Roberto Karlosun cinah müdafiəçisi kimi vinger keyfiyyətləri
hələ ilk klubu olan "Unio San Xuan" klubunda çıxış edərkən kəşf
olunub. Gələcəyin ulduzunu futbol seloksienerləri San Paulu
yaxınlığındakı kiçik "Qarsa" qəsəbəsindən tapıblar. Karlosun ailəsi
çox kasıb olub. Roberto və üç bacısı kiçik bir otaqda qalırmışlar.
Uşaqların oyuncaqları çox az idi, amma buna baxmayaraq, Karlosun
atası kiçik yaşlarından ona top hədiyyə etmişdi. Buna görə də
gələcəyin ulduzunu evdə tapmaq olmurdu.
Sol cinahın ağası
Artıq 14 yaşında Roberto Karlos "Unio"nun əsas heyətində
oynayırdı. Əvvəl mərkəzdə oynayan futbolçunu daha sonra məşqçilər
sol cinaha çəkirlər. Buna səbəb isə Karlosun sürətli cinah
keçidlərindən cinahda istifadə etmək idi. Məşqçilərin eksprimetləri
özünü doğruldur və Karlos uzun illər dünya futbolunda sol cinahın
ağası olur.
35 metrdən qol
16 yaşında futbolçu Braziliya U-16 millisinə dəvət alır. 18
yaşında gənclər millisində debut edir. İki il sonra isə onu
"Palmeyras" öz heyətində qatır. Artıq yeni klubunun heyətində "San
Paulo" qarşı ilk oyunda Karlos uzaq məsafədən mükəmməl qol vuraraq
"Palmeyras" azarkeşlərinin ürəyini fəth edir. Növbəti turlarda da
bəstəboy futbolçu rəqib komandanın qapıçılarını məyus etməyə davam
edirdi. Onun "Qremio"nun qapısına 35 metrdən vurduğu top isə
Braziliyada hələ də yaddaşlardadı.
22 yaşında əvəzolunmaz
Təəssüflər olsun ki, 1994-cü ildə Amerikada keçirilən və
Braziliyanın dünya çempionu olduğu mundialda Karlos heyətdə yer ala
bilmir. Həmin il onun yerinə məşqçilər Brankoya güvənmişdi. Amma
bir ildən sonra Kopa Amerikada Karlos millinin əsas oyunçusu
sayılırdı. Braziliya finalda penalti vuruşlarında Uruqvaya məğlub
olsa da, Karlos mükəmməl oyunu ilə artıq 22 yaşında millinin
əvəzolunmaz futbolçusna çevrilmişdi.
Saatda 140 kilometrlik sürət
Bir çox braziliyalı futbolçular kimi Karlos da Avropaya üz
tutur. Futbolçu "İnter"də keçirdiyi bir il ərzində 5 qol vursa da,
komanda yoldaşları ilə anlaşa bilməməsi onun İtaliyadan getməyinə
səbəb olur. 1996-cı ildən Madrid "Real"ına keçən futbolçunun ulduzu
İspaniyada parlayır. "Real"dakı oyunu ilə Roberto Karlos dünya
futbolunun ulduzuna çevrilir.
Artıq "Kral klubu"nun heyətində keçirdiyi üçüncü oyunda bəstəboy
ulduz sürətli cinah reydi ilə "Betis"in qapısından mükəmməl qol
keçirir. Az sonra qəzetlər futbolçunun saatda 140 kilometrlik
sürətlə qaçmağından yazırdı. Futbolçu həmçinin 100 metr məsafəni 11
saniyədən də tez qət edirdi. "Sambaçı" təkcə göstərdiyi oyunla yox,
həm də meydandankənar hərəkətləri ilə "Real" fanatlarının qəlbinə
yol tapmışdı.
1998-ci il Fransa uğursuzluğu
Karlos "Real"da bir ulduzun arzuladığı mümkün olan bütün
titulları qazanıb. 1999-2000 və 2002-ci ildə Çempionlar Liqasının
qalibi olan futbolçu 1998-2002-ci ildə klublararası dünya
çempionluğu qazanır. Bundan başqa o, üç dəfə İspaniya
çempionluğunu, iki dəfə ölkə Superkubokunu əldə edib.
Braziliya millisinin heyətində 1995-ci ilin uğursuzluğundan
sonra Karlosa iki dəfə Cənubi Amerika çempionluğu yaşamaq qismət
olur. 1998-ci ildə Fransada keçirilən dünya çempionatı futbolçu
üçün uğursuz keçir. Braziliya millisi finalda Fransaya 3:0 hesabı
ilə yenildi. Braziliya Zidanlı Fransa qarşısında "diz çökdü".
Çin səddini aşmaq
Buna baxmayaraq, dörd il sonra əfsanəvi müdafiəçi millisi ilə
birlikdə dünya çempionluğunu qazanır. Mundial Karlos üçün qrup
mərhələsində Çinin qapısına yol tapmaqla əlamətdar olur.
Roberto möhtəşəm qollarını mundialdan sonra da vurmağa davam
edirdi. 2003-2004-cü ilki Çempionlar Liqası mövsümündə Marsel
"Olimpik" ilə qarşılaşmada Karlos yenə özünəməxsus şəkildə topu
rəqib qapısından keçirdi... Əlbəttə ki, başqa bir əfsanə sayılan
Devid Bekhemin ötürməsindən sonra.
Peyğəmbərlik yaşında qürub
2006-cı ilə Almaniyada baş tutan dünya çempionatında Karlosun 33
yaşı var idi. Futbolçu üçün bu yaş dövrü karyerasının qürub çağı
sayılır. Bu çempionatda Braziliya yenə Fransa səddini aşa bilmədi
Və müdafiəçi milli karyerası ilə vidalaşdı.
Sonuncu dayanacaq
Onun sonrakı karyerası Türkiyə ilə bağlıdır. 2007-ci ildə
Türkiyənin "Fənərbağça" klubu braziliyalı futbolçunu heyətə qatır.
2 il İstanbulda oynadıqdan sonra doğma vətənə qayıdır. 2 il
"Korintians"ın uğurları üçün tər tökdükdən sonra Rusiyanın varlı
klublarından olan "Anji" onu heyətinə cəlb edir. Karlos futbolçu
karyerasını "Anji"nin heyətində 2012-ci ildə başa vurur. Bir müddət
Mahaçqala klubunda rəhbər vəzifə tutduqdan sonra bu mövsümün
əvvəlində Türkiyənin "Sivaspor"klubunun başına keçir. Futbolçu kimi
dahi olan Karlosun məşqçi kimi də dahi olacağını demək olmaz. Amma
o futbol tarxində artıq öz adını yazdırıb...