"Hazırlıq kursu" layihəsində: Yeniyetmələri necə
anlamalı?
Öz yeniyetməlik çağlarınızı xatırlayın: sanki bir enerji ümmanı,
qarşısıalınmaz bir müstəqillik duyğusu, böyük həyatının
astanasındakı gözləntilər və qeyri-müəyyənlik, özünü axtarış
ekspedisiyaları, peşə seçimi... Və sınaqlar, səhvlər üzərində
damla-damla toplanan təcrübə...
Təəccüblü deyil ki, valideynlər övladları üçün həyəcan, təşviş
keçirir, onları mümkün ola biləcək səhv hərəkətlərdən qorumağa
çalışırlar. Lakin təəssüf ki, bu zaman elə özləri, yeniyetmələrlə
onsuz da çətin olan münasibətləri daha da korlayaraq çox böyük
səhvlərə yol verirlər.
Onları anlamaq üçün səbrli olmaq, şəfqət göstərmək, həyati
dəyərləri anlatmaq və həmişə yardıma hazır olduğunuzu göstərmək
lazımdır.
Yeniyetmə sizdən nə gözləyir:
1. Qəzəb və əsəbdən uzaq bir münasibət, yalnız maksimum
səbr, anlayış, şəfqət və rəğbət.
2. Həmyaşıdları ilə münasibətlərin qurulmasına yardım
(onları evə dəvət etməsinə razı olmaq, kiçik məclislər düzəltmək,
müvafiq tədbirlərdə iştirak etmək).
3. Doğru münasibət. Əgər siz nədənsə ehtiyat
edirsinizsə, tanış olmadığınız şəxs və məkanlarla ünsiyyəti qadağan
etməkdənsə, bu barədə yeniyetmə ilə danışmaqdan
çəkinməyin! Öz səhvlərinizi və ideal olmadığını eiraf
etməkdən qorxmayın! Bu, uşaqla etibarlı münasibət qurmağa kömək
edəcək! Narahat olmayın, bu zaman onun gözündə nüfuzunuzu
itirməyəcəksiniz, əksinə, daha çox hörmət qazanacaqsınız!
4. Zaman. Övladınızı dinləmək üçün həmişə vaxt
tapmalısınız. Əks halda o, sadəcə, özünə qapanacaq, hiss və
həyacanlarını, onu narahat edən və ya sevindirən mətləbləri sizinlə
bölüşməyəcək.
5. Zəhlətökənlik. Yeniyetməyə verdiyiniz bütün
məsləhətləriniz mütləq qəbul olunmaya bilər. İmkan verin o, özü
seçim etsin və qərar versin!
6.Təriflər. Çox vaxt valideynlər tərbiyənin bu
üsulunu "şirin qoğal" kimi yaddan çıxarır, lakin "qamçı"nı heç
unutmurlar. Yeniyetməni tərifləməkdən qorxmayın, əksinə, onun məhz
indi, heç vaxt olmayan kimi, sizin onunla qürur duyduğunuzu hiss
etməyə ehtiyacı var.
7. Təzyiq göstərməyin! Yeniyetmənin gələcək peşəsi,
dərsləri, intim münasibətləri barədə kəskin birmənalı mülahizələr
söyləməkdən uzaq olun! Qəti şəkildə söylənilmiş "yox!" çətin ki,
yeniyetməni düşünülməmiş addım atmaqdan yayındıra. Əksinə, onu daha
da qızışdırar və sizin ehtiyat etdiyiniz bir hərəkətə təşviq
edər.
Əlbəttə, birmənalı şəkildə əxlaqa zidd davranışlar, yolverilməz
və bahalı əyləncələr qadağan oluna bilər və olunmalıdır da, lakin
məqbul hallarda uşağı çox sıxmaq olmaz! Yeniyetməni ehtiyatlı
olmağa dair çağırışlarla bezdirməkdənsə, özünü, hüquq və marqlarını
müdafiə etməyin yollarını başa salın!
8. Zor işlətməmək! Əgər fiziki və psixoloji zor
tətbiq etsəniz, yeniyetmə sizə yaxşı münasibət göstərməyəcək,
kobudluq və hörmətsizlik edəcək! Əgər uşaq sizə müraciət edərsə,
bir bəhanə tapıb yayınmaq olmaz! Həmin an onun bütün tələblərilə
razılaşmaq da düzgün deyil. Lakin siz həmişə onunla dialoqa hazır
olduğnuzu, hər bir çətinlikdə onun yanında olduğunuzu, onunla
birlikdə problemin həlli yollarını axtaracağınızı
göstərməlisiniz!
Yeniyetməni tərbiyə etmək və anlamaq asan deyil! Lakin bu işdə
ona olan sevginiz və hörmətiniz sizə yardımçı olacaq! Öz üzərinizdə
və uşaqla qarşılıqlı münasibətləriniz üzərində işləyin! Onunla
söhbət edin, maraqları ilə ilgilənin, hətta onlarda heç bir məna
görməsəniz belə! Övladınıza nə qədər yaxın olsanız, o, sizinlə bir
o qədər açıq olacaq və məsləhətləşəcək!
Tərcümə etdi: Təhminə C.B.