"Sevgi etirafı"
layihəsində:
"Sevgi etirafı" layihəmizin budəfəki qəhrəmanı özü öz dilindən
bəlaya düşdü. Köhnənin tanışı idik. Bir yerdə ədəbi məclislərdə,
müxtəlif tədbirlərdə olmuşduq. Münasibətlərimiz o qədər səmimi olub
ki... Hətta uzun müddət görüşmədiyimiz zamanlarda ondan ötrü
darıxmışam da... O zamanlar zarafat etməyi sevirdi...
Nənəyəm, ona görə?
- Sən ki məni tanıyırsan... Necə olmasa da bir dərnəyə getmişik.
Hətta şəklimiz də var bir yerdə. Uşaqlarla evimizə də gəlibsən.
Hamıdan yazırsan, bəs məndən niyə yazmırsan? İndi nənəyəm, ona
görə?!
Azərbaycan nəşriyyatında təsadüfən qarşılaşdıq. Salam-əleykdən
sonra bu sözləri ərklə dedi. Ucadan güldü həm də. Sonra da:
- Zarafat edirəm ha... birdən yazmaq könlündən keçər, - desə də,
hiss etdim ki, söhbətə ehtiyacı var.
Bir qədər söhbətdən sonra bu yazar xanımın "saqqızını" oğurlaya
bildim:
- Yox, sən nənəyə oxşamırsan, maşallah, çiçəyin
indi-indi çırtlayır. Bəlkə bir sevgi etirafı edəsən?
Yenə də gülüş. Ovurdları batırdı güləndə. Gözlərinin altında
xırda qırışlar var. Çox müasir və səliqəli geyinib. Həmişəki kimi
yaraşıqlıdır. Sol gözünü qıyıb çəpəki baxır. Dirsəyimdən
yapışıb:
- Nə sevgi? Mənim sevgimmi oldu? Sən qocalandan sonra danışığını
bilmədin də.
Onlar mənim uşaqlarımın atası, nəvələrimin
babalarıdır
Eynən onun kimi gözümü qıyıram və illərin o tayından gələn
ərklə:
- Nağıl danışma. Elə ikisini mənimlə özün tanış etmisən.
Birini də mən bilirdim, dostumdur, - deyirəm.
- Hə, onlar mənim uşaqlarımın atası, nəvələrimin babalarıdır.
Dostuna gəldikdə isə... kim idi ki dostun?
- Özün yaxşı bilirsən, gəl uzatmayaq...
Əvvəlki şuxluğu qalıb. Yaşı təxminən 55 olar, bəlkə də çoxdur.
Axı o məndən yaşca böyük idi. O zaman da indiki kimi şəndi. Birinci
əri özündən çox yaşlı olub.
Onunla söhbət edir və yaddaşımı vərəqləyirəm.
- İnstitutun birinci kursunda oxuyanda Talıb məni qaçırtdı. Onda
hələ yaşı 40 olmamışdı. Mənim də 17 yaşım vardı. Hind kinolarının
qəhrəmanına oxşayırdı. Özüm vurulmuşdum. Məhlədəki ərli qadınlar
belə tamah salırdı ona. O, subay oğlan idi. Mən özüm istəyirdim ki,
o mənimlə söhbət etsin.
Bunları hələ 80-ci illərdə o özü danışmışdı. Sonradan bir gizlin
neft satışı ilə məşğul olan işbaza ərə gedəcəkdi. O zaman əri ilə
çoxdan ayrı yaşadığı Talıb dünyasını dəyişmişdi. İndi yenə də
Talıbdan bəhs edir:
- O məni istəyirdi. İki oğlumuz, bir qızımız vardı. Hər dəfə
işdən gələndə görürdüm evdədir. Arada gecə də qalırdı. Amma
ayrı-ayrı otaqlarda yatırdıq. Onunla ömrünün sonlarına yaxın çox
yaxın qohum kimi davranırdıq. Elə bil mənim qohumum idi, heç ərim
olmamışdı. Öləndən sonra ərə getdim. O isə məni atdı. Fırıldaqçı
idi. Ondan oğlum oldu, Talıbın adını qoydum.
- Bəs ikinci ərin qısqanmadı birinci ərinin adını
qoyanda?
- Yox, o, artıq məni atmışdı...
Səni kişilər tərk etdi, məni də saçlarım
Bunları isə budəfəki görüşümüzdə dedi. Bu arada qəhrəmanımın
şərti olaraq adının Humay olmasını da gərək qeyd edəm. Humay xanım
nəşriyyatın həyətində təzəcə görürmüş kimi məni bir də süzüb:
- Boyy, gözüm kor olaydı, adə, başında heç tük qalmayıb ki, -
deyib şaqqanaq çəkir.
Saymazyana:
- Səni kişilər tərk etdi, məni də saçlarım, –
deyirəm və hiss edirəm ki, inciyir. Büruzə vermir amma...
Beləcə zarafatlaşa-zarafatlaşa Cavid parkına yaxın
kafe-çayxanaların rahat otaqlarından birində oturduq. Çay sifariş
verdikdən sonra, yenə də gülə-gülə əvvəlki kimi şıltaqlıq etmək
istədi:
- Səfillərdən, dərdli adamlardan, nə bilim daha kimlərdən
yazırsan. Hamısını oxuyuram. Hələ FB-də dostuq da. Başqa adla
girirəm.
Sonra yenə də araya şuxluq qatmaq istədi:
- Budur qarşındayam, yaz görüm.
Bir qədər də yazıqlığım gəldi. Yox, o özünü dünənə qaytarmaq
istəyir. Alınmır.
- İncimə, budəfəki şuxluğun heç də içindən gəlmir. Sən
özün-özünü aldadırsan, oynadırsan. Sənin üç ərin olub. İki kişidən
uşaq doğubsan, amma ər cəhətdən heç bəxtin gətirməyib. Tanrı isə
sənə gözəlliyi "uf" demədən verib. Hələ də gözəlsən. Amma nənə
ömrünü yaşa...
Güldü. Gülüşündəki kinayə alnına qədər yayıldı. Çay süzmək
istədi. Mane olmadım. Çayları süzdükdən sonra:
- Sən həmişə qaba olubsan. Amma dediklərində həqiqət də var. Sən
məndən nəyin etirafını eşitmək istəyirsən? Nələri danışım sənə?
Bəlkə kitabımdan yazasan?
- Mənlik olsa heç nəyin. Bunu sən istəyirsən. Yoxsa nə
düşmüşdü sənə, görən kimi salamsız-kəlamsız o mövzuya yol açdın.
Kitabın haqda isə, söz verirəm, yazaram.
Çantasından kitabını çıxartdı. Vərəqlədi. Orta səhifələrdə olan
bir şeir tapıb oxudu:
- O dağlar qocalda bilmədi məni
Böyüdüm qoynunda boynu bükülü.
Sinəmə çəkilən dağlar qocaltdı...
Sonra da kitabı mənə uzatdı:
- Ordan–burdan oxudum. Sənə verirəm vaxt tap oxu. Mən dilimlə
deyə bilmədiklərimi sözümlə, qələmimlə demişəm.
- Humay, məndən inciyirsən, biz səninlə neçə ilin
tanışlarıyıq. Bilirəm ki, sən şeirin dalıyca düşməsəydin, indi
tamam başqa bir mühitdə idin. Ali təhsilin var. Ailən, evin,
perspektivin olub. Nakam bir eşq yaşamadın sən, incimə yenə. Sən
kimi gördün, gözün tutdu, kama çatdın.
- Səfehləmə, sən Allah. Məni özünün bəzi qəhrəmanlarının günündə
görürsən. Mən abırlı qadın olmuşam. Təmiz, səliqəli...
Deyəsən, doğurdan da incidi. Yəni mən o dərəcə də kobud oldum? O
bilir axı, mən onu tanıyıram. Çantasından nazik siqaret çıxarır.
Yandırıb çəkir. Sonra da tüstünü mənə tərəf piləyir:
- Sən üçüncü kişisən ki, siqaret çəkməyimi görürsən.
- Bah, fərli-başlı şeyi göstərir mənə... Mənimlə də
ancaq siqareti paylaşarsan.
Ürəkdən gülür. Gülüşünə xidmətçi oğlan gəlir. Təəccüblə xanım
şairəyə baxıb, "başqa bir şey lazım deyil ki", - deyə soruşur.
- Yox, - deyirəm.
Humaya tərəf dönüb Cəlilabad şivəsi ilə:
– Gala, bu da dördüncü kişi!
Yenə də gülür və əlini mənə tərəf uzadır, yəni vur gəlsin.
Vururam.
- Yaxşı danış görüm, necə oldu, sən bu yaraşıqla tək
qalmazdın axı.
- Tək deyiləm. Nəvələrim var. İkinci kişidən olan oğlum Talıb da
yanımdadır. Hərbi xidmətini başa vurub, yaxşı qız gəzirəm ki,
evləndirim. Evləndirəcəm, ayıracam onu. Böyük oğlumun uşaqlarından
biri ilə yaşayacam.
- Niyə, böyük oğlunun uşaqlarından biri
ilə?
- Ona görə ki, o, həqiqi sevgidən doğuldu. Onun atasına, yaşım
az olsa da, sevib ərə getmişdim. Qoşulub qaçmışdım.
Qəbrimin sinə daşından öpər
Sonra xeyli susdu. Yenə də siqaret yandırdı:
- Atam heç üzümə baxmadı. Səməd Vurğunun qızına yazdığı bir şeir
var e... "Aybəniz dünyaya gəldi, gəlmədi"... qızı qoşulub qaçanda
yazıb. Bax onu mənim adıma dəyişib deyərdi. Bilirsən də, Səməd
Vurğun ölüm ayağında olanda qızı gəlib atasının üzündən öpüb.
Vurğun deyib ki, üzümdən yox, sinəmdən öp, dağ çəkdiyin sinəmdən...
Atam da mənə elə deyibmiş. Mən onun ölümünə çatmamışam. Vəsiyyət
edib ki, Humay gəlib mənim qəbrimin sinə daşından öpər, dağ basdığı
sinəmin.
Humay siqaret çəkir və kədərli gözü ilə küncə baxır.
Baxışlarının "ardınca" düşürəm. Küncdə hörümçək toru var. Torda isə
ölmüş iki milçək.
- Atamın ən çox sevdiyi şair olub Səməd Vurğun. Elə mənim adımı
da Humay onun qəhrəmanı olduğu üçün qoyub. Mən atamın başını uca
etmədim. Ona poema yazmışam, şerlər həsr etmişəm... İndi də belə.
Durub üzümə deyirsən ki, sən aktrisalıq edirsən. Hə, düz deyirsən.
Məndə heç nə alınmadı.
İnstitutu qurtarana qədər salamat qala
bilməzdim
Məni də kövrəltdi. Acığım tutdu:
- Sən rayondan təzə gəlmişdin, hələ üstündən rayonun
havası çəkilməmiş qoşulub ərə getdin, bilmədin dədənin arzusunu
gözündə qoymağın acısını çəkəcəksən?
- Faiq, mən çox gözəl idim e... O qədər gözəl idim ki,
institutu qurtarana qədər salamat qala bilməzdim.
Sən haradan biləsən, ay yazıq. Siz bir dəstə kənd uşağı idiz, elə
mən də rayonlu qızıydım, biclikləri bilməzdik. İnstitutda yaşlı
müəllimlər arxamca baxırdı. İçinə dərd olmuş yambızlarımı ha
yığırdım, alınmırdı, yırğalanırdı elə. Saçlarım dümbülümün üstündə
idi. Bu tərəfdən də qonşuluqda yaşayan bu adam. Tək olurdu.
Hündürboy idi. Maşını vardı. Vəzifəsi vardı. Vurulmuşdum ona.
Ərli gəlinlər onun qarasınca asıb-kəsərdi
- Necə oldu axı, o boyda təhsil ocağında sənin yaşına
uyğun olan oğlanlar vardı.
- Bilirsən, məhlədə qızlar, gəlinlər ondan danışardı. Hamı üçün
əlçatmaz idi. Ərli gəlinlər onun qarasınca asıb-kəsərdi, amma
bilirdim ki, hamı onun diqqətində olmağı istəyir. O isə məni seçdi.
Bir dəfə dərsə gedəndə maşını saxlayıb ərklə, "gəl otur, aparım,
islanıb cücəyə dönərsən", - dedi. Heç tərəddüd etmədən oturdum. Düz
"26-lar" bağına qədər gətirdi. Dərsdən saat neçədə çıxmağımı
soruşdu. Dedim. Dedi hava pis olsa, bu tərəflərdə olsam, səni
götürərəm. Və beləcə kinoya, Dağüstü parka ayağım açıldı. Və
günlərin bir günü getdik ZAQS-a, ərizə verdik. 5-10 dost yığışdıq.
Toyumuzu etdik.
- Bəs elçi zad?..
- Yox, olmadı. Mən artıq uşağa qalmışdım, atam-anam biləndə. Düz
bir ayın tamamında hamilə olduğumu bildim. Məni 2-ci kursdan
qiyabiyə keçirtdi. Onun 55 yaşı tamam olana qədər birgə yaşadıq.
Mənim 34 yaşım olanda ayrıldıq. Onda dərnəyə gəlirdim. Sizlərlə
tanış idim. Şair dostlarından biri mənim qəlbimə yol tapdı. Özü də
bilmədən ona vuruldum. Onun isə cəmi 22 yaşı vardı. Bax onda hiss
etdim ki, mənim qəhrəmanım bu olacaqmış. O isə tərbiyəli oğlan
idi... O səninlə necə dostluq edirdi, indi də fikirləşirəm, bir şey
anlaya bilmirəm.
- Görünür, ya mən də tərbiyəli oğlan olmuşam, ya da
mənim kimi o da tərbiyəsiz oğlan olub, sənin eşq gözünü tutub,
görməmisən...
Bura bax, guya sən bilmirsən?
Çayımız qurtarıb, yenisini sifariş vermək istəyirəm. Razı olmur.
Dururuq. Onu Yasamala aparmağımı xahiş edir. Yol boyu ikinci
ərindən danışır:
- O, ərim öləndən sonra məni tanıdı. İş yerimə gəlmişdi. Könlünü
açdı. Yox deyə bilmədim və axırda o məni atdı.
- Niyə?
- Kobudun, əxlaqsızın biri idi. Dərnəkdə şair dostlarla şəkil
çəkdirmişdik. Şəkillərin hamısının üzünü qaralamışdı. Oğlanların
yəni. Dedim, niyə belə edirsən? Nə isə mübahisəmiz beləcə başladı.
Həm də fırıldaqçı idi. Məndən sonra onu həbs etdilər.
- Bəs, vurulduğun şair necə, yanan barmağını sarıya
bildimi?
- O, utancaq idi. Amma... Bura bax, guya sən bilmirsən?
- Etiraf et də...
- Nədir, sən keşiş-zadsan bəyəm?
Ünvana çatdıq. Ayrılanda soruşdum:
- Humay, sənin şəklini qoyum?
- Mənim nəvələrim var, böyük uşaqlardır. Oğlumun biri yüksək
rütbəli zabitdir. Səncə, şəklimi vermək olar?..