Professor Ziqmund Freyd
güclü qadınlara qarşı
iradəsiz olub.
Bu qadınlardan biri Lou Andreas Salomey idi. Nitsşenin aşiq olub
evlənmə təklifi etdiyi böyük alman şairi Rilkenin gənclik illərində
"xəstə" bir məhəbbət yaşadığı və Freydin məşhur iclaslarında
iştirak icazəsi verdiyi yeganə qadın. Lou Salome özü analizdən
keçməsə də, Freydin icazəsi ilə Berlindəki ilk psixoanaliz
xəstəxanasını açmışdı. Freydin həyatına girən digər güclü qadın isə
Napoleonun nəslindən olan Danimarka və Yunanıstan şahzadəsi Mariya
Bonapart idi.
O, Freydin yanına analizə görə gələn, daha sonra isə Fransada
psixoanalizin inkişafında müstəsna rol oynayanlardan biri idi.
Hətta Freydi düşdüyü nasist problemindən xilas etmişdi. Məhz o,
professorun Londona qaçmağında mühüm rol oynamışdı.
Freydin həyatına girən və ömrünün sonunacan həyatında qalan
başqa güclü bir qadın isə Minna Bernays olub. O, Freydlə nişanlanan
Martanın bacısı idi. Minna bacısına nisbətən daha intellektual,
cəsarətli və ağıllı idi. O, Freyddən 9 yaş balaca idi. Minna İqnaz
Şoenberqlə nişanlı idi. Lakin Şoenberq 24 yaşında vərəmdən
dünyasını dəyişdi. Minan bu hadisəni unutmağa və yenidən həyata
qayıtmağa çalışsa da, həyatının sonuna qədər evlənmədi.
Böyük yahudi burjua ailəsi olan Bernayslar qızlarının yoxsul bir
həkimlə evlənməyinə razı ola bilmirdilər. Bu səbəbdən ailə hər
kəsdən gizli nişanlanan cütlüyü bir-birindən ayırmaq ümidilə
Hamburqa köçür. Bu hadisədən sonra bankir atanın müflis olmağı və
dünyasını dəyişməsi Barneyslər ailəsini çıxılmaz vəziyyətdə qoyur.
Bütün bunlara baxmayaraq, Martanın anası Freydin normal pul
qazanacağı günə qədər onlara evlənməyə icazə verməməkdə təkid
edir.
Aylar, illər ötüb keçdi. Martayla sevgilisinin evliliyi 4 il
gözləmək məcburiyyətində qaldı. Freyd bu vaxtda Parisə məşhur
psixiatr olan Çarkotun yanına gedir. Bundan sonra sevgilsii Marta
ilə məhəbbətini məktublar vasitəsilə davam etdirir. Marta yazdığı
məktublarda gecələr yatmadığını etiraf edirdi...
1881-ci ildə 20 yaşlı, irigözlü, solğun bənizli Marta ilə
Freydin qarşılaşması ilk baxışdan məhəbbət idi. Ziqmund Freydin
onda 26 yaşı var idi.
1876-cı ildə cinsi münasibətlərin insan psixologiyasına təsiri
haqqında başlatdığı müayinə və seminarların şöhrəti tezliklə bütün
Avropaya yayıldı. Çox keçmədi ki, Freydin ofisi çoxsaylı nevrotik
qadınlarla dolub-daşdı. Xoşbəxt cinsəl həyatı olmayan adamda yuxu
pozuntuları, baş ağrıları, qarın ağrısı, panika, nevroz olacağını
Freyd çox yaxşı bilirdi. Freyd öz bildiklərini insanlarla bölüşmək
istəsə də, fikirlərinin ictimaiyyət tərəfindən birmənalı
qarşılanmayacağını bilirdi. Maraqlısı budur ki, həyat yoldaşı Marta
ərinin həyatını həsr etdiyi bu sahə ilə heç vaxt maraqlanmadı. O,
Freydin fəaliyyətini çəkinmədən "pornoqrafik" adlandırırdı.
Xəstələrinin danışdığı hadisələrlə öz uşaqlığında baş verənləri
xatırlayan Freyd şəxsi yuxularının analizi ilə yeni mülahizələr
irəli sürür, özündən də xəbərsiz yeni ideyalar kəşf edirdi. Doğum
kontroluna qarşı olan Feydin 6 uşağı var idi. Bu səbəbdən Freyd özü
öz cinsi həyatına son qoymuşdu.
1895-ci ildə ən yaxın dostu olan Doktor Fliessə yazdığı məktubda
cinsi həyatına bilərəkdən son qoyduğunu və bundan sonra özünü ölü
kimi hiss etdiyini yazmışdı. Paradoksal səslənsə də, XİX əsr
Avropasına öz cinsi mülahizələri və ideyaları ilə damğasını vuran
doktor Freyd özü öz xoşu ilə cinsi həyatından imtina etmək
məcburiyyətində qalmışdı.
Minna Freydin həyatına məhz bu ərəfədə daxil olur. Martanın
bacısı Minna pulsuzluqdan Freydgilin evinə köçür və onlarla birgə
yaşamağa başlayır. Birlikdə kokain çəkib şərab içdikləri məlum olan
Freydlə Minna haqda çoxvariantlı yazılar var. Hələ ki, heç bir
araşdırmaçı Minnayla Freydin arasındakı səmimi münasibətin
intellektual yaxınlaşma, yoxsa cinsi münasibətlər zəminində meydana
gələn bağlılıq olduğunu müəyyən edə bilməyib. Minnayla Freydin
münasibətlərindən xəbərdar olan yeganə dostu Yunqun bu barədə
verdiyi bəyanat da araşdırmaçıların şübhəsini dağıtmağa kifayət
etmədi. Bəzi mütəxəssislər Yunqun "Freydlə Minna arasında cinsi
münasibətlər və məhəbbət mövcud idi" açıqlamasını, onun Freydi
gözdən salamq cəhdi kimi dəyərləndirdi.
Freydin arvadı Marta səyahətləri sevmirdi. Bu səbəbdən professor
səyahət edərkən arvadının bacısı – Minnanı yanında aparırdı.
13 avqust 1898-ci ildə İsveçrədə ən gözəl istirahət
məkanlarından birinə yollanan Freydlə Minnanın otelə daxil olarkən
apardıqları qeydiyyat illər sonra otel arxivindən çıxarılıb
ictimaiyyətə təqdim olundu. Qeydiyyat zamanı Freyd öz ad və
soyadının yanına Minnanın adını "həyat yoldaşım" olaraq qeyd
etmişdi.
Freydlə Minnanın arasında mövcud olan münasibətlərə çox kitab
həsr olunub. Bunlardan biri də "Freydin fahişəsi" kitabıdır.
Sözügedən kitabın müəllifləri Karen Mak və Cennifer Kaufmandır. Bu
müəlliflər çoxsaylı Freyd bioqrafiyalarından istifadə edərək
cütlüyün münasibətlərini roman halına salıblar. Minnanın ehtiras
dolu məhəbbətini, bacısına qarşı duyduğu vicdan əzabını, duyğusal
eniş-yoxuşlarını çox gözəl təsvir ediblər.