Türmə əhvalatı
Dustaqların başlarına gələn macəraların hər biri bir
hekayənin, film ssenarisinin mövzusudur. Etiraf edim ki,
darıxdırıcı günlərimin, ətrafdan təcrid olunmamın acısını canımdan
bu hekayətlərə qulaq asmaqla çıxarırdım. Söhbətə çəkirdim və hər
kəs öz əməlini bir qəhrəmanlıq kimi nəql edirdi. Təəssüf hissləri
keçirənlər də vardı. Peşman olurdular ki, niyə diqqətsizlik ediblər
və həbs olunublar. "Niyə bu əməli törətdim" deyən çox az
olurdu.
Ən çox da yeni dustaqları qarmağa salır, onların törətdiyi
cinayətin hekayətlərinə maraq göstərirdim.
Qara, boynuyoğun, əzələli
Mal-qoyun oğruluğuna görə həbs olunanların macəraları daha
maraqlı idi. Çölçülüklə məşğul olduqları üçün onların əməllərində
köhnə kişilərin danışdıqları söhbətə bənzərlik tapardım. Həm də bir
qorxmazlıq, qaçaqçılıq da vardı bu söhbətdə.
Əslən Ağdamdan olan, Ağcabədidə məskunlaşan Rüstəm adlı dustağın
danışdıqları isə nağıllardakı kimi idi. Yaşı heç də çox deyildi,
amma əməlləri, oğurluqları saysız idi, yaşından çox qabağa getmişdi
elə bil. Ağdam əhlinin demək olar ki, hamısı Aqilə baş çəkirdi. Həm
məsləhət, həm də kiçik təminatlarının ödənilməsi dostumun
təmənnasız yardımı idi. Rüstəmi də "zon"a təzə gəldiyində Qoca
ləqəbli həmyerlisi onu bizim otağa gətirmişdi. Qara, boynuyoğun,
əzələli və nəhəng birisi idi, lap nağıl qəhrəmanları kimi.
Rüstəm tibb məntəqəsindəki otağımıza girdikdə ayaqlarını
soyunub, ədəblə salam vermişdi. Onun nə üçün həbs olunduğunu biz
artıq bilirdik. O, bizim "Allah qapını açsın" deməmizdən sonra
kətil çəkib səssiz oturmuşdu. Qoca isə bic-bic gülürdü, bizi təqdim
etmir, söhbəti öz axarına buraxırdı. Rüstəm hər ikimizin üzünə
baxır, ağsaqqalın kim olmasını özlüyündə müəyyən edirdi.
Söhbətə ilk mən başladım:
- Kəlçə, düzünü de, tutulanda kədərləndin?
Mənim Rüstəmə "kəlçə" deməyimə Aqil və Qoca da güldü və o gündən
Rüstəmin adı Kəlçə qaldı.
Hələ öz yeni adını qəbul etməyən Rüstəm:
- Adım Rüstəmdir, Aqil qədeş.
O, məni Aqil zənn etdi. Başqa cür də ola bilməzdi, məntiqlə öz
yerlisi ona ərklə belə müraciət edə bilərdi.
Kim kədərlənməz ki!
Bu sualı hər kəsə verirdim. Dustaqlar saatlarla tutulma, məhkəmə
prosesini nəql edir və gözləyirdilər ki, ona təskinlik verək. Bu
zaman mənim sualım onları dilxor edirdi. Bəziləri:
- Yox, sevindim... Kim kədərlənməz ki! - deyə incik halda
münasibət bildirərdi.
Kəlçə də sualımdan çaşdı, gözlərimin içinə baxıb soruşdu:
- Nə etdim?
- Tutulanda kədərləndin?
- Hə, kədərləndim, - təəssüflə dedi.
- Niyə kədərləndin, qağa?
- Gərək bir az gec tutaydılar məni. Tələsdilər. 10-15 qoyun da
apara bilsəydim, işimi düzüb qoşardım, heç işim məhkəməyə gedib
çıxmazdı.
3-4 minim çatmadı
Sonra icazə ilə siqaret yandırıb, bizə də təklif etdi. Dörd
nəfərin siqaretinin tüstüsü otağı ağuşuna aldı. Rüstəm artıq özünü
rahat hiss edirdi:
- Üç-dörd min dollarım çatmadı ki, verim, canımı qurtarım.
Hamımız ürəkdən güldük. Yenidən tanış olduq. Qaradinməz dayanmış
otaq yoldaşımın Aqil olduğunu bildikdən sonra bizi səhv saldığını
da etiraf etdi:
- Ləhcəndən bildim ki, qarabağlı deyilsən...
Kəlçədən xahiş etdik ki, etdiyi cinayətin maraqlı hadisələrini
danışsın.
Oğurluğa isə təsadüfən baş qoşdum
Əvvəlcə danışmaq istəmədi. Sonradan fikrini dəyişdi – "onsuz da
hamı bilir" deyə:
- Biz qaçqınıq. Ağcabədidə, kənddən uzaq bir yerdə qazmada
məskunlaşdıq. İşləmək mənlik deyil, yaxşı bir yer də tapıb köçə
bilmirdik. Yerin altında yaşamaq bezdirmişdi bizi. Anam deyirdi ki,
buna da şükür. Nəyə şükür edirdi, hələ də bilmirəm. İt yaşayışı idi
bizimki. Oğurluğa isə təsadüfən baş qoşdum. "M" moteskletimiz
vardı. Atamdan icazə alıb balığa gedirdim. Bir dəfə də axşam üstü
balıqdan qayıdanda gördüm yolun kənarında bir dəstə qoyun otlayır.
Ətrafa baxdım, heç kəs yox idi. Səs-küy saldım. Hay verən olmadı.
Tez ikisinin qol-qıçın bağlayıb, atdım lülkaya, sürdüm İmişliyə.
Orada qohumlarımız vardı. Apardım onlara. Satmağa kömək istədim,
onlar da satdılar. Gecəni orda qaldım, səhər qayıdanda gördüm yenə
də sürü otlayır. Ehmalca yolun üstündən əl atıb birini tutub basdım
moteskletə. İmişlidən gətirib Ağcabədidə satdım. Bir-iki gün ara
verdim, gördüm bundan yaxşı iş yoxdur və girişdim bu işə.
Rüstəmin sonralar oğurluq etdiyi ərazinin coğrafiyası da
genişlənir:
- Haramı düzündə fermalar vardı. Gedirdim, gecə səhərə yaxın
girirdim bandan içəri, qoyunların ağzını qadın kolqotkası ilə
möhkəm bağlayırdım. Atırdım çiynimə, gətirib kənarda qoyurdum və
yenidən gedirdim. Hər dəfə 2 qoyun götürürdüm. 3 dəfədən artıq
girməzdim. Sonra da aparıb qəssablara verirdim.
Bu işdə bir nəfər azdır, iki nəfər isə çox
Uzun qış gecəsinin nağıllarına bənzəyirdi onun danışdıqları.
Artıq stolun üstündəki meyvələrə girişmişdi, hər bir hadisəni
bitirdikdə iki alma, yaxud armud ötürürdü içəri. Soruşdum:
- Köməkçin vardı?
- Yox, tək işləyirdim. Bu işdə bir nəfər azdır, iki nəfər isə
çox. Amma mən bacarırdım. Əvvəlcə qazmadan çıxdım. Torpaq aldım,
çiy kərpicdən ev tikdim. Sonra evləndim. Atam, anam o evə köçmədi.
Dedilər, haram pulla tikibsən. Getdilər bir idarə binasına
yığışdılar. Xəbərləri olmadı, oranın da pulunu mən ödədim. Yoxsa
çıxaracaqdılar. Kişini başa sala bilmədim ki, ətrafda hamı haram
pulla dolanır. Mən isə əziyyət çəkirəm. Yuxusuz qalıram, həyəcan
keçirirəm. Deyirdim ki, adam fermasından 10-15 qoyunun aparıldığını
hiss etmir, demək o da haram pulla var-dövlətə sahib olub. Mən
kasıbın malını-pulunu aparmıram ki! Kişi bir dəfə üzümə tüpürdü,
"səndən adam olmayacaq", dedi. Amma məndən adam oldu, evim,
maşınım, dost-tanış içində hörmətim, cibimdə pulum...
- Bəs fermanın ətrafında itlər olmurdu? Deyək ki,
çobanlar yorğun olub, yuxuya gedib.
- Olurdu. İtin də dilini gərək biləsən. Amma mən itdən də ayıq
idim. Gövdəmin bu boyda olmasına baxma, işbişkə (kibrit – F.B) kimi
cəldəm.
Kəlçə həbsinin necə baş verməsini də nəql etdi.
- Bir polis vardı, bir-iki dənə qəssab dükanı açmışdı. Qoyunları
onun qəssablarına verərdim. Daha ətraf rayonların polisləri də
qoyun oğrularının izinə düşmüşdü. Bilirdim. Demək olar ki, iki
gündən bir bunlara qoyun gətirirdim. Axırda bir nəfər dedi ki, ayə,
sənin qoyunların qurtarmadı? Özü də nə sirdirsə, bazardan ucuz
verirsən. Dedim qurtardı. Ağlıma gəldi ki, məndən də şübhələnə
bilərlər. Özümü verdim Beyləqan bazarına, pulumla qoyun alıb
gətirdim. Elə etdim ki, məni bazarda qoyun alanda, danışanda görüb
tanısınlar. Düzdür, ziyan elədim. Dedim daha bacarmıram, pul
qalmır.
Amma dözmədim. Yenə də getdim, bu dəfə ilişdim, çobanlar atəşə
tutdular. Özümü güclə motoskletə çatdırdım və aradan çıxdım. Elə
bundan sonra da həbs olundum.
Gərək gec tutulaydım
- Kədərləndin?
- Hə, gərək gec tutulaydım. Həm də heyfslənmirəm. Cəmi iki il
yarıma ev tikdim, toy elədim, maşın aldım. Əmim oğlu Qarabağ
gedəndən Rusiyaya gedib, hələ heç bir iş görməyib. 3 il iş almışam.
Bunun da 8 ayı arxada qalıb. 4 aydan sonra "volnıya" çıxacam. Amma
daha oğurluq etmərəm. İş tapıb işləyəcəm.