq görmürəm. Harda olmağımdan asılı
olmayaraq, yaradıcılığım davam edəcək. Mən içimdəki bu dalğanı boğa
bilmərəm. Yayımlamasam da, yenə yazacam.
Hazırda yazdığın kitab varmı?
- Bəli, hazırda bir kitab üzərində işləyirəm. Kitab "Həccə
Şahid" adlanır. Bildiyiniz kimi ötən ilin oktyabr-noyabr aylarında
Həcc ziyarətində oldum. Səfər zamanı gördüyüm, eşitdiyim, duyduğum
nə var idisə, o kitabda hamısı öz əksini tapıb. Buna "səfərnamə"
janrında yazılmış əsər də demək olar. Çünki kitabda əsasən yol
xatirələrim yer alıb. Bundan başqa, ziyarət zamanı yaşadığımız
xoşagəlməz olayları, zəvvarlar arasındakı bəyəndiyim və
bəyənmədiyim məqamları yazmışam. Bundan əlavə, bu kitabda Həcc
ziyarətinin bütün mərhələləri haqqında da geniş məlumat vermişəm.
İndi deyəcəyim məlumatı heç bir yerdə deməmişəm. Bunu eksluziv
olaraq, sizə deyirəm. Həcc ziyarəti xatirələrimdən ibarət olan
həmin kitabı bir qəzet qiymətinə satışa çıxaracam. Kitabın qiyməti
50 qəpik olacaq. Amma kifayət qədər irihəcmli kitab olacaq.
Təxminən 200-250 səhifəlik nəzərdə tutmuşam. Kitabın təkcə bir
ədədinin nəşriyyat xərci 2 manatdır. Məntiqlə mən o kitabı ən azı 4
manata satışa çıxarmalı idim. Mən ziyana düşsəm də, o kitabı öz
cibimin hesabına nəşr etmək istəyirəm. İstəmirəm ki, belə bir
kitabdan pul qazanım. Onu da deyim ki, kitabın satışından əldə
edilən o 50 qəpik də elə onu satan mağazalara və kitabın satışını
təşkil edənlərə çatacaq. Ancaq digər kitablarımın qiyməti 5-6
manatdır. Bir az da insanlara örk olsun deyə bunu edirəm. Çünki,
bəzən deyirlər ki, kitabların qiyməti çox bahadır və almaq olmur.
İndiki şəraitdə isə bir qəzeti almayıb əvəzində onun pulu ilə həmin
kitabı almaq olar.
Bəs kitabları hansı pul ilə çap edirsən?
- Dostlar sağ olsun, onlar kömək edirlər. Ailə imkanımız
normaldır, Moskvada biznesimiz var. Bütün bunlar imkan verir ki,
kitablarımı öz hesabıma çap etdirə bilim.
Biznes deyəndə nəyi nəzərdə tutursan?
Moskvada marketimiz var. Böyük marketdir, gündəlik lazım olan
bütün məhsullar satılır.
Tez-tez xarici səfərlərdə olursan. Bu səfərləri kimlər
təşkil edir?
- Səfərlərimin hamısı şəxsi tanışlıqlarımın hesabına baş tutur.
İlk zamanlarda ölkədən çıxıb hər hansı tədbirdə çıxış etmək çətin
idi. Ancaq indi bunları etmək çox asandır. Çətini azacıq tanınana
qədərdir. Ondan sonrası isə asandır. Həm də özümü PR qabiliyyətinə
malik birisi kimi təsdiq etmişəm. Çünki kitablarımın və xarici
səfərlərimin media ilə, sosial şəbəkələr ilə tanıtımını da özüm
həyata keçirirəm. Özümün şəxsi saytım var, 140 minlik rəsmi feysbuk
səhifəm var. Bütün bunlarla PR işimi də asanlıqla qura bilirəm.
Yeri gəlmişkən, feysbuk səhifəsini ödənişli reklama
qoyurdun. Səhifənin reklamına nə qədər pul
xərcləmisən?
- Uzun zamandır ki, feysbuk sosial şəbəkəsindəki səhifəmi
ödənişli reklam edirəm. Xərclədiyim pul o qədər də çox deyil.
Üst-üstə 10 min manata yaxın pul xərcləmişəm və 140 min izləyicim
var. Bunların da 80 faizindən çoxu Türkiyə və Şimali Kiprdən olan
istifadəçilərdir. Ona görə də, mənə tez-tez dəvətlər gəlir,
tədbirlərə çağırırlar. Məsələn, bu yaxınlarda Türkiyənin Süleyman
Dəmirəl və Mehmet Akif Ersoy universitetlərindən dəvətlər almışam.
Ayrı-ayrı vaxtlarda keçiriləcək konfranslarda iştirak etmək xahiş
olunur. Əvvəlki dəvətlərdən fərqli olaraq, bu dəfə mənim tək çıxış
etməyimi istəyirlər. Böyük bir salon qarşısında çıxış edəcəm,
Türkiyə-Azərbaycan münasibətləri barədə geniş məruzə edəcəm.
Ümumiyyətlə, feysbuk səhifəmi görüb, yaradıcılığımı izləyən
müxtəlif ölkələrdən dəvətlər gəlir, dövlət başçıları və nazirlər
ilə görüşlərimi görüb sevə-sevə dəvət edirlər.
Gənc yazarlardan kimlərlə dostluq edirsən?
- Cəlil Cavanşir və Əsəd Qaraqaplanla dostluq edirəm, Aqşin
Yenisey, Dilqəm Əhməd və s. yazarlar ilə də ümumi tanışlığım var.
Ancaq hər gün davamlı olaraq görüşüb-söhbət etdiyim yazar dostum
yoxdur.