"Cəbhə xətti"ndə Qarabağ qazisi Əkbər
Rüstəmovdur.
Əkbər bəy 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1965-ci ildə
Sənaye Pedaqoji Texnikumunu bitirərək, 1967-1969-cu illərdə sovet
ordusunda xidmət edib. Sonralar gimnastikayla məşğul olub, müxtəlif
cempionatlarda uğurlu çıxışlar edib. Bir müddət peşə məktəbində
idman müəllimi işləyib. Bugünkü "Qarabağ" futbol komandasının
yaradıcısıdır. Hacı Əkbər Rüstəmov həm də "Qapımı vətən döydü",
"Qalx ayağa vətən oğlu", "Sənan əfsanəsi" adlı kitabların da
müəllifidir. Oğlu Sənan Qarabağ savaşında şəhid olub. Hazırda
müəllimlik edir.
Əkbər bəy Qarabağ savaşında ilk döyüşündən son döyüşünəcən
keçdiyi yolu "Cəbhə xətti"nə danışır
Xocalı hadisəsi gözümüzün qabağında oldu
- İlk dəfə "Daşlaşma dövrü"ndə başladı bu hadisələr. Biz ilk
şəhidlərimizi verdik. Məni daha çox kövrəldən 6-7-ci sinif
uşaqlarının əllərinə taxta parçası götürüb gəlməsiydi. Onların
qarşısını almaq olmurdu. Artıq bütün rayonlardan Qarabağa yardım
gəlirdi. Bu yardımları mən kəndlərə çatdırırdım. Bizim əlimizdə
müdafiə üçün ancaq ov tüfəngləri vardı, amma ermənilərə silah
vermişdilər. Bütün yollar bağlanırdı yavaş-yavaş. 1991-ci ildə
artıq Ordumuzu formalaşdırmağa başlamışdıq. İlk dəfə Şirin
Mirzəyevi dəvət etdik. O, oktyabrın 4-də Ağdam rayon 50 nömrəli
peşə məktəbində 700-dən çox mülki əhalini hərbiyə qeydə aldı. Həmin
adamların 80 faizi Xaçınıstroy deyilən yerdə məskunlaşdı. Şirin
Mirzəyev də briqada komandiri oldu.
1000 nəfərə 32 avtomat
1992-ci ildə Əsgəran istiqamətində böyük hücum zamanı 8 şəhid
verdik, 5 yaralımız oldu. Xoramurd kəndini ermənilərdən azad etdik.
Sonra Xocalı hadisəsi (gecə saat 11-də) gözümüzün qabağında oldu.
Bizim 1000 nəfərlik batalyonun 32 avtomatı, bir pulemyotu vardı. Bu
silahı da döyüşdə öldürdüyümüz rusdan, ermənidən götürmüşdük.
Gəldik camaatı şumluqdan xilas etməyə. Gördük ki, yüzə yaxın adamı,
əsas da qadınları ayağından vurublar. Onları kürəyimizə atıb, atəş
aça-aça gətirib maşınlara təhvil verirdik. Oradan da Ağdama
aparırdılar. Məni duyğulandıran bir şey oldu orda...
Hələ bu gün də heç kimə məlum deyil ki...
Bir yaşlı adam məni görüb sevincək boynuma sarıldı. Nə də olsa,
qorxu pis şeydi də... Biz həmin vaxt bir evdən 4 nəfər döyüşürdük –
3 oğlum, bir də mən. Oğlumun biri Şirin Mirzəyevin dəstəsində
döyüşürdü. Sonra ermənilər Abdal-gülablıya hücum elədilər, 60 evi
yandırdılar. Həmin döyüşlərdə Şirin Mirzəyevin batalyonu xeyli
erməni məhv etmişdi. Bir BMP ələ keçirmişdilər. Ermənilərsə bizim
helikopteri vurub pilot Şivaryovu əsir almışdılar, onu əlibağlı
aparan yerdə oğlum Sənan erməniləri tərksilah edib, onu xilas
etmişdi. Sənan qayıdandan sonra demişdilər ki, bəs ikinci pilot
girov qalıb. Gedib onu gətirəndə şəhid olmuşdu!.. Hələ bu gün də
heç kimə məlum deyil ki, Sənan erməniləri necə məhv edib Şivaryovu
onlardan alıb gətirib. Mən özüm indi mayor sayılıram, öncə rota
komandiri, sonra batalyon komandiri olmuşam. Bu gün də əsgərlərimlə
münasibətim var.
84 günün hər günü
Daha sonra iyunun 12-də Azərbaycan Ordusu hərtərəfli hücuma
keçdi. Biz həmin hücumlarda iki saat 40 dəqiqəyə Aranzəmin,
Pircamal, Naxçıvanik, Ağbulağı azad etdik, 84 gün də orada qaldıq.
Orada itkimiz az oldu. Ancaq Allahverdi Bağırov minaya düşüb şəhid
oldu. 84 günün hər günü hücumlar oldu. Ermənilər nə qədər güclü
hücumlar etsələr də, onları məhv etdik.
Komandir, evinin işığı yanır...
Sizə bir xatirəmi danışım. Balaca bir qızım vardı. Ağdamda
evlərimizi dağıtmışdılar deyə, qızımı oğlumla göndərdim, dedim,
bunu Bakı qatarına mindir, qayıt. Özümün vaxtım yox idi hərəkət
etməyə. Həmin vaxtlarda da əsgərlər gedib bizim həyətdən
meyvədən-zaddan yığıb gətirirdilər. Bir də eşitdim ki, əsgərlər
deyir, komandir, evinin işığı yanır. Dedim, axı orada kimsə yoxdur.
Bir də xəbər tutduq ki, qardaşı bunu qatara mindirib qayıdan kimi
qızım qaçıb gəlib evə. Qardaşı yenidən bunu yolladı Bakıya. Bir gün
mən də 6 aydır uşağı görmürəm deyə, Bakıya gəlmişəm. Mənə deyirlər
ki, qızın getdi Ağdama. Ondan sonra avtovağzaldan hansı avtobusla
getdiyini öyrənib taksiylə qabağlarını kəsdim. Avtobusdan
düşürdüm.
Bax belə xatirələr olub. Bu, məni çox duyğulandırmışdı.
Əkbər müəllim, oğlumu ver!
İki qardaş vardı - Şakirlə, Zeynal. İkisi də mənim tələbəm
olmuşdu. Ermənilər Çıraqlı kəndini vurdular. Kənd 3 saat qaldı
ermənilərdə. Sonra mən bütün batalyonlara müraciət etdim.
Köməkləşib erməniləri oradan çıxardıq. Bizdən Cəfər adlı oğlanın
sol qolun kəsdilər, bir nəfər həlak oldu, amma Şakiri çıxara
bilmədik. Çünki bizim ən güclü silahımız avtomatdı, erməni isə
tanklarla idi. Orada Şakirin anası gəldi, tutdu yaxamdan, dedi
"Əkbər müəllim, oğlumu ver!" Anadı da, nə deyim ona.. Ağlaya-ağlaya
məni qucaqladı. Birdən baxdı üzümə. Öpdü üzümdən, dedi, sən
komandirsən, sənin günahın yoxdu, ancaq oğlunun da, oğlumun da
qanını al.
Məni arxadan vurun, basdırın...
Sonra ermənilər güclü hücumlar edib bizi Qərvəndən çıxaranda
qarşısını ala bilmədik. Deməli, gecədi, üzüm bağlarındayıq. Baxdım
ki, ayağım getmir. Uşaqlara dedim ki, dayanın, burda dayanaq, gedə
bilmirəm. Şagirdlərimdən biri yanımda döyüşürdü, mənə dedi ki,
müəllim, qoy səni belimdə aparım. Qayıtdım ki, Bayram, oğul, ayağım
gedir e, ürəyim getmir! Yanımda da bir əsgərim vardı, ayağından
vurulmuşdu. Mənə dedi ki, müəllim, bizi qırğına verirsən Dedim,
yox, sizi qırğına vermirəm, amma burdan da getmək istəmirəm, məni
arxadan vurun, buradaca basdırın. Ya da gəlin, burda səngər qazaq,
post quraq. Doğurdan da uşaqlar 10 gün idi ac-susuz idilər, onların
haqlı olduğunu bilirdim, nə edim, oraları da tərk edə bilmirdim.
Anidən özümdən asılı olmayaraq, əyilib yerdən palçığı götürüb
yedim, dedim ki, bu, vətən torpağıdı, bunu çörək əvəzi yeyib, yağış
suyu içəcəyik, amma buradan geri çəkilməyəcəyik!
Baxdım ki, əsgərin başı yoxdur...
Avtomatı bunlara tuşladım, dedim, gedən olsa, vuracam. 30 nəfər
olardıq. Ya orda ölməliydik, ya da geri çəkilməyəcəkdik. Gecəylə
Bərdəyə gedib onlara yemək-içmək gətirdim. Döyüşlərin birində tank
atəşi eşidildi. Səsi eşitdım, dönüb baxdım ki, yanımda vuruşan
əsgərin başı yoxdur! Bu, dəhşət idi.
Son güllə
1994-cü ildə ikinci kantuziyamı almışam - Cavahirlidə. Olduğum
yerə 6 raket mərmisi düşdü. Məni nətəhər tulladısa, gedib düşdüm
kolluğa. Amma sonra da ordan necə çıxdığımı bilmədim. Yadımda bircə
o oydu ki, torpaq altda qalmış bir əsgərimi ordan çıxarmışam. Məni,
yaralı idim deyə, Papanin hospitalına gətirdilər, amma həkimi
aldadıb yenidən səngərə döndüm. Bizim hər birimizin boynunda bir
patron vardı, yaralansaq, əsir düşməyək deyə, özümüzü o patronla
vuracaqdıq. Bu, əsir düşməkdən daha yaxşı idi! Bir dəfə Ergi
düzündə ermənilər güclü hücum etdilər, orda mühasirəyə düşəcəkdik.
Fikirləşdim ki, özümü vurum, onlara əsir düşməyim. Amma ordan
salamat çıxdıq.
Xanımlardan biri makinamda yazmışdı ki...
- Sıralarımızda qəhrəman xanımlar olub. Onlardan Familə, Atlas,
Çimnaz, Yasəmən xanım (rəhmətlik) vardı. Hamısı da ziyalı idi.
Onlar doğurdan da qəhrəman idilər.
Deməli, biz xanımları səngərə qoymurduq deyə, bir dəfə gəldim
ki, otağımdakı makinaya xanımlardan biri belə bir şey yazıb "Əkbər
bəy, məni bağışla! Mən arxa cəbhədə qala bilmərəm, buna ürəyim razı
olmur". Bu məni həm əsəbiləşdirdi, həm də kövrəltdi. Bax, belə
xatirələr olub! Sonra o xanımı səngərdə görüb, yaxın getmədim,
dedim, qoy vuruşsun.
İçimdən ikinci bir səs gəldi...
1992-ci ildə Əsgəranda böyük döyüşümüz oldu. Nizami həkim kiçik
oğlum Kənanı da ora gətirmişdi. Əsəbiləşib, əvvəl həkimi ordan
uzaqlaşdırmaq isdədim. Sonra dedim, bu uşaqdı, bunu niyə bura
gətirmisən Sən özün də həkimsən, gərək yaşayasan ki, əsgərləri də
yaşadasan. Bunları ordan qaytardım. Orda bir anlıq bir şey
düşündüm. Görəsən mənim övladlarım haradadır, içimdən ikinci bir
səs gəldi ki, burdakılar hamısı sənin övladın deyilmi
Balakənli qızı qaçırtdırdım...
Rövşən adlı bir əsgərim vardı. Balakən rayonundandı. Sevdiyi
qızı ona vermirdilər. Bir başqa balakənli uşağı yolladım, qızı
ordan qaçırtdırdım Ağdama. Amma Rövşənə bir şey olmasın deyə, oğlum
Sarvanı onun yerinə qoydum. Dedim, bunların toyunu da Ağdamda
edəcəm. Rövşəni də, qızı da ailəsinə verdim, getdilər toy eləməyə.
Onların toyunda iştirak etdik.
Sentyabrın 5-də
Sonuncu döyüşüm 1995-ci il sentyabrın 5-də olub. Həmən döyüşdə
ermənilər çox güclü idi. Əslində, ruslar idi bizə qarşı döyüşən.
Nəmirli Şotlantı istiqamətindəki yolu da vururdu ermənilər. Xeyli
atışıb sakitləşdik.
1997-ci ildə tərxis olmuşam. Ağdam Şəhər Sovetinin müavini idim.
Ailəmlə 7-ci mikrorayonda yerləşmişik. Dövlətin heç bir
imtiyazından yararlanmıram.