Füzuliylə bazlığa
getmişəm
Yaşamaq deyəndə...
- Adım Həsəndi. Ermənistandanam. Nəsimi
rayonunda yaşayıram. 46 yaşım var. Ailəliyəm, iki uşaq atasıyam
(bir oğlan, bir qız). 20 ilin bərbəriyəm.
Hələ bu lənətə gəlmiş kasıbçılıq
olmasaydı...
Hamı sizin kimi deyir. Elədi, yaşımı göstərmirəm. Bəs siz neçə
yaş verərsiz? On yaş cavanlaşdırdız ki məni! Təşəkkür edirəm. Hələ
bu lənətə gəlmiş kasıbçılıq olmasaydı, lap cavan qalardım. (Xoşhal
olub gülümsəyir.)
Sizin kimi gözəl xanım xahiş edirsə...
Yoldaşım universitetdə laborant işləyir. 180 manat o alır, mənim
də ayım 800-ə, bəzən də 1000-ə çıxır. Siz Allah, bunu yazmayın.
Bərbərxananın sahibi bilsə ki, qazancım babatdı, buranın kirəsini
qaldıracaq. 300 manata zorla razılaşmışıq.
Onu da düz deyirsiz ki, internetdən oxuya bilər, ancaq yox, o
hara, girib internetdə yazı oxumaq hara?! Amma yenə də ünvanı dəqiq
yazmayın. Nə bilim, bəlkə də heç düz eləmirəm sizə bunları
danışmaqla. Əşşi, Allaha təvəkkül, nola-ola. Taa, sizin kimi gözəl
xanım xahiş edirsə, razılaşmamaq ayıb olar. Yazın getsin...
Ayaqqabılarım da gülür mənə
Edərəm e, amma həftədə bircə dəfə istirahət qazancımın 25%-nin
üstündən xətt çəkmək deməkdir. Bu isə uşaqlarımın üzümə durmasına
gətirib çıxarar. Baxın, ayaqqabılarım da gülür mənə (burnu
yırtılmış ayaqqabılarını qaldırıb göstərir). Arvad-uşaq kollektiv
içinə çıxır. Onların əyin-başı yerində olsun deyirəm. Mən
geyinib-kecinməsəm də olar. İki ildir ki, bu ayaqqabıların
içindəyəm.
Cavan idim, dəliqanlı vaxtlarımdı,
qısqancdım...
Yaralı yerimə toxunduz. Qısqanclıq axmaqlıqdır. Yoldaşım çox
savadlı idi. Magistraturaya qalıb təhsilini davam elətdirmək
istədi, mən də cavan idim, dəliqanlı vaxtlarımdı, qısqanclıq edib
qoymadım qalıb oxusun. Bu səhvi hələ də özümə bağışlaya
bilmirəm.
İndi qızımı hazırlığa qoymşam, demişəm: oxu, karyera qur, mən də
axıra kimi əlindən tutacam. Oğlan uşağı elədi ki, hər işdə işləyib
çörəyini qazana bilər. Hətta deyərdim, hökümət qərar verməlidir ki,
qız uşaqlarının oxuması məcburidi.
Belə şeylərdən danışmağa qorxuram
Belə şeylərdən danışmağa qorxuram. Həm də Azərbaycanda
siyasətdən danışmaq gülməlidi. Müxalifətdəkilər də iqtidarın
adamlarıdı. O gün bir müəllim müxalifətdən elə ağız dolusu
danışırdı ki... Ürəyimdə fikirləşdim: doğurdanmı bu "eşşəkdən yekə"
adamlar hələ də bunu başa düşməyiblər?
Füzuliylə bazlığa getmişəm
Nə yalan deyim, oxumuram. Əlbəttə, evdə kitablar var. Düzü,
marağım olmayıb, baxam görəm nə kitablardı. Köhnə evik də. Sovet
vaxtından qalan kitablardı. Ən son orta məktəbdə oxumuşam. Onda
xoşlayırdım Molla Nəsrəddinin "Lətifələr kitabı"nı. Şairlərdən
Nizamini, Füzulini tanıyıram. Füzuliylə bazlığa getmişəm.
(Dişlərinin çürüklüyündən utanırmış kimi, əlini ağzına tutub
gülür.)
Ay rəhmətliyin qızı, hardan tanıyacam, orta məktəbdə keçmişik
ədəbiyyatı.
Harda rahatsansa, ora vətəndir
Kasıbsansa, nə fərqi var?! Hər yerdə qara günnüsən onsuz da.
Harda rahatsansa, ora vətəndir.
Şorgözəm
Hələ bazlığa keçməmişdən, bəri başdan bir şeyi etiraf edim ki,
şorgözəm. Bazlığa gəlincə, bunu etməyən kişi var yəni? Belə şeylərə
pul xərcləmirəm. Bəxtimdən həmişə qarşıma elə qadınlar çıxır ki,
pul qarşılığında görüşmürlər mənimlə. Elə-belə, xoş vaxt keçirmək
xətrinə. Hələ mənə pul xərcləyənləri də olub aralarında.
Xəyanət adlandırmaq düzgün deyil. Kişinin başqalarıyla ara-sıra
görüşməsi həm də qadınına xeyirdir... Həkimlə də bu barədə
danışmışam, onlar da məsləhət görür.Yəni tibbi baxımdan da
xeyirlidir. Gərək kişi də arvadına belə şeylərini hiss elətdirməyə
də...
Xoşqədəmin verlişi düşükdü
Təkcə Azərbaycanda deyil, dünyadakı bütün ictimai-siyasi
prosesləri izləyirəm. Bax, burda da televizor qoymuşam baxıram.
Day, Xoşəqədəmin düşük proqramına, ANS-in meyxanalarına yox e,
"Xəzər xəbər"ə, bir də İctimai TV-yə baxıram həmişə.
Müğənnilərdən Ebru Gündeşi bəyənirəm. İfasını da, özünü də.
Lokum kimidir köpəyin qızı.
(Növbəti sualımı duyunca yenə əlini üzünə xacalətlik verən
dişlərini pərdələmək üçün ağzına aparıb xəfifcə gülür.)
Toydan sonra bilmişəm ki, arvadımın ayağının ölçüsü
qırxdır
Ailəlikcə yığışıb kafe, ya restorana, gəzməyə getməmişik. Belə
də ki, ayda iki-üç toya gedirik. Eyni şeydi də. Nə yoldaşımın, nə
də uşaqların ad gününü xatırlamıram. Yoldaşıma da hədiyyə almağım
yadıma gəlmir. Bir dəfə axşam gedib gördüm ki, yaxşı yemək ətri
gəlir. Qohum-qardaş da bizdə. Məlum oldu ki, yoldaşımın ad
günüymüş. Elə utanmışdım ki! Utanmaq demişkən, yadıma bir xatirəmiz
də düşdü. Evlənən ilin payızı idi. Üzr istəyirəm (söhbət boyu hər
dəfə ailəsi haqda danışanda üzr istəyirdi – S.), yoldaşımı
aparmışdım ayaqqabı alam ona. Bir ayaqqabı bəyəndik. Satıcı
dedi:
- Bundan bircə dənə qalıb, o da qırx ölçüdə.
Gülə-gülə qayıtdım ki, qırx ölçüdə də qadın ayağı olar?!
Yoldaşım sakitcənə dedi:
- Mən qırx ölçüdə geyinirəm elə.
Dönüb dəhşət içində yoldaşımın ayaqlarına baxdım. Satıcının da
yanında xəcalət çəkdim.
Gərək beş-on kişinin başını vuram ki...
Mənim vaxtım olmur. Onların dərs və tərbiyələriylə anaları
məşğul olur. Mən ancaq pul işlərinə baxıram. Hətta əzbər bilirəm
müəllimlər gününün və demək olar ki, bütün bayramların tarixini. 25
manatdan yığırlar; 40, bəzən 50 də verdiyimiz olur. Belə hər dərs
ilinin əvvəlləri də ki, süpürgə, zibil qabı, pərdə də ki, öz
yerində.
Məcburi olmasa da, uşağın başqa uşaqlardan seçilməməsi,
müəllimlərin ayrı-seçkilik qoymaması üçün veririk də.
Müəllimlər də yazıq olub. Müəllim neyləsin, hökumət 150-200
manat maaş verəndə, o da gözünü dikir uşaqların əlinə.
Yazıq millətin həkimi də, müəllimi də hamısı eyni gündədi. O gün
prezident televizorda deyir ki, hamı azı ildə bir dəfə müayinə
olunmalıdır. Nə bilim, o şeyin adı nədi?
"Check up"?
Həə, ondan olunmalıdır. Kim eləmək istəməz ki! Amma gəlin gedək,
görək bir aylıq maaşla hansı xəstəxanaya yaxın düşmək olar?
Guya seçkilər bizim səsimizlədir?
Əlbəttə, seçkiyə gedəcəyik. Həmişə getmişik, İlham Əliyevə də
səs vermişik. Bu il də gedib ona səs verəcəyik. Yox, vallah, o biri
namizədlər bilmirəm kimlərdi. Çox olsa, İsa Qəmbər olacaq. Onlar da
93-də gəldilər, gördük də. Belə fikirləşirəm ki, hələ on il də
İlham Əliyev olmalıdır. Baxma, Heydər Əliyevin oğlu kimi dünyada
qəbul olunub hörmət edilir. Sonrası da Allah kərimdi... Guya bizim
səsimizlədi?! Biz yazıqların səsi var ki! "Lal", "kar", "kor"
adamlarıq.
Kasıbı dəvənin də üstündə ilan vurar
Nə bilim, başımı da qarışdırıb hər sözü danışdırtdınız mənə. Siz
Allah, o xəyanət-zad söhbətini verməyin. Yoldaşım oxuyub-eləyər,
evim yıxılar.
O da düzdü, hardan oxuyacaq, evdə internet yoxdu. Amma siz yenə
də qadın söhbətlərini, bir də aylıq gəlirimi dediyim yeri çıxın.
Baxma,"kasıbı dəvənin də üstündə ilan vurar".