"Səfillər"
layihəsində:
Həyatın dibində olanlarla, yaşamaqdan çox ömür sürüməklə məşğul
olanlarla çox danışıb söhbət etmişəm. Açığı, ürəyimin ağrıdığı
vaxtlar, dərman qəbul etdiyim günlər, yazını bitirənə qədər
siqareti siqaretə caladığım anlar da az olmayıb. Elə budəfəki
"Səfil"imlə də söhbətim ürək ağrısı keçirmədən başa gəlmədi.
Ancaq... Ürəyim ağrısa da, bu adamın alın yazısına, taleyinə acısam
da, qəhrəmanımın içindəkilərini tərpədib çölə tökdükdən sonra bir
şeyin qənaətində qaldım: yaxşı ki, Allah dəvəyə qanad
verməyib...
Burada, yulğun ağacının dibində...
Onun yerini mənə dənizçi dostlarımdan biri yazılarım haqqında
fikirlərini bildirdikdən sonra sözarası demişdi:
- Burada Liman-bazaya yaxın bir yerdə, yulğun ağacının dibində
bir bomj oturur. Uzun müddət dənizdə işləyib. Əvvəllər heç də pis
yaşamırdı. Gəmidə radio–stansiyanın rəisi idi. Bəlkə onu da
danışdırasan?..
- Şəhərin küçələri bomjlarla doludur. Təsadüf etsəm
danışdıraram, - demişdim.
Və bir neçə gündən sonra həqiqətən də deyilən adama təsadüf
etdim. Dostumun nişan verdiyi yerdə idi. Səhərin soyuq havasında
Toxuculuq Kombinatının arxa tərəfindəki tək yulğun ağacının
dibində, daş parçasının üstündə oturmuşdu. Maşını yanında saxlayıb
şüşəni endirdim:
- A kişi, nə oturubsan daşın üstündə, soyuq deyil
sənə?
- Tebya çto? (Sənə nə) – başını ehmalca yuxarı qaldırdı.
Görünür, pis adama oxşamadığımı düşünüb əlavə etdi: - Kurit xoçu
(siqaret çəkmək istəyirəm).
Kakoy kişi...
Maşından düşüb yaxın gəlirəm. Sifətinin qaramatı adamı basır.
Siqaret verib söhbətə tuturam, kimliyi ilə maraqlanıram:
- Adın nədir?
- Viktor Vasiliyeviç...
- Demək, Vasili kişinin oğlu...
- Kakoy kişi... Mən heç onu görməmişəm də.
- Bakılısan?
- Yox, Vladimirdən. Podmoskovoe...
- Bəs Bakıya nə vaxt gəlibsən?
Ayağa durub çirkli əlləri ilə arxasını çırpır. Papağının
dimdiyini gözünün üstünə endirir.
- Eh, bu çoxdan olub. 1952-ci ildə. Oxumaq üçün gəldim, oxudum,
qalıb işlədim.
- Vitya, 62 il keçib, sən artıq bakılı
sayılırsan.
Əlini havada yelləyir. "Paslı" dişlərinin arasından sözlər
köpüklənirmiş kimi "dağılır".
- Yox, mən moskvalıyam. Zaçem mne tvoy Baku.
Siqareti isə acgözlüklə sümürür. Çirkli barmaqlarını ağzının
ətrafında gəzdirir. Artıq siqareti "bitirib". Getmək istəyir.
- Dayan, - deyirəm
- Çeqo tebya? (Sənə nə lazımdır?)
Sov.İKP üzvü
Acıqlıdır. Yaşadıqlarına, yaşantılarına görə hər kəsi ittiham
edə bilər. Fotokameranı götürürəm:
- Axırıncı dəfə nə vaxt şəkil çəkdiribsən?
- Sov.İKP-nin üzvü olanda. Partiya bileti üçün.
- Viktor, gəl, sənin şəklini çəkim. Haqqında yazı yazım.
Bəlkə doğmaların səni gördü, tanıdı. Sahib çıxdı.
- Lazım deyil. Eşidirsən, lazım deyil. Mən burda doğulmamışam.
Amma həyatımı burda, it günündə başa vururam, görmürsən? Mən
"moskviçəm".
Yox bu adam deyəsən axı, çox acıqlıdır.
- Sən Bakıya gəlib oxuyanda, ailə quranda heç moskvalı
olmağın yadına da düşmədi. İndi it günündəsən, sənə Rusiya yox,
Azərbaycan sahib çıxır, amma söyüş söyürsən.
Dinmir.
- Harada qalırsan? – soruşuram.
Ağa məni 200 dollara arvadımdan alıb
Kəskin danışmağım onu duyuq salır. Sifətinə yaltaq təbəssüm
yayılır.
İndi bu yazını yazanda yadıma salıram ki, əllərini yenə də
sifətinə çəkdi. Əl-üzünü yuyurmuş kimi gözlərindən boy verən bu
yaltaq təbəssümü sifətinə yayırdı sanki. Yenə siqaret istədi. Sonra
əlini balıqçı gəmilərinin dayandığı körpüyə sarı uzatdı. Oradakı
inzibati binalarda məcburi köçkünlər məskunlaşıb.
- Ağanın (Ağanı tanıyıram, məcburi köçkündür. Həmin inzibati
binada qalır. Kiçik bizneslə, təsərrüfatla məşğuldur. – F.B.)
yanında qalıram. Təmizlik işlərinə baxıram. Yaxşı adamdır, sən onu
tanıyırsan?
- Hə, - deyirəm. - Sənə buna görə pul
verir?
- Əlbəttə. Hələ yeməyimi də verir. Yatmağa da yer ayırıb. Ayda
da 30 manat verir... Siqaret isə almır. Deyir, canına ziyandır.
- Düz demir?
- Yox, düz demir. Mən siqaret çəkmək, araq içmək istəyirəm, o
isə ancaq mənə yemək verir. Yatmağa da tövlədə yatıram. Mən onun
köləsiyəm. O məni 200 dollara arvadımdan alıb, - yenə də
qəzəblidir. Və birdən yenə də "mülayimləşir", – pis adam deyil. 80
yaşım olacaq.
Başa düşürəm ki, uzun müddət rahat vəzifədə çalışan adamın belə
bir vəziyyətdə olması onun əsəblərinə təsir edə bilər. Sözsüz, özü
günahkardır. Görəsən, onu Bakıya hansı ruzigar atıb?
- Vitya, sən niyə Moskvada qalmadın ki, indi də Bakını
bəyənmirsən.
Mən "detdom" uşağı idim
Vitya sualımı sanki eşitmir. Dəmir yolu relsinə yaxınlaşır. Rels
arasında bitən yaşıl otların üstündə oturur. Altdan yuxarı mənə
baxır. Sanki "işin-gücün yoxdur?" – demək istəyir. Amma sualımı da
cavabsız qoymur:
- Bilirsən, mən "detdom" uşağı idim. Müharibədən sonrakı illər
idi. Həm də aclıq bitməmişdi. Qızları, oğlanları göndərdilər
Bakıya. Sənət məktəbində oxuduq. Mədəndə, gəmidə, başqa yerlərdə
işləmək üçün... Mən dənizi seçdim. Əvvəlcə, sənət məktəbində, sonra
isə qiyabi "morexodka"nı bitirdim. Radist, radio-stansiyanın rəisi
işlədim...
- Necə idi?
- O zamanlar hər yer Rusiya idi. Azərbaycan da bizim – rusların
koloniyasında idi. Bizim idi. SSRİ vardı. Burada ruslar, ermənilər
yaşayırdı. Yəhudilər də az deyildi. Amma sonradan Rusiya bütün
respublikaların başını buraxdı. Müstəqil oldular. Və rusları
bəyənmədilər. Ruslar istəsəydi... - əlini yelləyir... -
istəmədi.
- Vitya, sən ağzından çıxanları eşidirsən? Bura bir
dövlətdir, sən də onun vətəndaşı.
- Mən Rusiya vətəndaşı olmaq istəyirdim. Getdim səfirliyə. Məni
heç yaxına da buraxmadılar. Piyada gəldim bura. Ağanın yanına.
- Dedin arvadın səni Ağaya satdı?
- Hə. Ağa arvadıma dedi ki, ver onu aparım təmizlik işinə
baxsın. Ona 200 dollar verdi. Arvadım da razılaşdı. Verdi. Sonra da
pul vermədi. Arvadım da öldü. Səhər-axşam, günorta yeməyimi
hesablayır və deyir ki, sənə ayda 200 dollardan çox xərcləyirəm. 30
manat verir.
Evimə qaçqınlar girdi. Oğlanlarımı
öldürdülər
- Bəs sənin evin, uşaqların necə oldu?
- Evimi əlimdən aldılar. Qaçqınlar girdi. İki oğlum vardı.
Öldürdülər.
Hə, indi onun gözlərində qəm göründü. Bayaqdan nurunu itirmiş bu
gözlər heç nə ifadə etmirdi. Əllərinin arxası ilə əvvəlcə burnunu,
sonra isə gözlərini silir:
- Oğlanlarımın ataları azərbaycanlı idi, deyəsən. Heç mənə
oxşamırdılar. Slaviki Şimalda öldürdülər. Yaxşı pulu, maşını olub.
Meşə qırırdılar. Beləcə, ömrünü qırdılar. Balacanı isə burda
öldürdülər. Heç öldürən də tapılmadı. Gəlmişdi Rusiyadan, dedi,
gedirəm. Dedim, get. Amma elə həmin gün bir söhbət olub,
öldürüblər. Dostları vardı. Saşa və bir başqası. Onların əli olub.
Mənim xəbərim çox gec oldu. Günah öləndədir... Unutmuşam hər şeyi,
elə bilirəm ki, mən elə bu cür dünyaya gəlmişəm. Tək idim,
"detdom"da idim. Tək qaldım. Arvadım kombinatda bir gecə keşikçisi
ilə yaşayırmış. "Volodarski"də işləyirdi o, tanış oldum. Evləndim.
Rusiyadan gələnlərdən idi, mənim kimi.
Qız məndən idi, arvadım dedi
Yenə siqaret istəyir. Bu dəfə qutunu verirəm. Əli əsir. Siqareti
yandırıb davam edir:
- Amma qız məndən idi.
- Nə bilirsən?
- Arvadım dedi. Həm də o mənim kimi gözəl idi. Cavanlıqda
yaraşıqlı idim.
- Bəs qızın haradadır?
- Çort eqo zanaet...
Sonra Limana tərəf boylandı. Dənizdə keçib ömrü. Dəniz insanları
gah ucaldır, gah da... yox burda dənizin günahı yoxdur.
- Bizimlə Qazaxstandan olan bir şturman vardı. Alman idi.
Müharibədən sonra əsir düşənlərin uşaqlarından. "Bakinski
morexodka"nı bitirmişdi. Sonrada kapitan oldu. Qızımla evləndi.
Qızım hələ məktəbli olarkən dedi ki, biz sevirik bir-birimizi.
Evləndilər. Deyəsən, Almaniyada yaşayırlar. Nəvəm də olmalıdır.
Sovetlər dağılandan sonra görmürəm onları...
Məni SSRİ-də basdırsınlar
Viktorun gözləri yol çəkdi. Elə beləcə də dedim:
- Vitya, deyəsən, gözlərin yol çəkdi...
- Yox, gözlərim nurunu itirib. Heç nə görmürəm, görə bilmirəm.
Amma gərək Rusiya möhkəm olaydı. Onda mənim oğlanlarım da
ölməzdi.
- Sənin oğlunun biri elə Rusiyada ölüb. O birini də
burada ruslar öldürüblər, özün dedin... Həm də dedin ki, onlar
sənin oğlun deyil.
- Onları mən böyütmüşdüm. Yedirdib, içirtmişdim. Demək, mənim
oğlanlarım idi. O qarovulçu isə, eləcə arvadımın könlün xoş edib,
elə özünün də...
Yenidən siqaret yandırır:
- Azərbaycan pis ölkə deyil. Amma gərək SSRİ dağılmayaydı.
- Vitya, birdən öldün, harada basdırılmanı
istərdin?
- SSRİ-də...