"Varislər" layihəsində
Bizim oxucu və tamaşaçı zövqümüzüm formalaşması çox vaxt böyük
yazıçı, illüstrator-rəssam, tərcüməçi və b.-larının uşaqları,
nəvə-nəticələrindən asılı olur. Məhz bu varislər nəyin harada və nə
qədər nəşr olunacağını təyin edirlər. Məhz onların sayəsində yeni,
əvvəllər heç yerdə çap olunmamış əsərlər, gündəlik və məktublar
ortaya çıxır. Məhz onların entuziazm və zəhmətkeşliyi doğma
yazıçıları, onların yubileylərini, haqqındakı xatirələri unudulmağa
qoymur.
Axar.az bu layihəsində oxucularına məşhur yazıçı, şair,
tərcüməçi və naşirlərin doğma övladları və bu ya digər yolla
onların varisləri olmuş insanların taleyindən danışacaq.
"Dəhşətlər kralı" Stiven Kinq qüsursuz və təmiz ailəsi ilə
hörmətə layiqdir. O, həyat yoldaşı Tabita ilə artıq toylarının qırx
illiyini qeyd edib, üç övlad böyüdüb. "Bizim nikahımız bütün dünya
liderlərindən daha uzunömürlü oldu, Kastrodan başqa. Və bir halda
ki, biz indiyədək söhbətləşir, mübahisə edir, məhəbbətlə məşğul
olur və "Ramonesa"nı rəqs ediriksə - habba-habba-hey! – demək,
bizdə alınıb".
Tələbələr – Stiven və Tabitanın tanışlığı romantik örtüyə
bürünüb. 1969-cu ildə gələcək mistik bestsellerlər müəllifi Men
ştatı kitabxanasında işləyirdi. Bir dəfə özü kimi tələbə həmkarları
ilə universitetin kitab rəfləri arasındakı dostları ilə birlikdə
piknik təşkil edir. Kinq sarı saçlı, qəribə gülüşlü qızı ilk dəfə
elə oradaca görür. Onu Tabita Sprüs deyə çağırırdılar. Kinq
fikirləşir ki, yəqin, yerli pisseriyanın mütaliəni sevən
ofisiantlarındandır. Lakin yanılmışdı. Stiva və Tabbini söz, dil və
həyatlarının mənasına çevrilmiş işləri birləşdirirdi. Göy otların
üstündə qurulmuş səhər yeməyinə qatılıb içi mürəbbəli şirniyyat
yeyən qız, sən demə, yazıçılıqla məşğul olurmuş. Kinq sonralar
etiraf edirdi ki, o, gələcək qadınına poeziya seminarında vurulub:
ona görə ki, müəllif işinin onunçün nə demək olduğunu anlayır, ona
görə ki, onun əynində ağlı başdan alan qara paltar və ipək corablar
var idi.
Fəhlə təbəqəsinin nümayəndələri
Toy il yarımdan sonra baş tutur. Stiven Kinq özündə və sevimli
qadınında çoxlu oxşar cizgilər tapır. "Biz hər ikimiz də fəhlə
sinfinin eyni təbəqəsindənik, ikimiz də ət yeyirik, siyasətdə
demokratları dəstəkləyirik və bütün yankilər (avropalıların ABŞ-da
doğulmuş amerikanlara verdiyi ad – tərc.) kimi Yeni İngiltərə
dışındakı həyata şübhə ilə yanaşırıq. Biz məhəbbətdə də
bir-birimizə uyğunuq və vahid nikah tərəfdarıyıq".
Həyat yoldaşı "dəhşətlər kralına" həm həyatda, həm də
yaradıcılıqda sadiq tərəfdaş oldu. "Kerri" romanının ilk üç
səhifəsini zibil vedrəsindən çıxarıb ərini süjet üzərində işləməyə
vadar edən də məhz Tabita oldu. Əsər Kinqə böyük şöhrət gətirdi.
Onu alkoqolizm və narkomaniyanın girdabından da məhz o, çəkib
çıxardı. O, ərini seçim qaşısında, iki yol ayrıcında qoydu: ya
yardımı qəbul etməli, kakoin bükümlərindən, alkoqoldan xilas olmalı
və yaşamalı idi, ya da qapı açıq idi... Çünki nə arvadı, nə də
uşaqları onun özünü necə məhv etməsinə sakitcə tamaşa edə
bilmirdilər. Kinqin əlyazmalarının ilk oxucusu və ən kəskin
tənqidçisi, rəyçisi də Tabita idi. 1999-cu ildə qəzadan sonra bərpa
dövrü keçərkən onun yenidən ayağa qalxmasına və yenidən qələmə
sarılmasına da məhz sevimli qadını kömək etmişdi.
İkinci pivə şüşəsindən sonra
Toydan üç il sonra tələbə Kinqlərin ailəsində artıq iki uşaq
tərbiyə alırdı – bir-birinin ardınca doğulan qızı Naomi Reyçel və
oğlu Cozef Hillstorm.
Cozef Kinqin doğulması haqqındakı xəbəri açıq kinoteatrda seans
zamanı alır. O, dostu ilə ikinci pivə şüşəsini içib qurtarırdı. Elə
bu zaman qramofondan məlumat verildi: "Stiv Kinq, evə dönün!
Arvadınız doğur! Arvadınızın doğumu başlayıb! Stiv Kinq, evə gedin!
Arvadınız doğuşdadır!". Verilən xəbər avtomobil siqnallarının
kakofoniyası (səslərin qulağa xoş gəlməyən birləşməsi – tərc.) və
yanıb-sönən işıqların çıraqbanlığı ilə müşayiət olundu. Kinq bu
diqqətdən lap utanıb çaşmışdı. Tamaşaçılar onu bu yolla təbrik
edirdilər.
Bəzən düşünülə bilər ki, Stiv və Tabbi aşağı maaşlı bir işdə
(Stiv camaşırxanada, Tabbi isə ponçik bişirilən yerdə işləyirdi)
işlədikləri zamanlarda iki körpə ağır yük ola bilərdi. Lakin
valideynlərdən heç biri uşaqların məhz nə vaxt dünyaya gəlməli
olduqlarını planlaşdırmırdı, onlar sadəcə, gəlirdilər və bu gəliş
həmişə sevinclə qarşılanırdı.
Kinqlər cütlüyünün ilk nübarı 1970-ci ildə dünyaya gəlir. Qız
tez-tez xəstələnirdi. Yazıçı öz xatirələrində yazır ki, qızının
həmişə gah qulağı ağrıyır, gah da o, hansısa infeksiyaya yoluxurdu.
Yazıçının ailəsindən həyatını yaradıcılığa bağlamayan yeganə şəxs
də məhz qızı olur.
Naomi bir müddət restoran biznesi ilə məşğul olur, lakin o,
vaxtının çoxunu seksual azlıqların hüquqlarının müdafiəsi üzrə
aktiv ictimai fəaliyyətə sərf edirdi. 2005-ci ildə Çikaqoda
Texnologiya məktəbində dini kursu bitirdikdən sonra
unitar-universal kilsəyə qoşulur: xristian kilsəsinin bu qolu
ayrıca təriqət hesab olunur. Bu təriqət əxlaq məsələlərinə liberal
yanaşır və xristianlığın ehkamlarını çox sərbəst şərh edirdi. Naomi
Kinq dini fəaliyyətə o qədər aludə olur ki, kilsənin din xadiminə
çevrilir və hətta təbliğatçılıq fəaliyyətinə görə mükafat da
alır.
Ədəbiyyat cığırı: Böyük oğul
"Dəhşətlər kralı"nın iki oğlu valideynlərinin açdığı cığırla
gedərək yazıçı olublar.
Böyük oğlu Cosef Hillstrom Kinq 4 iyun 1972-ci ildə Men ştatının
Banqora şəhərində doğulub. Onun ilk yaradıcılıq təcrübəsi on
yaşında ikən "Dəhşətlər kaleydoskopu" filmində çəkilməsi olur. Və
artıq kollecdə oxuyarkən ata-anası kimi özünü ədəbi yaradıcılıqda
sınamaq qərarına gəlir. Artıq o zamanlar tanınmış yazıçı olan
atasının soy adını işlətməsin deyə, Co Hill təxəllüsündən istifadə
edir. Bu bir tərəfdən onun adının qısaldılmış forması idi, digər
tərəfdən də XX əsrin əvvəllərində Amerika fəhlə hərəkatının
fəallarından birinin adı ilə üst-üstə düşürdü.
Uzun müddət onun hekayələri yalız jurnal və antologiyalarda nəşr
olunur və yalnız 2005-ci ildə Вritaniyanın "PS Publishing"
nəşriyyatı Co Hillin hekayələrindən ibarət ayrıca kitab nəşr etməyə
qərar verir. "İyirminci əsrin kabusları" adlanan bu kitaba
yazıçının on dörd kiçik hekayəsi daxil edilmişdi. Cozefin ilk
romanı – 2007-ci ildə çıxmış "Ürək şəkilli mücrü" romanı ona
atasının şöhrəti ilə müqayisəoluna biləcək bir məşhurluq gətirir.
"Uorner Brazərs" kino şirkəti hələ rəsmi nəşrdən əvvəl kitabın
ekranlaşdırılması hüquqlarını alır. Tənqidçilər yazırlr ki, oğlu
Stiven Kinqi ötüb keçə bilər və ya ən azından onunla ləyaqətlə
rəqabət apara bilər. Nəşr olunmuş ikinci romanı "Buynuz"u son
onilliyin ən yaxşı mistik trillerlərindən biri kimi
dəyərləndirirlər. Yalnız 2007-ci ildə öz güc və itedadı ilə
məşhurluq qazanandan sonra hər kəsə bəyan edir ki, Co Hill –Stiven
Kinqin varisidir. Cozef Kinq hazırda həyat yoldaşı ilə Yeni
İngiltərədə yaşayır və yazmaqda davam edir.
İkinci oğul
Ailənin son beşiyi Ouen Fillip Kinq 1977-ci ildə doğulub. Ouenin
yeddi yaşı olanda saksafon musiqisinə meyil edir və bir müddət bu
alətdə çalmaq arzusu ilə yaşayır. Valideynləri Milad bayramında ona
saksafon alır və çalmağı öyrənmək üçün müəllim də tuturlar. Ouen
yeddi ay ciddi-cəhdlə məşğul olur, lakin yalnız müəllimin onunçün
təyin etdiyi qədər, artıq deyil. O, çox tezliklə anlayır ki ,
saksafon onluq deyil. Ancaq bunu etiraf etməyə çəkinirdi.
Xoşbəxtlikdən Stiven Kinq uşağın həvəsi olmadığını görür və musiqi
təhsilini yarımçıq qoymağı təklif edir.
Saksafondan kitaba
Ouen kollecdə yazıçılığa həvəsini büruzə verir. İlk kitabı
2005-ci ildə, yəni böyük qardaşının debüt kitabı ilə eyni vaxtda
işıq üzü görür. Bu, novellalardan və üç kiçik hekayədən ibarət
kitab ("We're All in This Together") ədəbi tənqidçilərdən yüksək
qiymət alır. Bir dəfə intervü zamanı jurnalist ondan soruşur:
"Stiven və Tabita Kinqlərin övladı olmaq necədir?" Kiçik Kinq belə
cavab vermişdi: "Çoxları elə bilir ki, adın məşhurluğu bir yazıçı
kimi mənə üstünlük gətirir. Ancaq bu, eyni dərəcədə həm də
narahatlıqdır. Çünki öz istedad və fərdiliyini isbatlamaq üçün daha
çox səy göstərməli, daha çox çalışmalı olursan". Başqa bir vaxt isə
Ouen belə izah edir: "Mən var gücümlə nə isə tamam başqa bir
tərzdə, üslubda yazmağa, yalnız mənə məxsus bir şəkildə yaratmağa,
müstəqil olmağa çalışdım".
Ouen atasından və Cozefdən fərli olaraq dəhşət və mistika
yanrında yazmır və onlar qədər məşhur da deyil. Taleyin qismətindən
Ouen yazıçı Kelli Braffetlə ailə həyatı qurub.
1999-ci ilin yazında Kinqlərin ilk nəvəsi dünyaya gəlir – Etan -
Cozefin və Leanoranın oğlu. Kim bilir, bəlkə o da sülaləni davam
etdirəcək və dəhşət romanları yazacaq.