- Səni tanıyıram,
siqaretindən görüm bir...
Səsə tərəf dönüb, hündürboy, şıq geyimli, eynəkli kişiyə
diqqətlə baxdım. Tanımadım. Siqaretə isə qonaq etdim.
İllərin acgözü kimi siqaretin tüstüsünü ciyərlərinə çəkdi.
Ovurdları bir-birinə yapışacaq qədər içəri dartıldı. Burnundan
aramla çıxan tüstü eynəyin altından gözlərinə tərəf "süründü".
Bozumtul tüstü onun qaşlarının cütləşdiyi yerdən alnına dağılmış
saçlarının arasına doldu.
Kənara çəkildim. Özüm də bir siqaret yandırıb, Xətai rayonu,
Gəncə prospektindəki avtoyuma məntəqələrindən birində maşınımın
yuyulmasını gözləməyə başladım. Üzlü adama oxşayırdı. O isə yenə də
mənə yaxınlaşdı. Köhnənin tanışı kimi:
Beynəlmiləl döyüşçü
- Səni çox yaxşı tanıyıram, Əfqanıstanda bir yerdə vuruşmuşuq.
Sizin rotanı mühasirədən biz çıxartdıq, – deyib, üzümə baxdı. Eləcə
gülümsədim. "Kiminləsə səhv salıb yəqin", - fikrimdən
keçirtdim:
- Səhv edirsiz, sizin əsgər yoldaşınız mən deyiləm. Həm
də siz məndən ən azı 5 yaş böyük olarsız.
- Ola bilər sən olmayasan. Amma mən harada yaxşı adam görürəm,
elə bilirəm ki, o mənim döyüş yoldaşımdır...
Onunla tanışlığım və indicə oxuduğunuz müsahibə beləcə alındı.
"İnsan talyi" layihəsinin budəfəki qəhrəmanının adı Hüseyndir.
Əvvəllər yük qatarında bələdçi işləyib. Danışdıqlarından məlum
olacaq ki, çox ağır günlər yaşayıb.
- Yəqin işin çox maraqlı olub. Gəzibsən bütün "soyuz"u?
– elə-belə, söz demək xatirinə dedim.
- Hə, gəzmədiyim yer, oturmadığım kol dibi qalmayıb. Yaxşı da
qazanırdım. Sonra qayınlarım dedi ki, gəl, fərli-başlı bir işin
qulpundan yapış. İşimi atdım, gəldim onların məsləhəti ilə düşdüm
oyuna. İndi də özüm qulpam onlara, yapışmışam, əl çəkməyəcəm...
Maşını yuyan oğlan qaş-gözü ilə mənə işarə etdi ki, ona baş
qoşmayım. Sonra da fürsət tapıb:
- Siqaretin qurtarana qədər danışacaq. Bunu heç qohumları adam
yerinə qoymur.
Pıçıltı ilə dedi və əli ilə də maşının güzgüsünü göstərdi. Belə
görüntü yaratdı ki, mənimlə maşın haqda danışır.
Kişinin malı göz önündə
Hüseyni "Avtoyuma"nın yanındakı çayxanaya dəvət etdim:
- Bəlkə bir çay içək?
- Gedək, – dedi. Özünü məndən qabaq stola yetirdi. Çayçı oğlana
ərklə:
- Mən deyən çaydan dəmlə, - dedi.
Çay ya doğurdan da tamlı idi, ya da susuzluğun gətirdiyi
yanğıdan idi ki, ləzzətlə içirdim.
Hüseyn hələ də danışırdı:
- Məni burda hamı tanıyır. Bu "moyka" kiçik qaynımındır.
İçərilərində kişi adam elə o çıxdı. Siqaretini ortaya qoy. Çay
içə-içə siqaret çəkməyin ayrı ləzzəti var.
Siqareti stolun üstünə qoymağa imkan vermir. Əlimdən alıb bir
gilə götürür. Sonra da düz mənim qarşıma qoyur:
- Kişinin malı göz önündə, qoy burda dursun, - deyir.
Hüseynlə söhbətimin maraqlı alınacağı əminliyi var məndə:
- Sən əsgərlikdə harada olubsan?
- Çexislovakiyada, – çayı boğazından aşağı ötürüb, udqunaraq
deyir.
- Bəs bayaq dedin Əfqanıstanda xidmət
edibsən?
Eynəyini çıxarıb solfetlə silir. Başını aşağı dikir. Guya
utanır:
- Nə bilim, sözdür də dedim...
Üz vurmuram. Stəkanıma süzdüyü çaya görə təşəkkürümü
bildirirəm.
- Dəyməz, - deyir.
Sonra yenə də qayınlarının namərd olmasından bəhs edir:
- Məni quru yerdə saxladılar. Vaqonda işləyirdim. Xabarovska
çaxır aparırdıq. Gələndə bir kisə pulla gəlirdim. Sən öləsən, yalan
deyirəmsə, hər stansiyada çaxırı satıb yerinə su tökürdük. Pul
xəzəl kimi idi. Stansiyaların "uçastkovu"suna bir banka çaxır
verirdik, başımıza dönürdülər.
Kopolunun sovet hökuməti
Hüseyn danışır ki, qazandığı pulun sayını bilmirdi.
- Heç "zbilkassada da" ("Sbereqatelni kassa" – bankı (əmanət
bankı) nəzərdə tutur. - F.B) o qədər pul olmazdı. Pul deyirəm
e...
Sonra yenə də siqaret yandırır, aramla danışır:
- Kopolunun sovet hökuməti. Aya, bas dağıt da, bir köpək oğlu
sənə bir söz deyirdi, gör? – ötən günlərin şirinliyini yaşayır.
Stəkandakı yarımçıq çayımı ayaqlarının altına töküb, yeniləyir.
Üzünü çayçı oğlana tutur:
- Bu çaynikin birini də gətir, - sonra mənə tərəf dönür, – getdi
o günlər, daha geri dönməz. Putin ha çabalayır, alınmayacaq
onda...
Onu siyasətin cəngindən qoparıram:
- Hüseyn, danış görüm o pulları neynədin?
- Heç nə, qayınlarım dedi ki, vəziyyət qarışıb, hökumət dağılır,
bu pulla gərək bir iş quraq. Verdim onlara. Onlar da bir iş yox,
çox iş qurdular. İndi qalmışam pis vəziyyətdə. Pulumu istədim.
Dedilər, inflyasiya olub, nə bilim, neçə dəfə pul dəyişib, sənin
verdiyin pul indi cəmi 7-8 min manat edir. Götürmədim. Dedim,
təpənizə dəysin. Balaca qaynımın maykasıdır bu. Deyir, gəl nəzarət
elə. Edirəm. Sağ olsun, içərilərində yenə də kişi adam o çıxdı.
Bacılarını öyrətdilər
Vaxt vardı hələ. Hüseynlə dərdləşmək olardı. Elə Hüseynə də sərf
edirdi söhbətimizin bu müstəvidə getməsi. Ondan bələdçi işlədiyi
zaman səfər zamanı başına gələn maraqlı hadisələri danışmağı xahiş
etdim:
- Sən uzun müddət səfərlərdə olubsan, güman ki, maraqlı
hadisələrlə qarşılaşıbsan. Danış qulaq asım.
- Yox, heç nə yadımda qalmayıb. Gedirdik, gəlirdik. Kef edirdik.
Pul çox idi. Daha nə lazım idi ki? Ancaq yadımda o şeylər qalıb və
heç vaxt da unutmayacağım odur ki, qayınlarım məni aldatdı.
Bacılarını öyrətdilər, o da onların dediyini dedi. Pulumu-paramı
alıb vəzifəyə getdilər. Məni də lağa qoydular.
Hiss edirəm ki, danışdıqlarında həqiqət olmayanlar da var.
Siqareti acgözlüklə çəkməsi, çayçıya olan ərki və danışıqları onun
o qədər də ciddi adam olmamasından xəbər verirdi.
- Sən niyə məni tanıdığını yalandan dedin? Elə deyəydin
siqaret ver çəkim də. Verməzdim ki?
- İndi bilirəm ki, verərdin. Bir də siqaret nə olan şeydir ki,
mən ona görə yalan danışım. Səninlə söhbət etmək istədim, ona görə
belə dedim.
- Hüseyn, axı qayınların niyə sənə pislik etsin, sən ki
onlara yaxşılıq edibsən.
- Mənim qayınlarım uşaqlarımı da məndən döndərib. Çəkiblər
qanadlarının altına. İş veriblər onlara. Uşaqların üzünü də
görmürəm. Mənim də işim burdadır. Qaynım deyir ki, otur burda,
yuyulan maşınların nömrəsini yaz. Qeyd elə, saat neçədə gəlir
yuyulmağa, neçədə qurtarır. Mənim işim budur.
- Bəs zəhməthaqqı nə verirlər?
Halal pul
- Hər maşına 50 qəpik mənimdir. 1 manat isə maşın
yuyanların.
- "Levi" olmur?
- Qoyurlar ki ola? Deyirəm, bu uşaqlara ki, gəlin, bəzi
maşınları yazmayaq, pulunu bölüşdürək. Razı olmurlar. Haramdır,
deyirlər.
- Düz demirlər?
- Yox, düz demirlər. Bəs onlar mənim pulumu basıb yeyəndə haram
olmurdu? Bilirsən nə qədər "qrimitləyirlər"?
Deyir və qəzəblə sifətimə baxır. Qutudan bir gilə də siqaret
götürüb dodağına qoyur. Sonra da siqaret qutusuna baxır:
- Papirosun qurtarır ki...
- Hə, qurtarır. Narahat olma. Söhbətini elə. Deyirsən,
yoldaşın da onlara qoşulub səni müflis edib?
- Hə, köpəyin qızı qocalıb, əri, uşaqları qalıb bir yanda, yenə
də gözü qardaşlarındadır.
- Hüseyn, niyə sən tanımadığın adama bütün bunları
danışırsan? Bax, mən çox vaxt maşınımı burda yuduzdururam, amma heç
səni görməmişəm.
Sözümü ağzımda tutur:
- Deyirəm axı, səni haradan tanıyıram. Hə, mən burda olmuşam,
çayxanada. Amma fikir vermişəm, deyirəm axı səni haradan
tanıyıram.
Axır ki mənim onun əsgər yoldaşı olmamağım onun özünə də aydın
olur.
- Bilirsən, düzdür, mən səni tanımıram, danışıram, amma bütün
bunları da kimə isə danışmalıyam axı. Mən o pulları asanlıqla
qazanmamışdım. Qorxa-qorxa, kiminsə qarşısında boynumu bükə-bükə...
Amma onlar mənim pulumla adam oldular, mən isə burda maşın nömrəsi
yazıram. Arvadım da deyir ki, səni qardaşlarım adam elədi. Yoxsa
türmədə çürüyəcəkdin. Guya burda adam kimi yaşayıram. İnan ora
burdan, içərini deyirəm e, yaxşıdır.
- Yox, yaxşı deyil. Amma sən hər kəsə qohumun haqda
danışma. Mənə də, birdə gördün yazdım.
- Qaynıma yazardın? Qorxuram ki? İstəyirsən nömrəsini verim,
zəng elə, yanımda de. Bilmirsən, qayınlarımdan pulumu istədim, məni
saldılar evlərinin zirzəmisinə, üç gün saxladılar. Əl çəkmədim.
Məni tutdurdular. 3 il içəridə qaldım.
Hə, deyəsən məsələ maşın yuyan oğlanın dediyi kimi deyil, daha
ciddidir. Bu adama dolanışığından artırıb siqaret almaq üçün də pul
verilmir. Həbsdə yatması heç də yaxşı hal olmadı.
Bir qutu nəşə
- Necə yəni tutdurdular?
- Bax, elə belə. "Uçastkovı" gəldi. Məni şöbəyə çağırdı. Üzümə
3-4 nəfər adam durğuzdular. Köynəyimin cibindən bir "karobka" nəşə
çıxdı. Və nəşə çəkən adam kimi getdim içəri.
- Bəlkə heç onlar günahkar deyilmiş?
- Mən də əvvəlcə elə bildim. Amma sonra mənə aydın oldu ki,
bunların qurğusuymuş.
- Heç yanına gəlmədilər?
- Niyə ki... Gəlirdilər. Məhkəməmdə iştirak etdilər, vəkil
tutdular, hətta yanıma da gəlirdilər. "Peredaça" ötürürdülər.
Onları o qədər çox istədim ki... Amma türmədən çıxandan sonra onlar
gəlib mənimlə hesabat apardılar. Məhkəməyə filan qədər, vəkilə bu
qədər, yanına gələndə yemək-içməyə, cibinı bu qədər və sair. Məlum
oldu ki, onların mənə borcu qalmayıb. Əsəbiləşdim. Dedim, adam kişi
olar, sizə o qədər pul vermişəm. Böyük qaynım dedi ki, deyəsən 3 il
sənə azlıq elədi. Təzədən göndərərəm ora, gedərsən, ağlın başına
gələr. Bax, onda bildim ki, qurğu bunlardan keçib.
Hüseyn çayını içib, qutudakı sonuncu siqareti də yandırdı.
- Qardaşım, sənin siqaretin qurtardı, hala elə, çoxunu da mən
çəkdim.
Maşın yuyan oğlanın səsi Hüseynə "halal xoşun olsun" deməyə
imkan vermədi:
- Dayı, hazırdır, gəl, maşını buradan götür...