Bayırdan
Bayıla… Bayıldan bayıra
Adı gələndə hər kəsdə vahimə yaradan bu məkan haqda çox yazıb,
çox danışıblar. Əslində, paytaxtımızın qədim yaşayış məskənlərindən
olan Bayıl yaylası haqda daha çox xoş sözlər yazmaq mümkündü. Amma
Bayıldan danışarkən istər-istəməz yada indi tarixin səhifələrinə
gömülməkdə olan türmə düşür. Mənim Bayılla ilk "tanışlığımın" da
yaddan çıxmayacaq anları çox olub. Qalın, "quş uçmaz", "yel
adlamaz" divarlarla əhatələnmiş bu "qala" divarları arasında çoxlu
sirlər yatır. Kameraların divarlarına hopmuş qan izləri, göz
yaşları, inilti-hıçqırtı düşüncələrinin hakiminə çevrilir.
Dustaqların danışdıqları hekayətlər, "başa gəldilər" qorxulu və
sehrli bir nağıla da bənzəyir. Bayıl türməsinin həyətindəki
ağacların sıx yarpaqları da insana sərinlik vermir. Bu ağaclarda da
bir hüzün, matəm yarpaqlayır, çiçəkləyir. Əsasən dekorativ
ağaclardan ibarət olan bu yaşıllığın içərisində Abşeron təbiətinə
xas olan ağaclar da var. Tut, əncir, zeytun və sair… Sözsüz, bu
ağaclara qulluğu "mastoviklər", yəni "zona" çıxmağa ehtiyatlanan,
"qrexi" olan, yaxud başını nə cürsə dolandırmağa çalışan az
"sroklu" məhkumlar edir. Görünür, elə buna görədir ki, bu ağacların
bəhrəsi, beş addım o yanda – qalın hasarların o biri üzündə bitən
ağacların bəhrəsinin tamını vermir. Bunu söhbət etdiyim, yönü bu
tərəflərə bir neçə dəfə düşən köhnə dustaqlar deyir. Elə
"nadzorlar" da, "DPN"ka işçiləri də bunu təsdiqləyir. Bir dəfə mənə
kənddən əncir ağacının barından gətirmişdilər. Əncirdən dadan əslən
laçınlı olan zabit belə dedi: "Burdakı ağacdan bir neçə əncir
dərdim, tamından qan-irin iyi gəldi". Bir dəfə görüşümə gələn
doğmalar vasitəsilə azyaşlı qızıma Bayıl türməsinin həyətində
əkilmiş güllərdən bir neçəsini dərib göndərmək istədim. Yarım
saatlıq görüşün sonunda çiçklər təmiz solmuşdu, ətri isə demək olar
ki, dərəndə belə yox idi. Sonralar "Bu çiçəyin rəngi niyə solubdu"
adlı şeir yazdım. Elə Bayılda olarkən "Ulduz" jurnalında dərc
olundu. "Burda darıxmaq olmaz" şeirlər kitabımda bu və buna bənzər
şeirlər öz əksini tapıb. Bayırdan Bayıla hansı ovqatla "daxil
olursansa", elə Bayıldan da bayıra eyni ovqatda köklənirsən.
Getdik piano çalmağa
Bunu balacaboy, qıyıqgöz, sifətində dünyanın bütün namərdliyi
əks olunan kiçik ədliyyə serjantı dedi. "Birincilər" – ilk dəfə
həbs olunan bizlər bir-birimizə baxdıq. "Köhnələr", barmaq
izlərimizi götürəcəklər dedilər. 1-ci korpusun 2-ci qatında növbə
ilə bizi aparıb qarşıdan və profildən şəklimizi çəkib,
barmaqlarımızı mürəkkəbə batırıb xüsusi nömrələnmiş, adımız və
təqsirləndirildiyimiz maddələr qeyd olunmuş blankların üzərində
piano çalırmış kimi gəzdirdilər və bir çox mənasız suallarla
sorğu-sual etdilər. Səhhətimizlə də maraqlandılar. Həkim
nəzarətindən keçirib, döyülüb –döyülməməyimizi, hər hansı işgəncəyə
məruz qalıb-qalmamağımızı da soruşdular. Həkimdən çox piştaxta
arxasında oturan satıcıya oxşayan dazbaşın birisi "iki şirvan
verməlisiniz, sizin hər hansı bir xəstəliyiniz olsa, mən müalicə
edəcəm" dedi. Təzələrdən təkcə mən, köhnələrin isə hamısı iki
"şirvan"ı həkimə çox gördü.
Burda hava da pulnandı
Adımı, soyadımı qeyd edən həkimə "sənə niyə pul verməliyəm ki"
deyib, "dikbaşlıq" etdim. Gülümsədi. Maddəmlə mürciət etdi: "311 (
bu maddə rüşvət almaqda təqsirli bilinənlərə şamil olunur – F,B),
aldığından istədim də… vermirsən canun sağ olsun! Burda havanı da
pulnan verirlər". Düz də deyirdi. İsti yay günlərində balaca, dar
kamerlarda havasızlıqdan ciyərlərımız pörşələnəndə növbətçilər
"kormuşka"nı bağlayırdılar. "Kormuşka" kameraların qalın dəmir
qapılarındakı balaca nəfəsliklərdi ki, əslində burdan dustaqlara
yemək paylanır. Qanunla bu "fortuçka" ancaq ərzaq və digər əşyalar
veriləndə açılır və bir-neçə dəqiqədən sonra bağlanır. Bir neçə
manatın müqabilində bu "kormuşka"lar açıq qalır ki, dəhlizdən sərin
və təmiz hava içəri daxil ola bilsin. Ümumiyyətlə, hər yerdə olduğu
kimi, burda da pul əsas rol oynayırdı. Amma 1-ci korpusun 1-ci
qatının starşinası gizir Xeyrulla belə xırdaçılıqlara yol verməzdi.
Bu kişi doğurdan da dustaqlarla mehriban idi və hər kəsin işinə
yaramağa çalışırdı. Məhz buna görə də dustaqların ona etdiyi
"hörmət" halallıqla olurdu. Ona ötürülən pulu geri qaytarmasa da,
heç vaxt dili ilə kimsədən pul və ya ərzaq, sabun, mer-meyvə
istəməzdi. Güclü yumor hissi vardı və köhnə dustaqların təzələri
"prikola" tutması zamanı bəzən tərəf kimi əylənməyi də "şəninə
sığışdırırdı". Bir dəfə belə bir hadisə oldu.
Bazarlıq
Bir nəfər narkotikaya meyilli cavan oğlan, gənc bir qızın
boynundan qızıl zəncirini qopararaq aradan çıxmaq istəyərkən, elə
həmin qızın çevikliyi sayəsində ələ keçmişdi. İndi həmin cavan
25-ci kamerada özünü qınamaqla, taleyindən şikayətlənməklə dustaq
ömrünə vərdiş etməyin yollarını arayırdı. Dikbaşın və
özündənrazının biri idi, həm də. Mir Aqil adlı Cəlilabaddan olan
dustaq deyirdi ki, adə, a bala, sən hələ duzlağa çatmamısan? Başa
düşmürdü ki, bu onun hələ "duza getməsinə" işarədi. Dustaqlığın
özünün başqa yolları, əxlaq və davranış qaydaları var. Bu adamın
nəzərində təkcə mən cinayətkar, daha doğrusu "svoyski" deyildim.
Özünü "bu yolun yolçusu" sayan bu adam, "pristupnı mir"in
sayılmışlarından olacağını tez-tez dilinə gətirməklə hər kəsdə
ikrah hissi oyadırdı. Əslində, kameradakılar da, Bayıldakı
adminstrasiya da mənimlə bağlı onun kimi fikirləşirdi. Mən onların
nəzərində yolu səhv salmış "posajir" idim. Hörmətimi saxlayır,
maraqlandığım bütün xırdalıqlara aydınlıq gətirirdilər. Yazı-pozu
adamı olmağım, onlara latın qrafikasında yazıb-oxumağı öyrətməyim
"müəllim" "tituluna" sahiblənməyimə səbəb olmuşdu. (Burda hər kəsin
əməlinə, xarakterinə görə adı vardı. "Zon"da isə "şair" kimi
tanınacaqdım - F.) İndi, adını çəkmək istəmədiyim bu gənc
"razboynik", bir gün məndən soruşdu ki, hər səhər kameradkı
yoxlanışdan sonra 1 ya 2 nəfəri hara aparırlar və niyə ancaq axşam
qaytarırlar? Bunlar məhkəməyə aparılan dustaqlar idi. Məqam
çatmışdı. "Pristupnı mir"in bilicisi ilə əylənməyi başqa vaxta
saxlamadım: "Bilirsən, hər gün bizlərə qıraqdan yemək-içmək, meyvə
və başqa şeylər gəlir. Bu adamlar yaxınlıqdakı Səbayel bazarına
bazarlığa gedirlər. Türmə rəisinin adına ərizə yazırlar və axşam
qayıtmaq şərti ilə yarım gün də olsa azadlığın havasını udurlar".
İnandı. Məndən xahiş etdi ki, starşinaya deyək, o da bir gün
bazarlığa çıxsın. Kameradakıların qulağı söhbəti alan kimi, "yox,
səni buraxmazlar, hələ təzəsən, gözlə bir az" dedilər. Qardaş əl
çəkmədi. Razılaşdıq. Qapını içəridən döyüb növbətçi "nadzoru"
çağırdıq. Dedik ki, starşinanı çağır. Xeyrullaya vəziyyəti
anlatdıq. Sabah "bazarlığa bu gəncin göndərilməsini" xahiş etdik.
Köhnə qurd olan Xeyrulla bunun mümkünsüz olduğunu dedi. Artıq oyun
başlamışdı. Starşinaya "qoy ərizə yazsın, müzakirə edin, rəhbərliyə
xəbər verin, bu onun islah olunmasında mühüm rol oynayar" dedim.
Xeyrulla "nə deyirəm, əgər belə məsləhət bilirsinizsə, qoy
ərizəsini yazsın" dedi. "Strimit" etmək istəyən "dostumuz" artıq
"atmosferə" düşmüşdü. Oyunu mən başlamışdım, mən də başa çatdırmalı
idim. Mənim "ovuma" heç kəs girişə bilməzdi. Ancaq və ancaq
yardımçı olmalı idilər. Ona qələm-kağız verib dedim ki, ərizə yaz.
Gördüm, çətinlik çəkir. Ərizənin necə yazılmasını ona başa saldım.
Mən dedikcə o yazırdı. Ərizə türmə rəisinin adına ünvanlanırdı.
Ərizədə rəisin - ədliyyə polkovniki Misir Əliyevin dustaqlara qarşı
atalıq qayğısından, səhər axşam özünü onlardan ayrı tutmamasından,
dustaqlar kimi "balanda" yeməsindən, məhz buna görə də balandanın
kefiyyətinin günü-gündən artmasından, nümunəvi dustaqların hər ay 3
günlük evə buraxılmasından bəhs olunurdu. Eyni zamanda qeyd
olunurdu ki, bütün bunlar heç də təsadüfü deyil. Çünkü rəisin
doğulub boya-başa çatdığı Cəbrayıl rayonu Cənubi Azərbaycanla
sərhəddə yerləşir, o, uşaqlıq illərini Xudafərin körpüsünün yanında
keçirib, hal-hazırda həmin rayon ermənilər tərəfindən işğal olunub
və vətən həsrəti cənab rəisi məhbuslarla insani münasibət saxlamağa
vadar edir. Sonda da xahiş olunurdu ki, bütün bu yüksək
keyfiyyətlərin daşıyıcısı olan cənab rəis həmin dustağın xahişini
nəzərə alsın, yaxınlıqdakı Səbayel bazarından bazarlıq etmək üçün
ona icazə versin. Lakin ərizə özünün müsbət həllini tapmadı. Səhəri
gün Xeyrulla ərizəni geri qaytardı. Dərkənarda yazılmışdı ki, ərizə
kiril əlifbası ilə yazıldığına və xeyli orfoqrafik səhv olduğuna
görə baxılmasın. Dustağa tövsiyyə edilsin ki, yeni əlifbanı
öyrənsin. Axşam gəzintisində kameranın "smatriyaşisi" Mir Aqil
Xeyrulannın cibinə "obşaqın" pulundan 5 manat salmaq istədi.
Razılaşmadı, "xeyli gülmüşəm" dedi, bu mənə bəsdi.
Layihəmiz başlayır
Bu yazdıqlarımı bizim "Keçmiş məhbus həbsxana qapılarında"
layihəmizə giriş kimi qələmə aldım. Bayıl təcridxanası ləğv edilsə
də, "Bayıl" bəlkə də həmişə məhbəs həyatının başlanması
assosiasiyasını yaradacaq kəlmə kimi qalacaq. Beləcə, sizinlə
Bayıldan bayıra çıxırıq.