"Əsrin o üzü" layihəsində
Cavid Hüseyn 1965-ci ildə Təbriz şəhərində anadan olub.
Anası əslən Naxçıvandan, məşhur Kəngərli nəslindəndir. Atası isə
təbrizlidir. Cavid Hüseyn Təbrizdə boya-başa çatıb, orada orta
təhsil alıb.
20 yaşında təsadüfən tanınmış bəstəkar Əli Səlimi ilə tanış
olub. Söhbət "Sizə salam gətirmişəm", "Ayrılıq", "Babək" operasının
və yüzlərlə mahnının bəstəkarından gedir. Əli Səlimi Cavid Hüseyni
20 yaşı münasibəti ilə ilk dəfə televizyaya dəvət edib. 1985-ci
ildən Cavid Hüseyn Radio və televizyada assolist kimi fəaliyyətə
başlayıb. 1989-cu ilə kimi Şimali Azərbaycan həsrəti ilə Təbrizdə
yaşayıb.
Cavid bəylə görüşüb söhbət etdik:
- Cavid bəy, necəsiz?
- Çox sağ olun, yaxşı olasınız.
- Cavid bəy, ilk dəfə Azərbaycana nə vaxt gəlmisiz?
İstərdik bununla bağlı oxucularımızla həyat hekayənizi
paylaşasız.
- 1989-cu ildə sərhədlər açılanda həsrətiylə yanıb tutuşduğum
ana vətənim Naxçıvana gəlmişik. Burada bir müddət qaldıqdan sonra
yenidən Təbrizə qayıtdıq.
- Bəs necə oldu siz yenidən Azərbaycanda yaşamağa qərar
verdiniz?
- 1991-ci ildə yenidən Azərbayacana gəldik. 1996-cı ilə qədər
müxtəlif növ incəsənət işləriylə məşğul oldum. 1997-cı ildə
Konservatoriyaya qəbul oldum. SSRİ Xalq artisti Lütfiyar İmanovdan
dərs almışam. Üçüncü kursda isə Fidan və Xuraman Qasımova bacıları
mənim müəlliməm oldu. Onlar səsimi dinlədilər, bəyəndilər. Çox
qurur duyuram ki, bu qədər nüfuzlu müəllimlərim olub. Nəhayət, mən
2003-cü ildə magistraturanı da bitirdim. Amma 1999-cu ildən
başlayaraq Azərbaycanın xaricdəki diasporu tərəfindən xarici
olkələrdə konsertlərim təşkil olunurdu. Məsələn, Kanada,
Avstraliya, Amerika, Fransa, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna,
Hindistan və bir çox ölkələrdə konsertlərdə iştirak etmişəm.
2009-cu ildən isə Azərbaycan İncəsənət Universitetində estrada
fakültəsində müəllim olaraq dərs deyirəm. Bu gün bir çox tanınmış
gənc ifaçılar tələbələrim olub.
- Cavid bəy istərdik ailəniz haqqında
danışasız…
- Bu mənim üçün də maraqlıdır. 1989–cu ildə Sevinc xanımla ailə
həyatı qurmuşuq, iki övladımız var. Oğlumun adı Hüseyn, qızımın adı
Emilyadır. Qızım çox isdedadlıdır – bir-iki filmə də çəkilib. Eldar
Quliyevin "Girov" tamaşasında rol alıb, uğurlu da iştirak edib.
İndi isə roman yazır. O, vaxtı ilə "Mən uşaq olsam da" uşaq
proqramının ən sevimli iştirakçısı idi. Yoldaşım da bəstəkardır,
məni də məşhurlaşdıran yoldaşım Sevinc xanımın bəstələdiyi "Səndən
ayrı" mahnısı oldu.
- Övladlarınızdan sizin yolunuzu davam etdirən
varmı?
- Yox, davam etdirən yoxdur. Mən bunu istəməzdim, heç imkan da
verməzdim ki, uşaqlarım müğənni olsun. Çünki mən də, yoldaşım da
musiqidə gördüyümüzü görmüşük. Demək olar ki, musiqiyə dəyər verən
yoxdur. Övladlarımın da mənim kimi əziyyət çəkməsini
istəməzdim.
- Siz oxuduğunuz mahnıların puluyla dolanırsız, ya başqa
biznes fəaliyyətiniz var?
- Çox sağ olun, bu da olduqca maraqlı sualdır. Mənim iki diskim
yayımlanıb. Populuyar mahnılarım var. "Ay gözü, qaşı qara qız",
"Səndən ayrı", sonra Fikrət Əmirovun "Mən səni araram" mahnılarını
oxumuşam. Altı klipim var.
- Cavid bəy, siz Azərbaycanda ustad olaraq kimi
görürsüz?
- Mənim aləmimdə Rəşid Behbudov və Əbülfət Əliyev nömrə birdir.
Amma Flora Kərimova bir məktəbdir. Briliyant Dadaşova, Aybəniz
Haşımova, Tünzalə Ağayeva da bir məktəbdir ki, yetişiblər və
yetişdirirlər. Klassik musiqidə Azər Zeynalov, korifey sənətkar
kimi Yalçın Rzazadənin adını çəkə bilərəm. Doğurdan da bu adını
sadaladıqlarım yaşayan əfsanələr, qaymaqlarımızdır. Bunlar sözün
əsil mənasında məktəbdirlər.
- Azərbaycan musiqisi haqqında nə deyə
bilərsiz?
- Məncə, bütün dünya musiqisini birləşdirsən belə, bizim
musiqiyə çatmaz. Musuqimiz çox zəngindir. Azərbaycan musiqisi elə
bir musiqidir ki, bütün dünya musiqisiylə ayaqlaşa bilər. Amma heç
bir xalqın musuqisi bizim musiqimizlə ayaqlaşa bilməz.
- Cavid bəy, Azərbaycan musiqisiylə fars musiqisinin
fərqi nədir? Hansı musiqi daha zəngindir?
- Vallah, mən Azərbaycan musiqisini dünya musiqiylə müqayisə
edərdim. Fars musiqisi sünnəti, bəsit musiqidir. Fars musiqisi
hansısa bir tayfaya, elə aid olan musiqidir. Onların hətta
musiqilərinin forması belə yoxdur. Amma bizim musiqini rəhmətlik
Üzeyir Hacibəyov formaya saldı, mükəmməlləşdirdi. Məsələn, onlarda
klassik əsərlər, simfoniyalar yazılmır. Bizim "Bayatı Şiraz"ı,
"Şur"u, Niyazinin "Rast"ını onlar yaza bilmirlər. Düzdür, onların
musiqisi şirindir, amma yenə deyirəm, o musiqi məhəllə musiqisidir,
bəşəri deyil.
- Siz xarici musiqilərdən, məsələn, hind musiqilərini
ifa edirsizmi?
- Hind musiqisini çox sevirəm. Məsələn, Rac Kapurun həm
aktıyorluğunu, həm də oxumasını çox sevmişəm. Bəli, mən hind
musiqisi də ifa edirəm. Rac Kapurun "Cənab 420", "Avara"
nahnılarını ifa etmişəm. Eyni zamanda onu da deyim ki, 2003-cü
ildən 2013-cü ilədək "Muskomediya"da aktyorluq etmişəm. Oynadığım
komediyalardan "Bir saatlıq xəlifə", "Romeo mənim qonşumdur", "Əlin
cibində olsun" kimi tamaşaların adını çəkə bilərəm.
- Bəs, Azərbaycan ədəbiyyatı haqqında nə deyə
bilərsiz?
- Məncə, Azərbaycan musiqisi nə qədər zəngindirsə, ədəbiyyatı da
bir o qədər zəngindir. Mən kitaba, şeirə çox həvəsi olan adamam.
Özüm də oxuya-oxuya şeir yazıram. İstərdim bir-iki bənd deyim,
oxucularımız üçün:
Amandır dostlarım, can sirdaşlarım
Köçməyin qürbətə, qərib olmayın.
Acıdır qəriblik hər qəm-kədərdən
Başqa-başqa yurdu cənnət sanmayın.
Deməyin doğmadır seçdiyim diyar
Heç yağı düşməni qardaş sanmayın.
- Filmlərdə musiqi səsləndirmə, ya hansısa filmdə rol
alma kimi bir arzunuz varmı?
- Tez-tez qastrollarda oluram. Amma 2015-ci il yanvar ayının
10-da "Muğam mərkəzi"ndə öz konsertim olacaq. Qaldı, özümü sənətçi
hesab etməyə, bəli, mən 30 ildir incəsənətdəyəm, xalqıma xidmət
edirəm. Bu uzun yolda mənə həyat yoldaşım çox böyük dəstək olub,
ona minnəddaram.
- Musiqi, ailə, vətən?..
- Musiqi həyatdır! Ailə həyatın mənasıdır. Vətən isə hər şeydir.
Hər şeydən öncə vətən gəlir. Vətənsizlər bilir vətənin qədrini,
vətənin nə olduğunu. Mən bu taydan o taya gedib-gəldiyim üçün çox
yaxşı bilirəm vətənin nə olduğunu. Sabah əmr gəlsə ki, Qarabağda
döyüşlər başladı, hamıdan əvvəl gedərəm döyüşə. Sizə də öz dərin
təşəkkürümü bildirirəm ki, bizləri unutmursuz, kimlərəsə
xatırladırsız...