Yuxarı

Xanım azarkeşimiz: O futbolçunu çox sevirəm

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol daha çox kişilərin sevdiyi idman növü olsa da, qadınlar arasında da bu oyuna maraq göstərənlər var. Hətta bəzi ölkələrdə qadınların futbol oyunlarını canlı izləməsinə qadağa olduğu üçün onlar kişi paltarı geyinir, bığ-saqqal çəkib stadiona daxil olurlar. Azərbaycanda isə belə bir qadağa yoxdur və xanım azarkeşlər rahatlıqla futbol matçlarını izləyə bilirlər. Lakin bəzi xanımlarımız bu və digər səbəblərdən stadiona getmirlər.

Bloger, futbol azarkeşi Rəfiqə Əziz Axar.az-a müsahibəsində qadın azarkeş olmağın maraqlı tərəflərindən söz açıb:

- Belə bir yazılmamış futbol qaydası var: qadınların futboldan zəhləsi gedir, futbol kişilər üçündür. Siz isə bütün bu qaydaların üzərindən xətt çəkirsiniz. Sizdə futbola sevgi hardandır?

- İdman hər kəs üçündür. Uşaq vaxtı tez-tez futbol oynayırdım. Amma tam təsadüf nəticəsində azarkeş olmuşam. Atamın işinə görə Tofiq Bəhramov stadionuna getmişdik. Onun başı yeyib-içmək süfrəsinə qarışmışdı, mən isə stadionda gedən oyunu izləyirdim. O vaxt Qurban Qurbanova sevgim yaranmışdı. Təbii, uşaq idim, futbol nədir, tam dərk etmirdim. Sonra TV-də “Real Madrid”in matçı gedirdi. Raul Qonzalesin oyununa vuruldum. Qurban və Raulu harda görsəm, izləyirdim və təbii ki, yeni futbolçular kəşf edirdim. Onlar indiyə qədər mənim üçün futbolun ikonudur.

- Bildiyim qədər, “Qarabağ” azarkeşisiniz.

- Bəli, səbəbkar Qurbanovdur. Desəniz ki, əgər Qurbana görədirsə, niyə “Neftçi” yox, “Qarabağ”? Mən “Neftçi”yə heç vaxt azarkeşlik etməmişəm. Qurban Qurbanov, daha sonra Zaur Tağızadə, Georgi Adamiya, bir müddət sonra da Rəşad Sadıqov. Düzdür, “Neftçi”nin ürəyimdə ayrı yeri var, amma nə xoş ki, hər 4 şəxsin sonda “Qarabağ”la bağlılığı olub. Bu gün Qurban da, Zaur da, Rəşad da getsə, “Qarabağ” mənim üçün olduğu yerdə qalacaq. Çünki ilk dəfə bu komandanın oyununa tribunadan baxanda doğmalıq hiss etmişəm.

- Sizi tez-tez stadionlarda görmək olur. Sektorlarda köynəklərini soyunmuş oğlanlar, söyüşlər, sərxoş azarkeşlər... Bunlar səni narahat etmir?

- Köynəyini soyunmuş oğlanı çimərlikdə də görürük, dəhşətli bir şey deyil. Bəzən komanda məni o həddə çatdırıb ki, özüm söymüşəm. Odur ki, futbolda söyüş söyənləri də başa düşürəm. İnsanlar aqressiyasını necəsə çıxarmalıdır. Bircə içkili halda matça gəlməklərini sevmirəm, çünki əksəriyyəti özünü idarə edə bilmir.

- Stadionda başına gələn ən maraqlı, yaddaqalan hadisə nə olub?

- Ən yaddaqalan hadisə yıxılmağım olub. Oturmaqla heç aram yoxdur, həmişə oturacaq bağlı qalır, yuxarı hissəsində otururam. Bir dəfə “Qarabağ”ın “Neftçi” ilə oyununda arxadakı adamlar görmür deyə, məcbur skamyanı açıb oturmuşdum. Ağlımda qalıb ki, durub oturanda hər şey yerində olur. “Qarabağ” qol vurdu, hoppandım yerimdən, qışqırdım. Oturanda skamyanı açmağı unutdum və sərildim yerə. Yıxılıb özümü zədələmişdim.

- Valideynlərinin sənin futbol sevginə münasibəti necədir?

- Anam hərdən əsəbiləşir, amma artıq öyrəşib. Bir qızı, bir oğlu var: ikisi də futbol azarkeşidir. Anam biləndə ki, önəmli matç var, zəng edir ki, oyuna baxın, sonra gəlin evə. Bizim səsimizdən qonşular köçür deyə, önəmli oyunlara evdə baxmağa qoymur.

- Daha çox oğlanların ətrafında olursan. Bu sənin həyat tərzinə, düşüncələrinə təsir edirmi? Məsələn, bəzənib-düzənmək, sevib-sevilmək, ailə qurmaq...

- Qadınlıq daxildə olan bir şeydir. Kişilərin ətrafında və diqqət mərkəzində olmaq onu artırar, əskiltməz. Hər qadın kimi mən də geyim məsələsində həssasam. Hər ay özümə nəsə almasam, ürəyim partlayar. Makiyaj etməklə aram yoxdur. Güzgüyə baxanda özümü təbii halımla bəyənirəm. Amma hərdən məcbur olanda, ya həvəsə düşəndə bəzənirəm. Ailə qurmağa qaldıqda isə heç vaxt can atmamışam. Çünki bu, böyük məsuliyyətdir. 26 yaşım var və başa düşürəm ki, psixoloji olaraq hələ tam hazır deyiləm. Sevib-sevilməyi isə nəinki qadın, bütün insanlar istəyir.

- Əlinə qızıl balıq düşüb, üç arzunu dərhal yerinə yetirəcək. Amma istəklər yalnız Azərbaycan futboluna aid olmalıdır. Məsələn, “Qarabağ”a kimi transfer edərdin?

- Paulo Dibalanı. Gəlsin, gözümün qabağında olsun. Məni tanıyan hamı bilir onu necə sevdiyimi. Adam tam mənim zövqümcədir, vizual olaraq beynimdə formalaşdırdığım tipdir…

Birincisi, çox istəyərəm ki, sponsorluq potensialı olan şirkətlərin futbola marağı yaransın, dəstəyi artsın. Bildiyim qədər yeni qanun da var: hansısa idman növünə dəstək olan şirkət vergidən azad olunur. İkincisi, istərdim ki, azyaşlı futbolçularımıza tək top qovmağı yox, kitab oxumağı, düzgün danışmağı, məntiqi öyrətsinlər. Üçüncüsü isə liqamızda komandaların sayının artmasıdır. “Kəpəz”, “Xəzər Lənkəran”, “Bakı”, “Rəvan”, “Turan”, “Şahdağ” kimi oyununu gördüyüm komandaların yenidən əsas liqaya qayıtmasını istərdim.

- Özünüz futbol oynayırsınız?

- Dediyim kimi, uşaq vaxtı çox oynamışam. Əvvəllər kişilər qadınla oynamağa risk etmirdilər, amma indi məni qəbul ediblər. Artıq özləri məni futbol oynamağa dəvət edirlər.

- Qardaş Türkiyədə, qonşu Rusiyada, Gürcüstanda belə stadionlara yüzlərlə qadın azarkeş gəlir. Bizdə belə olması üçün nə etmək lazımdır?

- Bizdə də qadın azarkeş çoxdur. Stadiona gəlin, görəcəksiniz. Ölkədə futbolla maraqlanan, izləyən, oynayan xeyli qadın var.

- Azərbaycan futbolunda ən yaxşı, ən yaraşıqlı, ən komik, ən zəif futbolçuların adlarını çəkə bilərsiniz?

- Məncə, son mövsümün ən yaxşısı Ağabala Ramazanov idi. Ən yaraşıqlısı Murad Xaçayev, ən qəşəng güləni Amil Yunanovdur. Mənim üçün gülüş yaraşığın bir parçası olduğundan ikisini də vurğuladım. Ən zarafatcılı və ən xarizmatiki Rəşad Sadıqovdur. Halbuki onun bu halını çoxu bilmir. Ən zəifi deməyəcəyəm, amma ən sevmədiyim Elvin Yunuszadə və Coşqun Diniyevdir. Amma sonra topa tutmasınlar deyə, indidən qeyd edim, İnstaqramda hamısını izləyirəm, çünki ölkəmin futbolçularıdır.

Tarix
2019.08.15 / 08:45
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla