"Xatirə dəftəri" layihəsində
Respublikanın Əməkdar artisti Aybəniz Haşımova ilə görüşüb onun
"Xatirə dəftəri"ni vərəqləmək istədik. Xanım sənətkarımız
söhbətimizə razılıq versə də, bu görüş bir qədər ləngidi.
Ayaqlarında olan ağrılar Aybəniz xanımın İstanbul səfərini araya
gətirdi. Bu dəfə də sənətçi dostu Nisə Qasımova ilə bağlı
televiziyada gedən bir veriliş xanım əfəndimizin pərişan olmasına
səbəb oldu. Nəhayət, istirahət günü üçün razılaşdığımız görüş də
alınmadı. Həmin gün də Bakıda olan Dünya Gənc Türk Yazarlar
Birliyinin bəzi nümayəndələri şam yeməyinə xanımın qonağı oldu.
Görüşümüz növbəti günə keçirildi.
Hər dəfə də üzrlü səbəb olsa da, çox üzgün şəkildə:
- İnciməyin, siz Allah... - dedi.
Ondan inciməkmi olardı? Əsla.
Axır ki xanım sənətkarın yaşadığı mənzilin qapısının zəngini
sıxmaq nəsib oldu. Mənzilin qapısı bu mərtəbədə yerləşən
mənzillərin qapısından ağ rəngdə olması ilə fərqlənir. Qapını
bacısı oğlu Sahib açır. İçəri dəvət edir. Qonaq otağına keçirik.
Mənzilin dəhlizinin divarları da ağ rəngdədir. Elə qonaq otağında
olan divan, kreslolar, balışlar, döşəkcələr, otağın tən ortasında
özünə yer edən adam boyda olan kukla da... pərdələr və bütün
aksesuarlar... təkcə mətbəxin qapısı tutqun şüşəli və divanla
kreslonun arasında qoyulan böyük, dərin vazdakı sünbül dəsti qara
rəngə çalır.
Aybəniz xanım mətbəxdədir. Səsi gəlir:
- Qardaş, xoş gəlmisiz.
Sonra da Sahibə səslənir. Bacıoğlu səssiz mətbəxə keçir, çayla
qayıdır. Aybəniz xanım əlində tort qonaq otağına adlayır. Fikir
verirəm: ağ nimçə, ağ tort... Təşəkkür edirəm:
- Sizin münasibətinizin, qonaqpərvərliyinizin şirinliyi
bəs edir - mən şirin şeylərdən qaçıram.
Səbəbimi bildikdə, təəssüf edir.
Ailəmə qulluq eləməyi çox sevirəm
Diktofonun düyməsini sıxıram:
- Aybəniz xanım, dünən də qonaqlı-qaralı olmusuz. Açığı,
Sizi belə evdar xanım kimi heç təsəvvür eləmirdim. Bəzi qadınlar
bir az məşhurlaşan kimi özlərinə qulluqçu tutur. Nə əcəb siz bundan
yararlanmırsız?
- Ağlım kəsəndən ailəmə qulluq eləməyi çox sevirəm. Bu, oxuduğum
musiqilər qədər mənə əzizdir. Xoşuma gəlir evimə gələnlərə qayğı
göstərmək. Əvvəldən xasiyyətim belədir. İnsanları çox sevirəm,
onlara az da olsa qayğı göstərəndə sevinirəm. Köməkçi elədir ki, o
bəzən gərəyim olur, amma elədiyi işlər ürəyimcə olmur. Bayaq siz
gəlməzdən qabaq yuduğum paltarları sərirdim. Öz-özümə deyirdim ki,
əvvəllər özüm əllimlə gül kimi yuyurdum, kraxmal vururdum. Amma
indi paltaryuyan yuyur deyə, kraxmal vura bilmirəm. Bilirsiz,
necədir, ailə-uşağın yanında utanmağı sevən deyiləm. Özümün öhdəmə
düşən işləri layiqincə görmək istəyirəm. Onu da görə bilməyəndə
üzülürəm.
- Bu yaxınlarda FB səhifənizdə bir status yazmışdız, bir
neçə tip insanları qınayırdız, "bunlara nə ad verək" deyirdiz?
Xətrinizə dəyən, sözünüzə baxmayan olub?
- Feysbukda bəzi statuslar var ki, özümə aid deyil. Kimsə
kiminsə xətrinə dəyəndə, incidəndə narahat oluram.
Tələbələrimi incitmişəm
- Demək siz heç vaxt heç kəsi
incitməmisiz...
- Tələbələrimi incitmişəm, bəzən. Çünki sözümə baxmırlar.
Bilirəm, səhv elədiklərini sonradan biləcəklər. Bax, onda özümü
danlayıram ki, gərək bu sözü deməzdim, uşağın ürəyini qırmışam
bəlkə də. Onlara deyirəm ki, elə yaşayın, keçmişdə buraxdığınız
izlər sizi peşman eləməsin, həmişə xoşbəxt eləsin. Amma indi olar
gəncdirlər deyə, məni başa düşmürlər. Çünki mən də vaxtında bəzi
şeyləri başa düşməmişəm. Şövkət xanım kimi müəllimlər durduğu yerdə
şagirdin xətrinə dəyməzdi.
- Belə çıxır ki, yeniyetmə yaşınızda, tələbə olan
vaxtlarda müəllimin sizə olan haqlı iradlarını qəbul
eləmirdiz?
- Ürəyimdə hə. Üzünə bildirə bilmirdim. Ona, Şövkət xanıma çox
böyük hörmətim vardı. Fikirləşirdim ki, görəsən niyə belə deyirdi?
Amma indi çox utanıram, vaxtında elə düşündüyümə görə.
- "Bülbüllər"dən qabaq da sizin tələbələriniz
olub...
- Olub. Qızlar olub mənim tələbələrim. Amma onlar ailə qurdular
deyə, sənətdən uzaqlaşdılar. Oğlanlardan ilk tələbəm Fərid Məmmədov
idi. Nəticə də göz qabağındadır. Özünə qarşı tələbkar idi, əxlaqlı
idi.
Hərdən dünyadan küsürəm
- Aybəniz xanım, hər şeyi ürəyinizə saldığınızı
deyirsiz. Ürəyinizdən heç keçibmi ki, laqeyd olasız?
- Yox, keçməyib. Ümumiyyətlə laqeyd adam deyiləm. Mənim
baxışlarımdan bir dəqiqə heç nə yayına bilməz. O gün Nisə xanımın
verilişindən sonra gecə səhərə kimi yata bilmədim. Verilişi təkrar
izlədim, hönkür-hönkür ağladım. Rafiq Cəbiyevi də tanıyırdım.
Yanında bir-iki dəfə olmuşdum. Çox kübar insan idi. Ziyalı idi.
Mənə hörmətsizliyi keçməmişdi. Onu o vəziyyətdə görmək ürəyimi
ağrıtdı. Hərdən dünyadan küsürəm, insanlardan küsmürəm ki. Deyirəm
ki, ey dünya, özün görürsən, sənin nə qədər haqsız sahiblərin var.
Sonra görürəm ki, belə insanların cavabı verilir, dünən gur-gur
guruldayanlar, mənəm-mənəm deyənlər bəlalara düçar olur, amma
nədənsə insanlar ibrət götürmür. Bir qarışqa yarada bilməyənlər,
görün haqsız yerə nə qədər qəlb qırır, könül küsdürür. Bir də
öləndə yadımıza düşür ki, halallıq alım. Axı niyə vaxtında düşünmür
ki, mən onu məhv elədim, onun cavan ruhunu qırdım? Gərək elə ölüm
ayağında yadına düşməlidir əməllərin?
- Heç sizdən halalıq alan olub?
- Olub. Üzümə çıxmağa çəkinib, deyib: "İstəmirəm məni belə
görsün. Mən onu çox istəmişəm. Səhvim olub, bağışlasın". Adını çəkə
bilmərəm. Qoy ruhu rahat yatsın.
Gülümsəyir. Üzündə qəribə utancaq təbəssüm var mövzunu
dəyişir:
- Sizi qardaş bilirəm özümə. Mən həmişə istəmişdim ki, çox
uşaqlı ailənin sahibi olum, çox uşağım olsun. Amma qismətim olmadı.
Aynişan mənim bu sözümə görə pis olmuşdu da. Deyirəm, qızım, sən
mənim həyatımın mənasısan, bu sözümü pis qarşılama. Rus dilində
oxumuşam deyə, fikrimi bəzən düz çatdıra bilməmişəm. Hərdən tələbə
yoldaşım Zakir Əliyev deyirdi ki, Ayka, sən niyə rus bölməsində
oxumusan?
- Amma heç hiss olunmur...
- Mən çalışmışam ki, rusdilli olmağımı bildirməyim dərslərimdə.
Tələbə olarkən Azərbaycan dilində çox danışanda müəllimlərim
acıqlanırdı ki, sən rus bölməsində oxuyursan, rusca danış. Baxıram
ki, adam azərbaycanlıdır, mən niyə axı onunla rusca danışım? Bizim
tarix müəllimimiz vardı, erməni idi, onun dərsində oturmurdum,
çıxırdım dərsindən. Amma yenə də mən qazandım, məni dilimdən
döndərə bilmədilər. Buna görə də Aynişan məni səhv anlamışdı.
Hərbi geyimdə adam görəndə "ata" deyirdi
- Rəhmətlik həyat yoldaşınız Aynişanı görə
bildi?
Yadına saldığı xatirələrin gətirdiyi kövrəkliyi verdiyim bu sual
daha da təsirləndirdi. Aybənizin bəyaz sifətinə kədər yaz dumanı
kimi yayıldı. Gözləri doldu, ancaq özünü əla ala bildi:
- Gördü. Aynişanın bir yaş səkkiz ayı vardı atası şəhid olanda.
Aynişan çox illər televizorda hərbi geyimdə adam görəndə "ata-ata"
deyib televizorun qarşısına keçirdi.
- Niyə uşağın adını Aynişan qoyduz? Ürəyinizə dammışdı
ki, bu sizin həyat yoldaşınızın sizə saxladığı bir nişanə
olacaq?
- Yox, qayınanamın adıdır. Amma o, uşağın adını Bahar qoymaq
istəyirdi. Mart ayında olmuşdu deyə. Dostları ilə ata olmasını qeyd
edib, dostlardan biri deyib ki, uşağın adını Bahar qoy, baharda
doğulub. Mənə deyəndə, dedim yox, ananın adını qoyacam, dinmədi,
razılaşdı...
- Qayınananızı çox istəyirdiz, yoxsa kişiyə özünüzü
sevdirmək üçün bu jesti etdiz?
- Bir şey deyim sizə, mən olduğum kimiyəm. İstər sevsinlər,
istər də sevməsinlər. Nə söz xətrinə söz deyərəm, nədə nəyəsə görə
özümü sevdirərəm.
- Qayınananızla indi də əlaqəniz var?
- Əlbəttə. Qayınanam mənim üzümü anamdan çox görür. Danışanda
qıraqdan bizə baxan olsa, deyər ki o mənim qayınanam yox, anamdı.
Vay o gündən zəng eləyə, səsimi yorğun eşidə... elə ağlayır ki!
Qayınanama aşiq olub ərə getmişəm
- Gəlinlər nadir hallarda qayınana haqda xoş sözlər
deyir...
- Mən, əslində, qayınanama aşiq olub ərə getmişəm, yoldaşıma
aşiq olub getməmişəm ki. Həmişə ailədə valideynə üstünlük verirəm.
Valideynini saymayan övlad heç kimi saymaz.
Aybəniz xanımın gözləri yenə də uzaqlara dikildi. Sanki
baxışları ilə o günlərə yol çəkdi, o günləri bu günümüzə
gətirdi:
- İlk dəfə təsadüf nəticəsində gördü məni. O vaxtlar şəhərdə
axşamlar maşın az olurdu. Qatışıqlıq idi. məşqdən çıxmışdıq.
Musiqiçi dostlarımla məni yola salmaq üçün maşın gözləyirdik. Bu
arada "Qaz-31" çıxdı. Hüsü Hacıyev küçəsində, Yazıçılar Birliyinin
poliklinikası ilə üz-üzə durmuşduq. Əl etdik, saxladı. Məni evə
aparana qədər güzgüdə mənə baxdı. Əsəbiləşmişdim. Bundan sonra hər
gün gəlib orda məni gözləyirdi.
Bizim ilk görüşümüz, söhbətimiz isə 20 Yanvar hadisəsinin 40-da
oldu. Elə o vaxtı mənə sevdiyini dedi. Dedi bir söz de...
Durduğu yerdə də dəfn olundu
Aybəniz xanımın səsi qırılır. Gözlərini yana dikir. Xeyli susur.
Sonra qəhər içində:
- İşə bax, o hansı sırada durmuşdu, "bir söz deməsən, buradan
ayağımı kənara bir addım da qoymayacağam" dediyi yerdə də şəhid
olduqdan sonra dəfn olundu. Həmin yeri Allah onun üçün ayırıbmış
demə, o, səadətini də bu yerdə elan elədi, bu yerdə də əbədi
uyudu...
O zaman dedim ki, ananla görüşüm, ondan sonra sənə cavabımı
deyərəm. Anası bacısı ilə gəldi. Qayınanam o qədər gözəl idi...
İndi də gözəldir. Amma artıq yaşlanıb. Elə bil, Allah-Təala əlilə
çəkmişdi onun surətini. Maraqlısı odur ki, məni hər zaman
televizorda görəndə deyirmiş, kaş o mənim qızım olaydı. Bu da bir
dəfə anasına xoş olsun deyə, televizorun ekranında məni öpüb, deyib
ki, onu sənə gəlin edəcəm. Anasını görəndən sonra ona dedim ki,
sənə gəlib-gəlməməyim dəqiq deyildi, amma ananı görəndə sonra özüm
də istəməzdim ki, ananın gəlini mən yox, başqa birisi olsun.
Qayınanamın adını Aynişana qoyanda heç nə demədi. Anasını da çox
istəyirdi. Oğlanlar analarını çox istəyir. Qayınanamla zahiri
görnşümüzlə yanaşı taleyimiz də oxşar oldu. O qədər təmizkardı
ki!
Onu kövrək xatirələrin əlindən alıram:
- Dərsdən qaçmısız heç?
- Ömrümdə bir dəfə. Onu da uşaqlar eləyiblər. Dərsə gəlmədiyim
vaxtlar olub, amma qaçmazdım. Sənətimə o qədər önəm verirdim ki...
Günlərin bir günü gəldim dərsə. İkinci növbədə oxuyurdum. Bizim
sinfin bütün uşaqları tanınmış ailələrin uşaqları idi. İstər
siyasətdə, istərsə də mədəniyyətdə. Ali Sovetin sədri Seyidovun
nəvəsi, Vaqif Mustafazadənin qızı Əzizə, Ələkbər Tağıyevin qızı və
başqaları. Nə isə, gəldim dərsə, gördüm, uşaqlar yığışıb, söz
qoyublar ki, dərsdən qaçaq. Gördüm, bunlar gedir, mənim sinifdə tək
qalmağım pis olacaq, onlara qoşulub qaçdım dərsdən.
- Aybəniz xanım, gənc idiz, bugünkü kimi gözəl idiz,
üzünüzdə baxışları heç hiss edirdiz? Çaşdırmırdı ki, bu baxışlar
sizi?
- Küçədə gəzə bilmirdim ki. Məni görəndə hamı mahnılarımı
oxuyurdu...
Mən bunu hamını sevməyə bənzədirəm
- Bizdə şou-biznes var?
- Azərbaycanda şou-biznes yoxdur. Dünyada sənətə şou-biznes
deyirlər. Bizimkilər də qonşudan geri qalma dala, deyə, belə bir
şey yaratdılar.
- Doğurdanmı maddiyyat adamı bu qədər
sürükləyir?
- Son dövrlərdə maddiyyat insanları özünə çox ram eləyib. Hamı
hər şey istəyir. Hər şey istəmək nə qədər doğrudur axı. Niyə mən
hər şey istəməliyəm axı? Mən bunu bənzədirəm hamını sevməyə. Hamını
sevə bilməz insan. Mən övladlarımı da - bacımın övladlarında öz
övladın bilirəm - belə böyüdürəm. Onlara deyirəm ki, mən hər şey
istəyirəm deyə, yaşamayın həyatda. Hər şey istədin, əldə elədin,
sonda sənə qalmayacaq. Sənə qalmayacaq hər şey üçün niyə
istəməlisən ki? Qonağın gəlir, səliqəli yerdə otursun deyə, ev-eşik
qurmaq olar. Amma mənim ürəyim yüz minlik mebel istəyir, bu
dəlilikdi artıq. Evinə yüz minlik mebel alıb qoyursa, mən həmin
adama ağıllı demirəm. Tələbə gəlir, deyirəm ki, ay bala, bu nə
mahnı idi oxudun efirdə? Bilirəm axı niyə oxuyub - toya getmək
üçün. Deyirəm, utanmırsan? Mən oxuya bilməzdimmi elə mahnıları? Heç
bir dəfə efirdə elə yüngül mahnılar oxumuşam?
- Siz toylara getmirsiz ki?
- Mən toylara həmişə getmişəm. Görürsüz, siz bunu bilmirsiz.
Çünki mən efirdə toy havası yaratmamışam. Elə toyun özündə də
musiqimizə ziyan gətirəcək heç nə oxumamışam.
- Bir vaxtlar sizə qəfil zənglər gəlib narahat
edirdi...
- Səhnədə gur-gur gurlamağım bəzilərini qorxudurmuş. Əllərinə
fürsət keçmişdi ki, məni incitsinlər. Çünki artıq yaralanmışdım.
Şükür Allaha ki, tək qoymur bəndələrini. Allah mənim yanımda oldu
həmişə, məni qoymadı yenməyə. Faiq müəllim, mənim yaxşı dostlarım
var. Allah sizlə bir yerdə onlara da can sağlığı versın. Onlar mənə
bacı-qardaş oldular... Bir gün bacım Rəna dedi ki, bəstəkar Naibə
Şahməmmədova səni bizdən çox istəyir. 8 yaşından rəfiqəyik biz.
Artıq 44 ildir rəfiqəyik. Dünən deyirəm ki, 44 il rəfiqə olmur, sən
artıq bacımsan.
Evliliyi bədənə qoyulmuş yad orqan kimi
bilirəm
- Doğurdanmı ailəni sənətə qurban vermək
olur?
- Elə şey yoxdur. Ailəni sənətə qurban vermək olmaz. Ailəni heç
kimə, heç nəyə qurban vermək olmaz. Səhnədə o qədər uğur qazanırıq,
evə qayıdanda o uğurları bölüşəcəyim heç kim yoxdursa, onda sən
bədbəxtsən. Yox əgər allah səni ayırırsa, o başqa. Mən il yarımın
gəlini olmuşam da. Ailədə bir həftənin içində belə, söz-söhbət ola
bilir. O da qaldı uzun ömür yaşayasan. Mən həmişə evliliyi bədənə
qoyulmuş yad orqan kimi bilirəm. İnsan yaşadıqca o yad orqan
səninlə olur. İnsan gərək o qədər güclü ola ki! Dünyaya övlad
gətiririk. Övladın özü bəyəm bizi incitmir? Nə isə az da olsa səhv
edir, incidir. Həmişə deyirəm ki, Əzrayıl bizim övladlarımızdır.
Şirinliyi ilə alır e canımızı.
- Deyəsən Aynişan sizi çox incidib...
- Yox. Ona qurban olaram. Bacım oğlu deyir ki, xala, Aynişanın
proqramı ilə yaşayırıq. Yatmır, biz də yatmırıq, yeməyini yeyir,
biz də yeyirik. Aynişan Türkiyədə Bağçaşəhər universitetində
oxuyur.
Arvad mənimdi, özüm bilərəm
- Yoldaşınız sizi qısqandımı?
- Gənc idi, qısqanırdı. Onda gərək məni boşayaydı? Mübahisə də
olub aramızda, hətta vurub da məni.
- Niyə, nə idi günahınız?
- Səhnəyə çıxıram, mənə qabağa getmə deyir. Mən səni görməliyəm
səhnənin arxasından. Elə oldu ki, bir dəfə mikrofon xarab oldu, bir
az qabağa gələsi oldum. Elə səhnədən çıxmışdım ki, elə orda da
başıma qapaz vurdu. Özünə gülümsündüm, amma musiqiçilərdən utandım.
Məni həmişə özü aparıb-gətirirdi işə. Müdirimiz Faiq Sücəddinov
idi. Deyirdi ki, ay Xalid, səni işdən qovacaqlar, niyə bu qızı
aparıb gətirirsən? Mənə hirsləndi ki, o niyə mənə elə dedi? Ona
mədəni yolla bildir ki, bir də mənə elə söz deməsin. Arvad mənimdi,
özüm bilərəm, yanında gedirəm, ya getmirəm. Nə edəydim, boşanaydım?
Uşağım məni qınayacaqdı axı ki, ana, sən məni niyə atamdan
ayırdın?
- Sonra heç evlilik təklifləri oldumu?
- Çox. O, rəhmətə gedəndə 24 yaşım vardı. Hətta elə oğlanlar
vardı ki, subay vaxtı məni sevirdilər, onlar da mənimlə evlənmək
istədilər. Elçi gəldilər e, əməlli-başlı. İstəmədim. O qədər
başım-beynim gedir, o qədər mesajlar zənglər gəlirdi ki...
Ailə qurmuşam...
- Bir ara söz-söhbət gəzdi ki, ailə
qurmusuz.
- Bəli, ailə qurmuşam. Sonralar gördüm ki, çox bezdirirlər.
Dedim yox, mən ailə qurmalıyam artıq. Ailəvi dost olmuşuq, yerlimiz
olan oğlan vardı, məni uşaq vaxtdan sevən olub. Uşaqlıqdan dost
olmuşuq, ümumiyyətlə, çox istədiyim olub ailələri. Bu oğlan da məni
çox istəyirdi. Hətta eşitdi ki, mən ərə getmişəm, Azərbaycandan
çıxıb getmişdi. Təsadüfən onları Bakıda gördüm. Fikrini bildirdi,
qərar verdik ki, bu evlilik olsun. Amma açıq deyim, bu formal
evlilik oldu. O, həyatını məhv elədi, özünü mənə fəda etdi ki,
adıma söz-söhbət çıxmasın, məni narahat etməsinlər. Rəsmi evləndik.
O, anasıgildə qaldı. 10 gündən sonra Almaniyaya getdi. Məni neçə
dəfə çağırdı ki, gəl, Almaniyada yaşayaq. Vətənimi qoyub hara
gedim? Belə baxanda Türkiyə də vətənimiz sayılır. Aynişanın yanına
gedirəm. Çox qala bilmirəm. Qayıdıram vətənimə.
- Qayınanangil necə, razı oldumu bu
evliliyə?
- Yoldaşımın 40-ı çıxanda qaynanam özü dedi ki, sən il yarımın
gəlini olmusan. Gəncsən, istəmərəm ki, bədbəxt olasan. Allah
etməsin sənə nə isə ola. Heç sənin anan da razı olmazdı oğlum cavan
yaşında bədbəxt olsun. Ailə qur.
Beləcə, Aybəniz xanımın acılı-şirinli xatirələrinin
bir-neçəsini vərəqlədik. Bizə bu da məlum oldu ki, Aybəniz xanım
həm də gözəl şeirlər müəllifidir. Şeirlərini oxudu... Səsini
yazdıq: