"Belə qəmli dayanma" mahnısının müəllifi
Bəlkə də onu çoxları tanımır. Amma elə bir adam tapılmaz ki,
onun sözlərinə yazılan mahnıları zümzümə edib, bu mahnıların
ovsununu yaşamasın. "Belə qəmli dayanma", "Gözləyirəm yolunu" və
dövrünün başqa dillər əzbəri olan mahnıları bu gün də sevilə-sevilə
dinlənilir.
Hələ illər öncənin çox populyar olan, hər kəsin ürəyinin
tellərini oynadan "Tələbəyəm, hələ mehəm, bu günümə, sabahıma
cavabdehəm" misraları ilə könülləri oxşayan mahnını necə, görəsən
eşitməyən, eşidib sevməyən və eşidibsə, sevibsə unudan varmı?
Bu mahnının misraları
gənclik illərimizin yaddaşına hakim kəsilməyibmi? Unutmuşuqmu bu
sözləri? İnanmıram!
Hələ gənclik illərində şair dostlarına, eləcə də, kifayət qədər
məşhur, tanınmış yazarlara bədahətən dediyi və dillər əzbəri olan
həcvlər necə? Yaddan çıxırmı, unudulurmu? Müşahidələrim və
apardığım kiçik sorğu birmənalı şəkildə "yox" deyir. Bəs özü niyə
unuduldu, yaddan çıxdı, yada düşmədi? Bu suallarla onu axtardıq.
Uzun axtarışlardan sonra telefon nömrəsini tapdım, sonra özünə
darıdıq - Gəncədəymiş. Vədələşdik. "Bakıya gələndə zəngləşərik,-
dedi. Ardınca: - Gəlməliyəm, həkimim dərmanlar yazıb, kurs müalicəm
davam etməlidi,- deyəndə isə gələcəyinə arxayın oldum.
Yerlə göyün arasında...
Beləliklə "İtkin düşmüş" şair Şamxal Rüstəmlə "Axar.az"ın
redaksiyasında görüşdük. Yaşı altımışı keçib, amma daha yaşlı
görünür. Utancaq görünüşü var. O qədər yavaş danışır, sanki
kimisəni narahat etmək istəmir. Salam-kalamdan sonra soruşur:
- Faiq, nə məsələdi? Səndən sonra Vasiflə danışdım, amma bir söz
demədi. Dedi, axtarırsa, görüş də...
- Şamxal bəy, çoxdandır görünmürsüz,
haralardasız?
- Yerlə göyün arasında...
- Yerlə göyün arasında bir yer tapa
bilmirsiz?
- Belə də, hər halda ürəkaçan yer deyil bu aralıq qalmaq
üçün...
- Nə işlə məşğulsuz?
- Heç bir işlə, həkimlərə dostluq edə-edə yaşamaqla
məşğulam.
- Demək işləmirsiz, bəs necə dolanırsız?
- Əvvəllər radioda işləmişəm, indi ta işləmirəm. Pensiya alıram.
İkinci qrup əliləm.
- Demək olar ki, dərc olunmursuz, heç olmasa
yazırsızmı?
- Hə, son vaxtlar çox az dərc olunuram. Heç yerə getmirəm axı.
Amma yazmağına, yazıram. Yazıb atıram, qalır. Amma özüm heç yerdə
çap olunmuram.
- Şamxal müəllim, siz kifayət qədər tanınan şair
olmusuz. Şerinizin birində dediyiniz kimi, sizi kimin qarğışı
tutdu? Bəlkə siz özünüz özünüzə qənim kəsilmisiniz? Dostlardan,
ədəbi mühitdən uzaq düşmüşünüz? Nəyə görə belə edirsiniz, bəlkə bir
incikliyiniz var?
- Xeyr, qarğış-zad da tutmayıb. Mən elə doğulandan beləyəm. Elə
deməzdim. Heç kimdən incikliyim də yoxdur. Yaşamağım elə dostlarım
və dərmanların hesabınadır, – stolun üstündəki dərman dolu selafon
torbanı göstərir.- Dərmanlar acıdır, amma həyata qaytarır,
ağrılarımı azaldır.
Heç vaxt könül qırmamışam
- Şeirləriniz əsasən gənclərin cib dəftərçələrində
olardı. Bu şeirlərlə könül alıb, könül qıranlar çox olub. Bəs siz
özününüz necə, çox qızların könlünü qırmısınız?
- Heç vaxt könül qırmamışam. Başımı əyib, özüm üçün yazmışam.
İndi də elə. Yazmaqla içimi boşaldıram. Heç vaxt çap olunmaq arzusu
ilə yaşamamışam. Dostlarım sağ olsun, şeirlərimi dildən-dilə
yayıblar...
- Bəlkə, elə dərc etdirmədiyinizə görə də bəziləri
şeirlərinizi öz adına çıxır? Yaxşı ki, Vasif Süleyman şeirlərinizi
toplayıb dərc etdirir, sizin müəlliflik hüququnuzu bərpa
edir.
- Yox, elə şey olmayıb. Olub e, səhvən, nə bilim, nə təhərsə
olub... 1982-ci ildə mənim şeirimə "Elə qəmli dayanma" mahnısı
yazıldı. Yəqin indi çoxdan unudulub. Bəlkə də yox. Bax, həmin
mahnının sözləri elan ediləndə başqa birinin adı çəkilmişdi.
Süleyman Rüstəm deyib ki, o şeiri gənclik illərimdə
yazmışam
- Kim idi o?
- Süleyman Rüstəmin adı ilə getmişdi. Bu rəssamın səhvindən
olub. O da yəqin məni tanımırmış, ona görə. Ş.Rüstəm yazılıb,
fikirləşib ki "Ş" olmaz, "S" olar. Süleyman Rüstəmə zəng vurub
təbrik ediblər ki, çox gözəl mahnıdır, onunsa cavabı maraqlı
olmuşdu. Demişdi ki, yadıma gəlmir, yəqin gənclik illərimdə
yazmışam. Onda gənc idim. Radioda işləyirdim. Sonra Gəncə-Qazax
zonası üzrə müxbir oldum. O vaxt zonalar ləğv olundu. Bütün
zonalar, müxbir ştatları ləğv olundu. Qaldıq işsiz. Mahnılarım isə
çoxdur. Manana "Gözləyərəm yolunu" oxuyur. Heç adımı da demirlər.
Floranın ifasında da mənim mahnılarım səslənir. İndi o mahnıların
hamısı fonddadır.
- Hər dəfə oxunanda qonorar alırsınız?
- Xeyr, bir dəfə o vaxt verdilər. Amma əvvəllər çox alardım. Hər
radioda, televiziyada, konsertlərdə, zəhmətkeş qarşısında,
kolxoz-sovxozda oxunanda qonorar yazılardı. Onda hər şeyin yiyəsi,
işini bilən vardı. Sonra çağırıb bir dəfəlik 5-10 şirvan verib
elədilər fondun mahnısı...
- Deyəsən gənclik illərinizdən elə adamayovuşmaz
olmusuz, kimlər idi sizin daha çox ünsiyyət qurduğunuz
dostlar?
- Adamayovuşmaz deyiləm ki... Adamın gərək öz babı ola. O
dövrlərdə Siyavuş Sərxanlı, Nüsrət Kəsəmənli, Musa Ələkbərli ilə
tez-tez görüşərdik.
- Rayonda vəziyyət necədir? Dolanışıq
mümükündür?
- Elə burdakı kimi. Bilirsən də mən indi Şəmkirdə - Dəllər
qəsəbəsində yaşayıram. Elə orda da doğulmuşam. Allaha şükür
övladlar, xeyli nəvələr. Yaşayırıq da,– siqaret yandırır. - Həkim
bu gün mənə deyir ki, yenə siqaret çəkirsən? Dedim hə... Dedi, axı
sənə siqaret çəkmək olmaz. Bir vaxtlar daha çox içib-çəkirdim.
Sonra dayandırdım. Artıq bunlardan uzağam. O vaxtlar buna
alışmışdıq (boğazına çırtma vurur. – İçkini nəzərdə tutur).
Fərman Kərimzadə dedi ki, Hikmət Ziya təmsili
bronlayıb
- Musa Ələkbərli ilə bağlı xatirələriniz çoxdur, deyəsən yaxın
dost olmusunuz...
- Bəli, daim birlikdə gəzirdik. O, çox yaxşı şair və dostdur.
Musa ədəbiyyatı qurtarıb, mən isə jurnalistikanı. Əvvəllər mən
təmsillər yazırdım. Amma Fərman Kərimzadə məsləhət gördü ki, şeir
yazam. "Təmsillə sən heç vaxt şair kimi imzanı tanıda bilməzsən,
Hikmət Ziya oranı bronlayb",– dedi. O, məni şeirə
istiqamətləndirdi.
Sovet hakimiyyəti dağıldı, amma kitabım
çıxmadı...
- Nə vaxt ilk kitabınız çıxdı?
- Kitablarımın hamısını özüm nəşr etdirmişəm. Publilistika,
Şəhidlər haqqında... Şeirlər. Sovet dövründə şeirlər kitabım nəşr
olunmalı idi "Gənclik" nəşriyyatında. İlyas Tapdıq kitabımın
çıxacağını desə də, o vaxtdan gözüm nəşriyyatlardadır, Sovet
hakimiyyəti dağıldı, amma kitabım çıxmadı...
- Gəldiniz Bakıya oxumağa. Təhsil aldınız, qazandığınız,
tapdığınız, itirdiyiniz nə oldu?
- Qazandığım, bir ev oldu. Amma çox şey itirdim. Sağlamlığımı
itirdim, dostlarımdan, ailəmdən uzaq düşdüm. Həmişə ailəm mənim
üçün narahat olurdu. İndi 25-30 yaşım olsaydı, daha çox şeylər əldə
edə bilərdim. Mən özüm də hiss edirəm ki, artıq yaş yetişib. Fikrim
rayona getməkdir. Qazandığım dostlarım oldu. Onlar da yoxa çıxır,
bəziləri dünyasını dəyişdi, bəziləri də yeni dünyaya alışdı. Qaldım
göylə yerin arasında. Səhhətimdə problemlər var, həkimlər dərman
yazır, mən də pensiyamı verib alıram... İtirdiklərimi saymaq
istəmirəm...
Məni Məmməd İsmayıl işdən çıxartdı
- İtkilərdən danışdınız. Dediniz sağlamlığınızı, iş
yerinizi itirdiniz. Getdiniz rayona işlədiniz. Sonra ixtisara
düşdünüz. Necə oldu?
- O vaxt hamını ixtisara saldılar. Məmməd İsmayılın dövrü idi.
Cəbhə dövrü idi də. Malik Fərrux tələbə dostumuz Yunis Hacıyevin
işdə qalması üçün Məmmədd İsmayılın yanına giribmiş. Məmməd qağa
demişdi ki, bir də belə bir xahişlə gəlsən, sən də ərizəni yaz çıx
işdən.
- Neçə şeiriniz olar?
- Saymamışam. Yazıram, qalır. Dərc olunan olunur, dərc olunmayan
qalır.
- Bəlkə ona görədir ki, sizin bəzi şeirlərinizi öz adına
çıxanlar olur.
- Olmaz elə şey, adam başqasının əməyini öz adına necə çıxa
bilər?
Dəmir Gədəbəyli hansı şeir xoşuna gəlirsə, mən yazardım,
deyir
- Məsələn mənə bir bəstəkar sizin "Bilsəydim məni kimin qarğışı
tutdu" şeirinizi Dəmir Gədəbəylinin adından deyib və iddia edirdi
ki, Dəmir müəllim bu şeiri onun yanında öz şeiri kimi təqdim
edib.
- Dəmir elə eləməz. Bilirsən, o vaxt Dəmirlə birlikdə
işləyirdik. Onda bir xasiyyət var, hansı şeirdən xoşu gəlirdisə,
onu mən yazardım deyirdi. Bir dəfə mənim şeirlərim üçün də elə
demişdi. O, şeirimi isə çox sevirdi, elə bil mənim taleyimi
yazmısan, deyirdi.
- Tələbəlik illərindən şair kimi tanınırdın. Elə bir "Tələbə"
şeiriniz sizin poeziyanın möhürbəndi oldu desək, yanılmarıq.
- O vaxtı "Tələbə" mahnımın məşhur olması belə oldu da... Belə
ki, tələbələr arasında müsabiqə keçirilirdi, qərara alınmışdı ki,
kimin şeiri yaxşı olsa, onun da şeirinə mahnı yazılacaq. Elə də
oldu. Ən yaxşı mənim şeirim sayıldı. Şeirimə mahnı bəstələndi.
Müsabiqəyə hardasa 25-ə yaxın şeir təqdim olunmuşdu. Tələbələr idi
hamısı. Sonra televiziyada həmin qalib şeir səslənəcəkdi. Mən çox
istərdim ki, öz ifamda təqdim olunsun o şeir. Amma Həsən Kərimov
var e, sonralar Səbaelin İcra Başçısı da işlədi, onun indi həyat
yoldaşı olan tələbə yoldaşımız oxudu.
- Niyə özünüz oxumadınız ki?
- Mən özümü televiziyaya çox adaptasiya edə bilmirdim. Çünki
fotogenik deyiləm deyirdilər. O vaxt görkəmə hədsiz üstünlük
verirdilər. Şair olmasından asılı olmayaraq,- deyir və utancaq
şəkildə əlini salavat çevirirmiş kimi sifətində gəzdirir,- dedilər,
qəşəng deyilsən, sifətin yaraşıqlı deyil...
- Dostlarınız sizi unutmur ki?
- Xeyr, tez-tez gəlirlər, daim xatırlayıb, yada salırlar. Açığı,
yaşamağımda köhnə və yeni dostların dəstəyi var. Mənəvi dəstəyi...
elə maddi dəstəyini əsirgəməyənlər də olur, amma mən razı
olmuram.
- Bəs sizin necə, unutduqlarınız varmı?
- Mən neynəmişəm özüm-özümə eləmişəm. Həmişə özüm-özümü
günahlandırıram. Tənbəllik ucbatından dayandırdım hər şeyi. Heç
buna tənbəllik də deməzdim e... nə bilim. Mənə bax, redaksiyaya
mane olmuruq ki, söhbətimizlə? Adam utanır e, müsahibə verməyə, nə
etmişik axı. Vallah, arada fikirləşirəm ki, mən necə oldu bu
dərdlərlə 60 yaşı adladım bəri tərəfə... Belə bir şeir
yazmışdım:
Deyirdim bu dərdlər öldürər məni,
Ürəyim dərdlərdən böyükmiş demə....
Öldürə bilmədi dərdlərim məni, – inan, yadıma
sala bilmirəm şeiri, amma hər gün bunu dilimin ucunda gəzdirirəm,
özüm-özümə hesabat-sorğu verirəm...
Heç vaxt xalq şairi olmaq istəməmişəm
- Şamxal bəy, xalq şairi olmaq istəmisiniz?
- Heç vaxt. Əvvəllər bəlkə də ola bilərdi ki, belə fikir
beynimdən keçsin, indi isə əsla. Məndə çap olunmaq sevinci kimi
hisslər yoxdur artıq. O vaxt olsaydı, bəlkə də, amma indi içimdə bu
cür arzu yoxdur. Xalq şairi olub da neynəyəcəm? Onda xalq axtarıb
məni tapacaq, şeirimi əzbərləyəcək? Sən Məmməd Araza, Sabir
Rüstəmxanlıya, Zəlimxan Yaquba baxma, onları xalq bu adsız da sevib
və sevəcək. Camaat xalq şairlərindən qaçır... Bilirsən, sevinc öz
vaxtında gələndə yaxşıdır. Hətta mənim "Məni tələsdirməyin" adında
şerim də var. Heç vaxt tələsməmişəm nəyəsə. O dövrdə olan yaxşı hər
şeyə indi baxanda görürəm ki, heç də yaxşı şey deyil.
- O vaxtlar mahnılara, dərc olunan şeirlərinizə görə
qonorar alırdınız. Sizcə, Yazarlar Birliyində vəziyyət necədir?
Əvvəlki səmimiyyət qalıbmı orda?
- Olan şey qala bilər. Amma o vaxt gənc yazarlara qayğı var idi.
İstəyirdilər ki, kimsə üzə çıxsın. Diqqət çox böyük idi. Ev
verirdilər, yaradıcılıq ezamiyyətinə göndərirdilər, çox şey
vardı... O vaxt birliyə Mirzə İbrahimov rəhbərlik edirdi.
Osman Sarıvəllidən o vaxtdan bəri cavab
gözləyirəm
- O vaxtlar AYB-nin üzvü oldunuz?
- Yox, əşi. Üç ildir ki, AYB üzvüyəm. Birlikdə 1720-ci adamam.
Mənim o birlikdən inanın ki, heç "kartoçkam" belə yoxdur. Onlar
özləri mənim ora üzv olmağımı istədilər. Mən heç vaxt üzərinə
düşmədim. O vaxtlar istəmişdim, mane olmuşdular, amma kimin adamı
vardısa, elə o zaman da zəmanət–zad yazdırıb üzv olurdu.
"Kartoçka"mı hazırlamaq üçün şəklimi isə Vaqif Yusifli məndən
məcbur aldı. Sonra biletimi gətirdi.
- Deyirsiz ki, gərək adamın olaydı? Bəs, yazıların bədii
səviyyəsi, buna fikir vermirdilər?
- Verirdilər. Adamın olaydı ki, təqdim edəydilər də, onlar da
bədi keyfiyyətə fikir verəydilər. Ya da gərək üzlü olaydın, soxula
biləydin. Mən acizəm də elə şeylərdə... AYB-yə üzv olmaq üçün
göndərmişdilər ki, Osman Sarıvəli yazıarıma baxsın. Gəldim və Osman
Sarıvəllidən o vaxtdan bəri cavab gözlədim. O, kitabımı "Gənclik"
nəşriyyatına göndərdi, Əzizə Əhmədovanın yanına. Onda o,
nəşriyyatın direktoru idi. İlyas qağa da baş redaktor. Nəşriyyat
məni çox yubatdı. Elə deyirdi ki, bu gün-sabah... Sonda artıq
yoruldum. Bir dəfə Sabir Rüstəmxanlı mənə dedi ki, sənin kitabın
çıxır. Bəs mənə niyə deməmisən? Sevinirdi o da, məni təbrik etdi.
Amma kitabım çıxmadı. Kitablar isə ard-arda çıxırdı...
Valideynlərimə paxıllıq edirdilər
Yarımçıq qalan arzularım o qədər maraqsızdır ki... o vaxtlar
kənddə valideynlərimə paxıllıq edirdilər ki, oğlu getdi Bakıya, ali
məktəbə qəbul oldu. Mən şeir yazmağa başlayanda hələ orta məktəbdə
oxuyurdum.
1970-1971-ci illərdə rəhmətlik Siyavuş Sərxanlı Tofiq Bayram,
Sabir Rüstəmxanlı ilə birlikdə olurduq. Siyavuşla Sabir bizə
tez-tez gəlirdi. İlk şeirm isə ikinci kursda oxuyanda dərc olundu.
"Ədəbiyyat və İncəsənət" qəzetində. Uşaqlar məni təbrik edir ki,
şeirim çıxıb. Mən təəccübləndim ki, nə tez çıxıb belə. Məmməd Araz
şeirimi bəyənibmiş, deyib ki, bu şeiri olduqca tez verin. Radiodan,
televiziyadan yaxşı qonarar alardım. Mən tələbə vaxtı indikindən
daha çox pul qazanırdım... Pulun böyük əksəriyyətini dostlarla
xərcləyirdik. Daha sonra evləndim, övladlar-filan...
- Övladlara yurd-yuva sala bildinizmi?
- Mən burda tək yaşayırdım. Sonra ata-anam rəhmətə getdi deyə
mən rayona getməli oldum. Bakıdakı beş otaqlı evimi isə övladlarıma
təhvil verdim. İndi qızlar köçüb gedib, evdə isə iki oğlum yaşayır.
Övladlarımdan biri türk vətəndaşı ilə ailə qurub.
- Birdən fırlandı hər şey gəlib 70-ci illərə düşdü.
Oxucu sevgisi qazandınız. Əvvəllər olduğu kimi. Əvvəllər sizə
paxıllıq edirdilər?
- Bilmirəm. Amma paxıllıq edənlər var idi, təbii ki... Bunu hər
növbəti şeirimdə hiss etmək olurdu. Amma paxıllıq edənlər əsla hiss
elətdirməzdi.
- Hazırda çağdaş ədəbiyyatını
bəyənirsinizmi?
- Mən artıq mütaliədən uzağam. Həvəsim qalmayıb. Arada gəncləri
oxuyuram.
- Bəs nəyə həvəsiniz var?
- Sadəcə, dostlarıma can sağlığı arzulayıram.