"Məşhurların şəxsi həyatı" layihəsində
Çox nadir hallarda qadın əri üçün eyni zamanda həm ana,
həm sevgili, həm də dost ola bilir. O isə buna artıqlamasilə nail
ola bilmişdi.
Yelena Dyakonova fransızcadan tərcümədə "bayram" anlamını verən
Qala adını seçəndə nə etdiyini yaxşı bilirdi. Dahiləri dəlisov
ehtiraslar burulğanında qərq edən BAYRAM...
Gələcəkdən xəbər verən qələm
Budur, Salvadorun altı yaşı var. O, Ekzüperinin nağıllarındakı
Balaca şahzadəni xatırladır: böyük qəmli gözlər, alnını örtən kül
rəngli tellər, qəribə caşdırıcı təbəssüm... Valideynlərinin bütün
tanışları deyirdilər: "O, tamamilə qeyri-adi uşaqdır: yaşıdları
kimi dəcəllik etmir, uzun müddət tək-təhha gəzişə və nə isə düşünə
bilər. Çox utancaqdır. Bu yaxınlarda isə, təsəvvür edin, vurulub və
əmin edir ki, bu, ömürlükdür!"
Amьa əslində, məsələ belə olub. Böyüklərdən kimsə uşağa
avtoqələm bağışlayır: şüşə qələmin içərisində saçı dalğalı gözəl
bir qadın təsvir edilmişdi. O, Qar Kraliçası kimi insanın gözünü
kor edəcək qədər ağ qarın üzərində xizəklə şütüyürdü. Ulduz tozu
onun əsrarəngiz kürkünə qonurdu... Qələm balaca Dalinin ən qiymətli
və dəyərli sərvətinə çevrilir. "Bir az böyüyəndə unudacaq", - deyə
böyüklər fikir vermirlər. Ancaq o unutmur.
Qadınlardan qorxan
1929-cu ilin sentyabrı. Port-Aiqatın bir neçə kilometrliyində
yerləşən kiçik Katalon qəsəbəsi Kadakes. Yenicə rəssamlığa başlayan
və artıq qəribə rəsmləri və Nitşe fəlsəfəsinə meyli ilə tanınan
Salvador Dali burada yaşayır. Onun 25 yaşı var, ancaq hələ heç bir
qadınla münasibətdə olmayıb və hətta onlardan dəhşətli dərəcədə
qorxur.
Qonşular qeybətt edirlər ki, "qəribəlikləri ilə seçilən"gənc
oğlan ifrat dərəcədə utancaqdır, gah yeri gəldi-gəlmədi gülür, gah
da küçəni tək keçməkdən qorxaraq ağlayır. O, çox arıqdır, uzun,
yuxarı qıvrılmış bığ saxlayır, saçlarına Argentina tanqosu oynayan
rəqqaslar kimi briolin çəkir, qeyri-adi rəngləri olan ipək köynək
geyir və bu geyimi eybəcər səndəllər və saxta mirvaridən olan
qolbaqla tamamlayır...
Keçi ətri və ağ paltarlı qadın
Həmin ilin payızında Dali rəssam Maqriti zövcəsi Jorjetlə və
Elüar cütlüyünü qonaq çağırır. O, artıq qonaqların qarşısına "keçi
rayihəsi" saçaraq necə çıxacağını və onları necə
heyrətləndirəcəyini xəyalında canlandıraraq bundan zövq alırdı.
Bunun üçün sübh tezdən qalxaraq balıq başı, keçi mələzi və bir neçə
damcı lavanda (tünd göy rəngli çiçəyi olan kəskin iyli yarımkol
bitki) yağından bişirilmiş yapışqandan hazırlanmiş "ətir" də
düzəltmişdi. Amma birdən pəncərədən təəccüb və maraqla onun
məskənini seyr edən gənc qadını görür. O, ağ paltarda idi, qapqara
saçları isə küləkdə dalğalanırdı. Dali həmi andaca uşaqlığının
qiymətli sərvəti olan avtoqələmi xatırladı və iki qadının
bənzərliyindən heyrətə gəldi. Doğrudanmı bu O-dur?..
O, cəld "keçi ətrini" yuyub təmizlədi, parlaq narınçı köynəyini
geydi və qulağının ardına ətirşah çiçəyini qoyub qonaqları
qarşılamağa tələsdi. "Tanış olun, Dali, - Pol Elüar ağ paltarlı
qadını göstərərək, zövcəm Qaladır. Rusiyadandır, mən sizin maraqlı
əsərləriniz haqqında ona çox danışmışam". "Rusiyadan! Orda çoxlu
qar yağır... Xizək sürən xanım", - rəssamın ağlından sayıqlama kimi
gəlib keçdi. Qadına əl uzatmaq yerinə onun ətrafında ayaqlarını
oynada-oynada axmaqcasına güldü.
O andan Dali dincliyini itirdi – rəssam dəlicəsinə vurulmuşdu.
Uzun illlər sonra o, "Gizli həyat" kitabında belə yazacaqdı: "Onun
təni körpə vücudu kimi zərif idi. Çiyinləri olduqca dəyirmi idi,
zahirən kövrək görünən bel əzələləri yeniyetmə qızlarınkı kimi
gərilmiş, eyni zamanda da çox incə idi. Bütün bunların vəhdəti onu
olduqca cəlbedici edirdi. O, çox arzu olunan qadın idi.
Dali kişi olur...
Ərinin yanında olmasına baxmayaraq Qala onun nəvazişkar
jestlərini rəğbətlə qarşılayırdı. Onlar tez-tez ikilikdə uzaq
dağlara gəzməyə gedirdilər. Bir dəfə Dali dərin dağ dərəsinin
kənarında dayanarkən qəflətən Qalanın üzərinə atılır və onu boğmağa
başlayır. "Nə istəyirsən məndən, cavab ver?! Sənə nə etməyimi
istəyirsən?!" – deyə hiddətlə bağırır və barmaqlarını onun boğazına
daha möhkəm sıxırdı. — "Məni məhv etdin", - qadın gözlərini ondan
ayırmadan cavab verdi. Və sarsılmış, tir-tir titrəyən Dali qəfildən
hiss etdi ki, kişidir...
Keçmiş rus təbəəsi
Bəs bu naməlum qadın kim idi? İlahi, O öz ətrafında heç nədən
müəmma və əsrarlara hörülmüş halə yaratmağı bacarırdı. Keçmiş rus
təbəəsi Yelena Dyakonovanın öz adından zəhləsi gedirdi və
gəncliyindən onu Qala adlandırmağı xahiş etmişdi. İsveçrədəki
sanatoriyalardan birində müalicə alarkən yenicə ədəbi aləmə atılan
gənc fransız şairi Ejen Qrendelin ürəyini ovlamışdı. Ejen "hansısa
rus qızı ilə" nikahı büsbütün mezalyans (ictimai vəziyyətləri
bərabər olmayan şəxslərin evlənməsi – tərc.) hesab edən
valideynlərinin iradəsi əleyhinə tələsik onunla evlənir.
Ancaq qızın həqiqətən də fantastik qabiliyyəti var idi: o,
istedadı hiss edə bilirdi. Və məlum deyil ki, əgər Pol Elüar onunla
evlənməsəydi, dünya böyük şair Pol Elüarı tanıyardımı? Gənc zövcəsi
ona gözəl səslənən təxəllüs fikirləşib tapır, sislsilə şeirlər
yazmağa ilhamlandırır və Parisə köçərək çox tezliklə incəsənət
aləmində gərəkli əlaqələr qura bilir.
O, təkcə ərinin şöhrəti üçün çalışmırdı, həmçinin pula da həris
idi. Qala o zamanlar yazdığı gündəliyində gələcək planlarından
açıq-aşkar yazırdı: "Mən fahişələr kimi parlayacam, ətir qoxuyacam,
dırnaqlarım həmişə boyalı olacaq. Və çox tezliklə Polun
valideynlərinin yeganə toy hədiyyəsi olan böyük qədimi çarpayıya
çox gözəl bir ev, saysız-hesabsız əlbisə və ləl-cəvahirat da əlavə
olunacaq".
Müasirləri xatırlayır ki, Qala gözəl deyildi, ancaq onda "taleyə
yazılmış məşum qadını" adi kübar cəmiyyət qadınından fərqləndirən
cəlbedici nə isə var idi. Buraya qüsursuz, mükəmməl stil və öz
cazibəsinə əminlliik duyğusunu da əlavə edin…
Ərindən gizlətməyi lazım bilmirdi
Qala əynində Şaneldən geydiyi bir libas, çantasında daima
gəzdirdiyi oyun kartları ilə hansısa gözəl bir salonda peyda olanda
(o, gələcəyi söyləməyi sevirdi və özünü medium (spiritlərdə: guya
"ruhlarla" adamlar arasında vasitəçilik edən adam – tərc) kimi
göstərirdi) bütün kişilərin baxışları yalnız ona dikilirdi.
"Fsünkar slavyan qadının" qarşısında alman rəssamı Maks Ernst də
dayana bilməmişdi. Azad məhəbbəti müdafiə edən Qala məhəbbət
macəralarını ərindən gizlətməyi lazım bilmirdi və tezliklə bu
münasibət məhəbbət üçbucağına çevrilir.
Salvador Dali ilə ilk görüşdüklərində Qalanın 36 yaşı vardı,
Elüarla nikahları isə sırf formallıqdan başqa bir şey
deyildi...
Qala Dalini "partlatır...
1934-cü ildə Qala Pol Elüarla boşanır, ancaq ona acıdığından
Dali ilə münasibətlərini yalnız şairin ölümündən sonra
rəsmiləşdirir. Düzünü desək, Pol ömrünün son gününədək Qalanın ona
qayıdacağına bel bağlayır və hər şeyi bağışlamağa hazır idi.
Qala ilə Salvador isə isə hələlik Parisdə məskunlaşırlar və bu
ecazkar qadın həyatının amalına çevrilən əsas işinə - "Dali brendi"
yaratmağa başlayır. O, Dalini görən andan güclü intuisiyası
sayəsində gəncin istedadının gücünü hiss edir və anlayır ki, bu
istedad Elüarın qabiliyyətindən müqayisəolunmaz dərəcədə yüksəkdir.
Rəssama gəldikdə isə, demək olar ki, Qala onu "partlatmışdı": bu
əsrarəngiz qadın onun qarşısında yalnız cismani məhəbbətin
gözəlliklərini açmamış, eyni zamanda onunçün qüdrətli bir ilham
mənbəyinə çevrilmişdi.
Birgə həyatlarının ilk günlərindən Dali bir-birinin ardınca
fantastik rəsm əsərləri yaradaraq onlara "Qala-Salvador Dali"
imzası qoyur. Sanki söhbət bir şəxsdən gedirdi. Qala hər an ona
dahi olduğunu təlqin edirdi: "Tezliklə siz mənim sizi görmək
istədiyim kimi olacaqsınız, bəbəyim mənim". O da sanki bir uşaq
kimi Qalanın hər bir kəlməsinə inanırdı.
Qızıl arvad
Qala Dalini onun işləməyinə mane ola biləcək hər şeydən uzaq
tutduğundan bütün məişət problemlərini və prodüser işini öz üzərinə
götürmüşdü. O, ərinin əsərlərini qalereyalara təklif edir, zəngin
tanışlarını (onların arasında Stravinski, Dyaqilev, Hiçkok, Disney,
Araqon kimi tanınmışlar da vardı) Dalinin yaradıcılığına pul
qoymağa razı sala bilirdi.
Nəticəni çox gözləmək lazım gəlmədi. Salvadar hələ dünya şöhrəti
qazanmasa da, artıq çəkilməmiş rəsmlər üçün 29 min franklıq çek,
rəssamın xanımı isə baş Muza titulu almışdı
Bu dönəmlərdən etibarən ər-arvad, sözün əsl mənasında,
var-dövlət içində üzür, ictimaiyyəti ekssentrik davranışları ilə
heyrətləndirməkdən vaz keçmirdilər. Dali haqqında deyirlər ki, o,
pozgun, şizofrenik və kaprofaq (insanın özünün və ya başqasının
ifrazatını, nəcisini yeməsi – tərc.) idi. Onun məşhur bığları və
bərəlmiş dəlisov gözlərini bütün dünya tanıyır. Mətbutda Qala
haqqında kin-küdurətlə dolu qeybətlər səngimək bilmir: Qala-Dali
ailə cütlüyü hansısa anlamda hersoq və hersoginya Vindzorskiləri
xatıladırdı.
Məişət məsələlərindən başı çıxmayan, ifrat dərəcədə həssas olan
rəssam rəhmsiz, öz xeyrini bilən və var qüvvəsilə yüksəklərə doğru
can atan, sürrealistlərin Qala-Taun adlandırdıqları yırtıcının
əsirinə çevrilmişdi!
Dali öz Qalasını yorulmadan gah Məryəm, gah Gözəl Yelena, gah da
… başqa-başqa qadınların simasında təsvir edirdi. Onun rəsmlərinə
maraq azalmağa başlayanda Qala yeni dizayner işləri yaratmağı
təklif edir və "Dali maniyası" yeni gücü ilə parlamağa başlayır:
dünyanın bütün zənginləri qəribə saatları, uzun ayaqlı filləri və
dodaq formasında qırmızı divanları almağa böyük həvəs
göstərirdilər.
"İsus Xristos – super ulduz"
Artıq Dalini dahi olduğuna inandırmaq gərəkmirdi, çünki o, heç
vaxt olmadığı kimi inanırdı özünə. O qədər inanırdı ki, hətta bir
dəfə qəti şəkildə - "Sürrealizm – mənəm!" – deyə dostu Breton və
digər sürrealistlərlə kəskin mübahisə də etmişdi.
Dali bütün ömrü boyu zövcəsini "ilahi" adlandırsa da, o, adi
insan idi. Yer üzündəki heç bir insana isə hələ qocalıqdan qaçmaq
nəsib olmayıb. 70-dən sonra Qala dayanmadan qocalığa üz tutdu.
Plastik əməliyyatlar, yeni dəbə düşmüş vitaminlər, sonsuz dietalar
və çoxlu sayda gənc məşuqlar biri-digərini növbələyir. Onlardan
biri də "İsus Xristos – super ulduz" rok-operasında baş rolu ifa
edən müğənni Ceff Fenholt idi. "Salvador üçün heç bir önəmi yoxdur,
hər birimiz öz həyatımızı yaşayırıq", - deyə gənc oğlanı ilk dəfə
yatağına salanda inandırmağa çalışırdı.
Jurnalistlərin bu barədə tamamilə açıq-aşkar verdikləri suallara
cavab verərkən Dali də həmin "əfsanəni" dəstəkləyirdi: "Mən Qalanın
istədiyi qədər məşuqəsi olmasına icazə verirəm. Mən hətta onu buna
həvəsləndirirəm, bu mənə şövq verir". Ancaq əslində onun nə hiss
etdiyini heç kim bilmirdi.
Qalanın orgiyaları
Nəhayət, Qala Dalidən Pubolda orta əsrlərə aid bir qəsr almasını
xahiş edir və burada əməlli-başlı orgiya (qədim yunanlarda şərab və
kef allahı Vakx-Dionisin şərəfinə düzəldilən şənlik, eyş-işrət,
azğıncasına kef – tərc.) qurur. Ərini isə hərdənbir, əvvəlcədən
ətirli kağızda yazılmış dəvətnamə göndərərək qəbul edir...
Hər şey 1982-ci ildə bitdi. Qala yıxılaraq budunu qırır və
tezliklə dünyadan köçür. Omrünün son günlərində klinikada dəhşətli
ağrılardan əzab çəkən, bütün gənc sevgililəri tərəfindən tərk
edilən qoca qarı dəliliyin son həddinə çatmışdı və daima pullarını
döşəyin altında gizlətməyə çalışırdı...
Görənlər deyirlər ki, Qalanın gedişi ilə əvvəlki Dali də yox
oldu. O, daha işləmirdi, günlərlə yemirdi, saatlarla qışqırırdı,
tibb bacılarının üzünə tüpürür, dırnaqları ilə onların üzünü
cırmaqlayır, getdikcə ağlını daha da itirirdi. Onun anlaşılmaz
moyuldamalarını heç kim başa düşmürdü.
Mumiyalanmış dəlilər
O, Qaladan sonra yeddi il yaşayır. Ancaq bu, həyat deyil,
tədrici sönmək idi. Qala-konsert bitmişdi, ilham atəşi sönmüşdü,
rəssam həyatda heç sevmədiyi bir yeknəsəkliyə qapılmışdı. O, qəsrin
günün bütün saatlarında pəncərələri kip qapanmış yemək otağında
saatlarla otururdu...
Vəsiyyətnaməsinə əsasən, Salvador Dalini dəfn etmirlər,
mumiyalanmış cəsədini "geodeziya künbəzinin" altında ailə
sərdabəsində Qalanın yanına qoyurlar.
Bir qədər uzaqda isə rəssamın zövcəsinin adını daşıyan sarı
qayıq düzəldirlər. Bir vaxtlar Dali onu Kadakesdən – "uşaqlığının
qara saçlı qadını" ilə ilk görüşdüyü yerdən gətirmiş və
sürrealistcəsinə xoşbəxt olmuşdu.
Salvador Dali mərhum zövcəsinə ən gözəl atlas əlbisəsini, böyük
gün eynəklərini geydirir, canlı kimi avtomobilin arxa oturacağına
əyləşdirir və son mənzilə - Puboldakı ailəvi sərdabəyə aparır.
Qalanın mumiyalanmış cəsədini şəffaf qapaqlı qəbrə qoyub sakitcə
dəfn edirlər. Dali dəfndə iştirak etmir, yalnız bir neçə saat sonra
cəmi bircə ifadəni demək üçün sərdabəyə gəlir: "Görürsənmi, mən
ağlamıram..."