"Əsrin o üzü" layihəsində:
...68-ci illər. O illər arxada qaldı. İllər arxada qalsa
da, milli kino incilərimizdən söhbət düşəndə unudulmaz aktyorlar
yada düşür. Belə aktyorlardan biri də Ənvər
Həsənovdur.
Kinosevərlərin qəlbinə Murad obrazı ilə yatan aktyor hər gün
olduğu kimi, bu gün də həmin pilləkənləri çıxırdı. İş otağına
tələsirdi. Aktyorun iş otağının divarlarında müxtəlif portretlər və
şəkillər asılmışdı. Elə bu şəkillərin köməyi ilə sənətkarın kino
həyatı ilə yanaşı, onun gizli dünyasına səyahət etmək mümkün oldu.
Hətta kino dünyasına gəlmək üçün çəkdirdiyi ilk fotonu əlinə alanda
bir şeyi yaxşı hiss etdim: o, bağlı qalan xatirələrdən həzin-həzin,
amma sevinclə danışmaq istəyirdi.
O səkkiz nəfərdən kinoda bircə mən qalmışam
- Necə oldu ki, aktyorluq sənətini
seçdiniz?
- Hələ uşaqlıqdan kinoya marağım vardı. Gözəl insan Adil
İsgəndərov Kinostudiyanın tərkibində kinoaktyor studiyası açmışdı.
Mən də sənədlərimi təqdim etdim və qəbul olundum. Kursumuzda əlli
iki tələbə vardı, bitirəndə səkkizi qalmışdı. Bu gün də o səkkiz
nəfərdən kinoda bircə mən qalmışam. Çəkiliş zamanı Arif müəllim
deyirdi ki, səni filmə çəkəcəm, amma çəkmirdi. Bir gün dedilər ki,
hazırlaş, Arif müəllim səni filmə dəvət edir. Dedi, sənə deyirdimmi
hazırlaş. Hazırlaşmısan? Səni kinoya çəkirəm. Dedim, hazır deyiləm.
"Narahat olma, - dedi, rolda özünü oynayacaqsan". Mən iyirmi
beşinci insan idim ki, Murad obrazına dəvət aldım. Fotolar, sınaq
və sonda məni qəbul etdilər.
Az qala o filmdə öləcəkdim
- Murad obrazı karyeranızda dönüş nöqtəsi olub. Gərgin
səhnələri necə xatırlayırsınız?
- Murad obrazının karyeramda böyük rolu olub. Əslində, "Yeddi
oğul istərəm" filmindəki Cəlal obrazı da kino həyatımda xüsusi
izlər buraxdı. Ən çətin səhnə Cəlalın ölüm səhnəsi idi. Fiziki və
mənəvi cəhətdən ağır olan səhnə az qala ölümümə səbəb olacaqdı. Bu
səhnələri heç zaman unutmayacağam.
- Sizə hər filmdən bir çapıq yadigar qalıb. Səbəb? O
illərdə nə baş verirdi?
- Hə, hər filmdən bir çapıq. Bu dediyiniz çapıq mənə "Uşaqlığın
son gecəsi" filmindən yadigar qalıb. Bir gün dostlarım dalaşmağa
başladı. Gördüm, cibindən beşbarmaq çıxartdı. Çatdım. Tutdum. Əli
dəyib, çənəmi partlatdı. Səhər gəlmişəm çəkilişə. Arif müəllim
gördü ki, çənəm belə olub. Dedi, axı niyə bu Ənvəri tək qoymusunuz,
deməmişəmmi, onun da yanında adam olsun? O axı içərişəhərlidir.
(Gülür, sevinclə danışır.) "Qaçaq Nəbi" ilə də bağlı bir hadisə
yaddımda qalıb. Onun çəkilişlərində on dəqiqə huşumu
itirmişdim.
Jerar Depardye ilə bir filmdə
- Deyirlər, yeni filmlərdə rol almağa başlamısız? Doğru
xəbərdir?
- Birincisi, yaş özünü göstərir. Mən istəmirəm tamaşaçıların
qarşısına belə çıxım. İstəyirəm tamaşaçılar məni əvvəlki filmlərdə
gördükləri kimi görsünlər. Daha gənc rollara çəkilmirəm.
Tamaşaçıların qarşısına yaşıma uyqun bir obrazla çıxmağı
planlaşdırıram. Ötən illərdə tanınmış fransız yazıçısı Aleksandr
Dümanın Qafqaza səyahəti haqqında çəkilən sənədli filmdə baş rolu
Jerar Depardye oynasa da, o filmdə mən də rol almışam. Demək olar
ki, son illər dörd yeni filmdə rol almışam. Balaca obrazlardı, amma
yadda qalan rollardı.
Aktyorluqla yanaşı rejissorluq fəaliyyətimi də davam etdirirəm.
Pul ayrılıb Azərbaycan filmlərinə. Yeni filmlər çəkiləcək. Bir
filmə də mən rejissorluq edəcəm. Bir televiziya filminə çəkilmək
üçün də təklif almışam. Nadir Mobilovun filmidir. Kriminal, klanlar
mövzusunda olacaq. Bir tərəfdən xoşbəxtəm. Qırx doqquz ildir ki,
"Azərbyacanfilm"də çalışıram. Bu qırx doqquz ildə təxminən əlli
yeddi, əlli səkkiz filmə çəkilmişəm.
Sevinirəm...
- Ömür-gün yoldaşınız Mömünət xanımla da "Dərviş Parisi
partladır" filmində tanış olmusunuz. Birlikdə rol aldığınız filmlər
haqında nə deyə bilərsiniz?
- "Son döyüş" filmində Ənvər rolunu oynayırdım - vəkil rolunda.
Bu filmdə özüm dedim, birlikdə oynayaq. Sevinirəm ki, bu gün
Mömünət xanımın 3 filmi var.
Yaxşı bıçaqlarım var
- Hər insanın öz maraq dairəsi olduğu kimi, Ənvər
Həsənovun da hobbisi olmamış olmaz…
- Haqlısız. Marka yığmışam, maşın yığmışam. İndi qədim lampalar
yığıram. XIX əsrdən bəriki dövrü əhatə edən otuza yaxın qədim
lampam var. Onu da deyim ki, bıçaq da yığıram. Azərbaycanda heç
kimdə olmayan dünyanın hər yerindən gətirlmiş 452 təsbehim, 1500
kitabım var. Ovla maraqlanıram.
Nədənsə hər bir əşyanın öz sehri olduğu kimi, susan şəkillərin
də öz dili var... Sənətkarın şəkillərə baxması, hər şəkil haqqında
məlumat verməsi xoş təssürat yaradırdı. O, şəkillərə baxıb xəyala
dalırdı; çünki özü dediyi kimi, bu şəkillərin onun üçün dərin
mənası və tarixçəsi var. Ruhu ilə kinoya bağlanmış aktyor uzun
illər keçsə də, o illərdən danışanda özünü xoşbəxt hiss
edirdi...