"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə
populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam
etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz
olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və
"feysbuk"un "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz
mükafatlandırılacaq.
Layihəmizin bu dəfəki qonağı tanınmış tele-aparıcı İlkin
Həsənidir.
İlk sual sizin sosial mediadakı fəaliyyətinizlə
bağlıdır. TV jurnalistlərindən tək-tük insan sosial mediada
populyardır. Siz də bunlardan birisiniz. Uğurunuzun və bu sahəyə
marağınızın səbəbi nədir?
- Bu sahəyə marağım lap çoxdan yaranıb. 2007-ci ildə "feysbuk"da
qeydiyyatdan keçəndə orda azərbaycanlı görəndə sevinirdim. Dost
siyahımda 2-3 adam var idi. Onlar da xaricdə təhsil alanlar
idi.
Əvvəl bu şəbəkələrdən daha çox görə bilmədiyim dostlarımla
ünsiyyət üçün istifadə edirdim. Amma indi bu şəbəkələr həyatımızın
ayrılmaz bir hissəsinə çevrilib. Əgər paylaşımların 50 faizi
ətrafda gördüyüm maraqlı hadisələrlə bağlıdırsa, 50 faizi də
işimlə, sənətimlə bağlıdır.
Bəzən statusumda "bu şənbə 21:40-da "Bozbaş pikçers"" olacaq
sözlərini yazmağım belə, verilişin baxılmasına kömək olur.
Sosial media həm də çatışmazlıqların aynasıdır və
problemlərə bir növ güzgü tutur. Hansısa problemlər sizi daha çox
narahat edir və sosial mediada onun təbliğini
istəyərdiniz?
- Gündəlik həyatda baş verənlər, misal üçün nəqliyyatımızda olan
problemlər, bəzi qurumlarda olan çatışmazlıqlar, xidmət sahələrində
olan özbaşınalıq və s. mənim daha çox marağımda və
diqqətimdədir.
Bəs bunları göstərmək TV işinə əngəl olmur
ki?
- Bəzən sosial şəbəkələr bu problemlərin aradan qaldırılması
üçün bir təkan verir. Yox, əngəl olmur. Televiziyadakı işim ilə
sosial şəbəkələrdəki fəaliyyətimi və aktivliyimi qarışdırmıram. İş
ayrı, sosial şəbəkədəki aktivlik ayrı olmalıdır.
Sosial aktivliyinizlə və vətəndaş mövqeyinizlə bağlı
işdə hansı çətinliyiniz olub?
- Qətiyyən, heç bir çətinliyim olmayıb. Bəzən dost-tanışlarım
"nə işinə qalıb" deyə narazılıq bildiriblər. Amma əminliklə deyə
bilərəm ki, bu gün Azərbaycanda azad internet var, hər kəs istədiyi
kimi öz fikrini yaza bilər. Düzdür, bəziləri tənqidlə təhqiri səhv
salırlar.
Misal üçün?
- Misal üçün kiminsə fotosunu paylaşıb təhqirə yol verirlər.
Fərqi yoxdur, bu, müğənni də ola bilər, aparıcı da, siyasi xadim
də. Belələri sağlam tənqiddən uzaq olanlardır.
İsveçdə "Avroviziya" yarışmasının çəkilişlərində olan
zaman haqqınızda tənqidi yazı getmişdi. Yetərincə kəskin idi.
İsveçdən Azərbaycanla bağlı hazırladığınız tənqidi süjetlərlə bunun
nə kimi əlaqəsi var idi?
- Olanlar qaldı may ayında, noyabrdan danışaq.
Sosial mediada aktiv olmayan, belə demək mümkündürsə,
vətəndaş mövqeyi olmayan və şou auditoriyasından qırağa çıxmayan TV
aparıcıları ilə kontaktda olmaq sizi sıxmır?
- Onlarin da öz kütləsi, öz tamaşaçıları var.
Misal üçün onları heç kim məcbur edə bilməz ki, sosial aktivlikləri
olsun. Hər hansı bir ictimai hadisəni səhifəsində işıqlandırmaq
uçun heç kimi məcbur etmək olmaz axı. Onların maraq dairəsi öz
sənətləri və öz işləridir. Elə ona görə də, öz şəkillərini
mahnılarını, çıxışlarını paylaşmaqla məşğul olurlar.
Bəs siz onlara sosial mediada aktivliyi təbliğ
edirsinizmi? Edirsinizsə, reaksiyaları nə olur?
- Təbliğ deməzdim, sadəcə, məsləhətlərim olub. Bəzən onda "əşi
nə işimə qalıb e" cavabını alıram.
Doğrudan nə işinə qalıb?
- Məndən məsləhət verməkdir.
Sizcə, şou incəsənət və televiziyadakı məşhurların
çatışmayan cəhəti hansıdır?
- Bəzilərində çatışmayan cəhət səmimiyyətdir. O səmimiyyəti
onlar
nə TV-də, nə də sosial şəbəkələrdə yarada bilirlər.
Bəs ümumi olaraq desək?
- Misal üçün, nəyi deyirsiniz?
Məsələn, bir neçə il öncə Səməd Səmədovdan canlı yayımda
himnimizin müəllifini soruşdular, bilmədi. İntellektuallıq
baxımından onları necə qiymətləndirirsiniz?
- Misal olaraq Emin Ağalarovu göstərmək istəyirəm. Sosial
şəbəkələr vasitəsilə, əsasən də instaqram vasitəsilə bu insana
hörmətim günü-gündən artır. Həm də minlərlə izləyicisi var.
Azərbaycandan çox xarici ölkələrdə olur və Azərbaycana
qonaq kimi bir neçə müddətlik gəlir. Sizcə, onun Azərbaycan şou
biznesi ilə nə qədər əlaqəsi var?
- Yox, mən onun səmimiyyətini deyirəm. Görülən işlərin düzgün
işıqlandırılması və s. Bütün bunlar tanınmış insan üçün vacib
amillərdən biridir.
Azərbaycan şou-biznesinin "mətbəxində" olanları
soruşuram. Bu qədər ölkə gəzmisiniz, insanlarla kontaktda
olmusunuz.
Onların intellekti hansı səviyyədədir?
- O ki qaldı müğənnilərimizin intellektinə, bu barədə danışa
bilməyəcəm. Susacam. Aralarında bu intellektə sahib olan çox az
sayda müğənni var. Kitab oxumaqla da iş bitmir. Xarici ölkələrə
sırf toylara görə deyil, istirahət və gəzmək üçün getsələr yaxşı
olar. Çünki bu gəzintilərin də intellektin formalaşmasına təsiri
olur.
Necə düşünürsünüz, kitabı oxumaqla bərabər nə olmalıdır?
Sosial aktivlik, ya nə?
- Bəli, sosial aktivlik olmalıdır. Çünki o tanınmış insan kimisə
ictimai məsələlərə yönəldə bilər. Hansısa kitabın fotosunu
paylaşaraq "mən bu kitabı oxudum əladır, siz də oxuyun" desə,
inanin ki, ən azından 5 nəfər onun dediyini edəcək. Bu da müsbət
bir haldır.
Amma bir şərt var ki, o məsləhəti verən adam sosial mediada
etibar qazanmış birisi olsun.
İzləyicilərinizin sayına baxanda bu etibarı
qazandığınızı yəqin etmək olur. Nələrdənsə keçmisiz bunun
üçün?
- Bu gün mən bu izləyicilər və bu kütlə üçün maraqlıyam. Əgər
səhərdən axşama qədər ancaq öz şəkillərimi paylaşmaqla məşğul
olsam, o kütlənin heç dörddə biri məni izləməz. Nə qədər
tanınmağımdan asılı olmayaraq, belə insanı izləmək heç mənim özümə
də maraqli olmaz.
"Feysbuk" və "Tvitter"dən gəlir məqsədilə istifadə
edirsənmi?
- 2011-ci ildə klub və restoran biznesində özümü sınadım. Heç
kimin tanımadığı bir əyləncə məkanını "Feysbuk" və "Tvitter"
vasitəsi ilə geniş auditoriyaya tanıtdım. Demək istədiyim odur ki,
bu sosial şəbəkələri ağıl ilə işlətsən, ondan pul da qazana
bilərsən. Necə ki, bu günün özündə neçə adam var, bundan istifadə
edir. İndi yeni bir işim də olacaq. O biznesi də sosial şəbəkələr
vasitəsilə qaldırmaq fikrim var.
Bir media şirkətim və bu şirkətin nəzdində olan "Evoluşin"
jurnalı olacaq. Media şirkəti reklam və tanıtım çarxları və digər
sahələri əhatə edəcək.
İzləyicilərini filtrasiya etsək, ən çox hansı qəbildən
olan insanlar olacaq?
- Əlbəttə ki, əvvəldə TV gəlir. Ordan tanıyıb sevənlər daha
çoxdur. Tanınmışlığımın ikinci səbəbi sosial aktivliklə bağlıdır.
Səmimi olmasaydım, yerlərini dəyişib deyərdim.
İctimai məsələləri sosial mediadakı səhifənizdə
işıqlandırmağı dayandırmaq şərti ilə fantastik məbləğdə iş təklif
etsələr, razılaşarsınızmı?
- "Sənə bu işi veririk, burdan əl çək" formasında təklif olsa,
təbii ki, buna "yox" deyəcəyəm. Bir dəfə bir tanışıma sual verdim
ki, nə əcəb "feysbuk" və "instaqram"dan istifadə etmirsən? Cavab
verdi ki, mənim həyatım o qədər maraqlı keçir, elə şeylərə nə vaxt
qalır, nə ehtiyac. Özüm də daxil olmaqla bütün sosial media
istifadəçilərinə arzu edirəm, gələcəkdə həyatımız elə maraqlı olsun
ki, sosial şəbəkələr yadımıza belə düşməsin.
"Həyatımız maraqlı olsun" deyəndə problemlərin həllini
deyirsiniz yəqin?
- Problemsiz həyat yalnız dəlilərdə olur. Qoy elə problemli
olsun, amma maraqlı olsun.
Problem demişkən, "Space" telekanalı ilə İdris Cəfərov
məsələsinə münasibətiniz necədir? Sizə görə İdris necə
jurnalistdir? Haqlıdırmı?
- İdris əla oğlandır. Yaxşı teleaparıcıdır. Amma etdikləri mənə
çatmır. Sözün düzü, bu hərəkətləri ona yaraşdırmıram.