Biri var, taksidən payıza düşəsən, bir də var,
falçıya…
Həm də özünü "ölkənin bir nömrəli falçısı" adlandıran adamın
qəbuluna. Bu xoşbəxtlik mənə elə də baha-başa gəlmədi. Cəmisi 35 km
yol, 6 litr benzin, 1-cə manat pul və tragikomik bir payız gününü
israf eləməklə yeni layihəmizə start verdik.
Budur, "ölkənin bir nömrəli baxıcısı", efirdən hamının yaxşı
tanıdğı Yeganə Zeynalovanın qəbulundayıq. Yeri gəlmişkən, bu
layihəmizdə biz də sizləri yalnız "tele-ulduz falçı"larla yenidən
görüşdürüb, onları yenidən sizə göstərəcəyik.
"Ayfon", "Marlboro" və… Qurani-Kərim
Açıq qapıya vurulmuş qara rəngli pərdənin arxasından bizi içəri
dəvət edən hökmlü bir səsin ardınca otağa girdik. Evin yuxarı
başında nağıllardan təsəvvür etdiyimiz padşah taxtlarına bənzəyən
bir divanda başdan ayağa qara geyinib-bürünmüş Yeganə xanım
əyləşib. Qarşısındakı masanın üstündə qızılı rəngdə su ilə dolu
cam, Qurani-Kərim, "Ayfon" telefonu, külqabı, alışqan və original
"Marlboro"siqareti vardı.
Diqqətimi çəkən ilk məqam qəhrəmanımızın tatuaj qaşları və divar
boyu düzülmüş diplomlar, sertifikatlar ("Zirvədəkilər", "Gənclərin
dostu", "Yaxşıların yaxşısı" və s.) oldu. Deməli, qədirbilən
xalqımız sənətkarımızı qiymətləndirməyi bacarıb.
Salamlaşıb, xanımın qarşısında əyləşdik. Bizi əməlli-başlı
süzdükdən sonra siqaretindən birini çıxarıb yandırdı. Təbii ki,
diqqətimdən yayınmayan xınalı əlləri və manikürlü dırnaqları
xanımın baxımlılığından xəbər verirdi.
Ancaq "yuxarıların" bildiyi nömrə
Siqaretindən xüsusi ədayla dərin bir qullab alıb soruşdu:
- Nömrəmi hardan almışdız? Axı mənim bu nömrəmi "yuxarılar"dan
başqa heç kim bilmir?!.
Təbii ki, naşı müştəri və qeyri-peşəkar jurnalist kimi həyəcanla
soruşdum: "Yuxarılar, yəni kim?" (Həmən də səhv buraxdığımı anlayıb
özümü biryolluq yığışdırdım və daha təmkinli olmağa qərar
verdim).
- Kim olacaq, iş adamları-filan, - dedi.
Ağlıma gələn ilk ad Günay oldu:
- Günay xanım verib nömrənizi. Həm də televiziyadan görmüşdük
sizi. Maraqlandıq, ən yaxşı baxıcı kimi sizi məsləhət gördülər.
Xanım yerində qurcalanıb bir az da özündənrazı gorünüş alaraq,
uydurmamıza öz reallığını əlavə etdi:
- Bəli, mən bu ölkənin bir nömrəli baxıcısıyam. Allahşükür
Paşazadənin razılığıyla çıxmışam, burda da onun hesabına oturub
işləyirəm.
Təbii ki, "heyrətlənməliydik".
Alt-üst bədənlə işləmək vergisi…
Yeganə xanım sürücümüzə üzünü tutub: "Sən bayırda gözlə", -
deyir. Mən, "qalsın, problem yoxdu", - desəm də, qaş-gözlə çox özəl
suallar verəcəyini bildirir. Deyəsən, bir balaca çətinə düşürük:
diktofon sürücümüzün cibində olduğundan, o da mənimlə içəridə
qalmaqda israr edir. Xanım üz-gözünü turşudur:
- A kişi, mən burda Amerika açımram ki! Alt-üst bədənindən
girirəm, çünki qurbanı olduqlarımız mənə alt-üst bədənlərlə bağlı
əcayib suallar verir. Biz müştərinin bədəni ilə işləyirik.
Sürücü çarəsiz qalıb, otaqdan çıxır. Mən də bu "alt-üst"
bədənimin nə olduğunu və qurbanıolduqlarımız üçün nə maraq
doğuracağını düşünə-düşünə donub yerimdəcə qalıram.
Anal, oral sekslə məşğul olmusan?
Keçək, ömründə bircə dəfə də olsun falçı qapısı tanımayan
adamlara belə məlum olan ilkin mərhələyə. Yəni sual atəşinə:
"Adın? Ananın adı? Ailəlisən və ya ayrılmısan? Neçə yaşın var?
Uşaq var, ya yox? Harda işləyirsən?.."
Bunlar öz yerində, amma bu məqamda özünün ət ürpəşdirən intim
suallarıyla falçımız doğrudan da butun mənalarda Yeganə olduğunu
mənə danılmacayaq şəkildə isbat edir.
Şablon suallarıyla məni xeyli yorduqdan sonra gözlərini yumur.
Çox çəkmədən əcayib səslərin müşayiəti ilə sir-sifətini əyib elə
hala salır ki, qorxmağıma baxmayaraq, qəşş eləməməkdən ötrü
dodaqlarımı dişləyib yara eləmək zorunda qalıram.
Gözlərini açan kimi deyir:
- Anal, oral sekslə məşğul olmusan? Bilirsən, qurbanı olduqlarım
soruşur bunları ki, mənə doğru cavab versinlər.
Yox, artıq bu dəfə gülməkdən özümü saxlamağa istedadım çatmır.
Rəsmən şok!
Qısa özətlə avtobioqrafiyamı aldıqdan sonra "gördüyü" ilk
faktları sadalamağa başlayır.
- Üç-dörd dəfə yoldaşınla ayrılmaq qərarına gəlib, sonra
fikrindən daşınıbsan. Axırda ayrılmağın yeganə yol olduqunu
görmüsüz. Əslində isə özünüz də bilməmisiniz ki, bu sizə olunan
əməl-cadudandı… Nəsə, artıq bunlar keçmişdə qalıb. İndi bilmirəm, o
vaxtdan qalan caduların nəticəsindəndi, yoxsa sonradan edilən
cadulardandı, üstündə əməl, yollarında bağlılıq var.
Xırdaca xərci var – 1500 manat
- Bu əməllər mənə nədə mane olur?
- Arzu, əməl, niyyət. Belə baxırsan, normal adamsan, amma
xırdalıqlara girəndə görürsən ki, ayaqlarının altı qaranlıqdı. İndi
neyləyək?
Eyni sual dolu saxta baxışlarla mən də çiyinlərimi çəkib,
yazıq-yazıq qadının gözlərinin içinə baxıram.
Cavab yubanmadan falçımızdan gəlir:
- 1500 manat!!! On beş günə səni edəcəm anadangəlmə. Bədənindəki
dəyişiklikləri özün hiss edəcəksən.
- Axı mənim səhhətimdə heç bir problem yoxdu?
- Ay qız, sənin üstündə özünün də bilmədiyin şeylər var.
Artıq bazarlığa başlamağın vaxtı çatıb.
- Heç olmasa, minə düşün, özünüz də yəqin ki, baxanda görürsünüz
də, maddi imkanım zəifdi.
Üzünə it də baxmayan qızları ərə verirəm
Yeganə xanımın üzünün ifadəsi büsbütün dəyişir və üstümə güllə
kimi açılır:
- Mən də varlı yerin qızıyam, varlı ailənin gəliniyəm. Sizin
pula qalmamışam. Amma nə edim ki, Allah-taala məni bu işə təyin
edib. Mən belə xırda işlərə girmirəm ee… İndi belə baxıram, bədbəxt
gəlinsən. Allah yolunda kömək etmək istəyirəm. Ən aşağısı, on
minlik iş görürəm. Elə qızlar var, adını it də çəkmir, mən onların
üzərində işləyib 9 aya ərə verirəm. Amerikadan, İrandan, Türkiyədən
zəng edirlər, gəlib aparırlar məni. Bəh-bəhlə gedib, bəh-bəhlə
gəlirəm. Qara adamlarla işləmirəm mən. Olur ki, nömrəmi
ordan-burdan çırpışdırırlar (Bu arada, deyəsən, bizi
tanınmaza-bilməzə qəbul etdiyini, elə bizim də "qara adam"
olduqumuzu unudur).
Baxan kimi görürəm: bakirə deyillər…
Davam edir:
- Adam var, gəlib deyir ki, dörd villam var, kömək elə, yaxşı
qiymətə satım, ikisinin pulunu sənə verəcəm. Razılaşmıram. Axı mən
makler deyiləm. Biri gəlir ki, beş diplomum var, kömək elə, keçim
vəzifəyə. Baxıram, əsgərliyə getməyib, boynuma çəkmirəm.
Naxçıvandan yaxşı imkanı olan bir qadın yanıma qızı ilə gəlmişdi.
Deməli, hər səhər qızı iş adı ilə evdən çıxıb bir rəssamın yanına
gedir, normal qadın kimi yoxaaa… Orda pis işlərlə məşğul olur.
Təbii ki, mən baxan kimi bunu gördüm, anasını çölə çıxartdım, qızla
tək danışdım. Qız ağlayıb dedi ki, mən manyakam, mənə kömək elə.
Bir aya manyaklığını götürüb, qızı təmizlədim. Ərə getdi. Dörd-beş
minim cibimdə… Belə müştərilərim çox olur. Hamısına da kömək
edirəm. Analarıyla gəlirlər, baxan kimi görürəm, bakirə deyillər,
analarını çölə çıxarıb özləriylə işləyirəm. Yazdığımı yazıram,
yerdə nə problem qaldısa, həkimini-filanı tapıb, düz-qoş edir, ərə
verirəm.
Yanıma daha çox qızıl axtaranlar gəlir. Bir qırıq təyyarə var
ee, Kürdəmirə çatmamış rayonun girişində. Həəə, xatırladım,
Hacıqabul rayonunda. Hərbi hissəyə yaxın yerdə bir bağ var, onun
sahibi vəzifəli adamdı. Baxıcılar onu aldadıb ki, həyətində qızıl
var, qoyun oğlu qoyun bir ildi əsir-yesirdi qızıl axtarmaqdan.
Gəlib məni apardı. Gedib göstərdim ki, buranın filan yerlərində
qızıl olub, amma sizdən əvvəl tapıb çıxarıblar. Sağ olsun, balıqdan
belə, necə lazımdı, hörmətimi edib məni yola saldı. Mən olmasaydım,
bədbəxti hələ də soyurdu fırıldaq baxıcılar.
Cin vurmuş kimi diksinir…
Falçımızın ürəyini açılmış görüb soruşdum: "Siz cinlərlə
işləyirsiniz?" Cin vurmuş kimi diksinib üstümə qışqırdı: "Dur çıx
çölə!" Çöl demişkən, deyəsən sürücümüzü xatırladı: "Onu isə içəri
çağır". Mən qapıya çatanda arxadan bir də soruşdu:
- Adın nə oldu sənin?
- Sona.
- Sona, sənin öz ailən tərəfindən sənə cadu olunub. Ailəndə
şübhələndiyin biri var?
- Nə bilim, bəlkə də…
- Yaxşı, bunu gələn dəfə danışarıq.
Maykanı gətir, ona dua yazacam
Sürücünü çağırırıq. Deyir: "Bu qız Allaha şükür etsin ki, bu
qədər əməl, cadu ilə sağ-salamat qala bilib. Apar bunu yeddi piri
gəzdir, gətir yanıma. Sonra qiymətini danışarıq, işi çox olduğuna
görə xərci böyükdü. İndi gəl otur, sənə də baxım. – Bir az fikrə
dalandan sonra falçımız xırdalayır: - Bahoo… Bu nədi? Sən də eyni
dərddəsən ki! Yollarında bağlılıq var. Mənə bir maykanı, bir ətir,
bir də qızıl gətir, üzükdən başqa nə olur-olsun. Maykanı yazacam,
iyirmi gün əynindən çıxarmayacaqsan.
Sürücümüz dilini dinc saxlamır:
- Bunu bir həftəlik yazmaq olmaz? Ailəli adamam, kir basar,
iylənib eləyərəm, arvad çıxıb gedər, qalaram başıma döyə-döyə.
-Yaxşı, gecələr çıxara bilərsən. Amma bu, elə-belə dua deyil
aaa… Göz-nəzər, niyyət, əməl duasıdı.
Gözü əlində varlı xanım və cibdə sıfır
qəpik…
Beləcə, gəlib çatdıq işin ən önəmli yerinə. Cibdə sıfır qəpik və
qarşımızda gözünü əlimizə dikmiş imkanlı xanım. Yavaş-yavaş
ayağımızı qapıya tərəf sürüyürdük ki, masanın üzərindəki "Quran"ı
açıb, üstümüzə çımxırdı:
- Halallıq haqqını qoyun
"Quran"ın arasındakı bir dollarla on manatlıq diqqətimdən
yayınmır.
Pirlərdən çıxıb gələndən sonra haqqını verəcəyimizi, hazırda
cibizmizdə pul olmadığını deyirəm. Adam əlini masanın üzərindəki
külqabına atanda işin ciddiyyətini anlayan sürücümüz əlini tələsik
cibinə salıb bir manat çıxardır. Bu arada xanım manatlığı götürsə
də, biədəb söyüşlərlə bizi yamanlamağa davam edir.
Belə, özü demişkən, bəh-bəhlə yola salınıb maşına oturmuşuq
artıq. Amma Yeganə xanım arxamızdan hələ də söyüb, haqqını halal
etmədiyini qışqırırdı.
Final
Yolumuzun üstündəki pirlərin siyahısını almaq üçün Həmid
Herisçiyə zəng vururuq. Gerçəkdən bəxtimiz bağlanıbmış: Herisçiyə
zəng çatmır...