Gəncədə, hospitaldaydım. Hospitalın orta yaşlı şəfqət
bacısı əlimdə tutduğum çantaya baxıb:
- Bunlarla olmaz, - dedi. - Gərək xəbər edəm, sonra.
- Xəbər edin, bu gün bayram günüdür və mən də xəstəyə baş
çəkməyə gəlmişəm, - dedim
Qadın kiməsə zəng vurdu:
- Doktor, Yaşaroğlunun yanına gələn var, dərman alıb gətirib,
bir də sovqat, buraxım? - bir qədər dinlədikdən sonra "baş üstə,
doctor" deyib mənə tərəf döndü: - Sən incimə, həm də valideyni
deyilsən, atasının dostusan, burada xəstəyə hər şey verilir,
kənardan heç nə olmaz, - dedi.
- Dərmanları, mazları elə həkim özü yazıb verib, görünür, hər
şeyin içində bunlar yox imiş.
Sənin əsgərin yuxulayıb
Zarafat etdim və orta yaşlı, keçmişinin çox yaraşıqlı olması
bugünkü halından da bilinən şəfqət bacısının nişan verdiyi otağa
keçdim:
- Sən, qardaşımsan, bir az gözlə, çağıraram gələr. - Kimisə
hayladı.
- Bayaq isti su verdiyimiz əsgərə de, yanına gələn var.
İkinci mərtəbədən gələn səs xəstə əsgərlə görüşümün gec baş
tutmasından xəbər verdi:
- Yazıqdır axı, Mahirə xala, o uşaq neçə gündür yatmır, indi
yuxuya gedib...
Açıq qapıdan adına Mahirə xala deyilən qadının günahkar
təbəssümü içəri "daxil oldu".
- Sənin əsgərin yuxulayıb...
- Qoy yatsın, xanım, mən gözləyəcəm.
- Burda olmaz axı!
- Neynək, bayırda gözləyərəm.
Durub çıxmaq istədim. Şəfqət bacısı nə isə fikirləşdi:
- Eybi yoxdur, gözlə, onsuz da bayramdır, valideyinlərin xəstəni
yoluxmasına icazə verilib, - deyib çəkildi.
Bir neçə dəqiqədən sonra əsgər parçında çay gətirdi:
- Sən incimə... Bura hərbi hissədir axı!
Ayıbdır, nəyə gərəkdir, olmaz
Xanımın qonaqpərvərliyinin qarşısında bayaqdan ovcumda
saxladığım 5 manatlığın az olmasını düşünürəm, amma imkan tapıb
yaxası açıq xalatın yan cibinə ehmalca uzadıram.
- Ayıbdır, nəyə gərəkdir, olmaz, - etiraz edir və bayıra çıxmaq
istəyir, qapının kandarında ayağını saxlayıb deyir: – Yenə də çay
istəsən deyərsən!
Təşəkkür edirəm və doğurdan da kədərli olan xanımla söhbət etmək
istəyirəm:
- Amma, yaman yorğun görünürsüz, elə bil səhərə qədər daş
daşımısız..
Sözümə bənd imiş, gəlib qarşıdakı çarpayıda oturur:
- Sakir vaxtdır, onsuz da heç kəs gəlməz, - deyir.
Sonra ayağa qalxıb özü üçün də çay gətirir.
Haralı olduğumu soruşur. Yerimi-yurdumu bildikdən sonra bizim
tərəflərin adamları haqda xeyli xoş sözlər deyir. Sonra bir qədər
əvvəl verdiyim sualın üstünə gəlir:
- Yox, qardaşımsan, yorğun deyiləm. İşimin adı nədir ki! Bu
əsgərlər öz balamdır. Bəzən sanitar kimi altlarını da təmizləyirəm,
yatacaqlarını dəyişirəm, fidan balalardır. Çətinlik görməyiblər,
infeksiya tapıblar, düşüblər, 5-10 günə sağalıb gedirlər. Mənim
mayam belə yoğrulub, əzab çəkmiş adam kimiyəm, - deyib çayından
içir.
Tez əsgər üçün gətirdiyim şirniyyatdan stolun üstünə qoyuram.
Çarpayıdan irəli dartılıb konfetin birini götürür, kağızını açıb
dörd qatlayıb xalatının cibinə qoyur. Konfet ağzında bir qurtum
çaya əriyir, ikincisini, üçüncüsünü eyni qayda ilə açır...
O qədər qan-qada gördüm ki...
Hiss etdim ki, danışmağa maraqlıdır:
- Dərdli adama oxşayırsız...
-Burada işləyənin dərdi olmaz? O qədər qan-qada gördüm ki! İndi,
Allaha qurban olum, sakitlikdir. Əsgərlər xəstələnir, soyuqdəymədən
gəlir bura, əvvəllər isə yaralılar gələrdi. Bax, bu ürək ki, dözüb
bu vaxta qədər, demək yalandır ki, ətdəndir. İnsanın ürəyi tamam
başqa materialdan hazırlanıb.
- Mahirə bacı, danış gördüklərindən, müharibənin
acılarından..
- Mən buralı deyiləm ki! Müharibə vaxtı könüllü cəbhəyə gəldim.
Vuruşlarda iştirak etdim. Özüm Bakıda işləyirdim, yaxş dolanışığım
da vardı.
Minaya düşdü, parça-parça olmuşdu
- Gəlməyə də bilərdin...
- Yox, qardaşım, gəlməsəm olmazdı. Düzdür, iki uşağım vardı.
Azyaşlı idilər. Böyüyü 1-ci sinfə gedirdi. Qoydum qaynanamın
yanına, gəldim yoldaşımın qisasını almağa. Yoldaşımı "oblova" vaxtı
tutub gətirmişdilər. Yolda maşını saxlayıblar ki, bəs, kimin
cibində nə varsa versin, düşsün qaçsın. Bir neçə nəfər elə edib.
Yoldaşımın pulu az olub, deyib, gedim, evdən verərəm, razı
olmayıblar. Gətiriblər Ağdama. Ağdamda isə yaralıları, meyitləri
görəndə, deyir, özümə nifrət etdim ki, niyə qaçmaq istəmişəm. 8 ay
vuruşdu. 3 dəfə gəldi evə. Sonra minaya düşdü, parça-parça olmuşdu.
Gətirdilər, basdırdıq. 7-sini verib gəldim onun vuruşduğu hərbi
hissəyə. Qardaşımsan, başıma çox bəlalar gəldi...
Mən onun meyitini gözlərimlə görmədim
- Yoldaşının qisasını aldınmı, heç olmasa.
- Nə bilim vallah, məni qoymadılar əməliyyatlarda iştirak
etməyə, yaralılara baxırdım, imkan tapıb əsgərlərin yeməyini
bişirir, paltarlarını yuyurdum.
- Hər halda çoxlarının etmədiklərini etmisən..
- Mən yoldaşımı çox istəyirdim. İndi də onunlayam elə... Axı mən
onun meyitini gözlərimlə görmədim, bir bağlama ət gətirmişdilər ki,
bu sənin ərindir. Qayınatam dözmədi, 3 ay yaşadı, bağrı çatladı.
Qayınanam yaşadı, indi də durur, "nəvələrim üçün yaşayıram" deyib
dözdü. O da inanmadı Aslanın ölümünə. Deyir, yəqin əsir düşüb,
sağdır. Amma yox, o minaya düşmüşdü. Tək olmamışdı axı, yanında
əsgər yoldaşları varmış, kəşfiyyata gediblərmiş.
Guya məni komandir aşağada saxlayır ki...
- Qadınlarımız vardı, döyüşürdülər, sənin arxada qalmağına
münasibət necə idi?
- Hamısında kişi təpəri vardı. Düzdür, aralarında yava gəzənləri
də vardı, amma onlar da seçdikləri əsgərlə, ya zabitlə oturub,
dururdular. Qalanları isə qardaş, bacı kimi baxırdılar. Mənə
münasibətə gələndə isə pis deyildi. Düzdür, bir dəfə qulağıma çatdı
ki, guya məni komandir aşağada saxlayır ki, özü üçün istifadə
etsin, amma bu belə deyildi. Komandirlərimiz də, əsgərlərimiz də
kişi idilər, əsl kişi...
- Amma, hər halda od olmasa tüstü çıxmazdı, - zarafatıma
zarafatla cavab verdi:
- Nə od, nə tüstü! Mən qadınlığımı ərimlə birgə basdırdım. Heç
vaxt qadın kimi özümü hiss etmədim. Həm də hər gün ölən, yaralı
gördüm, bu zaman elə şeylərmi yada düşürdü?!
Sən demə ərimin çarpayısında yatırmışam
- Mahirə xanım, bax, müharibə bitməsə də, artıq neçə ildir,
atəşkəsdir, Bakıya qayıda bilərdin, balalarının yanına.
- Hə qayıda bilərdim. Amma bir dəfə yaralanmışdım. Yaram yüngül
idi, məni bura, hospitala gətirdilər. Qardaşımsan, uzandığım
çarpayıda elə rahat yatırdım ki, ərimi yuxuda görürdüm. Görürdüm
durub başımın üstündə, saçımı sığallayır, "yorulmusan" soruşur?
Bura mənim "koykamdır" deyirdi, hiss etmirsən? Dururdum, hey
ağlayırdım. Bir sanitar qadın vardı. Ona danışdım dərdimi,
yuxularımı, dedim ki, ərim yuxuma girir. Ərimin şəhid olduğunu
dedim. Şəklini göstərdim qadına. Baxdı və ağladı. Sabahı bir şəkil
gətirdi. Yaralı əsgərlərlə birlikdə həkimlər və sanitarlar vardı.
Aslan da onların arasında idi. Sən demə, ərimin vaxtı ilə müalicə
olunduğu palataya düşmüşəm, onun çarpayısında yatırmışam. Elə ona
görə də yuxuma girirmiş. Sağalandan sonra hospitalın rəisindən
xahiş etdim, məni burada işə götürdülər. Onun yatdığı çarpayıda
yatıram. Evim də var. Aparmışam evə həmin çarpayını.
Oturduğumuz palataya digər iki şəfqət bacısı da daxil oldu.
Mahirə xanımın sifətinə baxıb, başlarını buladılar:
- Xala üzüləcək e... Nə qədər danışmaq olar.
Mahirə xanım göz yaşlarını sildi. Üzümə baxaraq iş yoldaşlarına
müraciət etdi:
- Heç bilmirəm, necə oldu danışdım. Axı sizə də söz vermişdim
ki, danışmayacam.
- Burda nə var axı, qoy danışsın, bu elə bir mövzudur ki,
danışmaqla bitib tükənməz, həm də paylaşdıqca yüngülləşər.
Şəfqət bacılarından nisbətən cavanı çaylarımızı təzələdi. Mahirə
konfet olan zəmbilə əlini saldı, bir neçə konfet götürdü.
Mövzunu dəyişdim.
Ermənin yaralarını sarıdım, gözlərinə baxmadım
- Heç erməni ilə üz-üzə gəldinmi?
- Bir neçə dəfə görmüşəm. Əsgərlərimiz əsir götürmüşdü. Mən
onların yaralarını sarıdım, gözlərinə baxmaq istəmirdim. Necə də
olmasa insandır, gözlərindəki ağrı hissini, qorxunu, yalvarışı
görüb nifrətim azala bilərdi. Amma uşaqlarımız yalvarırdı ki,
onları incidim, dostlarımızı öldürüblər. Əlim gəlmirdi. Özlərini
həyasızcasına aparanları da olurdu, yazıq görkəm alanları da...
Şəfqət bacısılarından biri otağa daxil oldu:
- Sizin xəstə yuxudan durub, düşür aşağa.
Bir azdan dostumun oğlu otağa daxil oldu. Mahirə xanım və digər
iki şəfqət bacısı çıxdı. Görüşdük. Hal-əhval tutdum:
- Necəsən?
- Ayaqlarım ağrıyır. İndi yaxşılaşır. Faiq əmi, dərmanları
gətirdin?
- Hə, gətirmişəm.
Əsgər çantaya baxdı:
- Konfetdə almısız ki! Atama dedim axı, heç nə lazım deyil, bəs
bu 5 manatlıq nədir konfetin içində?
Sən demə Mahirə xanım konfet götürəndə cibinə qoyduğum pulu
əsgərin sovqatına əlavə edibmiş....