"Gecə həyatı" layihəsinin oxucuların marağına səbəb
olduğunu hər dəfə hiss edirik. Bəlkə də bu, reportaj hazırladığımız
məkanlara oxucuların az-çox bələd olmasından doğur – onlar bu
yerlərə bir jurnalistin burun soxmağının necə təhlükəli olduğunu
yaxşı bilirlər. Təhlükə və yasaq isə həmişə ilgini ikiqat
çəkir.
Klubları, barları qapı–qapı gəzib maraqlı görünən, əylənə bilən
insanları axtarırıq. Bizimçün maraqlı olan onların əyləncəsi deyil
təkcə, iç dünyaları, sosial həyatları, dünyaya zirzəmidən boylanan
baxışlarıdı.
Onu da deyim ki, getdiyimiz klublarda əcnəbilər üstünlük təşkil
edir. Buna səbəbin klubların baha olmasını deyirlər, əslində bəlkə
də əksinədir – klublar məhz o xaricilərə görə bahadır?
"Chivas Regal" 50 qramı 50 manat
Bu dəfə "Locco"klubu seçdik.
Burada canlı musiqi, əyləncə saat 11-dən sonra başlayır. 100-150
nəfərin sığışdığı bu klubda da müştərilərin çoxu xaricilərdir.
Klubda iynə atsan yerə düşməz və mən bu basabasın içində izdihamı
yara-yara barmenə tərəf gedirəm.
Hündürdaban ayaqqabı və şort
Barmeni iş başından ayırmaq çətin olmur, müsahibə almaq
istədiyimi biləndə etiraz etmir, işindən ayrılıb mənimlə çox səmimi
söhbət edir. Hiss olunur ki, darıxır. BDU-nun Filologiya
fakültəsini bitirən müsahibimin adı Hacıdır. 24 yaşı var, ancaq
həyatda çox çətinliklər gördüyünü deyir.
- "Chivas Regal",- barmen "Burda ən bahalı içki hansıdır?" -
sualıma dərhal cavab verir. 20 illik içkidir, 50 qramı 50 manatdır.
O qiymətə olması normaldır. Daha sonra pivələr gəlir – bir parçı
5–6 manat. Kokteyllər 10 manat, yeməklər isə elə də bahalı deyil -
10-15 manata pizza, 10 manat "Club Sandwich". "Pizza İnn"də burdan
da bahadır. Ona görə də buranı elə də bahalı saymaq olmaz, sadəcə,
bizim gənclərin cibinə uyğun deyil.
Gecə klublarında, barlarda əxlaqsız qadınlar çox
olur
- Azərbaycanlı gənclərə gecə həyatını məsləhət görmürəm.
Əxlaqsız qızlar çox olur. Xüsusi ilə bar adı ilə fəaliyyət göstərən
zirzəmiləri deyirəm. Oralar əxlaqsızlıq yuvasıdır. Ona görə də
bizdə bar deyəndə hər kəsin gözünün qarşısına zirzəmi həyatı gəlir.
Bakıda isə əsil gecə həyatı yoxdur.
Azərbaycan qızları kluba gələndə düzgün
geyinmirlər
Hacı qızlarımızın bara gəlməsinə pis baxmır,
ancaq:
- Normal barlar var, gəlsinlər, əylənsinlər, pis baxmıram. Amma
Azərbaycan qızları kluba gələndə düzgün geyinmirlər. Mən Avropada
olmasam da, kinolarda görmüşəm ki, oradakı qadınlar kluba idman
paltarlarında gəlirlər. Əylənmək, atılıb-düşmək rahat olsun deyə.
Hündürdabanla gəlib necə əylənmək olar axı? Qadın birdən içkini çox
içdi, ayağı büdrədi, yıxıldı, əzildi.
Gecə klublarına gələn qızlara güvənmək
olmaz
- Qoy oğlanlarımız bilsinlər: kluba gələn qızların çoxu yalançı
olur. Evdən normal paltarda çıxırlar, taksidə şort geyinib kluba
girirlər. Yaxud köynəyini qaldırıb göbəyinin üstündə düyünləyir.
Bura əyləncə yeridir, özünü göstərmə yeri yox.
Özünü toyxanada hiss edən gənclər
Bizim gənclərin maraqlı xasiyyətləri var. Əylənməyi yaxşı
bacarmırlar. Bir də görürsən yaxınlaşıb DJ-ə deyir, al bu 5 manatı,
filan mahnını qoy. Dünyanın heç yerində belə bir şey yoxdur ki,
Dj-yə yaxınlaşıb musiqi sifariş verəsən. Sanki toyxanada hiss edir
özünü.
Bizimkilər üçün deyil klub
Bura gələnlərin çoxu xaricilərdir. Əylənmək, klub mədəniyyəti
elə onlara məxsusdur. Bizimkilər üçün deyil klub. Amma məni ən çox
yandıran odur ki, bizim vətənimizdə onlar bizdən çox pul
qazanırlar. 100 manat "çay pulu" verənlər var.
Qışqıra-qışqıra sağollaşmaq
Gecə həyatı "Locco" klubda getdikcə canlanır. Bu qədər səs-küyün
içində Hacı ilə söhbətimizi güclə yekunlaşdırıram. Qışqıra-qışqıra
sağollaşıb bu həftəki "Gənclərin gecə həyatı" layihəsinə yekun
vururam, növbəti görüşə qədər.