Milli Qəhrəman Əlövsət
Vəliyev "Böyük azərbaycanlılar" layihəsində
Milli Qəhrəmanımız Əlövsət Vəliyev haqda qardaşı Valeh
müəllim danışdı. Çətin olsa da, bayram əhvali-ruhiyyəsinə bürünən
səs-küylü şəhərin sevincindən uzaqlaşaraq onunla bərabər
1992-1993-cü illərin qanlı, qaranlıq, ürək ağrıdan, müharibə qoxulu
zamanına baş vururam. Hər dəfə Əlövsət Vəliyevin adını çəkəndə
müsahibim qeyri-ixtiyari köks ötürür, fikrini izah etməkdə çətinlik
çəkir.
Ona yardım etmək üçün fikrində tutduğu sözü tapıb deməyə
tələsirəm. Qəflətdən ayılan insan kimi sözümü təəccüblə qarşılasa
da, özünü toplayaraq söhbətinə davam edir.
"Mənə heç nə olmaz..."
- Valeh bəy, bildiyim qədər qardaşınız erkən yaşda ailə
həyatı qurub.
- Bəli. Pedaqoji İnstitutun Ümumi fənlər və fizika fakültəsinin
dördüncü kursunda təhsil alarkən öz yaxın qohumumuz ilə ailə həyatı
qurdu.
- Yenicə ailə həyatı quran və ölüm saçan müharibə
ərazisinə yollanan gənci dayandırmaq istəyən oldumu?
- Bəli. Çox oldu. Hətta o döyüşə gedəndən bir neçə gün sonra
xəbər tutduq. Deyirdi ki, gedəcəm, vəssalam! Uzun müddət
hazırlaşırmış. Bizi sakitləşdirmək üçün bir sözü vardı, deyirdi:
"mən tank sürürəm, mənə heç nə olmaz".
- Tank sürmək böyük bacarıq və məsuliyyət tələb edir.
Haradan idi onda bu bacarıq?
- Qardaşım 1985-ci ildən 1987-ci ilə qədər
Dnepropetrovsk şəhərində qulluq edib. Hərbi qulluq müddətində tank
qvardiyasında tankçı kimi xidmət göstərərək peşəkar sürücü mexanik
vəzifəsinə qədər yüksəlib.
- Onun ilk dəfə orduya qatıldığı günü
xatırlayırsınızmı?
- Bəli, mənim o zaman 16 yaşım vardı. Yaxşı xatırlayıram ki,
Əlövsət 1992-ci il may ayının 8-i könüllü olaraq Milli Orduya
yazılmışdı. Digər vətənpərvər oğullar kimi döyüşə getməyi özünə
borc bildi. O, ilk döyüşlərdən artıq peşəkar döyüşçü kimi tanınmağa
başladı.
Əliyar Əliyevlə çiyin-çiyinə...
- Bir sıra mənbələrdə Milli Qəhrəman Əliyar Əliyevlə
çiyin-çiyinə vuruşduğu deyilir.
- Əliyar Əliyev tabor komandiri idi və onun müavini Dağbəyli
Məhyəddinov idi. Əlövsət o zaman ərazi müdafiə batalyonunda xidmətə
başlamışdı. Əliyar olduqca nümunəvi komandir idi. Bu insan qorxunun
nə olduğunu bilməzdi. Hörmət və nüfuz sahibi olmaqla yanaşı,
qürurverici titula sahib idi: sərbəst güləş üzrə SSRİ idman ustası.
Hörmətli və məğlubedilməz döyüşçünün hər sözü əsgərlər üçün bir
şüar idi; onlar onun əmri ilə istənilən an ölümə atılmağa hazır
idilər.
"Tankçı Əlövsəti məhv edəcəyik..."
- Bildiyim qədər, qardaşınız da idmançı
olub...
- Doğrudur. Əlövsət institut illərində sırf öz marağı naminə
cüdo ilə məşğul olub, ancaq peşəkar yarışlarda iştirak etməyib.
- Qısa zaman ərzində Əlövsət Vəliyevi daha çox "tankçı
Əlövsət" kimi tanıyıblar. Azərbaycan ordusunda tankçıların az
olduğu bir vaxtda düşmənin nifrətini qazanan qardaşınıza
ermənilərdən çoxmu ismarış gəlib?
- Dəfələrlə. O, Milli Orduda peşəkar hərbçilərə həddən artıq
ehtiyac olduğu bir zamanda bizim batalyon üçün göydəndüşmə oldu.
Qısa zamanda bir tank tağımı yaratdı. Hər bir döyüşdə onun ekipajı
öz çevik döyüş bacarığı ilə düşmənə sarsıdıcı zərbə vururdu. Düşmən
itki verərək geri çəkilməyə məcbur olurdu. Demək olar ki, düşmənin
hər hücumu zamanı növbəti hərbi texnikası sıradan çıxırdı və
onlarla canlı qüvvəsi döyüş meydanında qalırdı. Əlacsız düşmən geri
çəkilməyə məcbur olurdu. Ermənilər deyirmiş ki, Əlövsət, sən bizim
əlimizə düşsən, səni məhv edəcəyik.
Bir ton buğda əhvalatı...
- Qardaşınız bildiyimə görə, təkcə tankçı deyil, həm də
ağır texnikanın mahir mexaniki olub.
- Onun bu bacarığı ordumuz üçün əsas üstünlüklərdən biri idi.
Təsəvvür edin ki, Laçın ərazisində Qabıqdaş deyilən bir yüksəklik
var. Yolları olduqca narahat, kələ-kötür olan bu yerə piyada çatmaq
üçün iki saat vaxt sərf edilir. Əlövsət isə bu yüksəkliyə tankla
qalxaraq, oradan ermənilərə atəş açardı. Yadımdadır. Bir dəfə hətta
Cəbrayıl uğrunda gedən döyüşlərdə o, erməni tankını bir mərmi ilə
lüləsindən vurub partlatmışdı. Bu hadisənin internetdə "Qubadlının
qəhrəman oğlu" videolenti də var.
O zaman hadisədən xəbərdar olan kolxoz sədri mükafat olaraq
həyətimizə bir ton buğda gətizdirdi. Anam çox hökmlü qadındır. O,
kolxoz sədrinə buğdanın geri qaytarılacağı, əks təqdirdə özünə qəsd
edəcəyini söylədi. Kolxoz sədri əlacsız qalıb, buğdanı geri
qaytardı.
- Valideynləriniz övladlarının şücaətini vətən
qarşısında müqəddəs borc, amal kimi qəbul ediblər.
- Tamamilə haqlısınız. Hətta o zaman ailəmizin bir qismi
Sumqayıtda yaşayırdı. Biz əlimizdə kənddən lazım olan əşyalarımızı
belə şəhərə gətirmirdik ki, camaatda birdən təlaş yaranar, onlar
kəndi tərk etmək niyyətinə düşərlər.
- Əlövsət Vəliyev haqda hazırlanan verilişlərin birini
izlədikdə Qızılqaya yüksəkliyinin dəfələrlə qaytarılmasında onun
əvəzsiz rolu olduğunun şahidi oluruq. Bu haqda danışardınız; nə
üçün erməni işğalçıları ilkin plan olaraq məhz Qızılqaya
yüksəkliyini ələ keçirməyi planlaşdırırdı?
Qızılqaya yüksəkliyi alındıqdan sonra...
- Bilirsinizmi, o zaman torpaqlarımız tam işğal edilməmişdi.
Qızılqaya yüksəkliyi Füzuli rayonu ilə Cəbrayıl rayonu arasında
həmsərhəd ərazidə yerləşirdi. Bu zirvə strateji baxımdan olduqca
əhəmiyyətli mövqe idi. Təsəvvür edin ki, bu yüksəkliyə ermənilər
dəfələrlə hücum edib almağa çalışırdı. Hər zaman da itki verərək
geri çəkilirdi. Əlövsət də öz ekipajı ilə dəfələrlə o yüksəklik
uğrunda gedən döyüşlərdə iştirak etmiş və düşməni geri çəkilməyə
məcbur etmişdi. Bir əsgərin dediyinə görə, ermənilər N nömrəli
tankı (Əlövsətin tankını) görən kimi, postu qoyub qaçmağa
başlayırdı.
Qızılqaya yüksəkliyi dəfələrlə ermənilərin əlinə keçsə də,
Əlövsətin iştirakı da olmaqla, milli ordumuzun əsgərlərinin şücaəti
nəticəsində geri qaytarılırdı.
- 1992-ci ildə Laçın rayonunun Susuzdağ əməliyyatında
Əlövsət Vəliyevin iştirakı olubmu?
- Bəli, olub. 1992-ci ildə Laçın istiqamətində Susuzdağ
əməliyyatı zamanı Əlövsət öz ekipajı ilə birlikdə döyüşlərdə
iştirak edərək düşmənin bir neçə texnikasını və onlarla canlı
qüvvəsini məhv edir. 26 sentyabr 1992-ci ildə Laçın rayonunun azad
olunması uğrunda gedən uğurlu əməliyyatda Əlövsət öz ekipajı ilə
30-a qədər düşmən əsgərini öldürmüş, düşmənin 1 tankını ələ
keçirmiş, 2 PDM-ni sıradan çıxarmış və bir neçə düşmən maşınını
sərrast atəşlə məhv etmişdi. Bütün göstərdiyi xidmətlərə görə, ona
leytenant hərbi rütbəsi verilir və qısa zamanda o, tank tağım
komandiri təyin edilir. 1992-ci ilin ən ağır məqamlarında
kəşfiyyatçılar mühasirəyə düşərək həlak olduqları dönəmdə Laçın
rayonunun Mazutlu-Suarası istiqamətində 12 nəfər igidimiz şəhid
oldu. Meyitləri mühasirədən çıxarmaq üçün Əlövsət və onun
ekipajının rolu danılmaz bir faktdır. Şəhidlərin meyitləri tankın
üzərində gətirildi. Bu olduqca ürək ağrıdan, dəhşətli mənzərə
idi!
- Döyüş yolu hansı əraziləri əhatə edib?
- O, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli rayonları
uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin 12 avqustunda
ermənilər Cəbrayıl rayonunun kəndlərinə hücum edən zaman Əlövsət öz
tankı ilə köməyə çatıb, hücumun qarşısını almışdı.
Sonuncu döyüş...
- Sizə çətin olduğunu başa düşürəm, amma mümkünsə, onun
sonuncu döyüşü haqda danışardınız...
- Sonuncu döyüşü 1993-cü il avqustun 30-da Qubadlı rayonunun
Balasoltanlı kəndində baş verir. O, 15-30 avqust döyüşlərində
misilsiz qəhrəmanlıq göstərir. Ayın 30-da qeyri-bərabər döyüşə
atılır, düşmənin bir tankını ələ keçirir, üçünü isə sıradan
çıxarır. Döyüşün ağır məqamında Əlövsət kənd əhalisinin əsir
düşəcəyindən ehtiyat edərək öz ekipajında olan əsgərlərə kənddə
olan uşaqlara və yaşlı insanlara kömək etmək əmri verir. Özü isə
qeyri-bərabər döyüşdə düşmənlə savaş meydanında təkbətək qalır. Bu
zaman tankın mərmisi bitir, əvvəlki döyüşdə tankın bakı deşilir
deyə, benzin də axıb qurtarır.
Əlövsətin yalnız bir çıxış yolu qalır; düşmənin üzərinə yerimək
və özünü qurban verərək şəhidlik zirvəsinə yüksəlmək. Son döyüşün
canlı şahidlərinin gözləri önündə baş verən hadisədə Əlövsət tankla
düşmən tankının üzərinə yeriyərək tarana gedir. Özünü də, qarşı
tərəfi də tələf edir. İki tank partlayışı nəticəsində yaranan alov
burulğanı bütün erməniləri vahiməyə salır. Həmin gün düşmən geri
çəkilsə də, güc toplayaraq yenidən təkrar hücuma keçir. Qubadlı
işğal edilir.
"Övladın olub, gözün aydın!"
- Qardaşınızın şərəfli döyüş yolunu bir qardaş kimi nəql
etdiniz. Bəs elə bir xatirə varmı ki, onu hər dəfə xatırlayanda
ürəyiniz qürur hissi ilə çırpınır?
- (Kövrəlir) Ömürlərini gənc yaşlarında fəda edən şəhidlərimiz
haqda danışmaq çətindir. Əgər bu şəhid doğma qardaşdırsa,
məsuliyyət və həyəcan hissi ikiqat artır. Onunla hər zaman qürur
duyuram. Tək mən yox, yaxından tanıyan hər kəs onun necə bir
yoldaş, dost, komandir, ürəyiyumşaq biri olduğunu deyə bilər.
Əlövsət olduqca mərd, cəsur insan idi. O ətrafında olan hər kəsi
düşünərdi, özündən başqa. Özünü düşünməzdi heç bir vaxt sonuncu
çörəyini, sonuncu qəpiyini dostla bölüşər, paylaşardı. Unutmadığım
bir xatirəni danışmaq istərdim sizə. O, döyüş bölgəsində olduğu
vaxt övladı dünyaya gəldi. Ailəsi bu zaman Sumqayıtda idi. Xanlıq
kəndindən zəng edib, hal-əhval tutduqda dedilər ki, Əlövsətin oğlu
dünyaya gəlib. Mən dərhal Əlövsətin yanına tələsdim. Altı kilometr
piyada yol qət etdim və onu görən kimi sevincimdən "oğlun olub,
gözün aydın, muştuluğumu ver!" – dedim.
- Sizi necə mükafatlandırdı?
- Məni pul ilə mükafatlandırdı və söz verdi ki, bir günlük icazə
alaraq şəhərə gəzməyə gətirəcək. Ümumiyyətlə təhsil, elm tərəfdarı
idi. Olduqca savadlı insan idi. Orta məktəbi və universiteti əla
qiymətlərlə bitirmişdi. Elmə, savada çox dəyər verirdi.
- Valeh bəy, şükürlər olsun ki, bu gün onun övladı
yolunu davam etdirir.
- Bəli, övladı özünə çox bənzəyir, həm görünüşü, həm xasiyyəti.
Hazırda 22 yaşı var, N saylı hərbi xidmətdə artıq 6 aydır ki,
qulluq edir. Gəncə şəhəri Aqrar Sənaye İnstitutunun məzunudur. O,
nümunəvi davranışı və tərbiyəsinə görə bütün nəslimizin
sevimlisidir. Atasının övladı olduğunu öz davranışı ilə
göstərir.
Valeh müəllimlə müsahibəmi bitirdikdən sonra artıq barıt
qoxulu döyüş meydanından xəyallarımı ayırıb bu günə kökləndim.
Həyəcanım sevinc hissi ilə əvəzləndi. Qəhrəmancasına həlak olan
şəhidlərimizin davamçıları var deyə, ürəyim fərəhdən
çırpınırdı.
Əliyarlar, Əlövsətlər, Albertlər və yüzlərlə şəhid olmuş
igidlərimizin davamçıları var və yaşayırlar...
Demək, təkcə vətən uğrunda canından keçən deyil,
torpağına, daşına əl uzadan canları məhv etməyə hazır olan
igidlərimiz də var, VƏTƏN!