Darvazanın səsinə gözlərini çevirdi. Mənim ərkyana
həyətə girdiyimi görüb, əlini ehmalca üst-başında gəzdirdi.
Topuqlarına qədər uzanan ətəyini sığalladı, yaxasına baxdı, arxayın
olduqdan sonra ki libasında üz qızardacaq bir şey yoxdur, əks
tərəfə – evin qapısına tərəf baxdı:
- Ay gəlin, gəl gör kimdir bu adam?!
Ayaqlarını uzadıb, kürəyini divara söykəyib döşəkcənin üstündə
oturmuşdu. Qarşısındakı süfrədə gilas və çay vardı. Yaşı çox olardı
– əsrin həndəvərində.
Sandığında nə varsa, tökəcək ortalığa
Qadının səsinə evin qapısı açıldı. Qonşumun qonaq gəlmiş azyaşlı
qız nəvəsi bayıra çıxdı, yaxınlaşıb qarının dizinin üstündə
oturdu:
- Faiq babadır da, ay nənə. İndi babaya deyəcək ki, sənin əl
qabiliyyətin yaxşıdır, gəl gör bu motor niyə işləmir? Day bilmir
ki, babam yorulub bunun işığın, motorun düzəltməkdən...
"Uşaq sözün düzün deyər, yəqin, evdə böyüklərin arasında bu
söhbət olub ki, balaca qız belə deyir", – fikirləşdim və ürəyimdən
keçirdim ki, xeyiri yoxdur, babası gəlib nasosu düzəltməlidir,
susuz qalmayacağıq ki...
- Ay bala, səni tanımadım, kimlərdənsən? - arvad şirin Qarabağ
şivəsində dilləndi. Görünür, balacanın mənə baba deməsi qarını
duyuq salıb, məni qohumlardan biri bilib.
- Tanımazsan, ay arvad, sənin yaşın çatmaz, sən dəstə
qız idin mən kənddən çıxanda, - zarafat etdim və ərklə qarının düz
yanında bardaş qurub oturdum.
- Bizlərin danışığına oxşamır danışmağın... Kimlərdənsən?
"Arvad söhbətin axırına çıxmalıdır e", - düşündüm və
qarşısındakı gilas nimçəsini özümə tərəf çəkdim. Arvadın baxışları
nimçənin ardınca düşdü:
- Ye bala, ye, ölənlərinə ehsan olsun...
Gilasdan daddıqdan sonra nimçəni onun dizlərinin üstünə
qoydum:
- O qədər köksən ki... qarnın qoymur əlin nimçəyə
çatsın, baxırsan elə, ye...
Qarnı atıla-atıla gülür:
- Sən qıvla, kimlərdənsən, bizim gədələr kimi şuxsan...
Ona deyirəm ki, qonşuyam, qohum deyiləm, tanımazsan. Evin xanımı
da bayıra çıxır, mənim üçün gətirdiyi çayı süfrəyə qoyduqdan sonra
durub gözləyir.
- Ay xala, bilirsən gəlinin niyə durub gözləyir?
Gəlişimin səbəbini öyrənmək istəyir. Amma bilmir ki, sənin burda
olduğunu bilib gəldim ki, söhbət edəm, səhərdən tək oturub milçək
qovursan, ağzına söz də almırsan.
Evin xanımı ərini köməyə çağırmayacağıma əmin olduqdan sonra
rahat nəfəs aldı:
- Başın haqqı, ağlıma heç nə gəlmir. Həmişə gəldiyin evdir, elə
xalam da söhbətcil adam axtarır. Danışdır, sandığında nə var,
tökəcək ortalığa. Ağzının qoruq-qaytanı yoxdur.
Bəxtəvərin balası, indiyə kişi qalar?
Arvad kirpiklərinin ətrafı qırmızı rənglə əhatələnmiş, giləsi
bozarmaqda olan nuru avazımış gözləri ilə hələ də mənə baxırdı.
Söhbətə çəkdim:
- Bu qapıya cürbəcür yaşlı adamlar gəlir, hamısı da
zənən xeylağı. Kişiləriniz haradadır?
Arvad ləzzətlə gülür:
- Bəxtəvərin balası, indiyə kişi qalar? Çoxdan gömülüb
torpağa... Bizim nəslin arvadları kişi başı yeyəndir, - deyib iri
bir gilası ağzına aparır. Dodaqlarına qan sızır, elə bil. Gilasın
suyu çənəsindən aşağı sızır. Əlinin içi ilə "qanı" təmizləyir.
- Şirindi, amma bizim tərəfin meyvəsinə çatmaz.
- Əlbəttə, çatmaz, sizin tərəfin ağacları əsirlikdə zülm
çəkir.
- Öz əllərimlə əkib becərmişdim. Allah baisin evini yıxsın, bizi
yerimizdən-yurdumuzdan etdi. Qoymadılar qılçamızı uzadıb rahat
ölək.
Nəvəsinin müraciətindən qarının adının Nabat olduğunu
öyrənirəm.
Qarının kirpikləri də ağarıb, yelçəyinin altından ağ saçları
qulaqlarının üstünə çəkilib. Təmiz və səliqəli geyinib...
- Niyə yaşayıram, heç özüm də bilmirəm. İki oğlumu, bir nəvəmi
tapşırdım torpağa. Arsız qarıyam, arsız ömür sürürəm.
Hər adam belə ölmür, buna da şükür
Örpəyinin ucunu düyünləyirmiş kimi barmaqlarına dolayır:
- Erməni qoymadı ayaqlarımı uzadıb rahat ölüm, - deyib dərindən
köks ötürdü. Ağır bədənini yırğaladı. Qulaqlarını çiyinlərinə tərəf
"dartan" qədim sırğalar səs elədi. Gözləri dizlərinin üstündəki
nimçəyə dikildi. O, nimçəni, nimçədə bir-birinə yaraşıq verən
gilasları görmürdü, uzaqlara baxırdı...
Evin xanımı içini çəkdi, qadına baxdı:
- Ağlamasa yaxşıdır...
Arvad isə ağlamadı. Evin sahibəsinə gözucu nəzər saldı:
- Niyə ağlayım ki! Buna da şükür. Qalanlara heç nə olmasın.
Ölənlərim azarlayıb ölməyib, kafir qabağına çıxıb, düşmənlə davada
ölüblər. Hər adam belə ölmür, buna da şükür.
Nabat arvadın sinəsinin dolu olduğunu, amma danışması, dərdini
paylaşması üçün himə ehtiyac duyduğunu hiss edirəm:
- Danış, Nabat xala, harada olursan, kimlə
yaşayırsan?
Nabat xala ehmalca əlini ağırtaxta tumanın üstündə gəzdirib,
sakit səslə dillənir:
- Mən Füzulidənəm. Ermənilər gələnə qədər orada olmuşuq. İndi də
elə özümü o xaraba qalmış cənnət yurdumda görürəm. Burada isə
harada yaşadığımı heç özüm də bilmirəm. Sağ olsun balalarım, 10 gün
onun evində, 5 gün bunun evində oluram. Boğçamı da özümlə aparıram.
Yanımı qoyub isitdiyim yer yoxdur, başına dönüm sənin. Əcəl harada
yaxaladı, yasımı da o evdə verəcəklər. Bunlara da yük olmuşam.
Balalarımın qəbirlərini yalamasam, ölmərəm
- Ölməyə tələsmə. Camaatın başı dolanışığa qarışıb, ölüb
əllərini işdən soyutma.
- Hara ölürəm?! Yurdumuzu görməsəm, balalarımın qan daman
qəbirlərini dilimlə yalamasam, qəbrin üstündə bitən tikanı,
ot-ələfi dişlərimlə qoparmasam, heç ölərəmmi?
Nabat xalada bir arxayınlıq var. Mənə də sirayət edir onun
ovqatı. İnanıram ki, yaşayacaq, balalarının məzarını ziyarət
edəcək.
- Neçə yaşın var, Nabat xala?
- Şah Abbası qundaqda görmüşəm... Yaşım çoxdur. Bax, bu gəlin
mənim bacımın nəvəsidir. Rəhmətlik ərim "nemes"lə davaya gedəndə 3
uşağım vardı, biri də boynumda idi. Davadan gələndə 4-cü gədənin 3
yaşı olacaqdı. İndi hesabla, gör nə qədər yaşım var... Xoş günümüz
çox olub. Kişi davadan gələndən sonra kolxoza sədrlik etdi. Özüm də
pambığa gedirdim. Sonra 7 qarın da doğdum.
Nabat xala danışdıqca elə bil, cavanlaşırdı. Xoş bir ifadə vardı
sifətində. Ağzına bir gilas da qoyur. Dodaqlarını dişlərinə
yardımçı edir:
- İşləməkdən yorulmurdum ki... Heç kəs yorulmurdu. Hamı zəhməti
ilə dolanırdı.
Eşidəndə ki, ermənilər Qarabağı istəyir,
güldük...
- Təkcə işləməkdən yox, heç doğmaqdan da yorulmamısan,
11 uşaq az deyil. Maşallah, kişi sağ olsaydı, nəticələrinlə
uşaqların bir sinfə gedərdi.
Arvada ləzzət edir:
- Yox, başın haqqı, doğmazdım. Elə ki böyük qız ana oldu,
rəhmətliyə dedim, yığış otur yerində. Ta doğan deyiləm. Ayıb olar.
O da umub-küsürdü...
- Kişinin başını yedin, özün də maşallah, caydaq
olmusan, darıxmadın ki?
Arvad eyhamımı başa düşmür.
- Darıxmağa vaxt olmurdu. Gecələr yerimə girəndə fikirləşirdim,
deyirdim, ay başıbatmış, bir az da dözəydin, balalarının böyük adam
olduğunu görəydin də...
Sonra gözlərini hərləyib kötücəsi sayılan qız uşağına baxır.
Uşağın bir yerdə rahatsız durması, nadinc hərəkətləri xoşuna
gəlmir. Əlinin arxası ilə uşağı kənara itələyir. Həyat hekayətinə
davam edir:
- Başıbatmışlar həmişə süfrəmizin çörəyini yeyiblər. Elə bir
toyumuz olmazdı ki, pay-püşlə gəlməsinlər. Biz də elə. Eşidəndə ki,
Qarabağı istəyirlər, güldük. Dedik, elə Qarabağın yaxşı yerləri
onlarındır dana. Biz aranda pambıq becərəndə onlar dağlarda,
yaylaqlarda olurdular. Yaxşı yaşayırdılar. Mənimkilər də davaya
getdi. Mən davanın nə olduğunu yaxşı bilirdim. Ərim düz 3 il yarım
vuruşmuşdu. Elə bilirdim ki, dava qurtarana qədər bunları da
görmərəm. Amma tez-tez evdə olurdular. Elə bil, mal nabatına
gedirdilər. Bir gün evdə, bir gün davada. Sonra dava qızışdı, az-az
gəldilər. Evin başıpapaqlılarının hamısı erməni ilə döyüşürdü.
Cavanları deyirəm. Bir dəfə bir erməni dığasını gətirdi nəvəm.
Dedi, əsir götürmüşəm, axşam aparıb təhvil verəcəm. Kənd camaatı
isə deyirdi ki, yox, öldürək. Qoymadım öldürsünlər. Evin altında,
zirzəmidə saxladım. Özüm yemək-içməyini verirdim. Qolu-qıçı
zəncirdə idi. Yalvarırdı mənə, nənəmsən, başına dönüm, sən Quran,
sən Həzrət Abbas, qoyma məni öldürsünlər, deyirdi. Deyirdim qorxma,
səni öldürmərik.
Ermənini saxladım ki...
- Niyə saxlayırdın ki?
- Qorxurdum balalarımdan birini əsir alarlar, onunla dəyişərəm.
Nəvəm hər döyüşdən gələndə onu vururdu. Axı dostlarından ölən
olurdu, acığını çıxırdı. Mən isə qoymurdum. Bir dəfə erməni dığası
"adam desəm, tanıyarsan?" – deyə soruşdu. Dedim, de görüm. Kişinin
adını çəkdi, babamın dostudur, dedi, çoxdan rəhmətə gedib.
Babasının adını soruşdum, dedi. "Kimin oğlusan, a bala?" -
soruşdum. Anasının adını dedi. Dedim, sənin anan balaca uşaq olanda
bax, bizim bu həyətdə o qədər olub ki... Hətta mənim ortancıl gedəm
ona görə kənd uşaqları ilə də dava-dalaş salıb. Soruşdum, niyə belə
naxələf çıxdınız? Dinmədi. Başını aşağı saldı. Handan-hana dedi ki,
anam dedi, əsir düşüb eləsən, sizləri nişan verim, öldürməzlər,
imkan olsa, salamat qaytararlar.
Arvad barmaqlarını kotan kimi üstündə oturduğu döşəkcənin məxmər
üzündə gəzdirdi. Hərəkətlərinə xeyli fikir verdim. Danışmadı.
Dərindən bir ah çəkdi. Yaralarının qaysağı qopmuşdu, qanı içinə
damırdı.
- Bəs sonra o əsirə nə etdiniz?
- Daş düşdü başıma. Elə bil, niyyət eləmişdim. Niyyətim qara daş
oldu düşdü başıma. Nəvəmi vurdular, meyit qaldı onlar tərəfdə.
Oğlum balasının ardınca getdi, çox əziyyət çəkdi, meyiti
vermədilər. Özü də vuruşurdu. Balamın ölüm xəbərindən 7 gün keçmiş
onu da vurdular. Həmin ermənini nəvəmin və daha 3 nəfər
döyüşçümüzün meyiti ilə dəyişdik...
Nabat xala ilə dərdləşməmiz çox çəkdi. Qarabağdan uzaq düşdükdən
sonra qara günlər yaşamasından xeyli danışdı:
- Baxma, ay bala, indi hər şey var, geyim-keçim, yemək-içmək,
nəvələrin toy-nişanı – hər şey. Amma indi əvvəllər olduğu kimi
sevinmək olmur ki!