"İş adamı"
layihəsində
"Doqquz yaşımdan qayçı işlədirəm. Mən bu sənətin
vurğunuyam. Türkiyənin hansı şəhərlərində işləmədim ki... Ankara,
Bursa, İstanbul. Hansı ölkələrə dəvət almadım ki... İngiltərə,
İtaliya, Kanada, Almaniya..."
Amma o, Bakını seçib.
- Zatən biz Azərbaycanı sevirik... amma məni bura gerçəkdən eşq
gətirdi... sevgimin, sevdiyimin ardınca gəldim sevgili Bakımıza...
- deyir "İş adamı" layihəmizin bu günkü qonağı türkiyəli saç
dizayneri Erol Gülay.
Erol Bakıya bu günlərdə gəlib. İş yeri də kirayələyib. Amma
dediyinə görə, yeni iş yeri kirayələyəcək:
- Burada təmir işləri gedir. Həm də dalanda yerləşir. Daha rahat
yer seçmək lazımdır.
Erolla yaxın günlərdə tərk edəcəyi iş yerindəyik. Foto
müxbirimiz İsmi bəylə onu sorğu–suala tutmuşuq. Müştərisi azdır.
Səbəbini soruşuram.
- Abi, iki gündür işə çıxdığım. 1-2 ay da keçsin, müştəri
bolluğundan yorularam, inşallah! - deyir.
Erolun ustası Tükiyədə ünlü saç ustası olan yeznəsi olub:
- Qayçı tutmağı, saçla "oynamağı" Gürcü Yılmazdan öyrəndim. O,
mənim bacımın həyat yoldaşı idi. Türkiyədə 100 nəfər ustadan biri
bunu edə bilər. Mən əslən qaradənizliyəm, dədə-babalarım
Trabzondandır. Ama özüm Bursada doğulmuşam. Sənətim məni Türkiyənin
böyük şəhərlərini gəzdirdi...
- Sən öyrəndin, bəs sənin şagirdlərin necə,
varmı?
- Var. Bizim ailə artıq Türkiyədə qızıl işi (kuyumçuluk) və saç
ustalığı adıyla tanınır. Biz hamımız zərgər və saç ustalarıyıq.
Qardaşıma da öyrətmişəm. İndi onun Bursada çox böyük bərbərxanası
var. Yetərincə tanınıb.
İnsanları saçından tanıya bilir
Erol çox sərbəst danışır. Çünki diksiya dərsi də alıb. Saç
ustalığını ən çox sevdiyi bir sənət kimi təqdim edir.
- Mən insanları saçlarının rəngindən, necəliyindən öyrənə, oxuya
bilirəm, - deyir.
Uzun müddət İstambulda çalışıb.
-Tanınmışlardan kimləri təraş etmisən? –
soruşuram.
- Birmi, ikimi, - deyir. - Müştərilərim arasında siyasət
adamları, nazirlər, nazir müavinləri, müşavirlər, dünya şöhrətli
aktyorlar, idmançılar, futbolçular və başqa idman növündə
çalışanlar olub. Sənətçilər də yetərincə idi.
İlhan Mansızın saç düzümü
- Erol, idman adamlarından kimlərin nazı ilə oynadın,
kimlər sənin xidmətindən yararlandı?
- Hansını deyim...
- Ən çox xatırladığın, ürəyincə olanı...
- 2002-ci ildə futbol üzrə Dünya çempionatı keçiriləndə İlhan
Mansızın saçına dizayn vermişdim. O, sonuncu oyunda atdığı qolla
Türkiyəni dünya üçüncüsü etdi. Bax, bundan sonra hər kəs o saç
düzümünü məndən xahiş edirdi. Gənclər də vardı, sənətçilər də...
İtaliyada işləmiş, təcrübə toplamış Piar Savolun yanında işləmişəm.
Amma dediyim kimi, Gürcü Yılmaz mənə çox şeylər öyrədib. O
Türkiyədə əfsanələşmiş biridir.
Əziz Yıldırımın saqqalı və 200 lirə mükafat
Erol tanınmış müştəriləri ilə birgə çəkdirdiyi şəkilləri
göstərir:
- Mənim müştərilərim həmişə elit adamlar olub. Tanınmışlar,
nüfuz sahibləri və sair...
- Olurdumu ki, kassanın pulunu ödədikdən əlavə jest
etsinlər, pulu artıqlaması ilə ödəsinlər. Bəzən, görürsən elə
müştərilər olur ki, heç qiymət söhbəti etmirlər.
- Elə hallar çox olub. Bizim qiymətlər müştərilər üçün elektron
tabloda yazılır. Baxır hansı işin dəyəri nə qədər olur. Məsələn,
bir dəfə "Fənərbaxça"nın prezidenti Əziz Yıldırım gəldi. Saqqalını
düzəltdim. İşimi bəyəndi. Məndən soruşdu ki, hansı komandaya
üstünlük verirsən. Özüm qalatasaraylıyam. Amma Əziz bəyin könlünü
"qırmaq" istəmədim, fənərliyəm dedim. Ona xoş oldu. İş tamam
olduqda kassanın 40 lirəsini ödədi, mənim də cibimə 200 lirə saldı,
"bu sənin mükafatındır", - dedi. Amma kassada oturan arkadaş
"beşiktaşlıyam" demişdi. Ona də 10 lirə verdi. Gülərək, "Erol
seçimini düz edib", - dedi. Bilirsən, bizdə sənət siyasətdən
uzaqdır. Biz azad sənətçiyik həm də. Bu baxımdan partiyalılığımızı,
tərəfliyimizi bildirmərik.
Əli Babacan, Sedat Bucaq...
Baxmayaraq ki, siyasətçilərdən də müştərilərim çox olub. Əli
Babacanın müşavirlərini, millət vəkili Sedat Bucağı və digərlərini
deyərəm. Dünya şöhrətli müğənni, Latın Amerikasından olan Riki
Martininin, "Qurdlar vadisi" serialındakı Mematinin ustası olmuşam.
Daimi müştərilərimdən isə Türkiyənin milli futbol komandasının
fənərbaxçalı hücumçusu Aurelionu göstərə bilərəm.
- Maraqlı hadisələr yəqin ki, çox olub?
- Bu insanların mənə müraciət etməsi elə maraqlı hadisədir
mənimçün.
- O qədər məşhurlardan uzaq düşdün. İndi Bakı sənin üçün
qərib bir yerdir...
- Mən burda heç qəriblik hiss etmirəm. Bura sanki illərlə
yaşadığım bir məkanmış. Usta kimi fəaliyyət göstərirəm. Heç bir
təlaş, həyəcan keçirmirəm. Mən prezident köməkçiləri, nazirləri
görmüşəm. Hətta sayın prezidentimiz "Gəl, saçımı düzəlt", - desə,
heç həyəcan keçirmədən istədiyini edərəm. Bu mənim sənətimdir.
Mən eşq dəlisi oldum...
- Dedin ki, Ankarada, Bursada, İstanbulda işlədin, orada
yaxşı para qazanırdın. Və birdən müştərilərinin bol olduğu yerdən
Bakıya gəldin. Hər şeyi yenidən başlayırsan...
- Məni Türkiyədən heç kəs, heç nə ilə qopara bilməzdi. Dedim
axı, məni haralara dəvət etdilər. Məni bura, doğma olan Bakımıza
eşq gətirdi. Kərəm kimi aşiq oldum, qəlbimə eşqin odu düşdü, Məcnun
kimi Leyla ardınca düşdüm, yerimdən-yuvamdan oldum. Sevdim mən,
abi, sevdim. Sizlərin gözəl qızlarınızdan biri, tanınmış şairəniz
Həyat xanım Şəminin sevdalısıyam. Bursada onun saçlarını
fenləmişdim və oradan da tanımışdım. Bursada bir simpoziuma
qatılmışdı xanım əfəndimiz. O üzdən də Bakıya gəldim...
- Həyatınız daha da gözəl olsun, Erol bəy!