Bu dəfə "Cəbhə xətti"mizdə I
Qarabağ savaşının iştirakçısı Etibar Ələkbər oğlu Mayılovdur. O, 1968-ci
ildə Tərtər rayonu Mamırlı kəndində anadan olub. 1985-1988-ci
illərdə hərbi xidmət keçib. 1991-ci ildə Tərtər özünümüdafiə
batalyonuna könüllü qoşulub. 1993-cü ildə DİN-nin daxili
qoşunlarına qəbul olunub.
Axar.az Etibar Ələkbər oğlu Mayılovla müsahibəni təqdim
edir.
Bir ayağı kəsildi, o birisinin...
İlk döyüşüm Şıxarx (Marquşevan) olub. Səhər 5-6 radələrində
başlayan hücum əməliyyatında kəndə girib, Qnep deyilən yerə kimi
getmişdik. Sonra əmr gəldi ki, qayıdın, geri qayıtdıq. O döyüşdə 17
nəfərə yaxın əsgərimiz itkin düşdü. Orada Azərbaycanın ürəkli,
mərd, qoçaq oğlanları vuruşurdu. Sonra Cəbrayılın Mehdili adlanan
kəndinə hücuma keçdik. Birinci artilleriya başladı hədəfləri
vurmağa. Sonra biz tanklarla hücuma keçdik. Bərdədən Xəqan adlı
idmançı oğlan var idi. Zəncirvari şəkildə gedirdik. Bu oğlan məndən
2 metr arxada idi. Birdən gəlib məni keçdi. Keçəndə birdən qabaqda
"qurbağa" deyilən mina var imiş. Xəqan minaya düşdü, mina onu
qaldırıb yerə çırpdı. Ayağının biri kəsildi, o birisinin də
əzələləri sallanırdı. Əynində qoruyucu jilet var idi. Özü baxanda
ki, ayağı yoxdur, əl atdı qumbaraya, özünü partlatsın. Mən tez
çatıb qoymadım, ayağını sarıdıq. O zamankı batalyon komandiri
Səlimovun "Niva" markalı maşını yaralını aparmaq üçün ora gəldi.
Biz 3-4 adamdıq, gücümüz çatmırdı maşına yerləşdirək. "Niva"
birqapılı olduğuna görə heç cür kömək edə bilmirdik. O özü
ağrılarına baxmayaraq, yaralı sümüyünü dirədi maşına. Özü qalxdı
mindi. Elə cəsarətli, ürəkli oğlanlarımız var idi. Onun hər iki
ayağını kəsdilər.
O uşağı unuda bilmirəm
Cəbrayıla, Mehdili kəndinə çox hücum olurdu. Təxminən mart ayı
idi. Mehdiliyə girəndə Lalətəpə deyilən bir yer var. Biz hər ora
hücuma girəndə bir erməni tankı biz tərəfdən vurulurdu. Hövsandan
olan bir oğlan var idi, keçmiş OMON-çu idi. Komandir Vahid Məmmədov
İlqarla mənə tapşırıq verdi. "Faqot" deyilən raketi aparıb qurduq
ki, hücuma keçəndə qarşı tərəfdən gələn tankı vuraq. Bu vaxt baxdım
ki, arxada bir cavan uşaq durub. Haradasa 18 yaşı tamam olmuşdu.
Şaxtadan dodağı partlamışdı. Yerinə kağız yapışdırmışdı. Dönüb
soruşdum ki, döyüş gedir axı, burada niyə dayanmısan? Dedi,
gedirəm. O uşaq getdi, tank da çıxmadı, biz hamımız hücuma
qoşulduq. Çox güclü döyüş gedirdi. Güllə səsindən baş qaldırmalı
deyildi. Mən ora çatanda bu uşağı gözündən vurdular. Başının
arxasından çıxdı güllə, başı dağılmışdı. Baxdım ki, həmin uşaqdır.
Hərbi adyalın arasına qoyub döyüş meydanından çıxartdıq. Heç
bir-iki metr getməmiş xırıldayıb öldü. Nədisə onu özümə bağışlaya
bilmirəm. Müharibənin öz qanunları var, ölüm də olmalıdır, amma o
uşağı unuda bilmirəm.
Qəmlo mənə dedi ki...
Qnep kəndi uğrunda döyüş gedirdi. O vaxt vahid komandanlıq yox
idi. Yəni batalyonlar ayrı döyüşürdü. "Vinzavod" deyilən bir yerdə
əsgərləri gördük, elə bildik, Qurtuluş uşaqlarıdır. Onlar sarı
forma geyinmişdi. Fəxrəddin çağırdı, dedi ki, qardaş, hansı
batalyondansınız? Bunlar da erməni imişlər. Biz hansı batalyon
olduğunu soruşanda birinin çiynində qumbaraatan var idi. Silahı
bizə tərəf tuşladı, atəş açdı. O birilər dağıldı. Arx kimi yer var
idi, biz də ora tullandıq. Dayanmadan atəş açırdılar. "Qəmlo"
dediyimiz İsmayıl adlı oğlan var idi. O məndən qabaqda uzanmışdı,
güllə dayanmırdı. Dedi ki, Etibar, sən başını qoy ayağımın arasına
başına güllə dəyməsin. Mən durub güllə gələn yeri azdıracam, siz
bir-bir keçərsiniz. O durdu ayağa, mən də kömək elədim. İkimiz də
hədəfə atəş açırdıq. Qalan uşaqlar da çıxıb dağıldılar. Mühasirədən
çıxa bildik. Sonra bildik ki, keçib ermənilərin içərisinə girmişik,
ermənilər də həmin mövqedən bizə topla atəş açırdılar.
Erməni döyüşçüsü bizdən artıq idi?
Ağdərənin üstündə Qlobus deyilən yer var idi. Biz yüksəkdə idik.
Qlobus sağ tərəfdə qalırdı. Səhər tezdən artilleriya atəş açdı. Biz
tərəfə güllə atmırdılar. Sən demə, onlar gecədən gəlib bizimlə
üzbəüz dayanıblarmış. Biz də gecə bir-iki saat yatanda da
qumbaralardan sərhəd çəkirdik. Gələn olsa, xəbər tuta bilək. BMP
ilə hücuma keçəndə başladılar bizə atmağa. Bütün silahlar var idi.
Qumbaraatanlar, toplar, minaatanlarla hücum elədilər, ağır döyüş
idi. Rəhman adlı oğlan var idi, o öldü.
Bizdə 10 döyüşçüyə onların bir döyüşçüsünü dəyişirdilər. Niyə
belə olurdu? Erməni döyüşçüsü bizdən artıq idi? Ya bizimkindən daha
qiymətli idi? Məsələn, onların 10 əsiri var, amma əvəzində bizim
bir əsirimizi verirlər. Bir azərbaycanlıya 20 erməni
dəyişirdilər.
Günlərlə yemək yemirdik
O vaxt ac qalanda da bir o qədər aclıq hiss etmirdik. O qədər
ölüm-itim görürdük, dostlarının gözünün qabağında yaralanması,
qucağında ölməyi adamı elə dəhşətə salırdı ki, aclıq heç kimin
yadına düşmürdü. Elə olurdu, günlərlə ac qalırdıq, heç yemək
yadımıza da düşmürdü. Dostumuzu, yoldaşımızı səngərdə tək qoyub
əynimizi dəyişməyə gedə bilmirdik.
Ən ağır döyüş Ağdərənin Patləvəndi kəndində olub. Ermənilər
Qalayçılar kəndində yerləşmişdilər. Onda bizim həmin ərazidə
artilleriyamız çox deyildi. Amma onların BMP-2-ləri var idi. Onlar
döyüşə girdilər. Biz hardasa 50-yə yaxın döyüşçü idik. Çox ağır
döyüş idi. Yaralılarımız var idi. Şəkinin Dəhnə kəndindən İmran
adlı oğlan itkin düşdü. Amma yenə də onların həmləsini dəf
etdik.
Ermənilər hərbi texnikanı qoyub qaçdılar
Bəzən olurdu ki, erməni silahları ələ keçirirdik. Hətta onlar
bir dəfə hərbi texnikanı da qoyub qaçmışdılar. Tərtərin Mamırlı
kəndindən Eldəniz adlı oğlan var idi, o vaxt traktor
sürüb-eləmişdi, texnikadan başı çıxırdı. O da getdi həmin texnikanı
işə salıb gətirdi keçirtdi biz tərəfə. Bir dəfə Şıxarxda əsir
götürmüşük. Kənd camaatından da var idi, əsgərlərdən də. Amma biz
ermənilər kimi əsirlərə qarşı pis davranmırdıq. Onlar bizim
əsirlərə qarşı vəhşicəsinə davranmışdılar. Bir dəfə də Lalətəpə
deyilən yerə hücuma keçdik. Döyüş əməliyyatları vaxtı OMON
əsgərləri çox cəsarətlə vuruşurdular. Bizə çox kömək edirdilər.
Onlar irəlidə idi, biz bir az arxada – Qaratəpə deyilən yerdə.
OMON-çuların erməni tərəfdə iki meyiti qalmışdı. Döyüşə-döyüşə
keçmişdilər erməni tərəfə, yaralanıb qalmışdılar orda. Keçib
götürmək də olmurdu. Amma getmədilər, gözlədilər, axşam düşdü. Hava
qaraldı, ara sakitləşdi, keçib meyitləri götürdülər. Könüllülər çox
qəhrəmanlıqla döyüşürdülər. Amma sonra könüllüləri ləğv elədilər,
yeni batalyonlar yarandı.
Rus əsgər məni öldürmədi
Azərbaycan əsgəri erməni əsgəri kimi deyil. Bizim əsgərimiz
vətənpərvər, torpağının uğrunda sevə-sevə şəhid olmağa hazır olan
bir igiddir. Erməni əsgərləri rus ordusunun hesabına döyüşürdü.
Ruslar döyüşüb, hər hansı bölgəni alıb verirdi ermənilərə. Erməni
də hazır gəlib otururdu həmin ərazidə. Doneşən yüksəkliyi adlanan
bir yer var. Səhər-səhər onlar hücum etdilər. Yüksəklik olduğuna
görə ora birnəfəsə çıxmaq olmurdu. Silah-sursatımız da az idi. Ora
hər saat patron qaldırmaq mümkün deyildi. Biz də hardasa 14-15
nəfər idik. Bunların hücumunun qarşısını ala bilmədik. Çoxlu yaralı
verib geri çəkildik. Kəndin aşağısına düşdük. Bunlar da yüksəklikdə
bizim səngərləri gəzirlər. Sarılıdan Yapon dediyimiz Samir adlı
oğlan var idi. O soruşdu ki, bunlar nə əcəb bizə atmırlar. Sən
demə, bunlar da pulemyot qururmuşlar. Baxdıq ki, hamısı ruslardır.
Birdən pulemyotçu rus başladı atəş açmağa. Mən qaçıram, o mənim
ayağımın altına atəş açır. Məni vurmaq istəmirdi. Vurmaq istəsəydi,
əlinin içində idim, vurardı. Qaçıb özümü otluğa atdım. Güllələr
sağdan-soldan keçirdi. Bir az keçdi bir də durdum qaçdım. Qaçanda
yenə ayağımın altından atəş açmağa başladı. Mən də qaçıb təpənin
arxasına keçdim. Gəlib kəndin çıxışında dayandıq.
"Babək-44" bütün erməniləri qırdı
Türkiyədə təlim keçmiş "Babək-44" adlı rota var idi. Onlar girib
ermənilərin nə qədər canlı qüvvəsini qırdı. Həmin döyüşdə 9 PK
pulemyotu götürdülər ermənilərdən. "Babək-44" girməmişdən əvvəl 9
kəşfiyyatçımız keçmişdi, ermənilərin hamısını öldürmüşdülər. Bir
kəşfiyyatçımız da armud ağacının dibində ölmüşdü. Bizim o qədər
cəsur qəhrəmanlarımız olub ki... Elmar Hüseynov, Vəzir Orucov,
İnqilab, Mehrac kimi oğullarımız döyüşüb orda. Mən özüm atəşkəsə
kimi döyüşmüşəm. Atəşkəsdən sonra bir il işləyib çıxmışam. Tərxis
olunandan sonra sürücülük eləmişəm. İndi 45 manat təqaüd alıram,
başqa heç nə. Bu gün Ali Baş Komandan əmr versə, canla-başla
müharibəyə gedərəm.