"Cəbhə xətti" layihəsində
"Cəbhə xətti" layihəsinin budəfəki qonağı Çeçenistan qazisi Arif
Məhərrəmov 1965-ci ildə Qərbi Azərbaycanın Göycə mahalında anadan
olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub. 1984-cü ildə
Əfqanıstanda beynəlmiləlçi döyüşçü kimi iştirak edib.
- Güman ki, o illərin acı
xatirəsi sizi tərk etmir...
- O günləri unutmaq mümkün deyil. Əfqanıstanda sovet hərbi
zirehli maşınını mücahidlərin vurduğu zaman iki rus əsgərinin yanan
texnikanın içərisindən çıxmaları gözümün önündən heç getmir.
Əsgərlər yanırdı. Yanımda iki erməni millətindən olan əsgər vardı.
Onlara dedim ki, tez kömək edək, yoxsa onları vuracaqlar. Onlar
qorxurdular. Yerləri bilinər deyə, kömək etmək istəmədilər. Hətta
mənim kömək etməyimə də mane olurdular. Mən də məcbur olub onlara
xəsarət yetirdim ki, əsgərlərə kömək edə bilim. Yaralı
əsgərlərimizə yaxınlaşıb uca səslə "Allahu Əkbər" dedim və fatihə
surəsini oxudum. Əfqanlar atəş açmadılar və imkan verdilər ki, mən
iki rus əsgərini xilas edə bilim. İki əsgəri xilas etdiyimə görə
məni həbs etmədilər. Axı mən iki erməniyə avtomat silahı ilə ağır
xəsarət yetirmişdim. Həbs etməsələr də, ermənilərə xəsarət
yetirdiyimə görə məni Əfqan müharibəsi güzəştindən məhrum
etdilər.
Volskinin üzünə
tüpürdüm
- Beləliklə, qanlı–qadalı Əfqan dağlarını tərk etdiz,
əsgərlikdən gəldiniz...
- Gəldim və 1985-ci ildə Abşeron mehmanxanasında iaşə obyektində
işə düzəldim. 1987-ci ildə orada çalışan ermənilərlə qanlı savaşım
oldu. Mənə cinayət işi açıldı. Bundan xəbər tutan mehmanxananın
ovaxtkı direktoru Aqil Paşayev bütün erməniləri işdən qovdu. O mənə
açılan cinayət işinin ləğv olunmasına da nail oldu. Aqil müəllim
mənə Milli Azadlıq mübarizəsində daha da aktiv olmağım üçün uğurlar
dilədi, tövsiyələr verdi. 1988-ci ildən Milli Azadliq mübarizəsinə
qoşularaq aktiv mübarizə aparmağa başladim. 1989-cu ildə Qərbi
Azərbaycandan soydaşlarımız didərgin düşəndə mən xeyli əhalini öz
təşəbbüsümlə Qarabağ bölgəsinə apardım. Əsgəranda Moskvanın xüsusi
nümayəndəsi Volskinin əmri ilə hamımız həbs olunduq. Məni onun
gözünün qarşısında möhkəm döydülər. Məni məcbur edirdilər ki,
izahatımda Qarabağda azərbaycanlıların sayını süni surətdə
artırdığımızı yazım. Guya biz beləcə, SSRİ Ali Sovetinə müraciət
etmək istəyirik ki, Qarabağda azərbaycanlı əhalinin sayi çoxdur və
Muxtar Vilayət ləğv olunsun.
Ağzım qanla dolmuşdu. Bu vəziyyətdə Volskinin üzünə tüpürdüm.
Bundan sonra daha da ağır zərbələrə tuş gəldim. Əslində,
Qarabağımızı qorumağımız üçün orada yaşayan əhalimizin sayını
çoxaltma niyyətimi düz hiss etmişdilər. Qərbi Azərbaycandan
olanlarin xeyli hissəsi Xocalıya yerləşdirildi. Lakin onlar
yağışdan çıxıb yağmura düşdülər. Bizim həbsdən qurtulmağımız
vətənini sevən insanlarin sayəsində mümkün oldu. Ağdamdan olan
deputat Eldar Bağırov Ağdam əhalisini ayağa qaldıraraq bizim
Əsgərandan xilasımızı təşkil etmişdi.
Erməni zabitinin üstünə şığıdım
- 20 yanvar hadisələrində də
fəal olmusuz...
- 1990-cı il 20 yanvarında Bakıda faciəli qətliam baş verdi.
Faciədən xəbərim olduğu üçün yaşadığım binanın qarşısındakı ağaca o
zaman hələ "bəraət almamış" üçrəngli bayrağımızı və şəhid olanların
xatirəsinə qara bayraq asdim. Yanvarın 21-ə keçən gecə bayraq
asdığım həyət tərəfindən xalqımın ünvanına nalayiq söyüşlər
eşitdim. Ehtiyatla eyvandan baxdım. Gördüm ki, rus əsgərləri hər
iki bayrağı cırıb ayaq altına atıblar. Mən qapıya tərəf gedəndə
yoldaşım Şəfəq təzə dünyaya gələn Ümid adlı oğlumu qapının ağzına
qoydu və yalvararaq dedi ki, heç olmasa uşağın xətrinə aşağı
düşməyim. Mən uşağı kənara çəkib bildirdim ki, rus əsgərinin ayağı
altında mənim xalqımın şərəfi tapdanır. Şəhid olanlar isə məndən
üstün insanlardı. Həyətə düşdüm. Mənimlə üz-üzə gələn mayor rütbəli
zabit erməni millətindən idi. Onun üstünə qışqıra-qışqıra şığıdım.
O həyəcanlandığından atəş aça bilmədi. Hərbiçi də qışqırdı ki, bu
əclaf nə tez doydu rusun bayrağından? Başqa bayraq asır, onu
öldürün. Mən həmin ermənini boğmağa başladım. Başımın arxa
hissəsinə ağir zərbə dəydi və huşumu itirdim. Həyat yoldaşım
eyvandan görüb ki, halsız vəziyyətdəyəm. Əsgərlər məni hərbi
maşının təkərlərinin altina sürüyürlər. Fikirləşib ki, Arifi
öldürdülər, gedim heç olmasa ölüsünü xilas edim.
BTR-in altından məni çıxartdı
- Və...
- Həyat yoldaşım ehtiyatla BTR maşınına yaxınlaşır. Hərbçilər
maşınına minib üstümdən keçmək istəyən anda məni maşının
təkərlərinin altından çıxardır. Binamızın girəcəyi tərəfə sürüməyə
başlayır. Hərbçilər maşını bir qədər qabağa sürərək arxa tərəfə
baxırlar. Mənim necə vəziyyətdə olmağımı görmək istəyirlər. Yoxa
çıxdığımı görüb əsgərin biri başlayır ətrafda məni axtarmağa.
Görəndə ki, həyat yoldaşım məni huşsuz vəziyyətdə bina dəhlizinin
içərisinə aparır, onu atəşə tuturlar. Yoldaşım yıxılır. Həm də
kəskin kəllə beyin xəsarəti alır. Yoldaşım özünə gələndə özünü qan
içində, məni isə inildəyən görüb sevinir. Qonşuları köməyə çağırır.
Qonşulardan ancaq Belarus millətindən olan Myakota Mariya İvanovna
hər ikimizə tibbi yardım göstərir.
Məni rus xüsusi xidməti axtarırdı
- Sizin adınız erməni ailələrinə qarşı zorakılqda
hallanıb.
- Bakıdakı vəziyyətlə bağlı Komendantlıq yaradılmışdı.
Komendantın işçiləri məni həbs etdilər və qərarda da bildirdilər
ki, erməni talanlarının başçısı olan Arif Vəli oğlu Məhərrəmov 30
sutka həbs edilir. Bu 30 gün, düz 7 aya qədər uzandı.
Sizə həyatımın əzablı anlarından birini də söyləyim. 1997-ci
ildə Qafqaz əlillərinin 1-ci konfransını keçirəndə Qafqaz
ölkələrini bir-bir gəzirdim. Kislovodskidə mənə xəbər verdilər ki,
aradan çıx, rus xüsusi xidmət orqanı səni axtarır. Bu an isə mən
taksi şoferlərin yanında idim, 5 nəfər azərbaycanlı idilər. Onlara
dedim ki, məni hansınız apara bilər? Amma elə yolla aparın ki, biz
ruslarla qarşılaşmayaq. Onlar mənə bildirdilər ki, biz səni ancaq
sabah apara bilərik, bu gün bizdən hansının istəsən qonağı
olmalısan. Mənim yanımda iki çeçen dostum vardı. Onlar mənim
mühafizəmə cavabdeh olan şəxslər idi. Onlar razılaşsa da, nədənsə
ürəyimdə onlardan ehtiyat etdim. Çeçenlər ehtiyat etdiyimə irad
bildirəndə onların üstünə qışqırdım ki, siz mənə tabesiniz, mən
sizə tabe deyiləm. Onlar da mənimlə mübahisə edirdilər ki, biz səni
qoruyanıq, bizə qulaq asmalısan. Amma mən inadkarlıq edərək
xristian millətindən biri olan taksi şoferindən xahiş etdim ki,
bizi buradan çıxartsın. Dedi ki, bir yol var, amma çox çətin
yoldur, mənim maşınım dağıla bilər. 1000 dollar versəniz, apararam.
Razılaşdım. Amma çeçen dostlarım bildirdi ki, mən hamını bilə-bilə
təhlükəyə aparıram. Beləliklə, azərbaycanlılardan aralandım, o
xristianla getməyə başladıq. O, elə azərbaycanlıların yanında dedi
ki, gedək evdən ehtiyat təkər götürüm, gedək, biz də razılaşdıq.
Onlardan aralanan kimi sürücü bizə yolda dedi ki, indi maşında bərk
oturun biz daşlı çaylardan keçəcəyik. Dedim ki, bəs evə getmirsiniz
ehtiyat təkər götürmək üçün? Dedi ki, mən o azərbaycanlıları
tanıyıram, heç də yaxşı insanlar deyillər, onlar pula görə sizi
sata bilərlər. Yanımdakı çeçenlər azərbaycanlılar haqda belə
deməsinə görə az qaldı ki, o sürücünü güllələsinlər. İmkan
vermədim. Sonra bizi gətirdi meşənin içindən hündür bir yerə.
Azərbaycanlı və xristian
sürücü
Maşınından durbini götürüb
baxmağa başladı ki, görüm kəndin girəcəyində təhlükə yoxdur ki.
Sonra da azərbaycanlı sürücüləri axtarmağa başladı. Və sevincək
halda durbini bizə verib dedi ki, baxın diqqətlə, bu da sizin
azərbaycanlılar, görün arxasında kimlər gedir? Mən durbinlə baxıb
gördüm ki, azərbaycanlı sürücülər qabaqda, arxalarında isə mülki
şəxslər və əli silahlı hərbçilər dayanıblar. Gördüm, zəndim məni
aldatmayıb. Sonra isə durbini çeçenlərə verdim, onlar baxanda
özlərindən utandılar ki, nə yaxşı, sən bizə imkan vermədin səhv
etməyə. Beləliklə, biz çətinliklə çəpərləri sındıra-sındıra yol
getməyə başladıq. Sonra da iki dəfə balaca çayların içi ilə getdik
və əyləşdiyimiz maşının necə dağılmasının şahidi oldum. Biz böyük
yola çıxanda maşını çətinliklə saxladıq və bizdən 1000 dolları
istədi. Pulu verdik. Sürücü 500 dolları bizə qaytaranda
təəccübləndik. O isə bildirdi ki, mən xristian olsam da,
qafqazlıyam və sizin qoruduğunuz Arifdən çox xoşum gəldi. Belə
insanlar qorunmalıdır, dedi. O hadisə mənim heç vaxt yadımdan
çixmaz. Amma konkret hansı millətin nümayəndəsi olduğunu demədi,
sadəcə, xristian və Qafqaza bağlı olduğunu söylədi.