Elman Türkoğlunun ayrıca
təqdimata ehtiyacı yoxdur. Uşaqdan böyüyə onu hamı tanıyır.
Bayraqdardır. Millətçidir. Özünəməxsus imici var. Saqqalda və
şlyapada olur. Qəribə, düşündürücü həyat tərzi, dünya görüşü ilə
fərqlənir. Onunla "İnsan taleyi" layihəsində söhbət etmək istədim,
zəng etdim, tərəddüdsüz razılaşdı. Siyasətdən uzaq olacağımızı
deyib, onu razı salsam da, bəzi məqamlarda bundan uzaq ola
bilmədik.
Görüşdük, hal-əhval tutub, bir-birimizi xeyli təriflədikdən
sonra diktafonun start düyməsini basdım:
Müxalifətlə iqtidarın dialoqu baş tutsa…
- Elman bəy, il ildən ağır gəlir, səncə 2015-ci il,
2014-cü ildən nə qədər ağır ola bilər?
- 2015-ci il 2014-dən çox ağır keçəcək. Bu qoyun ili varlılara
yaxşı, mənim kimi kasıblara isə çox pis olacaq. Ancaq hər kim
olursa olaq, bizləri bir ovuc torpaqdan var edib yaradan Allahdan
ümidimizi üzməməliyik. Onun ətəyindən bərk-bərk yapışmalıyıq ki,
növbəti ilə sağ-salamat çıxa bilək.
- Axı, necə? Ətək çox hündürdədir axı, əl
çatmır.
- Ürəkdə inam olmalıdır. Heç əlin olmaya da bilər, inamın,
imanın olmalıdır. İmkan ver, il haqda sualına cavab verim də...
Demək, bu il siyasətdə də yenilik olmayacaq. Əgər müxalifətlə
iqtidarın dialoqu baş tutsa, münasibətlərdə yumşalma müşahidə oluna
bilər. Bu il yenə də Qarabağda güclü təlimlər keçiriləcək,
ermənilər bərk qorxuya düşəcək. Bu il Qarabağ ili ola, müharibə
başlaya bilər. Ordumuz güclənib, təlimlər də bunu göstərir.
Elmanın gözlərinin arxasından axıb gələn qüssə
üzündəki,alnındakı qırışların "içinə dolub" sanki. Amma çox diribaş
danışır. Onun proqnozlarına son qymaq üçün növbəti sualımı elə bu
istiqamətdə qururam:
- Dolaşınığın necədir?
- Heç bir yerdən gəlirim olmadığı üçün, dolanışığım çox çətin və
ağırdır. Hələ də yataqxana həyatı yaşayıram və bu günümə görə
Allahıma şükürlər edirəm! Səbr...
Duz çörəyi düz çörək bilib, kəsən dostlarım
Qıcıqlandırmaq istəyirəm, görüm doğurdanmı
səbrlidir:
- Deyirlər, sən dostcanlı deyilsən və demək olar ki,
dostların da yoxdur; bu düzdürmü?
Əsəbləşdi. Səsinin tonunda
inciklik:
- Kim deyir ki, mən dostcanlı deyiləm? Yalandır! Bunu ancaq
düşmənlərim deyə bilər, ya da ki mənə düşmən olan dırnaqarası
dostlarım. Mənim yaxşıdan yaxşı olan çox dostum var! Bilirsiniz, nə
var, bəy? Bəy, mənim duz çörəyi düz çörək bilib kəsən dostlarım
var. Həmin dostlarım bu gün mənə yardımçıdır. Dost yolunda canımı
qurban verərəm. Dost var ayağa baxar, dost var başa. Mən dostu uca
görüb, başına baxmışam. Mənim çox yaxın 7 dostum var. Başda
Allahımdır. Sözsüz ki, vətənimi, millətimi sevənlərin hamısı
dostlarımdır. Bəy, gördünmü, mənim nə qədər dostum var?
Belə alçaq sözləri sənə kim deyib?
- Həm də deyirlər ki, kim sənə dolanışıq üçün şərait
yaradırsa, onun yanında olursan. Mən buna inanmasam da inanalar
var, necə düşünürsən, düzdürmü?
- Bunu kim dedi sənə? Yalandır. Mən heç kimə əyilməmişəm və
bundan sonra da əyilməyəcəm.Vicdanımı pula satmamışam. Belə alçaq
sözləri sənə kim deyib, qələt edib, başını daşa, divara döyüb.
Onlara fikir vermə, it hürər karvan keçər…
Elman Türkoğlunun qəzəbinin üstünə su
çiləyirəm:
- Daha bu olmadı da, deyirsən səbirli, təmkinli adamam,
bu yandan da hirs dağarcağı olduğunu göstərirsən.
- Yox, mən belə şeyləri yaxın qoymaram, əsəbi də deyiləm!
26 ildə 490 dəfə həbs olunmuşam
- Bəy, deyəsən Azərbaycanda ən çox həbs olunan adam
sənsən.
- Bəli. Amma nəinki Azərbaycanda, bütün dünyada mənim qədər həbs
olunan ikinci adam yoxdur. Mən 26 ildə 490 dəfə həbs olunmuşam!
- Bəs nə əcəb oğru qanunlarına riayət
etmirsən?
- Kim deyir bunu? Oğru qanunlarını çox yaxşı bilirəm və hərdən
bir bu qanunlara da riayət edirəm. Qardaşım, oğru qanunları indi
çox adiləşib. Heç bir saniyə türmədə yatmayanlara qanuni oğru və
yaxud da oğru adı verirlər! 30 il türmdə yatanlar var, onlara heç
bir ad vermirlər. Keçmişdə bir adama "qanuni oğru" və "lotu" adı
vermək üçün həmin adam milyon dəfə sınaq imtahanlarıdan keçməli
idi. Hətta elə adamlar var idi ki, oğru adını almaq üçün on illərlə
gözləyirdilər. Bəs indi necədir? İndi isə hər yerindən durana
"qanuni oğru" və "lotu" adı verirlər. Bəli, dəfələrlə mənə qanuni
oğru adı vermək istəyiblər, amma mən bunu qəbul etməmişəm. Bir çox
qanuni oğrularla, lotularla türmədə yatmışam. Lazım gəlsə, bir
yerdə yatdığım oğruların adlarını çəkə bilərəm.
İki ermənini bıçaqladım
- Harda, kiminlə cəza çəkmisən?
- Bakıda nə qədər polis idarələri və bölmələri varsa, hamısında
yatıb çıxmışam. 26 il ərzində Bakıda Bayıl türməsində,
Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda, Astraxanda, Rostovda,
Belarusiyada, Sverdlovskda, İrkutskda, Tacikistanda, Moskvada,
Mahaçqalada, Kazanda və digər başqa ölkələrin həbsxanalarında
olmuşam.
- Bəs ilk dəfə nə vaxt tutuldun?
- 1982-ci ildə Aşqabadda iki erməni dığası ilə davam düşdü və
hər ikisini bıçaqladım. İlk olaraq Aşqabad türməsində oldum.
Oğru adını almaq istəsəydim…
- Bu qədər zəngin kriminal tərcümeyi-halın var, heç ürəyindən
keçmədi ki, qanuni oğru olasan?
- Yox, qanuni oğru olmaq heç vaxt ürəyimdən keçməyib. Amma yeri
gələndə bir çox şeyləri qanuni yolla həll etmişəm və hamı məndən
razı qalıb. Əgər məndə oğru adını almaq istəyi olsa idi, həmin
andaca ala bilərdim. Amma mən bayraqdarlığı qanuni oğru adından da,
vəzifədən də, puldan da, ev-eşikdən də üstün saymışam.
Elmanın həyatının acılı günləri çox olduğunu
bilirdim, bu mövzuya da toxunduq, insafsızlıq etdim, yarasının
üstünə duz səpdim:
İki saat nəfəs verdim, amma balamı geri qaytara
bilmədim
- Elman bəy, Allah rəhmət eləsin, oğlun özünə qəsd etdi,
bir ata olaraq bu əzabı sənə nə unutdura bilər?
- Heç nə...
Xeyli susur və mən ilk dəfə o boyda göz yaşları
görürəm. Səssiz, daş kimi saf damlalar cod saqqalın içində
ağır-ağır itirdi. Söhbətimiz zamanı ilk dəfə olaraq siqaret
yandırdı:
- Bəy, uşaqlıqdan eşitmişdim ki, ata, ana, bacı–qardaş dağı ağır
olar, ürəkdən getməz. Dünyada ürəyə dəyən ən böyük ağrı bala
dağıdır, övladın itkisi, göynəyidir. Bala dağından ağır dağ ola
bilməz. İnanın mənə, hər gün oğlum üçün qan ağlayıram. Həmin gün
damarlarımda qanım dondu, beynim qurudu, gözlərimə qaranlıq çökdü,
ürəyimin başı od alıb yandı, dizlərimin taqəti çəkildi, belim
büküldü. Ömrümdən ömür kəsildi. Düz iki saat nəfəsimdən nəfəs
verdim, amma balamı geri qaytara bilmədim. Göz yaşlarım qan
rəngində axdı, bəy. Ynadım bəy, qovruldum bəy, mən yaşamıram ki,
vücudumda kül olmuş cismimi gəzdirirəm. Bəy, bilirsən, dünyada ən
ağır dərd nədir, ən ağır yük nədir? Ata çiyinlərində övlad
tabutunun aparılmasıdır bu dərd, ağrı… Diz çökdüm, əlimi Allaha
qaldırdım, "kərəminə şükür, - dedim, - dünyanın ən dadlı meyvəsidir
övlad, verən də sən oldun, alan da…"
Oğlumun yerini əbədi olaraq cənnətlik etməsini istədim
Allahımdan. Oğlum Məhəmməd Əmini Allahıma əmanət etdim. Faiq bəy,
rəhmətlik oğlumun yerini heç nə əvəz etməz…
Mənə şorgöz deyən özü şorgözdür
Araya xeyli sükut çökür, Elmanı bu vəziyyətdən
çıxarmağın yolunu axtarıram. O isə məni qınayırmış kimi gözlərimin
içinə baxır, siqareti siqaretə calayır. Mövzunu
dəyişirəm:
- Haqqında bəzən şorgöz kişi imici yaradırlar,
doğurdanmı bu belədir?
Göz yaşlarının ardından təəcüblü baxışlarla üzümə
baxır:
- Çox gülməlidir. Mən şorgözəm? Bunu sənə kim dedi, mən
şorgözəm, hə? Elə bir şey yoxdur! Heç vaxt şorgöz olmamışam. Bundan
sonra da olmayacam. Mən qadınların Tanrı tərəfindən göndərilən
müdafiəçisiyəm. Qadınları kimliyindən aslı olmayaraq müdafiə edirəm
və ömrümün sonuna qədər də edəcəyəm. Hər kim qadınları incitsə,
qəlbinə dəysə, döysə, bil ki, məni incidib, məni döyüb. Mənə şorgöz
deyən özü şorgözdür. Sən də inandın onlar deyənə?
Qəzəbini sərinlətmək istəyirəm:
- Bəy, bayraqdasan da, de, bu dəqiqə evində neçə bayraq
var?
Elmana sanki yeni nəfəs verildi. Yerini
rahatladı:
- Bax, bu, çox əla sualdır. Bəy, inan, ürəyimdən keçən sual idi!
Bu dəqiqə evimdə bayraq çoxdur. Necə bəyəm, sənə bayraq lazımdır?
Bayraq mənim həyatımdır, aldığım nəfəsdir, sinəmdə çırpınan qanlı
ürəyimdir, damarlarımda axan isti, qaynar qanımdır… Mənim bayrağa
olan sevgim məni ədalətli adam edib, bəy.
Aramızda keçən kiçik bir siyasi söhbətin ardından
qəfildən üzünü mənə tutur:
- Faiq bəy, indi mən sənə sual verirəm: dünyada
ən təmiz siyasət nədir?.. Bax, susursan, ancaq bu sualı sən
versəydin, mən cavab verərdim. Amma vermədin, mən də cavab
vermirəm…