Bir vaxtlar bütün sovet məkanının müsiqisevərləri
onların nəğmələri ilə italyan dilini öyənirdilər. Bu cütlük öz
sevgilərini nümayiş etdirməkdən zövq alır və fotokameraların
obyektivi qarşısında öpüşməkdən çəkinmirdilər!
Xoşbəxtlik hissi onlardan sanki elektrik dalğaları şəklində
yayılırdı, daha sarı mətbuatın piar xatirinə şişirtdiyi qondarma
duyğu deyildi.
Bu xöşbəxtlik bir gerçək idi...
Onlar uzaq 1967-ci ildə İtaliyada baş rola dəvət aldıqları
filmin çəkilişlərində tanış olurlar. Bu, ilk baxışdan yaranan sevgi
idi. Qızın 16, gəncin isə 24 yaşı var idi. Qız - Hollivudun məşhur
və zəngin ailələrindən olan gözəl, gənc isə İtaliyanın yalnız
istedadı ilə özünə yol açmış qızıl səsi idi.
İdeal cütlük: Al Bano Karrizi və Romina
Pauer
Romina Françeska Pauer Hollivudda zəngin ailədə
doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə
aktrisa Linda Kristian idi.
Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan şox gözəl bir
qız idi. Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə
yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun
özünə müyəssər olmayan bir karyera quracaq.
Ancaq nağıl tezliklə başa çatır – Romina heç beş yaşına çatmamış
Tayron Pauer ailəni tərk edir. Səbəb - başqa qadın... Bundan bir il
sonra isə həyatı tərk edir. Anası Rominanı Meksikaya, sonra isə
İspaniyaya və nəhayət, İtaliyaya - ərinin vətəninə aparır.
Artıq 14 yaşlı Romina kinoda tanınmağa başlayır, daha sonra isə
ilk solo plastinkasını yazdırır. Ana qızı ilə fəxr edir. Bəs necə?!
Böyük uğurlar, məşhurluğun başlanğıcı, gözəllik. Qızını çox böyük
gələcək gözləyirdi!..
Al Bano Karrizi isə çox kasıb italyan ailəsində doğulub. Atası
əkinçilik və maldarlıqla məşğul olurdu. O, İkinci Dünya müharibəsi
illərində döyüşdüyü Albaniyadakı hərbi əməliyyatların şərəfinə
oğlunu Albano adlandırır. Sonralar müğənni öz adından utanaraq onu
iki hissəyə ayırır və Al Bano Karrizi olur. Al Bano ilk mahnısını
12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana
gəlir.
O, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda
iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.
Burada axır ki, uğur ona gülümsəyir, onu görürlər!
Al Bano özünün ilk plastinkasını buraxır, qastrollarla ölkəni
gəzir və nəhayət, bütün İtaliyada tanınır.
1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl
və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer
evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün
kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır.
O, Amerika stereotiplərindən də imtina etməyi və qadının
tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi
qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp
baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.
Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi. Onlar özlərinin
məşhur "Felicita", "Ci sara" və bir çox digər nəğmələrini birlikdə
ifa ediblər. Onun musiqisinin motivləri əsasında 7 film çəkilib.
Filmlərin əksəriyyərində o, baş rolları Romina ilə birlikdə ifa
edib.
Gözəl, yaraşıqlı, istedadlı, zəngin və xoşbəxt – onlar
kamilliyin pik həddinə çatmışdılar. Onlar hər şeyə macal
tapırdılar. 1970-ci ildə onların ilk övladları – qızları İleniya,
üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri
Romina dünyaya gəlir. 1976-cı ildə onların ailə dueti İtaliyanı
Avroviziyada təmsil edir və 7-ci yeri tutur. 1982-ci ildə isə
San-Remo festivalında məşhurluqlarının pik həddinə çatırlar.
Cütlük bütün dünyanı qastrola çıxır, Sovet İttifaqı da kənarda
qalmır. Hətta Leninqradda ən gözəl hitlərinin plastinkalarını da
yazdırırlar. Bir-birinin ardınca yazılan albomlar, beynəlxalq
müsabiqələrdə prizlər, şöhrət və bütün dünyaya səpələnmiş
milyonlarla pərəstişkarın məhəbbəti – bunu ancaq arzulamaq olardı,
ancaq təəssüf, xoşbəxtlik əbədi olmur.
Bədbəxtlik qapını döydü...
6 yanvar 1994-cü ildə Al Bano Karrizi və Romina Pauer böyük
qızlarının itməsi haqqında ərizə ilə polisə müraciət edirlər.
Sonuncu dəfə qızlarıyla bir həftə əvvəl, o, Amerikadan
valideynlərinin Yeni ilini təbrik etməkçün zəng edəndə
danışmışdılar. Sonra o, telefon zənglərinə cavab vermir. 24 yaşlı
İleniya Yeni Orleana məşhur alternativ gənclik festivalına
getmişdi.
Uşaqlar tez-tez Amerikaya, Rominanın çoxsaylı qohumlarıgilə
gedirdilər. Bu dəfə İleniya onlara düşmür. Onun başqa planları var
idi. Musiqi, narkotiklər, seksual azadlıq – festivalın bu atmosferi
dünyanın bütün guşələrindən yüz minlərlə gənci özünə cəlb etmişdi.
Sonra isə onlarla valideyn itmiş uşaqlarını tapmaq yalvarışları ilə
polis idarələrinin kandarını əldən salmışdılar. Bəziləri tapılmışdı
da. Əksəriyyətinin isə heç izi-tozu da tapılmamışdı. İlenanı da
tapmaq mümkün olmur. Nə Rominanın televiziya ekranlarından göz
yaşları içində etdiyi yalvarışları, nə Amerika ilə nüfuzlu
əlaqələri, nə də bahalı detekivlər İleniyanı qaytara bildi.
Karrizilər matəm içərisində idilər. Romina dərddən az qala
ağlını itirəcəkdi: o, həyatını təhlükə altına qoyaraq
planlaşdırılmış cərrahiyyə əməliyyatından imtina edir. Onun
qayğısına ehtiyac duyan yerdə qalan üç uşağını sanki gözləri görməz
oldu. "Qızım olmadan yaşaya bilmirəm", - deyə ərinə bildirir.
Axırda iş o yerə çatır ki, daha bir övladı – oğlu Yari – İtaliyadan
Bostona gedir.
Al Bano Rominadan az iztirab çəkmirdi. Ancaq o, heç olmasa
yaradıcılıqla təskinlik tapa bilir. Bəli, itkilər, dərdlər – ancaq
həyat davam edir, yaşamaq lazımdır – ailənin xatirinə, uşaqların
naminə, heç olmasa pərəstişkarların naminə yaşamaq lazımdır.
Bir dəfə intervü verərkən Al Bano etiraf edir ki, İleniya artıq
yoxdur və mən artıq bu fikrə alışmışam. Romina bu sözləri heç vaxt
ona bağışlamır. "Sən qızımızı satdın və mən satqınla yaşamaq
istəmirəm!" – deyə Romina hökm çıxarır. Axı o özü inanırdı ki, qızı
əvvəl-axır tapılacaq...
İtalyansayağı boşanma
Ailə - katolik İtaliyasının ən böyük dəyəridir. Burada nikaha
girmək çox sadədir, boşanmaq isə çox çətin. Bürokratik maneələri
aşmaq üçün əsəblərini sərf etməli, xeyli pul xərcləməli və illərlə
gözləməli olursan.
Yox onlar dalaşıb qab-qacaq qırmadılar, küçələrdə qalmaqal
salmadılar, bir-birilərinə xəyanət etmədilər – bir sözlə,
boşanmaları haqqında şayiə yaymaq üçün ictimaiyyətin əlinə girəvə
vermədilər. Pərəstişkrlarının əksəriyəti, elə tanışlarının da çoxu
sonadək bu gözəl yaradıcılıq və ailə duetinin dağıla biləcəyinə
inanmadılar.
1995-ci ildə Al Bano və Romina son albomlarını yazdırırlar, bir
ildən sonra isə Al Bano artıq San Remoda "Е’ la mia vita" ("Bu
mənim həyatımdır") avtobioqrafik mahnısı ilə tək çıxış edir.
Mahnının sonunda o, diz üstə çökür. Bütün dünya əmindir ki, o,
bununla Rominadan əfv diləyir...
Günlər, aylar keçir, məşhur cütlük bir daha heç vaxt səhnədə
görünmür. Bir neçə il sonra isə paparassilər Al Banonun adını
özündən 26 yaş kiçik olan slovak jurnalisti Qabriella Skrabakova
ilə hallandırırlar.
1999-cu ildə Al Bano Karrizi və Romina Pauer rəsmən boşanırlar.
Al Bano mahnılar yazmaqda davam edir, Romina isə həyatını 180
dərəcə dəyişdirir.
Romina Romanın ən bahalı rayonunda özünə gözəl malikanə alır,
təsviri sənətlə məşğul olur, teleşoularda iştirak edir, kitablar,
ssenarilər yazır, sənədli filmlər çəkir. Romina qəlbən olduğu kimi
zahirən də gözəl qalıb. Sanki zaman onun gözəlliyinə qıymayıb.
Kübar tabloidləri onu 25 yaşlı rəssam Conatan Bişopla birlikdə
olduğunu yazırlar. Onları bir neçə dəfə çimərlikdə birlikdə
görüblər.
Nə etmək olar, həyat belə bir axındır, dayanmaq olmaz,
olmur!