"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Nərminə Feruz qızı Abbasquliyevadır.
1968-cı il fevralın 23-də Qərbi Azərbaycanın Qafan rayonunda
anadan olub. Sonralar ailəsi ilə Bakı şəhərinə yerləşib. Nərminə
xanım Xırdalanda boya-başa çatıb. İki sayılı orta məktəbi
bitirdikdən sonra tibb texnikomunda təhsil alıb. Şəfqət bacısıdır.
Təhsilini başa vurduqdan sonra bir müddət uşaq xəstəxanasında
işləyib. Birinci Qarabağ savaşı iştirakçısıdır. Bir övladı var.
- Nərminə xanım, qadınlarımızın savaşa getməsi bütün
hallarda maraq doğurur. Sizin tarixçəniz necə oldu?
- 18 yaşımda valideynlərimin sözüylə ailə qurmuşdum. Bu mənim
istəmədən qurduğum ailə idi. Doğrusu, cəbhəyə getməyimə səbəb
yoldaşımla aramdakı konfliktlər oldu. Məni boğaza yığmışdı. Həm də
hamilə idim. Düşünmüşdüm ki, belə birinə xidmət edib ondan
söyüşlər, təhqirlər eşitməkdənsə, gedərəm vətənimi qoruyan
əsgərlərə xidmət edərəm. Onsuz da ölkədə aləm dəymişdi bir-birinə.
Hər gün cəbhədən ağır xəbərlər gəlirdi. Artıq qərar vermişdim ki,
yoldaşımdan ayrılım. Bundan xəbər tutan valideynlərim mənə
qəzəbləndilər. Bizdə ərindən ayrılan qadına yaxşı baxmırlar axı.
Atam deyirdi ki, ərindən ayrılan bir qadının yaşamağa haqqı yoxdur.
Mən nə edəcəyimi bilmirdim. Özümü öldürməkdənsə, belə bir adamla
həyatımı məhv etməkdənsə, onun təhqirlərinə dözüb, onun
paltarlarını yumaqdansa, gedib Qarabağda döyüşüb, nə bilim,
əsgərlərimizin paltarlarını yuyaram, yaralarını sarıyaram, dedim.
Cəbhədə çoxları qanaxmadan, vaxtında tibbi müdaxilə olmadığından
şəhid olurdu. Döyüş meydanı qan içində çimirdi. Düşünürdüm ki, orda
şəhid olsam, daha şərəfli olar mənim üçün! Məni bu vəziyyətdən
ancaq döyüşmək qurtara bilərdi. Sənədlərimi hazırladım, gizlədim
döşəyimin astarında. Bilirdim ki, döyüşə gedirəm, amma hansı
bölgəyə gedəcəyimi bilmirdim. 1990-cı il sentyabrın 9-u uşağımı da
aldım qucağıma, mindim Ağdam qatarına.
Evə qayıtmaqdansa, qəbrə gedərəm
- Bəs necə tapdınız?
- Orada əsgərlərdən soruşdum ki, könüllülər batalyonu hardadır?
"Ağdamda "Xaçınstroy" deyilən yerdə peşə məktəbi var, orda yerləşir
bu batalyon. Ağdamda taksilərə oranı desən, aparacaqlar səni. Şirin
Mirzəyevin batalyonunu kimdən soruşsan, sənə yol göstərər, çünki ən
qeyrətli döyüşçülər ordadır. İnamlı əsgərlər, qayda-qanun ancaq o
batalyondadır", - dedilər. Qatar yola düşdü, inanın, imkanım olsa,
düşüb qatarı itələyərdim ki, tez çatım oraya. Nəhayət, Ağdama
çatdıq. Avtobus, taksi, qatar görməyən adam, qalmışam ortalıqda.
Amma həmin gün sevincdən uçurdum. Bir taksiyə yaxınlaşdım, ünvanı
dedim, apardı məni. Batalyonda mənə çay verdilər, maraqlandılar.
Fikrimi soruşdular, mən də döyüşmək üçün gəldiyimi dedim. Amma
qəbul etmədilər məni. Dedilər ki, uşağın körpədi, qayıt evinə.
Dedim, yox, evə qayıtmaqdansa, qəbrə gedərəm. Baxdılar ki, mən
fikrimdə qətiyəm. Paltar gətirdilər. Mən paltarlarımı dəyişdikcə
başladılar mənə gülməyə. Axşam hər kəs bir tərəfə getdi. Əsgərlərin
əksəriyyəti mövqelərə getmişdi, arada elə bir sükut çökdü. Nə isə,
məndən soruşdular ki, bəs uşağı nə edəcəksən axı, onunla döyüşə
bilməzsən… Dedim ki, uşağımı atmıram, sadəcə, Maştağada uşaq evinə
qoyacam, vaxtı-vaxtında gedib baş çəkəcəm. Elə də oldu, səhərisi
günü mən uşağı alıb qayıtdım Bakıya. Qoydum uşaq evinə, yenidən
döyüş bölgəsinə gəldim.
Daş götürüb atdım erməni səngərinə…
- İlk döyüşünüz necə oldu?
- 1991-ci ilin dekabırında döyüşə hazırlaşırdıq. Yağışlı, soyuq
hava idi. Bu döyüş mənim ilk döyüşüm idi. Bir xatirə danışım - elə
ilk döyüşüm günü olub: İlk gün avtomatı əlimə aldım, silah dolu
qoruycunu açmışam, istəyirəm atım, atmır. Əsgərlər əlinə götürür,
silah başlayır atmağa, mən alıram ki, atım, silah "susur". Nə isə
əsəbiləşdim, səngərin içındə bir daş vardı onu götürdüm atdım
erməni səngəri tərəfə. Bir də eşitdik ki, erməni əsgəri orda
bağırır. Səngərlərimiz yaxın idi. Əsgərlər başladı gülməyə, mənə
dedilər ki, silahın onsuz da açılmır, sən elə daşla vur bunları.
Bu, ilk günümün xatirəsi idi. Düzü, əvvəl-əvvəl düşmənim belə olsa,
kimisə öldürmək istəmirdim. Amma bu da bir xatirədir: Əsgərlərimiz
məni apardılar erməni polkovnikinin boşalmış evinə. Mən orda bizim
qızların kəsilmiş saçlarını, uşaqlarımızın ayaqqabılarını, onlara
verilən işgəncələrin izlərini görəndən sonra vəhşiləşdim, düşmənin
qanına susadım. Heç unuda bilmirəm qızlarımıza verilən
işgəncələri.
Diləfruz yaralı əsgərimizi sinəsinə
basmışdı
1992-ci il idi, gün yadımda deyil. Hücuma hazırlaşırdıq.
Agdərədə "Şadlıq evi" deyilən yerdə cərgəylə oturmuşduq.
Bir-birimizə son sözlərimizi deyirdik. Hamı bilirdi ki, bu döyüşdən
salamat çıxmayanlar olacaq. Deyirdik ki, Allah qoysa, burdan
evimizə qayıtsaq, bir-birmizə salam verəcəyikmi? Zarafatla
deyirdilər ki, Nərminə, sən heç bizə salam verməyəcəksən. Bu
söhbəti etdiyimiz uşaqlardan əsir düşəni də oldu, şəhid olanı da.
Amma mən onlara demişdim ki, sizi heç unutmaram və unutmadım da.
Sağ qalanlarla bu gün də dostuq, bacı-qardaşıq.
Bildiyimiz kimi, məndən başqa da batalyonda xanımlar vardı. Həm
yaralıları daşıyırdılar, həm də döyüşürdülər. Onlardan biri
Diləfrüz xanım idi. Döyüşlərimizin birində güclü atışma oldu.
Yaralı əsgərimizin birinə yenidən güllə dəyməsin deyə, onu sinəsinə
basmışdı. Güllələr Diləfruza dəymişdi. Yaralımız şəhid olmadı. O
bunu dəfələrlə ölümü gözünün önünə alıb etmişdi. Özü isə döyüşlərdə
üç dəfə yaralanmışdı.
Sevil Abbasova adlı bir döyüşçümüz də vardı. Balaca boyu ilə
kişilərin ürək edib ata bilmədiyi qumbaraatanı əlinə alan kimi
hədəfi vururdu. Allah ona elə böyük ürək vermişdi ki! Elə
oğlanlarımız vardı, qəhraman idilər, amma bu gün onlar aramızda
yoxdur. Əsgərlərimiz xanım olduğumuz üçün bizimlə yaxşı
davranırdılar. Elə əsgərlərimiz də vardı ki, bizim döyüşməyimizi
istəmirdilər.
Bilirsiz, indiki həyatım, yaşamam döyüşdəkindən də çətindir.
Orda ən azından hamının niyyəti bəlli idi: düşməni məhv etmək. Amma
indiki həyatda kiminlə dost, kiminlə düşmən olacağını
bilmirsən.
Sözünə ara verir, göz yaşlarını
silir:
- Bir xatirə də danışım sizə? – soruşur.
- Danışın…
- 1992-ci il idi. Oturub dincəlirdik, hamımız ön mövqedən
gəlmişdik, yorğun idik. Ermənilər ratsiyada nəsə danışdılar.
Aramızda ermənicə bilən uşaqlar da vardı. Nə isə, məlum oldu ki,
Daxili Qoşun əsgərlərinin girdiyi döyüşdə çoxlu itkimiz olub. Bizi
oraya köməyə apardılar. Bura böyük bir sahə idi. O qədər həlak olan
vardı ki, bilmirdik kimə yardım edək! Yaralı bir əsgər əlini
qaldırdı. Bütünlüklə qan içində idi. Bütün əsgərlər qırılmış, tək
bu sağ qalmışdı. Üstündəki qan döyüşçü dostlarının qanı idi. Onun
üzü də cızılmamışdı. Bu, bir möcüzə idi.
Bir dəfə də yanlışlıq oldu - öz qırıcılarımız bizi bombaladı.
Yalan olmasın, uşaqların yarıdan çoxu səngərdə qırıldı. Ermənilər
bizi açıq-aydın görürdülər, ona görə fürsətdən istifadə edib
üstümüzə tanklarla gəldilər. Əsgərlərimizə dedim ki, siz qırağa
çəkilin, gedin. Mən qadınam, bəlkə məni vurmayalar. Yox, əgər məni
əsir götürsələr, arxadan vurun. Nə isə, çıxdım səngərin üstünə.
Ermənilər mənə baxdılar, bildilər qadınam, papağım başımdan uçdu,
saçlarım töküldü, hiss etdim ki, papağımdan vurdular. Şoka düşdüm,
mənimlə məzələnməyə başladılar. Sağıma, soluma tankla atırdılar.
Bir mərmi çox yaxınıma düşdü, uçdum göyə, yarıyacan girmişdim
torpağa. Elə bilmişdilər ölmüşəm, əl çəkmişdilər. Əsgərlərimiz isə
imkan tapıb mühasirədən çıxmışdı. Həmən döyüşdə bu hərəkətimin
sayəsində şəhid vermədiyimizə çox sevindik. Üç gün morqda
meyitlərin arasında qalmışdım. Sonra döyüşə girməmə qadağa
qoydular. Həkimə dedim ki, bəyəm mən canlı meyitəm? Qadağalara
baxmadım, yenidən döyüşə qatıldım.
Əbülfəz Elçibəy bizim komisarlığa tapşırıq
vermişdi
- Sonralar necə davam etdin?
- 1992-ci ilin yayı idi. Şirin Mirzəyev şəhid olduqdan sonra
hamı pərən-pərən düşdü. Ondan əvvəl də, 1993-cü ilin yanvarında
qardaşım şəhid olmuşdu. Məni Bakıya çağırmışdılar. Şəxsən Əbülfəz
Elçibəyin bizim komisarlığa tapşırığı vardı ki, bu xanımın
qardaşının birini rus ordusunda həkimlər dərman adı altında karbit,
xlor içirib şikəst ediblər. Bir qardaşı isə Daxili Qoşunlarda
xidmət edib, şəhid olub, əgər bu xanım da döyüşdə şəhid olsa, onun
anasına kim baxacaq, odur ki, onu tərxis edin. Dayım da Sumqayıt
batalyonunda eyni vaxtda döyüşürdü. Qadağalara baxmadım, yenə də
döyüş bölgəsinə getdim.
Bir gün uşaqlarla "Kamaz"da mövqedən qayıdırdıq. Qarşıdan bir
maşın gəlib bizə çatdı, maşınımızın qabağını kəsdi. Baxdım ki,
dayımdır. Avtomatı üstümə tuşlayıb, dedi:
- Mən səni axtarıram, qadınsan, sənin nə işin var döyüşdə?
Mən də özümü itirmədim:
- Bəs sənin nə işin var burda?
Dedi, mən kişiyəm, döyüşürəm. Qayıtdım ki, güya mən qadınam? Mən
də kişiyəm, burda müharibə gedir, döyüşürəm. Dedim, sən bilmirsən,
məni təhqir edən "kişiyə" baxmaqdansa, gəlib burda döyüşüb şəhid
olmağı üstün tuturam. Hər kəs öz həyatını yaşayır, mən də öz
həyatımı yaşayıram.
Anladım ki, bu, erməni kəşfiyatçısıdı
Ayrıldıq və bir daha qarşılaşmadıq. Bir gün də gecə vaxtı
səngərdə oturmuşuq. Hamı bir-birinə xatirələrini danışır.
Ordan-burdan bir iki şey düzüb qoşduq, yedik, papağımda ehtiyat bir
siqaretim vardı, onu çıxartdım, uşaqlar gülüşdülər, sevindilər.
Bayram idi sanki. Bir gilə siqaretin keyfini çıxarıb çəkdik. Hava
da elə soyuq idi ki, donurduq. Nə isə, hamı bir-birinə söykənib
yatdı. Mən yata bilmədim, yuxum gəlmədi, axı balamı Bakıda
qoymuşdum, necə yatım?
Natıq adlı döyüşçümüz vardı. Gözləri dəniz rəngində idi. Ona
baxırdım, əsgərlərimizin isə biri başını çiynimə, biri belimə
söykəmişdi. Birdən şaqqıltı eşitdim, elə bil kölgə gördüm, əlimi
qaldırdım ki, görüm bu yuxudur, ya həqiqət? Mənim barmağım bunun
toqqasına keçdi, anladım ki, bu, erməni kəşfiyatçısıdı. Tez hamımız
ayağa qalxdıq, bunları tutduq. Uşaqlar istədilər bunların başını
kəsib, əsirlərin qisasını alsınlar. Mənə də bıçaq verdilər, necə
istəyirsən, kəs, dedilər. Dedim, yox, sabah-sabah bu murdarın
qanını üstümə töküm? Əslində isə komandir izn vermədi, dedi,
bunları əsirlərimizlə dəyişərik.
Sizə bir sirr açım…
- Döyüş zamanı sevgi romanları yaşanmırdı
heç?
- Bax belə, bu da yadda qalan bir xatirə. Bilirsiz ki, nə qədər
döyüş olsa da, qan tökülsə də biz insanıq. İçimizdə sevgi də var,
eşq də. Mənə çoxlu evlilik təklifləri gəlib, bunlara həmişə cavabım
belə olub ki, bizim evliliyimiz tutmaz. İki döyüşçünün, kontuziya
alan insanın bir arada yaşaması qeyri-mümkündür. Biz sabah
evləndikdən sonra dostluğumuz bitəcək. Ən yaxşısı, bu dostluğu
qoruyub saxlayaq, deyirəm. Amma bir sirr açım: mənim cəbhədə
sevdiyim insan olub. Onun həmişə boyuna-buxununa vurğun olmuşam,
arxadan ona gizli-gizli baxmışam.
Bir evlilik təklifi də hospitalın həkimindən gəlmişdi. O məni
yaralıları daşıyanda görüb sevmişdi. Evililik təklif etdi, amma ona
da bunun imkansız oldugunu dedim, baxmayaraq ki, ali təhsilli,
qabiliyyətli biri idi. Dedim ki, mən evlənib yenidən o dəhşətləri
yaşamaq istəmirəm. Bu, bəlkə də mənim kişilərə inamsızlığımdan,
onların biz qadınlara əşya kimi baxmasından irəli gəlirdi. Deyim
ki, bu adam mənim ən çox xoşlandığım biri idi: həssaslığına, qadına
qarşı xüsusi mədəniliyi ilə seçildiyinə görə. Bir gün əsgərlərin
sarğılarını sarıyıb, onlarla maraqlanırdım. Baxdım ki, bir nəfər
arxadan mənə yaxınlaşıb, saçlarıma gül taxır. Döndüm. Dedim, sən
niyə saçlarıma gül taxırsan? O da dedi ki, gülə gül yaraşır, amma
bu gül sənin kölgəndə qalar.
Xanımlara məzarlıqdan gül gətirmişdilər
Onda uşaqlar biz xanımlara gül əvəzi məzarlıqdan çələng
gətirmişdi, çox gülmüşdük... Əsgərlərə əriştə bişirdiyimi də
xatırlayıram. Həyatımın ən çətin, ən maraqlı günləri idi.
Nəhayət…
Atəşkəsdən sonra, 1996–ci ildə ordudan tərxis olundum. İndi 135
manat Prezident təqaüdü, 380 manat da Qarabağ əlili olduğuma görə
təqaüd alıram. Bu gün əmr verilsə, yenidən döyüşməyə hazıram.