"Türmə əhvalatı"
layihəsində
Adı Hüseyn idi. 10 saylı CÇM-in rəis müavininin qapısı
qarşısında növbətçilik edər, onun qulluğunda durardı. Kabinetin
səliqə-sahmanı da onun öhdəsinə düşürdü. Bütün günü qapının
qarşısında durar, içəri keçmək istəyənlər haqda məruzə edər,
müavinin çayını hazırlayardı. Yaşı təxminən 60 olardı. Amma cavan
görünürdü. Həm də çox qıvraq idi. Bir ayağı qısa olduğundan
yeriyəndə sanki çəpinə addımlayırdı.
Həmkəndlim "Qara kəl" ayamalı dustaq İlyas Əvəz oğlu onun haqda
deyirdi:
- Hüseynin "mostu" qaçıb. Nənəm 14 uşaq doğub, hamısı da kəl
boyda, heç belə "krivoy"lamır, gör mayor bunu necə "işlədirsə" düz
yolda da "buksavat" edir.
Hüseyn xırda addımlarla, tez-tez yeriyəndə adama elə gəlirdi ki,
o getdiyi mənzil başına düz gedib çata bilməz. Sanki üfüqi
yeriyirdi... Onun nəyə görə həbs olunduğunu heç kəsdən öyrənə
bilmədim. Bir-iki dəfə maraqlansam da, dustaqlar dedi ki, qoy
cəhənnəm olsun, o işverəndir, neynirsən onu? Amma sonralar özü
danışdı. Əslində sakit, sözəbaxan, ağasının xidmətində kölə kimi
duran biri idi. Onun belə olması çox qorxulu haldı. Hüseynlə
mübahisəm də düşmüşdü.
Cəza müəssisəsinin "Promzon" adlanan hissəsində kiçik
emalatxanalar vardı. Burada dustaq həyatı yaşayan sənətkarlar
müxtəlif əşyalar hazırlayardı. Elə dustaqların sifarişi bəs idi.
Bazrları pis olmazdı. Sözsüz ki, onların qazancı türmə
rəhbərliyinin cibinə axardı. Ustalara dolanışıqları üçün pul
qalardı. Bəzən onlar nisyə hazırladıqları əşyaların pulunu ala
bilməz, nəticədə pis vəziyyətdə qalardılar. Mən də bir çoxları kimi
sandıqça, mücrü, şəkil yerləşdirmək üçün çərçivə, əsa, qəlyan,
təsbeh sifariş vermişdim. Bir də xüsusi olaraq nərd hazırladırdım.
Bir tərəfində mənim, digər tərəfində isə oğlumun şəkli olan nərdin
hazırlanmasına demək olar ki, hər gün gedib baxırdım. Qabaqcadan
müəyyən qədər ödəniş də etmişdim. Bir gün yenə də emalatxanaya
gedəndə Usta Çingizi qanıqara gördüm. İşləmirdi, bankada dəmlədiyi
çaydan içir, siqaret çəkirdi. Səbəbini soruşdum.
- Zibilə düşmüşəm e... Rəisin tulası gəlib nə vardı yığışdırıb
apardı, – dedi.
- Niyə?
- Deyir ki, aylığı verməmisən. Bütün alətlərimi, hazır olan,
yarımçıq qalan işlərimi də götürüb getdi.
Özümə güvənirdim, getdim. Hüseyn qapının ağzında durmuşdu. Salam
verdim, dilucu cavab verdi, əleyk elədi. Xoşum gəlmədi. Dedim:
- Hüseyn, sən mənim nərdimi və sandıqçalarımı
götürmüsən, geri ver. Mən onların yarı pulunu ödəmişəm. Görüşə
gələn olacaq, çölə çıxartmalıyam, qalan pulunu da görüş sonrası
verərəm.
- Vermirəm, - dedi. Kimə istəyirsən get, de. Eynən bəzi məmurlar
kimi, işçisinin, yaxud başqasının haqqını tapdalayıb, arxayın
şəkildə "get, kimə istəyirsən, şikayət elə", - dedi. Və mübahisəmiz
düşdü. Dəhlizdəcə yaxalaşdıq. Qonşu otaqdan mayor Vüsal Mahmudov və
rejimin işçisi ermənistanlı kapitan Hafiz səs-küyə çıxanda Hüseyn
artıq ayaqlarımın altında idi.
Vüsal:
- Şair, nə edirsən, bilmirsən bu işverəndi?
- Bilirəm, döydüm ki, bir dəfə də rəisə düzgün məlumat
versin, onsuz da gedib yalandan məlumat verəcək.
Hüseyn özünü müavinin kabinetinə atdı. Heç bir dəqiqə də keçmədi
ki, bayıra çıxıb: - Səni çağırır, - dedi.
Baxışlarında isə bu ifadə vardı: "Səninki bitdi, ən azı üç gün
karserdə olacaqsan".
İçəri keçdim. Rejim qaydalarına uyğun olaraq özümü təqdim etdim.
Müavinin üzü gülürdü, qəzəbli deyildi:
- Hüseynə nə veribsən, ala bilmirsən?
- Vəli müəllim, mən ona heç nə verməmişəm, o, oğurluq edib,
emalatxanadan mənim əşyalarımı götürüb.
Və hadisəni olduğu kimi danışdım. Dinlədikdən sonra Vüsalı və
Hafizi də çağırtdırdı. Onlar mübahisənin şahidi idilər. Hər ikisi
dedi ki, Hüseyn tərbiyəsizlik edib:
- Şair ona dedi ki, Vəli müəllimə səndən şikayət edəcəm, o isə
dedi ki, Vəli müəllim kimdir, mən götürmüşəm, qaytarmıram, sonra da
şairə söydü, əl qaldırdı, şair də onu itələdi.
Vəli müəllimin kefi doğurdan da kök idi. Gülümsəyərək:
- Ay Faiq, bilmirsən Hüseynin xasiyyəti tünddü? Ona baş qoşma.
Sənin əşyalarını isə qaytarar. Mən demişəm, orda nə var
yığışdırsınlar, yoxlama gələcək.
Əslində isə yalan deyirdi. Çingiz həmin ayın aylığını
ləngitmişdi. Hüseyn həmin hadisədən sonra görüş yerlərində məni
gördükdə salam verərdi. Qara kəl deyirdi ki, rəis müavini bəzən öz
işçilərinə güvənmir. Görüşə gələnlərin icazə vərəqinə o qol çəkir
və bilir ki, hansı dustağın yanına gələn var. Bax, gözü su içmədiyi
dustağın görüşünə gələn olanda Hüseyni göndərir ki, yoxlanışa o da
kənardan nəzarət etsin.
Yaxşı, Hüseyn niyə həbs olunub? Bir dəfə ondan bu haqda
soruşdum. Eləcə:
- Axmaqlığımdan, - dedi.
Sonra da xeyli fikrə getdi:
- Şair, mən doğurdan da axmaq adamam. Tutulmaya da bilərdim.
Əgər nəfsimə güc gələ bilsəydim. Deməyəcəm günahım nə olub, desəm,
heç salam da verməzsən. Onsuz da heç kəs məni xoşlamır. Desəm,
yüngülləşərəm, düzdü. Amma yüngülləşmək istəmirəm. mən ikiqat cəza
çəkirəm. Həm içimdə düyün olan əməlimin mənəvi iztirabını, həm də
etdiyim əmələ görə mənə verilən cəzanı. Ona görə də mən bilmirəm,
bayırda olanda necə yaşayacam. İnsanların üzünə necə baxacam.
Hüseynin dediyindən o məlum oldu ki, ali təhsilli olub. Uzun
müddət mühasib, sonralar isə baş mühasib işləyib. İşinin öhdəsindən
layiqincə gəlirmiş. Həbsinin isə işinə heç bir aidiyyəti yoxdur.
Bir də onu dedi ki, onun əməlini zabitlər yaxşı bilir. Və əgər o,
burada bəzi nadürüstlüyü etməsə, dustaqların da bundan xəbəri ola
bilər. Ona görə də sonda:
- Mən isə bunu heç istəmirəm, günümü keçirirəm, - dedi.
Bir dəfə Hüseynin gözünün altının qaralması, dodağının şişkin
olması diqqətimi çəkdi.
- Nə olub? – soruşdum.
- Heç, ağacdan yıxılmışam, - dedi.
Bilirdim ki, yalan deyir. Doğru xəbəri vaxtı ilə kəşfiyyatçı
zabit olmuş cəlilabadlı Nizar dedi:
- Bilirsıən, nə olub? Hüseyn zabitlərə deyirmiş ki, hündür
ağacların budaqlarını kəsmək lazımdır. Dustaqlar isti havada ağacın
kölgəsində oturur axı. Zabitləri inandırırmış ki, dustaqların toplu
halda olması hər hansı qiyamın, narazılığın qalxmasına səbəb
olar.
Nizar dedi ki, zabitlər ona fikir verməyib:
- Ay işverən, sənin dustaq yoldaşların günün altında əziyyət
çəkir, nə olar ki kölgədə olanda?
Hüseyn təklifini daha yüksək rütbəlilərə bildirib, axır ki,
ağacların budaqlarının doğranmasına nail olub. Həm də onu deyib ki,
bir neçə dəfə tavanı olub ödəyə bilməyən dustaqlar adlarını
ləkələməmək üçün ağacdan özünü asıb. Bu ağacların qalın
budaqlarının olması təhlükəlidir. Axır ki, iti öldürənə sürüdüblər.
Hüseynə göstəriş verilib ki, özün kəs. Bu haqda nəzarətçilərdən
biri dustaqlara məlumat sızdırıbmış.
Elə ona görə də Hüseyni gecə yatdığı yerdə başına adyal atıb
təpikləyiblər ki, kimin döydüyünü görə bilməsin. Ağaclar isə
doğranmışdı.
Hüseyn mən içəridə olanda azadlığa çıxdı. Sevinmirdi. Sonra mən
azad olundum. Bir müddətdən sonra içəridə olan dustaqlarla görüşə
getmişdim. Hüseyni görüş yerində sovqatlara baxış otağında
gördüm.
- Burda nə gəzirsən, adə? - soruşdum.
- Heç, çöldə qala bilmədim. Balaca bir oğurluq edib, qayıtdım
bura...