Yuxarı

Quran müqəddəsdirmi? 3 və 7 mərasimi olmaz? - Hacı Şahin

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyyatçı, “Mənəvi Dünya” İctimai Birliyinin təsisçisi, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənlinin Axar.az-a müsahibəsi:

- İlahiyyatçı Elşad Miri Quranın müqəddəs kitab olmadığını iddia edir. Səbəb kimi isə Tövrat və İncilin Quranda müqəddəs kitab kimi adının keçdiyini, Quranın isə bu mövzuda adının hallanmadığını əsas gətirir. Tövrat və İncil Quranda məhz müqəddəs kitab olaraq hansı surədə anılır?

- Müqəddəslik anlamı nədən ibarətdir? Müqəddəsliyin qaynağı elə Allahın özüdür, Allah müqəddəsdir! Digər tərəfdən isə Allaha bağlı olan hər şey müqəddəslik kəsb edir. Misal üçün Quranda torpaq haqqında “müqəddəs” sözü işlənilir. Həzrəti Musaya deyir ki, çarıqlarını çıxart, sən müqəddəs Tuva vadisinə daxil olmusan. Burada torpaqdan söhbət gedir və torpaq “müqəddəs” adlandırılır. Niyə o torpaq müqəddəsdir? Çünki həmin torpaqda Həzrəti Musaya vəhy nazil olur, buna görə də Quranda o torpaq haqqında “müqəddəs” sözü işlədilir.

Quran ona görə müqəddəsdir ki, Tanrı kəlamıdır, Allah sözüdür və Allahın özü müqəddəs olduğu üçün onun sözü də müqəddəsdir. Burada qəribə bir şey yoxdur, sadəcə, bəziləri sensasiya yaratmaq üçün, guya ənənəyə qarşı çıxıb nəsə yenilik yaratmaq iddiası ilə qəbul olunmuş mövzuları inkar etməklə gündəmə gəlmək istəyirlər. Ümumiyyətlə, “Quran müqəddəs deyil” demək hansı marağa xidmət edir?!

- Quranın özünün müqəddəs kitab olması barədə Qurani-Kərimdə hansısa işarələr var?

- Qurani-Kərimdə Quranın özü ilə bağlı müxtəlif sözlər işlənilir. Quranın Kərim və Şərif olması elə “müqəddəs” sözünün sinonimidir. Quranın özündə Quranın tərifləri var. Məhz “müqəddəs” sözü Quranda yoxdursa, bu o demək deyil ki, Quran müqəddəs deyil. Torpaq müqəddəs sayıla bilirsə, Peyğmbərə vəhy nazil olunan ərazi müqəddəslik əldə edə bilirsə, Allahın kitabı necə müqəddəs olmaya bilər? Bu, çox sadə bir məntiqdir və burada mübahisəli bir məsələ yoxdur.

- Necə düşünürsünüz, Quranın müqəddəsliyinin mübahisələndirilməsi hansı səbəbdən yarandı və bunu niyə bir ateist yox, ilahiyyatçı irəli sürdü?

- Müəyyən mənada bəzi sözlər elə ilahiyyatçıların dili ilə deyilir və mən bilmirəm ki, bu, kimlərin marağına xidmət edir. Sözün düzü, bu barədə əlimdə heç bir sübut yoxdur. Tədricən hər şeydən müqəddəsliyi götürməklə insanlarda həmin məfhuma qarşı bir “cürət” yaradırlar. Artıq müşahidə edirəm ki, zaman-zaman “Quran müqəddəs deyil”, “övliyalar müqəddəs deyil”, “şəhidlər müqəddəs deyil” deməklə, xalqın dəyərləri hədəfə alınır. Misal üçün Yaxın Şərqdə belə bir fikirlər irəli sürüldü ki, övliyalar və Allahın dostları və onların məzarları müqəddəs məkan sayıla bilməz. Halbuki Qurani-Kərimin özündə məhz Kəbənin yanında namaz qılarkən “İbrahim Peyğəmbərin ayağının izinin arxasında namaz qılın” deyə buyurulub. Daha sonra deyirik ki, pirlər hardan gəlib? Qurani-Kərimin özündə pir haqqında da danışılır. Çünkü Həzrəti İbrahimin ayaq izi məqamdır, necə ki biz deyirik: “Filankəsin ayağının izi dəyib deyə, bura müqəddəsdir”. Quranda da “Peyğəmbərin ayağının izi olan bir yerdə ibadət edin” deyə buyurulub. Lakin bütün bu ziyarətgahlardan müqəddəslik adını götürdülər və sonra gördünüz ki, hansı faciələr oldu. Radikal cərəyanlar orada müxtəlif partlayışlar törədirdi, həmin ziyarətgahlar dağıdılırdı. Bunun arxasında təhlükəli ideologiya dayanır. İnsanın Kitaba və Allahın dostlarına dəyər verməsi cəmiyyətdə sevginin, sayğının yayılmasına gətirib çıxarır. İlk növbədə dindən bu sevgi anlayışını qoparırlar, daha sonra sərt ehkamçı bir din yaradırlar və nəticədə radikallıq meydana gəlir. Bir xalq Allahın Kitabına müqəddəs deyirsə, deməli, o elmə dəyər verir və bu müqəddəsliyin Quranın mahiyyəti ilə heç bir ziddiyəti yoxdur. Allah müqəddəsdirsə, Allahın kəlamının nazil olduğu yer müqəddəsdirsə, o Kitab təbii ki, müqəddəsdir. Önəmli deyil “Quran” sözünün qarşısında “müqəddəs” sözü işlənmiş olsun!

- Elşad Miri eyni zamanda “hacı” adı ilə bağlı Quranda heç bir ayə olmadığını iddia edib. Amma bildiyimiz qədərilə, “hacı” ifadəsi Quranda açıq şəkildə keçir. Bu, hansı ayədədir və bunun mənası nədir?

- Bəli, Qurani-Kərimdə “hacı” kəlməsi işlənilir, Kəbə evini ziyarət edən insanlar Quranda “hacı” adlanır. Bunun müsbət tərəfi ondan ibarətdir ki, insanın adının qarşısında “hacı” sözü işlənilirsə, bu, həmin şəxsdə məsuliyyət yaratmalıdır. Əlbəttə, mən razıyam, “hacı” olmaq bir imtiyaz deyil, məsuliyyətdir. Bəzi insanlar var ki, “hacı” olmaq, məclislərin yuxarı başında oturmaq üçün Həccə gedir. “Hacı” olmaq bir titul deyil! Ancaq getdiyin evin, məkanın məsuliyyətini insana xatırlatmaq üçün adama “hacı” deyərək müraciət olunsa, heç bir qəbahət yoxdur, əksinə, müsbət hal kimi dəyərləndirirəm. Çünki Qurani-Kərimdə də var ki, bir-birinizi gözəl adlarla çağırın. Lakin bəziləri bunu bir hədəfə çevirir, hətta sənəd tələb edirlər ki, mənə “hacılığımı” təsdiq edən sənəd verin! Təbii ki, bunlar dinlə əlaqəsi olmayan məsələlərdir.

- Quranda hərflərin işlənmə sayına qədər dəqiq mizan olduğu haqda elm adamlarının hesablamaları var. Bu haqda bilgilərinizi bölüşməyinizi istərdik.

- Qurani-Kərim Peyğəmbərin möcüzəsi sayılır. Quranın özünün quruluşu, üslubu, tərtibatı öz-özlüyündə zamanı çox qabaqlayıb. Təhsil görməmiş bir şəxsin belə bir kitab yazması mümkün deyil və bu, Quranda da qeyd olunur. Quran ürəyə yatan tərzdə yazılıb, eyni zamanda sağlam, möhkəm bir məntiqə əsaslanır, elmi həqiqətlərlə zəngindir. Bu gün Quranda elmlə zidd olan hər hansı bir ayə yoxdur. Bəli, elmin izah edə bilmədiyi hansısa mövzular var, ola bilsin ki, zaman keçdikcə elmi izahlar verilsin, amma elmə və ağıla zidd Quranda heç bir ayə tapmaq olmaz. O cümlədən hərflərin düzülüşü və sayı özünəməxsusdur. Məsələn, Bəqərə surəsi “əlif lam mim” ilə başlayır və hesablayanda görürsən ki, Bəqərə surəsində ən çox “əlif”, sonra “lam”, daha sonra isə “mim” hərfi işlənib. Bütün bunlar sübut edir ki, Qurani-Kərim İlahi bir möcüzədir, dəyərdir. Xüsusən də ərəb dili ilə insan tanış olduqda Qurani-Kərimin nə qədər ecazkar bir kitab olduğunu daha dərindən başa düşürsən. Bir ilahiyatçı kimi bununla tanış olduqca mən də heyrətlənirəm ki, bu kitabda hər şey nə qədər böyük mizan əsasında qurulub.

- Quranda 114 surə olduğu məlumdur. Ancaq bəzən 6666, bəzən 6662 ayə olduğu bildirilir ki, bu da cümlənin bölünməsinə görə fərqləndirilir. Dəqiq neçə ayə olduğunu əminliklə söyləmək olar?

- Qurani-Kərimdə 114 olması mübahisə mövzusu deyil və hamı bunu qəbul edir. Sadəcə olaraq ayələrin bölgüsündə təfsirlər arasında müəyyən fikir ayrılıqları, müzakirələr, elmi mübahisələr olur. Burada qəbahətli bir iş də görmürəm. Konkret bir rəqəm söyləmək istəmirəm, çünki fərqli baxışlar var və Quran mütəxəssisləri də fərqli rəylər bildirirlər. Əsas məsələ odur ki, Quran təhrif olunmayıb və Quranda olan ayələrin hər biri Allah kəlamıdır, buna heç bir şübhə ola bilməz!

- Son vaxtlar ən çox müzakirə edilən məsələlərdən biri də hansısa ənənənin Quranda olmaması və deməli, batil olması ilə bağlıdır. Xüsusilə məhərrəmlik mərasimləri, yas mərasimləri və s. Yas mərasimində Quran oxunmasının dinə heç bir aidiyyəti olmadığı deyilir. Sizcə, bu ənənənin yaranma səbəbi nədir və qorunmalıdırmı?

- Çox vacib bir məqama toxundunuz. Ümumiyyətlə, tez-tez sual verirlər ki, filan şey Quranda varmı? Hər bir mövzu təfərrüatı ilə Quranda əks olunsaydı, onun həcmi nə boyda olardı? Neçə cild kitab nazil olunmalıydı? Qurani-Kərim müsəlmanların ana kitabıdır və əsas istiqamətlər, təməl mövzular Quranda öz əksini tapıb. Lakin hər bir qayda, təfərrüat Quranda öz əksini tapmalı deyil ki! Peyğəmbərimizin kəlamları, hədislər bunları şərh edir. Misal üçün Qurani-Kərim “namaz qılın” deyirsə, namazın qılınma qaydası Qurani-Kərimdə tam olaraq göstərilməyib, biz artıq onu Peyğəmbərimizin hədislərində tapırıq. Həccin, orucun və digər məsələlərin qaydaları da Quranda yoxdur. Bundan dolayı “filan şey Quranda yoxdur” deyib, nəyisə inkar etmək yanlış fikirdir. Məsələ ondan ibarətdir ki, hər hansı bir hədis və ya qayda Qurana zidd olmamalıdır, Qurana zidd olsa, onu inkar etməliyik. Hədis və qayda Qurana uyğundursa və Quranla ziddiyyəti yoxdursa, müəyyən metodikalara əsaslanırsa, biz bu hədisləri qəbul edirik. Bunun da xüsusi elmi, mütəxəssiləri var. Quranda yoxdur deyə, nəyisə inkar etməyimiz metod olaraq yanlışdır. Çünki Quranda deyilir ki, Peyğəmbərə itaət edin, deməli, Peyğəmbər kəlamları önəmlidir. Qurani-Kərimdə “dünyadan köçmüş insana göz yaşı tökməyin” deyə bir ayə yoxdur. Müqəddəs kitabda qeyd olunur ki, Həzrəti Yaqub öz oğlu Həzrəti Yusifdən ayrı düşür və o qədər ağlayır ki, gözləri tutulur. Deməli, Quran Peyğəmbərin bu ağlamağını yanlış əməl kimi təqdim etmir. Yaxınının, doğmasının ölməyinə kiminsə qəlbi kövrəlirsə, bu, günah deyil, əsas odur ki, həmin göz yaşında Allaha heç bir etiraz olmasın. Önəmlisi qəlbimizin Allahdan razı olmasıdır. Bu qədər hadisələr olur - uşaqlara qarşı zorakılıq, şəhid olan əsgərlər, ağır itkilər və s. Bütün bunlara necə kövrəlməyəsən? Bu tamamilə məntiqsiz bir yanaşmadır.

Əzadarlıq adı ilə biri özünü döyür, digəri başını yarır və qan çıxarırsa, bəli, biz bunun qarşısını almalıyıq. Kədərlənmək və göz yaşı axıtmaq ifarata doğru getmirsə, burda qəbahətli heç nə yoxdur. Hətta bizim mərsiyə ədəbiyyatımız da var və dahilərimiz mərsiyələr yazıb. Bütün klassiklərimiz bu mövzuya müraciət edib. Bu eşqin, sevginin təbliğidir və bizim xalqın yüksək dəyərinin göstəricisidir. Peyğəmbərimizin hədisi var ki, mənim övladıma mərhəmətlə göz yaşı axıdanlara Allahın rəhməti olsun.

- 3, 7 və 40 mərasimlərini də Qurandan və şəriətdən kənar sayırlar. Bu ənənələr necə yaranıb və dini əsası varmı?

- Ümumiyyətlə, dünyadan köçmüş insanla bağlı dinimizin vacib hökmləri var. Vacib hökmlər nədən ibarətdir? Dünyadan köçmüş insana meyit qüsulu verilir, kəfənə bükülür, cənazə namazı qılınır və o dəfn edilir. Bu çox vacib hökmlərdir. Deyirlər ki, mərhumun ölümündən sonra 3 gün onun ailəsini ziyarət edin ki, onlar təsəlli tapsın. 7 də şərti rəqəm olaraq insanlar tərəfindən qəbul edilib ki, həmin ailə tək qalmasın. Həmin ailənin dərdi unudulana qədər – məsələn, 40 gün – insanlar hüzr yerinə gedib-gələ bilər, amma ailəyə yük olmamaq şərti ilə. Bəzən ağır adət-ənənələrlə həmin ailəni yükləyirik, o ailə təmtəraqlı süfrə açmağa məcbur olur. Bu, düzgün deyil. Ümumi götürdükdə 40 rəqəmi ilə bağlı dinimizdə göstərişlər var, Quranda da buna işarələr edilib. Məsələn, 40 gün filan əməli etsəniz, filan nəticə əldə olunar; bir işi 40 gün davamlı etdikdə, insanın ruhuna hopur və müsbət təsir göstərir və s. Yəni 40 mərasimi dində yoxdur, ancaq bir insan digərinin evinə gedib ona təsəlli verirsə, yanında olursa, biz bununla mübarizə aparmamalıyıq, mübarizəni onunla aparmalıyıq ki, israfçılıq olmasın. Heç kim deyə bilməz ki, dinimiz və Quran yas mərasimlərini qadağan edir, Quranda bunu qadağan edən bir ayə tapmaq mümkün deyil.

- Dində, ənənələrdə islahatlar vaxtaşırı olaraq gündəmə gətirilir. Sizcə, belə islahatlara nə qədər ehtiyac var və ümumiyyətlə, hansı ənənələrimizdə dəyişikliklərin tərəfdarısınız? Bu “ənənə” deyəndə, təkcə yas və ya məhərrəmlik mərasimləri deyil, toy mərasimlərini də nəzərdə tuturuq.

- Dinin özünün islahata ehtiyacı yoxdur. Dini təfəkkürün və dinə yanaşmanın islahata ehtiyacı var. Biz bir çox yanaşmalarımızı təftiş etməliyik, bəzən inancımıza xurafat qarışır. Din adıyla bəzən elə əməllər edirik ki, dinlə heç bir əlaqəsi yoxdur. Mütləq və mütləq düşünürəm ki, dini düşüncələrimizə islahat lazımdır. Dinimizin əsas mənbəyi Qurandır və həmin mənbənin islahata ehtiyacı yoxdur, çünki Tanrı kəlamıdır. Sadəcə bəzi mövzuların tətbiqində problem var. Bu, Quranın və dinin problemi deyil, bu, din adından danışan insanların, dini təbliğ edənlərin problemidir. Bizim ilahiyyatçılarımız, din xadimlərimiz müasir dövrün tələblərinə uyğun dini çatdırmağı bacarmalıdırlar. Dini təməli təbii ki, Allah tərəfindən qorunur, amma bəzən biz dini tətbiq edərkən xətalara yol veririk. Düşünürəm ki, müsəlmanların dini təfəkküründə ciddi islahatlara ehtiyac var və bu istiqamətdə ciddi addımlar atılmalıdır.

Tarix
2021.11.10 / 20:58
Müəllif
Nazlı Onur
Oxunub
30 252
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla