"Dahilərin qadınları"
layihəsində: Nataliya Puşkina
Puşkin Natalya Nikolayevna
Qonçarova ilə evləndiyi gündən bəri dahinin məhəbbəti – sevdiyi
qadını necə olmalıdır və necə olmamalıdır məsələsi ətrafında
söz-söhbətlər dolaşmaqdadır.
O, rus ədəbiyyatı tarixində, sözsüz ki, ən gözəl zövcə idi. Ən
çox ittiham olunan, günahlandırılan, şübhəli bilinən də məhz odur.
Qısası, hər şeyin günahkarı Odur...
Bu qadın puşkinşünaslar və Puşkinin bioqrafları arasında o qədər
fərqli və bir-birinə zidd dəyərləndirmələrlə xatırlanır ki, onun
haqqında müəyyən fikrə gəlmək çətindir.
Ancaq Natalya Qonçarova haqqında yazanların hamısını ilk növbədə
onun şairin həyatındakı rolu deyil, ölümündə oynadığı rol
maraqlandırır.
Yeri gəlmişkən, bu detektiv əhvalatın təfsilatı hələ də qızğın
mübahisələrə səbəb olur. Əslində həqiqət necədir? Budur, düşünməyə
ipucu verən bir neçə maraqlı fakt:
Natalya Puşkina Danteslə 24 yaşında, artıq üç uşaq anası ikən
tanış olmuşdu. Yəni, guya bu hədsiz dərəcədə işvəkar (geyimi və ya
ədaları ilə kişilərin xoşuna gəlməyə çalışan) qadın ərə getdiyi
andan həmişə ya hamilə olub, ya da zahı (yenicə doğmuş qadın). Onu
yaraşıqlı fransız zabitin diqqətini çəkməkdə günalandırmaq olarmı?
Digər tərəfdən Dantesin qayğıkeşliyi, Natalyanın ətrafında
dolanması qəsdən nümayişkaranə şəkil alırdı, ərli qadına qarşı
ehtiraslı məhəbbət onsuz da diqqətçəkici idi. Puşkinə nifrət
etməkdə ad çıxarmış İdaliya Poletikin evində hiyləgərliklə
Qonçarova ilə Dantesin görüşü təşkil olunur. Dantes qadını əldə
etməyə çalışsa da o, qaçıb qurtula bilir. Bunun ardınca Aleksandr
Sergeyeviç və onun tanışlarına həcvlər gəlməyə başlayır. Həcvdə
qısqanc ərə "dəyyus (qurumsaq - arvadı tərəfindən aldadılan ər)
diplomu" verilir. Həm də işarə edirlər ki, onun sevgili xanımı
nəinki təkcə Dantesin, həmçinin çar I Nikolayın da "ehtirasının
predmetidir". Xülasə, ər-arvadı ustalıqla masqaraya qoyurlar.
Bəs bütün bunların arxasında kim dayanır? Ən həqiqətəuyğun
versiya odur ki, nə iləsə (amma elə alındı ki, "kim iləsə" oldu)
ərli qadın Poletika ilə Dantes arasındakı sevgi macərasını
ört-basdır etmək lazım idi. Bir güllə ilə iki dovşan vurmaq
qərarına gəldilər: sadəlövh və az təcrübəli Puşkinanı bunca rəzil
"xəyanətkar" kimi təqdim edərək ona "badalaq vurmaq" və Poletikanın
nifrət etdiyi Puşkini alçaltmaq. Beləliklə, Natalya Nikolayevna
dahi şairə layiq olmayan xəyanətkar həyat yoldaşı deyil, yaranmış,
daha doğrusu, yaradılmış şəraitin məsum qurbanıdır.
Marina Svetayeva onun haqqında yazırdı: "Yox, onda xoşagəlməz,
qüsurlu heç nə yox idi... Yalnız bir şey var idi: gözəllik. Yalnız
– gözəllik, sadəcə - gözəllik... Çılpaq gözəllik... Qılınc kimi
məhvedici... Elə məhv elədi də..." Natalya – səbəb deyil, yalnız
bəhanə idi.
Puşkin ölümqabağı xanımına deyir: "Sənin heç bir günahın
yoxdur!" O, həqiqtən də öz "Madaonna"sını, "Muza"sını,
"şahzadə"sini, "mələy"ini, "arvad"ını və "həyat"ını sevirdi və baş
verənlərdə onu müqəssir bilmirdi. Gəlin, biz də Aleksandr
Sergeyeviçin yolu ilə gedərək onun ünvanına hədyanlar
yağdırmayaq.
Tərcümə etdi: Təhminə C.B.