"Varislər"
layihəsində
Lev Qumilyov: iki şairin varisi
"Gümüş
yüzillik" ifadəsi hər kəsə Anna Axmatova və Nikolay Qumilyovun
adlarını xatırladır.
Onlar 1903-cü ilin sonlarında Çarskoye Seloda tanış olurlar və
demək olar ki, elə həmin andan da tez-tez görüşməyə başlayırlar:
birlikdə konsertə, gənclərin yığışdıqları poetik məclislərə
gedirdilər. O vaxt artıq hər ikisi poeziya ilə maraqlanır, çoxlu
mütaliə edirdilər. Nikolay Qumilyov Annanın qardaşı Andrey Qorenko
ilə dostluq edirdi. Fəqət aşiq olmuş gənc uzun müddət sevgisinə
qarşılıq tapa bilmir. Anna onu dost, qardaş, başqa sözlə,
sevgilidən başqa hər kəs hesab edirdi. Qumilyov az qala, yeddi il
iztirablara, əzab-əziyyətlərə dözməli olur: gah tez-tez görüşür,
gah da başqa şəhərlərdən məktublar yazır, şeirlər həsr edirdi.
Dəfələrlə intihar həddinə çatıb canına qəsd fikrinə düşür və hər
dəfə də sanki ölümün astanasından qayıdır. Növdəti dəfə evlənmək
təklifinə "hə" deməyə Annanı nə vadar etmişdi, məlum deyil: nəhayət
vulkan kimi od tutub püskürən duyğuları, pərəstişkarının sarsılmaz
inadına rəğbət hissi, yoxsa anın kaprizimi?
25 aprel 1910-cu ildə (köhnə tarixlə) Qumilyov və Axmatova
Çerniqor quberniyasının kənd kilsələrindən birində kəbin
kəsdirirlər. Toy çox sadə keçir, hətta gənclər qohumlarına belə
xəbər vermədən yalnız bəzi ən yaxın dostlarını dəvət edirlər.
Onların yeganə övladları Lev 1 oktyabr 1912-ci ildə Çarskoye
Seloda dünyaya gəlir. Levin uşaqlıq illəri Tver quberniyasının
Bejetski qəzasındakı Slepnyovo malikanəsində, nənəsinin yanında
keçib, məktəbə isə Bejetskidə gedib.
Lev Qumilyovun fikrincə, məktəb illəri amansız sınaqdır, çünki
şagirdin öyrənməyə məcbur olduğu bir çox fənlər heç bir maraq kəsb
etmir. Onunçün tarix və coğrafiya maraqlı olsa da, riyaziyyat və
dilləri çətin qavrayırdı, coğrafiyanın saatları isə minimuma
endirilmişdi, yəni, qısası, sevimli fənn qalmamışdı. Qumilyov bu
elmləri yerli kitabxanalarda çox yayılmış Mayn Rid, Fenimor Kuper,
Jül Vern və Cek Londonun romanlarından əxz etməli olur. Hər şeylə
maraqlanan yeniyetmə, sadəcə, oxuyub yadda saxlamır, həm də hər
şeydə bir qanunauyğunluq arayır, yaşına uyğun olmayan suallarla
maraqlanırdı: misalçün: Makedoniyalı İskəndər niyə Hindistana gedib
və ya niyə barbarlar Romanı dağıdıblar? Məktəblilər arasında
tarixlə maraqlananlar elə də çox deyildi. Levin həmyaşıdları daha
çox kinoya getməyə, çayda çimməyə, xizəklə sürüşməyə üstünlük
verirdilər, keçmişə aşırı maraq isə yalnız tanışlarda gülüş
doğururdu.
Ancaq Lev Qumilyovun bəxti gətirir. Otuzuncu illərdə gənclərin
də sevinclə qəbul edildikləri bir çox arxeoloji və etnoqrafik
ekspedisiyalar təşkil edilirdi. Alimlərlə birlikdə insanların
Firdovsinin dilində danışdıqları tacik qışlaqlarına, Taymır
tundralarına, Krımın paleolit mağaralarına, xəzərlərin Sarkel
şəhərinin ətrafındakı çöllərə səyahət edərkən Qumilyov tarix üzrə
təcrübi biliklərə yiyələnirdi və kitablardan öyrəndiyi kölgəli
obrazlar sanki gözləri önündə canlanırdı.
Lev Qumilyov 1934-cü ildə Leninqrad universitetinin tarix
fakültəsinə daxil olur və ixtisas olaraq köçəri hun, kuman, türk,
uyğur və monqol xalqlarının tarixini seçir. Adı çəkilən xalqların
tarixi o dövrdə demək olar ki, tədqiq edilməmişdi. Qumilyov bu
etnosların tarixi üzrə ilk mütəxəssis olmaq arzusunda idi. Fəqət o
dövrdə bu sahədə elmin dərinliklərinə getmək mümkün deyildi: o
dövrdə "gözdən salınmış" iki rus şairinin oğlu sovet dövlətində
taleyin "bəxşişlərinə" ümid bəsləyə bilməzdi. Heç bir il oxumamışdı
ki, gənc universitetdən xaric edilir və birgə oxuduğu tələbələrin
donosuna əsasən "anti-sovet əhvali-ruhiyyəyə" görə həbs olunur.
Anna Axmatova Stalinə məktub yazır. Bu dəfə Levi həbsdən məhz bu
məktub xilas edə bilir və Qumilyov hətta universitetə də bərpa
olunur.
Lev Qumilyov məğrur və təbiətən emosional idi. Xüsusilə də onun
yanında atasının adını bədnam niyyətlə çəkəndə alovlanır, qızışıb
özündən çıxırdı. 1938-ci ildə mühazirədə, iki yüz tələbənin içində
o, Nikolay Qumilyovun şeirlərini və şəxsiyyətini məsxərəyə qoyan və
ona həyasızcasına böhtanlar atan professor Pumpyanski ilə qızğın
mübahisə edir. Tələbənin "hörmətsizliyindən" hiddətlənən professor
münaqişə barədə dekanlığıa məlumat verir. 10 mart 1938-ci ildə Lev
Qumilyovu terrorçu tələbələrə rəhbərlikdə ittiham edərək həbsə
alırlar. Onu səkkiz gecə dayanmadan döyürlər, bundan sonra Qumilyov
hətta heç oxumadan belə etirafnaməyə imza atır. Ona qarşı sürülən
ittihamlar içərisində 1921-ci ildə güllələnmiş atasının intiqamını
almaq üçün guya anasının onu Jdanovu qətlə yetirməyə təhrik etməsi
də var idi.
Leninqrad hərbi dairəsinin Hərbi kollegiyasının qərarı ilə
Qumilyov on illik katorqa cəzasına məhkum edilir. Ancaq hələ
Yejovun vaxtında prokurorluq hökmü ləğv edir və o, daha da
ağırlaşdırmaq üçün yenidən baxılmağa verilir. Qumilyovu güllələnmə
gözləyirdi. Ancaq möcüzə nəticəsində qurtula bilir - Lev
Nikolayeviçi Belomor-Baltik kanalından Leninqrada köçürənədək
Yejovu işdən çıxarırlar, işə isə artıq müttəhimin cəzasının
yüngülləşdirilməsi yönündə yanaşırlar. Xüsusi müşavirənin hökmü ilə
onu beş il Noriul islah-əmək düşərgəsində həbs cəzasına məhkum
edirlər.
Elə ilk gündən Qumilyovun "bəxti gətirir": onu şaxtaya işləməyə
göndərirlər. "Şaxta – meşədən daha yaxşıdır, - Qumilyov durumunu
belə şərh edirdi, - bayırda mənfi 39 dərəcə və küləkdir, şaxtada
isə mənfi 4 dərəcə və sakitlikdir. Ancaq şaxta adamı çox taqətdən
salır". Bütün həbs müddəti ərzində o, qazmaçı, mədəndə kitab
anbardarı, texnik, geoloq (qeotexnik, daha sonra isə qeofiziki
qrupun tərkibində), axıra yaxın isə hətta kimyaçı laborant da
işləyir. Səhhəti və fiziki hazırlığı çox vaxt Lev Nikolayeviçi pis
vəziyyətdə qoyurdu, o, həddən artıq üzülür, əldən düşür, soyuqdan
və bir barakı bölüşdüyü dustaqların istehzalarından əziyyət
çəkirdi. Ancaq hətta belə çətin şəraitdə belə o, iti düşüncə
qabiliyyətini, yumor duyğusunu qoruyub saxlaya bilir: ekspromt
şeirlər və həcvlər yazır, ölçücünün briqadanı aldatmamasına və
dustaqların qanuni paylarını almasına diqqət edirdi. Bütün bunlarla
yanaşı Lev həbsdə olarkən dissertasiya üzərində də işləyirdi.
Qumilyov kağızlarına zərər gəlməsin deyə, kürəyinə taxtadaan yəhər
düzəldir və yazılarını həmişə özü ilə gəzdirirdi.
Lev Qumilyovun damarlarından böyük şairlərin qanı axırdı. Ancaq
o, elm naminə ədəbiyyatdan imtina edir. Qumilyov yazırdı ki,
kamerada uzanıb düşünərkən kəşflər edirdi. "Ağlıma bir ideya gələn
kimi yerimdən sıçrayır və qışqırırdım: "Evrika!" Bir də ətrafıma
boylanıb görürdüm ki, uşaqlar dəliyə baxan kimi mənə baxırlar, onda
yenidən yerimə qayıdır və ideyanı beynimdə saf-çürük etməyə
başlayırdım". Onun kitablarının əsasını təşkil edən etnosların
passionarlığı fərziyyəsi beləcə yaranmağa başladı və alimin ən
başlıca əsərinə çevrildi.
1943-cü ildə cəza müddəti bitəndən sonra Qumilyov oradan
çıxmamaq şərtilə Norilskdə qalıb işləyir. Könüllü olaraq cəbhəyə
getməyi xahiş edir və 1944-cü ildə arzusu baş tutur – Lev
Nikolayeviç I Belorusiya cəbhəsində zenit batareyasında topçu kimi
döyüşür, Berlinin alınmasında iştirak edir, lakin mükafat və
təltifləri olmur – çox güman ki, siyasi dustaq kimi həbsdə olması
öz təsirini bu məsələdə də göstərirdi.
Qumilyov müharibədən sonra universitetə bərpa edilə, daha sonra
isə aspiranturaya daxil ola bilir, ancaq tezliklə ÜK(b)P MK-nın
Anna Axmatovanın tənqidi görüşlərini işıqlandıran ""Ulduz" və
"Leninqrad" jurnalları haqqında" qətnaməsinə əsasən xaric olunur,
dissertasiyanı isə yalnız iki il sonra müdafiə edə bilir.
Elmi fəaliyyətindəki qısamüddətli uğurları daima totalitar
dövlətin yeni təqib dalğaları ilə əvəzlənirdi: Lev Qumilyov
namizədlik dərəcəsinin sevincini dadmağa macal tapmamış yenidən
həbs olunur və düşərgəyə göndərilir. Anasının himayəsi bu dəfə
kömək etmir və həbs müddəti yeddi il sürür. Alim yalnız 1956-cı
ildə işə yenidən baxıldıqda və heç bir cinayət əməli aşkar
edilmədikdə azadlığa çıxır.
Lev Qumilyovun yaratdığı etnogenezlərin passionarlığı
nəzəriyyəsi tarixi prosesi yaranmaqda olan etnoslarla landşaft,
iqlim, geoloji və coğrafi faktorlar və digər etnosların qarşılıqlı
təsiri kimi təsvir edir. Əvvəlcə nəzəriyyə nə SSRİ-də, nə də
xaricdə qəbul edildi, lakin hazırda Qumilyovun elmi görüşlərini
davam və inkişaf etdirən çoxsaylı alimlər ordusu yetişib.
Lev Qumilyov 15 iyun 1992-ci ildə Sankt-Ppeterburqda vəfat
edib.
Levdən başqa Nikolay Qumilyovun daha iki övladı olub – ikinci
zövcəsi Anna Engelhartdan qızı Yelena və nikahdankənar oğlu Opest
Vısotski.
Tərcümə etdi: Təhminə C.B.