Yuxarı

İstefa verən İbadulla Ağayev nələr danışdı?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə ölkənin baş epidemioloqu İbadulla Ağayevin haqqında media və sosial şəbəkələrdə tənqidi fikirlər səslənmişdi. Bu gün isə o, vəzifəsindən istefa verdiyini bəyan etdi.

Tibb elmləri doktoru, professor İbadulla Ağayev Teleqraf.com-un suallarını cavablandıraraq, baş verənlərə aydınlıq gətirib.

Axar.az sözügedən müsahibəni təqdim edir:

- Doktor, ötən həftə səs yazınızın yayılması səs-küyə səbəb oldu. Hazırda hardasınız?

- Mənə zəng olunan günü cəmi 8 saat müddətində rayonda olmuşam. İndi isə Bakıdayam. Həmin günü rayondan şəhərə qayıtmışam. Mən buradan meyit aparmışdım. Bununla əlaqədar rayona getmişdim. Dəfn bitdi, şəhərə döndüm. İndi mən nə edə bilərəm ki! Ölümün qarşısını Allahdan başqa heç kim ala bilmir. Küçəyə çıxırsan, gözləmədiyin halda bir hadisə olur, insan yerində qalır.

- Bəziləri belə fikir səsləndirdi ki, sizin kimi peşəkar niyə koronavirusla bağlı prosesdən kənara çəkildi? Bu, peşə etikasına uyğun gəlirmi?

- Mən TƏBİB-in işçisi deyiləm. 1992-ci ildən ictimai əsaslarla Səhiyyə Nazirliyinin baş epidemioloqu olmuşam. TƏBİB başqa qurumdur, Səhiyyə Nazirliyi başqa.

TƏBİB də dövlət qurumudur, epidemiya ilə mübarizə aparır. Oradakı mütəxəssislər əhalinin sağlamlığı üçün əlindən gələni edirlər. Tarix boyu Səhiyyə Nazirliyinin də vəzifəsi əhalinin sağlamlığının keşiyində dayanmaq olub və bu gün də bu işi davam etdirir.

Məni heç kim küsdürməyib, sadəcə, tamam başqa idarədə işlədiyim üçün onların toplantısına qatılmıram. Eyni zamanda Operativ Qərargahın üzvü deyiləm.

- Sizi müdafiə edib, bəlkə məzuniyyətə çıxdığınızı ehtimal edənlər də oldu. Lakin iradlar bildirildi ki, baş epidemiloqun pandemiya dövründə məzuniyyətdə nə işi var?

- Mənim rayonda olmağa ixtiyarım yoxdur. Mən Azərbaycan Tibb Universitetinin (ATU) işçisiyəm, kafedra müdiriyəm. Mən iyulun 11-dək şəhəri tərk edə bilmərəm, çünki rəsmi surətdə məzuniyyətə çıxmamışam. Yalnız 11 iyulda məzuniyyətə çıxaraq rayona getməyə ixtiyarım ola bilər. Lakin bu da alınamyacaq, çünki şəhər qeydiyyatındayam. Yalnız evimdə oturmalıyam.

Bir daha təkrar edirəm. Həmin gün dəfndə iştirak edib, Bakıya qayıtmışam. Çox yaxın adamın dünyasını dəyişmişdi. Mən insanlara izahat verməyəcəm ki, kimim ölüb. İndi yas mərasimi yoxdur ki, orada oturasan. Qayıdıb evimə gəlmişəm.

- Bəs sizə təklif edən olunubmu koronavirusla mübarizə prosesinə qoşulasınız? Məsələn, baş infeksionist Cəlal İsayev kimi...

- Mən müalicə həkimi deyiləm. Epidemologiya kafedrasının müdiriyəm, nəzəriyyədən dərs deyirəm. Mənim xəstə müalicə etməyə ixtiyarım yoxdur. Xəstənin müalicəsi ilə Səhiyyə Nazirliyi, TƏBİB məşğul olur.

Cəlal İsayev çox görkəmli mütəxəssislərimizdən biridir. O, müalicə həkimi olduğu üçün prosesdə iştirak edir. O, əvvəldən bu prosesdədir. Müalicə həkimi olsaydım, məmnuniyyətlə xəstələri müalicə edərdim.

- İbadulla müəllim, artıq 4 aydan artıqdır ki, bu virusla mübarizə aparırıq. Peşəkar mütəxəsis kimi çıxış yolunu nədə görürsünüz?

- Bu artımın yeganə günahkarı əhalinin özüdür. Müəyyən şayiə yayan, inanmayan insanlar normativlərə riayət etmirlər. Dəfələrlə demişəm, görürsünüz, maska çənənin altındadır. Hazırda nə qədər həkimimiz, tibb işçimiz bu virusa yoluxub, xəstəxanada müalicə alır. Epidemioloqam, əks-epidemik tədbirlərlə məşğul olan və 50 ilə yaxındır bunu tədris edən adamam. Pandemiyanı da, epidemiyanı da bizim kafedramız tədris edir.

Epidemioloq olduğum üçün digər titulları kənara qoyuram. Baş epidemioloq olum, ya olmayım, əhalidən xahiş edirəm, bu müddət ərzində özlərini qorusunlar və qaydalara tam riayət etsinlər. Maskalardan istifadə olunsun, sosial məsafəni saxlasınlar, kütləvi yerlərə getməsinlər. Kütləvi tədbirlər onsuz da yoxdur, amma gizli şəkildə təşkil olunan məclislər var ki, getməsinlər.

Bu müddət ərzində bir evdə yaşadıqları insanlardan başqa çox adamla əlaqə saxlamasınlar. Əgər xəstəlik əlaməti hiss edərlərsə, mütləq poliklinikaya müraciət etsinlər, təcili yardım çağırsınlar. Əgər bunlara riayət etsələr, xəstəlik ölkəmizdən çıxıb gedəcək.

Mən bunu acizanə xahiş edirəm ki, sağlamlıqlarını qorusunlar. Elə insanlar var ki, xəstəliklərini gizlətmək istəyir. Elə bir vəziyyətə gəlib çıxırlar ki, xəstəlik xroniki vəziyyətə düşür, ondan sonra həkim arzulayır. Həkim Allah deyil ki, onu belə ağır vəziyyətdən çıxarsın.

Bir şeyi yadda saxlasınlar ki, yoluxucu xəstəliklərə laborator analiz diaqnozu qoymadan onu müəyyən etmək mümkün deyil. Buna görə təcili yardım, sahə həkiminə müraciət etsinlər, xəstəlik müəyyənləşdikdən sonra müalicələrə başlasınlar.

- Ölkədə yoluxma 600-ə yaxınlaşdığı zamanlar olub, rəqəmlər indi də dəyişir. Sizcə, harada səhvə yol verildi?

- Bu, təkcə səhiyyə sisteminin səhvi deyil, dediyim kimi, insanlarımızın da səhvidir. Hazırda evdə oturmuşam, eyvandan həyətə baxıram. Kim necə istəyir, evdən çıxır, gedir, qayıdır. Polis nə qədər cərimə etsin? Hüquq-mühafizə orqanları gecə-gündüz işləyir. Onlar da həkimlər qədər virusla mübarizə aparırlar, yuxu yatmırlar. Burada səhiyyənin heç bir səhvi yoxdur. Səhiyyə bütün tədbirləri qaydasında görür, hər şeyi əhalinin sağlamlığı üçün edir. Amma əhali qulaq asmır.

Siz özünüz küçəyə çıxın, 100 nəfərdən 80-də maska yoxdur, polis gördükdə cibindən çıxarıb, "Yadımdan çıxır, nəfəs ala bilmirəm" deyir. 25-30 yaşında insansan, niyə nəfəs ala bilmirsən? Belə çıxır ki, əhalinin hamısı bronxial astmadır.

Hazırda Azərbaycan səhiyyəsi tibbi-texniki ləvazimatla təmin olunub. Vətəndaş məsuliyyəti yoxdur.

- Niyə istefa verdiniz? Ünvanınıza deyilən tənqidlərin bu məsələyə təsiri oldumu?

- Ərizə yazıb bu vəzifədən getdim. Mənə heç kim təkid etmədi. Sadəcə özüm ərizə yazdım. Haqqımda fikirlər səslənir ki, Azərbaycanın 80 faizini saxlaya bilərəm. Mən əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Tibb Universitetində kafedra müdiriyəm. Tam sağlam adamam. Dövlət tərəfindən heç bir yaşlını işdən çıxarmırlar. Sadəcə özüm çıxdım, bu, mənim öz qərarımdır.

Məni tanıyanlar bilir ki, mən kiməm. Tanımayanların yazdıqları fikirlər mənim üçün əhəmiyyətsizdir. Əxlaqı yerində olmayan insanlardır ki, ağzına gələni yazır. Mən korrupsiyaya bulaşmamışam. İctimai əsaslarla işləmişəm, baş epidemioloq olduğuma görə əlavə məvacib almamışam.

Bu o demək deyil ki, əmək haqqı almırıqısa, xalqımıza xidmət etməyək, elə şey olar? Mən epidemioloqam. Əmək haqqı verilir, verilsin, verilməsə də xalqıma xidmət edərəm. İndi də xalqımın yolunda nəyə desələr, hazıram. Təki bu pandemiyaya qalib gələk.

Tarix
2020.07.08 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla